• cümə, 29 Mart, 01:57
  • Baku Bakı 7°C

“Film bazarına bu işi bilənlər gəlməlidirlər”

29.09.16 12:45 2609
“Film bazarına bu işi bilənlər gəlməlidirlər”
Sevindirici haldır ki, artıq yerli filmlərimiz kinoteatrlarımıza ayaq açıb. Hər mövzuda və müxtəlif istiqamətlər üzrə filmlərimiz çəkilir. "Buna da şükür” deyib öz məhsullarımızı seyr edirik. Di gəl ki, burada bir əmma var. Belə ki, çəkilən filmlərimizin səviyyəsi, mövzusu sosial şəbəkə istifadəçiləri və bəzi vətəndaşlar tərəfindən qınaq obyektinə çevrilir. Bu da özəl sektorda çalışan rejissorları, prodüserləri həvəsdən salır.
Ötən gün rejissor Kənan MMöz "İnstaqram” səhifəsində indi rejissorların dilənçi vəziyyətində yaşadığını, tamaşaçının onların hansı şəraitdə film çəkdiyindən xəbərsiz olduğunu qeyd edib və onun bu fikirləri heç də birmənalı qarşılanmayıb. Rejissor dilənçilik etdiyini gizlətməyib: "Heç bir tamaşaçı bilmir ki, yerli aktrisalarımız filmə çəkilərkən 600 manat qonorar alırlar. Bilmirsiniz ki, rejissor filmi çəkdikdən sonra müxtəlif yerlərə borclu qalır. Bilmirsiniz ki, rejissor bazar alverçisi kimi çəkiliş məkanı danışanda alver edir. Bir filmi çəkmək üçün dilənçiliyə başlayır. Bəli, bu sözü utanmadan, qızarmadan böyük hərflərlə yazıram. Çünki doğrudan da Azərbaycan rejissorları dilənçi günündədir. Mən utanmıram, məni bu hala salanlar utansın. Kinoteatrlar utansın ki, çəkdiyimiz filmin gəlirinin 60 faizini bizdən alır. Onlar Azərbaycan filminin qatilləridir. Nə isə, gedim dilənməyə. Axı mənim tamaşaçılarım, "Gecə qonağı - 2”məni gözləyir”.

Rejissorun bu fikri həmkarları və prodüserlər tərəfindən qınaq obyektinə çevrilib. Kimisi onu haqlı hesab edir, kimisi də bu məsələlərlə prodüserin məşğul olduğunu dilə gətirir.
"Simamdan istifadə edirəm”
Bir neçə filmin prodüseri olan aktyor Müşfiq Şahverdiyev bizimlə söhbətində bildirdi ki, rejissorların prodüserlik edib belə çətin vəziyyətə düşməsi problemi başqa tərəfə istiqamətləndirir: "Kənan bizim dostumuzdur, xətrini çox istədiyim rejissorlardandır. O da film çəkir və filminin həm prodüserliyini, həm də rejissorluğunu edir. Mən aktyoram və az da olsa simam tanınır. Hər hansı bir sponsorla danışmağa gedəndə öz simamdan istifadə edirəm. Prodüser kimi sponsorlarla özüm görüşürəm. Gördüyümüz işlərə və simama görə sponsordan razılıq alıram. Bu işdə sima da böyük rol oynayır. Mənim üçün bu işin heç bir çətinliyi yoxdur. İndiyə qədər üç film çəkmişik, sonuncu filmi də tam rahat şəkildə başa vurmuşuq. Şükürlər olsun ki, heç bir problemlə üzləşməmişik və heç kimə də borcumuz yoxdur”.

"My name is İntiqam - 2” filminə külli miqdarda maliyyə xərclədiklərini deyən müsahibimiz onun gətirdiyi gəlirdən o qədər də razı qalmadığını deyir: "Mən o filmi xaricdə çəkmişdim. Burada elə xarici filmlər nümayiş olunur ki, onların heç mənim çəkdiyim filmlər qədər baxış sayı yoxdur. Açığı, bu filmim məni qane etmədi. Mən filmimin kinoteatrlarda daha yüksək baxış sayının olacağını gözləyirdim. İkinci filmdə müəyyən problemlər yaşadıq. Azərbaycan tamaşaçıları filmlərimizdə olan açıq-saçıq səhnələri qəbul etmədi. Niyə xarici filmlərdə qəbul edirlər, bizdə yox? Bu kimi problemlərə görə filmimizin kinoteatrlarda baxış sayı azlıq təşkil etdi. Digər filmlərlə müqayisədə mənim bu filmim daha keyfiyyətli ili. 50-60 min baxış bizi qane etmədi. Biz o filmdən 100-150 min baxış gözləyirdik. Birinci filmimiz daha çox izlənildi və sevildi. Üçüncü filmimiz "Gizlənpaç”a gəlincə isə bu filmə ümidimiz böyükdür. Noyabrda filmi tamaşaçılara təqdim edəcəyik. Səhvlərimizi düzəldə-düzəldə öyrənirik. O ki qaldı dilənçilik məsələsinə, filmlərimizin sponsorları olub və bu filmləri məhz onların köməyi ilə çəkmişik. Azərbaycanda bu sektor təzə yaranıb. Bu məsələdə sponsorları da, maliyyə dəstəyi olan biznesmenləri də qınamaq yaxşı çıxmır”.

