• cümə, 29 Mart, 15:18
  • Baku Bakı 14°C

Film boyu insanı təsirə salan ecazkar “ilahi musiqi” - Onun film seçimi

29.09.18 13:00 1133
Film boyu insanı təsirə salan ecazkar “ilahi musiqi” - Onun film seçimi
"Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki, vacib”. Rəhmətlik Səməndər Rzayevin "Bəyin oğurlanması” filmindən olan bu replikası çoxlarımıza tanışdır. Aktyorun dediyi kimi, qəliz olan kinonun, vacib məqamları da çoxdur. Fərqli dillərdə, müxtəlif janrlarda çəkilsə də, yenə də məqsəd eynidir: insanları əyləndirmək, maarifləndirmək və onları düşündürməyə çalışmaq. Bu dəfə rubrikamızın qonağı təhsil eksperti Nadir İsrafilovdur.

Kino haqqında fikirlərini bizimlə bölüşən təhsil eksperti, söhbətə Leninin deyimi ilə başladı: "Proletariatın rəhbəri Leninin bir vaxtlar böyük bir ölkənin geniş ərazisində dillər əzbərinə çevrilən bir sözü vardı: "Bütün incəsənətlərdən bizim üçün ən əhəmiyyətlisi kinodur”. Leninə olan münasibətimizdən asılı olmayaraq, onun kino barədə bu fikri ilə razılaşmamaq, ən pis halda ədalətsizlik olardı. O da danılmaz faktdır ki, Azərbaycan kino tarixinin yüksəlişi məhz SSRİ dövrünə təsadüf edib. Etiraf etməliyəm ki, uşaqlıq illərindən kinoya yaranan marağım bu gün də sönməyib. Baxdığım filmlərin sayı-hesabı itib. Yüzlərlə sevilən filmlər arasında seçim aparmaq mənim üçün çətindir”.

Nadir bəyin ilk seçimi yerli filmlərimizdən oldu: "Azərbaycan filmləri arasında ilk növbədə dəfələrlə baxdığım və bu gün də baxmaqdan yorulmadığım, rejissor Həbib İsmayılovun 1962-ci ildə ekranlaşdırmış olduğu, Ələsgər Ələkbərov, Həsən Məmmədov, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov kimi ustad aktyorların yer aldığı, kənd təsərrüfatı sahəsində gedən dəyişikliklərdən, işıqlı gələcəyə ümid bəsləyən sadə kənd adamlarından, rəhbərlikdə demokratik üsulların bərpası uğrunda aparılan mübarizədən söhbət açılan "Böyük dayaq” tammetrajlı bədii filmidir”.

2-ci film isə "Oskar" da daxil olmaqla, onlarla mükafata layiq görülən keçmiş sovet filmidir: "Mosfilm” istehsalı olan, 1980-ci ildə efirə çıxar-çıxmaz fantastik uğur qazanan Aleksey Batalovun baş rol aldığı, 50-ci illər paytaxt mühitində yataqxana həyatından bəhs edən "Moskva göz yaşlarına inanmır” sevdiyim filmlərdəndir. Dillər əzbəri olan "Aleksandra” mahnısı isə bu filmə geniş izləyici kütləsi qazandırıb”.

3-cü kino Türkiyə istehsalıdır: "Mənə ən güclü emosional təsir göstərən filmlər içərisində 2005-ci ildə çəkilmiş "Çağan Irmak” istehsalı olan, Türkiyədə kifayət qədər marağa səbəb olan "Babam və oğlum” filmidir.

Həmsöhbətimizin 4-cü film seçimi isə real hadisələr əsasında 2009-cu ildə çəkilmiş, Riçard Girin baş rol aldığı Britaniya-Amerika melodramı olan "Hatiko” filmidir.

Sonuncu film isə məşhur bəstəkarın həyatından bəhs edir: "Miloş Formanın 1984-cü ildə çəkdiyi, ABŞ, Fransa və Çexoslovakiyanın birgə istehsalı olan, dahi bəstəkar, musiqi dühası Volfqanq Amadey Motsartın qəribəliklərlə müşayiət olunan və müəmmalı ölümü ilə nəticələnən həyatından bəhs edən "Amadey” filmidir. Bütün film boyu insan ecazkar "ilahi musiqi”nin təsirindən ayrıla bilmir”.

Günel Azadə

banner

Oxşar Xəbərlər