• cümə, 29 Mart, 10:00
  • Baku Bakı 5°C

Film kimi hekayənin film kimi sonu

12.12.17 10:30 2961
Film kimi hekayənin film kimi sonu
Çoxdandır gözlədiyimiz gün gəlib çatmışdı. Nümayiş olunduğu gündən söz-söhbətlərə və uzun müzakirələr səbəb olan Türkiyənin "Oskar” film mükafatına namizədi - "Ayla” filmi Nizami Kino Mərkəzində mətbuat nümayəndələrinə nümayiş olundu. Dekabrın 6-da Can Ulkayın rejissoru olduğu filmi izlədik.

Filmi izləyənə qədər onun fraqmanına baxır, müzakirələrə səbəb olan filmlə bağlı rejissorun, təşkilatçıların, aktyorların müsahibələri ilə tanış olurdum. Həyəcanlı idim. Fraqmanından belə sevdiyim gerçək həyat hekayəsi əsasında çəkilən o filmə baxacaqdım.

Film 1950-ci ildə Koreya müharibəsində iştirak edən gənc türk əsgərinin sədaqətindən bəhs edir. Müharibədə sevgilisini gözüyolda qoyub döyüş bölgəsinə gedən Süleyman Dilbirliyi zaman-zaman öz sevgilisinə məktub yazmağı da unutmur. Süleyman bəyin qonşuluğunda yaşayan Nemət xanım da onu gizli-gizli sevsə də bəyan etməməyə çalışır. Cəbhədə baş verən hadisələr günbəgün qəzetlərdə dərc olunur. Döyüş soyuq qış günlərinə təsadüf edir. Müharibənin qızğın vaxtında meşəyə kəşfiyyata çıxan kiçik komanda meşənin dərinliklərindən səs eşidir. Əvvəlcə onu düşmənin bir tələsi hesab etsələr də, yaxınlaşdıqca, valideynlərinin cəsədinin üzərində ağlayan 5 yaşlı koreyalı qız olduğunu görürlər. Süleyman Dilbirliyi uşaq soyuqdan donmasın deyə öz gödəkçəsini ona geyindirir. Qızın üzü aya bənzədiyi üçün ona Ayla adını verir. Aylanı gündəlik yediyi yeməklər və əsgərlərə paylanılan südlə bəsləyir. Ayla döyüş meydanında əsgərlərin sevinc mənbəyinə çevrilir. Onun sayəsində insanların simasına gülüş bəxş olunur. Gündəlik sərt rejimdə Ayla bir günəş kimi onları isindirir. O, hərəkətləri ilə əsgərləri güldürür, komandirlərin ən sevimli kiçik əsgərinə çevrilir. Valideynlərinin ölümündən təsirlənən kiçik koreyalı qızın dili isə hər gün şahidi olduğu əsgər marşıyla açılır. Ayla Süleymanı ata bilir. Çünki ondan ata qayğısı görür. Süleyman Dilbirliyinin əsgərlik müddəti bitir və dostları geri döndüyü halda, o dönmür.

5 yaşlı koreyalı qızı özü ilə aparmaq istəsə də, qanunlar buna qarşı olur. Süleyman bir çarə axtarır, ancaq tapa bilmir. Qıza o qədər bağlanır ki, onsuz yaşamaq istəmir. Süleymanın sevgilisi onun gəlmədiyini görüb başqası ilə nişanlanır. Süleyman yenə də mübarizə aparır, Aylanı türklərin açdığı koreyalı uşaqlar üçün yetimxanaya qoymaq məcburiyyətində qalır. Hətta həmin yetimxanaya gedərək şəraiti ilə tanış olur. Aylanı uşaqlara türk himnini, dilini öyrədən və hər cür şəraiti olan bu yetimxanada qoyub gedə bilmir. Əslində bunun Ayla üçün ən yaxşı bir seçim olduğunu düşünsə də, Ayla onu buraxmır. Ayla mənəvi atasının əlini elə sıxır ki, əsgər ondan ayrılmır. Müharibə bitir, əsgərlər geri qayıdır. Süleyman Dilbirliyi düşünür, bir çıxış yolu tapmağa çalışır. Geri dönməyə qərar verir və Aylanı öz çamadanına qoyur. Ancaq gəmidə onun üstü açılır. Və Ayla əsgərin əlindən alınır. Süleyman Aylaya bir söz verir. Deyir ki, o bu bağçada "Sevimli Ankara” mahnısını yaxşı oxusa, onu gəlib aparacaq. Aylaya onun arxasınca gələcəyini deyir.

Süleyman məyus halda vətəninə gəlir. Sevdiyi qız ona "mənə bu üzüyü taxdılar, sənə də atalıq etdiyin Aylaya görə qoy medal taxsınlar” deyir. Süleyman valideynlərinin məsləhəti ilə onu sevən qonşu qız Nemət ilə evlənir. O, Nemətlə ailə həyatı qurarkən onu nəinki sevir, hətta çox soyuq davranır. Ailə qurduqdan sonra Nemət həyat yoldaşının Aylanı tapması üçün neçə çırpındığını görür və ona kömək etməyə çalışır. Süleyman bəy həyat yoldaşının onun mənəvi qızı üçün etdiklərindən sonra ona vurulur və doğru seçim etdiyinə əmin olur. Dilbirliyi ailəsi nə qədər çalışsa da, Aylanı tapa bilmir. Çünki Aylanın adı dəyişdirilib və həmin yetimxananın da ləğv olunması xəbərini almışdı. Üzərindən 47 il keçir. Bir gün Türkiyədə böyük zəlzələ olur. Zəlzələdə həyatının şokunu yaşayanların içərisində Süleyman bəy də var idi. Həmin gün Süleyman bəy ölümün bir addımlığında olduğunu və verdiyi sözü hələ də tutmadığını xatırlayır. O yenidən Aylanı axtarır. Nəhayət, televiziyaların birinin köməyi ilə Aylanı tapır. Televiziyadan ona deyirlər ki, sizin dediyiniz tipdə bir xanım var, ancaq elə bir söz deyib durub: "Ankara” mahnısını yaxşı oxusam, atam mənim dalımca gələcək. O illərdir ki, bu mahnını oxuyur”. Filmin bu anında real həyatdan götürülmüş Ayla ilə Süleyman bəyin görüş səhnələri nümayiş olunur. Ata ilə koreyalı qızın görüşü çox təsirlidir.

Real hadisələrdən götürülmüş hekayənin ən təsirli səhnəsi isə film bitdikdən sonra oldu. Filmin nümayişinin səhəri gününü acı bir xəbərlə açdıq. Süleyman Dilbirliyi orqan çatışmazlığından dünyasını dəyişmişdi. Oskar almadan qəhrəmanın ölüm xəbəri tamaşaçıları məyus etdi.

Film kimi həyat hekayəsi olan Süleyman bəyin hekayəsi bununla da bitmədi. Aylaya mənəvi atalıq edən qəhrəmanın həyat yoldaşı Nemət xanım onun yoxluğuna çox tab gətirə bilmədi. Nemət Dilbirliyi də bu acıya dözməyərək həyatını itirdi. Ər-arvad eyni vaxtda torpağa tapşırıldı...
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər