AZE | RUS | ENG |


Film festivalları ölkənin təbliğatı baxımından böyük önəm daşıyır - Fotolar

Film festivalları ölkənin təbliğatı baxımından böyük önəm daşıyır - Fotolar
Bəxtiyar Qaraca: “Digər ölkələrin nümayəndələri məndən soruşurdular ki, sizdə hansı festivallar var...”

Festival bir bayramdır deyirlər. Bayram yaradıcı insanları bir-biri ilə görüşdürürsə, bu, ikiqat bayrama çevrilir. Yaradıcılıq mübadilələri başlayır, tanışlıqların əsası qoyulur və daha nələr, nələr. Beynəlxalq festivallar bu mənada yaradıcı insanlar arasında bir vasitəçi rolu oynayır. Bu baxımdan 27-30 sentyabr tarixində İstanbulda keçirilən "6 ölkə, 13 ekran, 1 festival” şüarlı festival da xüsusi əhəmiyyət kəsb edirdi. İstanbul Universitetinin Böyük Salonunda başlanan festival türkdilli xalqları ətrafına cəm etmişdi. Türk Dünyası Jurnalistlər Federasiyası tərəfindən türk mədəniyyətini tanıtmaq məqsədilə təşkil edilən I Türk Dünyası Sənədli Film Festivalı 2016-cı ildə "5 ölkə, 7 şəhər, 1 festival” şüarı ilə yola çıxıb. Bu il hədəfini böyüdən II Türk Dünyası Sənədli Film Festivalı 5 deyil, 6 ölkə ilə yola davam edib.
 
 
 
Türk Dünyası Sənədli Film Festivalı Bəxtiyar Qaracanın gözü ilə
 
Festivalda münsif heyəti qismində Azərbaycanı təmsil edən tanınmış telejurnalist, yazıçı-publisist Bəxtiyar Qaraca redaksiyamızın qonağı oldu. O, II Türk Dünyası Sənədli Film Festivalı ilə bağlı təəssüratlarını bizimlə bölüşdü. Müsahibimiz deyir ki, keçən il dünyasını dəyişmiş azərbaycanlı rejissor Tofiq İsmayılovun adına təsis edilən xüsusi mükafat bu ildən etibarən sözügedən festivalda təqdim edilir. 2017-ci ildə Tofiq İsmayılov xüsusi mükafatına Başqırdıstandan Kirsten Qainetin "7 Maidens Theatre” filmi layiq görülüb.
 
 

B.Qaraca bu tip festivalları təqdirəlayiq hesab edir. Deyir ki, məhz belə festivallar sayəsində biz öz haqq səsimizi beynəlxalq arenada daha asan şəkildə eşitdirə bilərik: "Sentyabrın 27-30-da İstanbulda olduq. "6 ölkə, 13 ekran, 1 festival” layihəsində bir-birindən maraqlı insanları, rejissorları, mütəxəssisləri tanıdıq. Tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Açılışı da, bağlanışı da maraqlı keçdi. Bağlanışda millət vəkilləri, Türkiyənin tanınmış ziyalıları iştirak etdilər. TRT kanalından çəkiliş oldu. Mən ötən festivalda "İşığın düşmə bucağı” filmim ilə iştirak etmişdim. Bu il isə tamam fərqli formada, münsif kimi iştirak edirdim. Festivalın qaydaları belədir ki, ilk olaraq Türkiyədə keçirilir, filmlər müəyyənləşdirilir. Sonra Kiprdə, Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda bu layihə davam etdirilir. Yəni bu festivalda iştirak edən ölkələrin paytaxtlarında bu layihə davam edir.  Festival barədə böyük jurnal çap olunub. Bu jurnalda festivalla bağlı bütün informasiyalar dərc edilib”.

Festivalın iştirakçıları və orada nümayiş olunan filmlər barədə hazırlanan kitabı vərəqləyib, filmlərlə tanış olduqdan sonra söhbətimizə davam edirik.
 
 

Layihə barədə bizi məlumatlandıran yazarın sözlərinə görə, festivala bir çox ölkələrdən filmlər göndərilib. Həmin filmlər ilkin baxışdan keçib münsiflər heyətinə təqdim olunub: "Festivala təqdim olunan filmlər arasından 3 mükafat müəyyənləşdirdik. Burada peşəkarlarla yanaşı, tələbələrin də filmləri nümayiş olunurdu. Onun üçün ayrı bir nominasiya təşkil edilmişdi. Tələbə yaradıcılığı ilə tanış olmaq bizim üçün də maraqlı idi. Nominasiyada Qırğızıstandan olan tələbələr var idi ki, onlardan biri birinci, digəri üçüncü yerə sahib oldu. Festivalda əsasən  xalqların etnoqrafik adət-ənənələrini göstərə bilən filmlər nümayiş olunmuşdu. Həqiqətən də gənclərin gözü ilə filmlərə baxmaq maraqlı idi. Onlar daim inkişafda, daim axtarışdadırlar”.

Məlumat üçün deyək ki, festivalın münsiflər heyətinin üzvləri sırasında Hocakulu Narlıyev (rejissor, Türkmənistan), Əhməd Yeşiltepe (rejissor, Türkiyə, NTV Xarici Yayımlar Bölümü), Əbdülhəmid Avşar (rejissor, Türkiyə, TRT İstanbul) Albina Nafiqova (rejissor, Tatarıstan), Məmməd Gülərüz (rejissor, Türkiyə, SETEM-in təsisçisi), Artıkbay Süyündukoy (rejissor, Qırğızıstan), Zeynel Koç (Türkiyə, TRT İdarə Heyətinin əvvəlki üzvü) kimi tanınmış kinorejissor və prodüserlər var idi.
 
 
 
Festivalda birinci yeri Türkmənistandan "Ağ vərəq”, ikinci yeri Qırğızıstandan "Manas” filmi tutub. Üçüncü yeri Türkiyədən "Sirac” adlı film qazanıb. 
 
13 oktyabrda Bakı Dövlət Universitetində tələbələrlə görüş keçirdiklərini deyən B.Qaraca, burada II Türk Dünyası Sənədli Film Festivalının ən yaxşı üçüncü filmi - türkiyəli rejissor Gülşan Sarunun "Sirac” filminin nümayiş olunduğunu bildirdi: "Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində "Dünya kinosu və Azərbaycan kinosunun bugünkü inkişafı” mövzusunda tələbələrlə görüşümüz oldu.  BDU Jurnalistika fakültəsinin dekanı Vugar Zifəroğlu, məruzəçilər Oqtay Mirqasımovla söhbətimiz maraqlı keçdi. Orada iştirak edən tələbələr bildirdilər ki, onlar hər zaman diqqət mərkəzimizdə olan Qarabağ problemi ilə bağlı film çəkib, həmin festivala göndərə bilərlər. Mən orda da qeyd etdim ki, filmləri elə çəkmək lazımdır ki, tamaşaçı onu hiss edə bilsin. Müharibədə iştirak edən hər hansı qəhrəmanı ekran qarşısına gətirib onu danışdırmaqla, bu həll olunası məsələ deyil. Mənim özümün də nə qədər elə filmlərim var.  Qarabağ mövzusunu insanların rahat anlayacağı tərzdə və gözəl şəkildə təqdim etmək lazımdır. Gənclərin məsələyə yanaşma tərzi bir az fərqli olmalıdır. Türkiyədə olan azərbaycanlı tələbələr qısa müddətdə Xocalı ilə bağlı qısametrajlı film çəkmişdi. 7 dəqiqəlik qısametrajlı film o qədər təsiredici idi ki, istər-istəməz insan bir anlıq sarsılırdı. Söhbət festivalda yer tutmaqdan getmir, əsas odur ki, çəkdiyin film insanlara nə aşılayır, sən onunla nə demək istəyirsən. Festivala göndərilən filmin hər bir detalı önəmlidir, xüsusilə də onun çəkilişi, ssenarisi, rejissor işi, mövzunun aktuallığı”.
 
 
 
Söhbətimiz o qədər maraqlı və axıcı alınır ki, bir də o zaman ayılıram ki, artıq müsabiqədə üçüncü yerə layiq görülən "Sirac” filmin izləyirəm. Bəxtiyar Qaraca filmdəki özəllikləri o qədər ustalıqla qeyd edir ki, bu filmə hər kəsin baxmasını tövsiyə edirik. Sənədli film min il əvvəl Orta Asiyadan Anadoluya köç edən, Oğuz boylarından biri olan, Bəydili tayfasına məxsus Sirac türkmənlərindən bəhs edir. Anadolunun dağlıq bölgələrində yaşayan siraclar ata-baba mədəniyyətini qoruyub-saxlayan bir türk tayfasıdır. Türkiyənin Tokat rayonunun Zile qəsəbəsinin Karacaören kəndində aparılan çəkilişlərdə sirac türkmənlərinin adət-ənənələri əks olunub. Sənədli film Tokat, Zile, Karacaören, Karşıpınar və Almus qəsəbəsinin Hubyar kəndində çəkilib.
 
 
 
Filmimizin iştirak etmədiyi festival 
 
Müsahibimizlə söhbətdən öyrənirik ki, o, eyni vaxtda Adana Film Festivalına da dəvət alıb. Ancaq seçim etmək qarşısında qalıb: "Həmin festivalda mənim filmlərim nümayiş olunacaqdı. Hər iki festivalın təşkilatçıları biletlərimi alıb göndərmişdi. Mən seçim etmək məcburiyyətində qaldım. II Türk Dünyası Sənədli Film Festivalında münsif heyəti olduğum üçün orada iştirak etməli oldum. Ümumiyyətlə dünyada ildə 1500-ə yaxın belə festivallar keçirilir. Sənədli film həm aktuallıq, həm də təsir baxımından maraqlıdır”. 
Festivalda münsif olan müsahibimiz deyir ki, gənclər onları öz filmləri ilə çox təəccübləndirsələr də, onların içərisində Azərbaycan filmi iştirak etməyib: "Bizim gənclər təəssüf ki, bu dəfə iştirak etmədilər. Ümid edirik ki, növbəti ildə biz onları da bu layihədə görə biləcəyik”. 
 
Müsahibimizə "Bəs nə üçün Azərbaycanda da belə festivallar keçirilmir?” - deyə sual etdik. Cavabı çox gecikmədi: "Bu çox ağır bir prosesdir. Elə şeylər var ki, o tək bizim özümüzdən asılı deyil. Bunun üçün müəyyən təşkilatlar bir yerə yığışmalı, bir layihə təqdim etməli və bunun üçün çalışmalıyıq. Belə ki, bu işdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Mədəniyyət və Turizm Nazirliyi, kino ittifaqları, televiziyalarımız və digər təhsil ocaqlarımız da iştirak etməlidir. Əgər biz belə bir festival keçiririksə, onu yüksək səviyyədə etməliyik.  Qonaqların dəvət olunması, onların yerləşdirilməsi, filmlərin təbliğ olunması - bunların hamısı məsuliyyətli işlərdir. Festivalda digər ölkələrin nümayəndələri məndən soruşurdular ki, sizdə hansı festivallar var və biz həmin festivallara filmlərimiz necə göndərə bilərik? Açığı, bu suala cavab vermək mənim üçün çox çətin idi. Təbliğata bu qədər ehtiyacın olduğu bir vaxtda film festivallarının keçirilməsi təbii ki, yerinə düşərdi. Digər ölkələrdə belə festivalların sayı hədsizdir. Bu həm tələbələr, həm də istedadlı rejissorlar arasında keçirilməlidir. Çox sevindirici haldır ki, Mətbuat Şurasının sədri Əflatun Amaşovun və millət vəkili Cavanşir Feyziyevin təşəbbüsü ilə "Ocaq” festivalının keçirilməsi planlaşdırılır. Hətta iştirakçı olduğum festivalın dəstəkçilərindən biri də Türkiyə mətbuat şurasıdır. Onların dəstəyini də biz hiss edirdik”.  
 
 
 
Bu tip festivalların faydasından danışan B.Qaraca sonda bildirdi ki, ölkəmizin təbliğatı baxımından bu festivalların böyük rolu var. Bunun üçün biz də əlimizdən gələni etməliyik. 

Qeyd edək ki, II Türk Dünyası Sənədli Film Festivalı Türkiyədən sonra 6-7 oktyabrda Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada keçirilib. 12-15 oktyabrda Azərbaycanın paytaxtı Bakıda baş tutan festival, 26-27 oktyabrda Qazaxıstanın paytaxtı Almatıda, 30-31 oktyabrda Qırğızıstanın paytaxtı Bişkekdə, 9-10 noyabrda Makedonyanın paytaxtı Skopyedə (Üsküp) davam edəcək. Noyabrın 18-də isə İstanbulda başa çatacaq.
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002