M.Şahverdiyev sponsorların filmlərə nə üçün maliyyə xərcləmədiklərinin də sirrini açdı: "Film sektorumuz inkişafa başlayan kimi dünyada devalvasiya başladı. Sponsor problemi yarandı. Ona görə də indi maliyyə üçün hər qapıya da getmək olmur. Bir çox şirkətlər bağlandı, şirkətlərin büdcələri azalmağa başladı. Onlar bizə necə kömək etsinlər? Film çəkərkən bunu da nəzərə almaq lazımdır. Mən deməzdim ki, tamaşaçılar bizim filmlərə biganə yanaşırlar. Yaxşı filmə tamaşaçı baxacaq və onun sponsora ehtiyacı olmayacaq. Bunun üçün deyinməyə, gileylənməyə ehtiyac yoxdur”.

Prodüser deyir ki, rejissorun deyinməyinə heç bir səbəb yoxdur. Çünki indiki zəmanədə kinorejissor da pis qazanmır: "Çəkdiyim üç filmimdə ayrı-ayrı rejissorlara müraciət etmişəm. Onların hamısına da normal qonorar ödəmişəm. Hər rejissorla da ayrı-ayrı pullar danışılıb. Onların istədiyi məbləğ də ödənilib. Kinorejissorlar heç də bugünkü zamana, günümüzə baxanda az pul tələb etmirlər. Kənanın fikrinə hörmətlə yanaşıram. 2-3 il ərzində ssenaristlər, rejissorlar, montajçılar, rəssamlar, bir sözlə, film sektorunda çalışan insanlar qiymətlərini 3 dəfədən çox qaldırıblar. Yaxşı işləyənlər, işinin peşəkarları pullarını qazanırlar. Burada gileylənməli heç bir şey yoxdur. Bu il 20-dən çox film çəkilib. Bəs bu pulu haradan tapırlar? Deməli, artım və dəstək var”.

Aktyor gələcəyə ümid bəslədiyini də dedi. Bildirdi ki, gün gələcək, Azərbaycanın kommersiya filmləri elə səviyyədə olacaq ki, kinoteatrlar xarici filmləri almayacaqlar: "Elə bir vaxt gələcək ki, xaricilər bizim kinoteatrlardan pul ala bilməyəcəklər. Qoy film çəkənlər bilsinlər ki, film bazarına bu işi bilənlər gəlməlidirlər. Tamaşaçıların hansı zarafatlara gülməsinə, kinoteatra gedən təbəqənin zövqünə bələd olsunlar. Dram filmlərimiz kinoteatrlarda o qədər də baxılmır. Rejissorlar deyirlər ki, Azərbaycan tamaşaçısı dram janrını o qədər də anlamır və ya dram janrlı filmlərə baxmır. Bu, tamamilə səhv fikirdir. Bu janrda normal, inandırıcı filmlər çəksələr, niyə baxmasınlar ki? Nə üçün bizim tamaşaçılarımız türk dramlarına baxıb ondan zövq alırlar, ancaq bizim dramlarımızdan zövq almırlar? Demək ki, problem bizdədir, tamaşaçıda deyil. Bəs onda nə üçün komediya filmlərinə baxırlar və gəlirlər? Yaxşı ssenari, aktyor oyunu və prodüser lazımdır ki, dram janrımız da qəbul olunsun. Bu gün tamaşaçıda heç bir günah görmürəm”.
Rejissor film çəkmək istəyirsə, mütləq prodüserlə işləməlidir
Kinoprodüser, rejissor Fehruz Şamıyevbizimlə söhbətində qeyd etdi ki, yaxşı, bazarın tələblərinə cavab verən layihəyə hər zaman vəsait tapmaq mümkündür: "Kapitalist cəmiyyətində filmin istehsalçısı prodüserdir. Bizim ölkədə də yetərincə prodüserlər var və kifayət qədər də filmlər istehsal olunur. 1990-2005-ci illərdə rejissorlar film çəkmək istəyirdilərsə, gedib maliyyəni özləri axtarırdılar. Mənə elə gəlir ki, artıq bu proses geridə qalib və rejissor mütləq filmi çəkmək üçün birinci prodüseri axtarıb tapmalıdır. Əgər filmin rejissoru və prodüseri eyni adamdırsa, burda problemlə qarşılaşan yenə də prodüserdir. Rejissor film çəkmək istəyirsə, mütləq prodüserlə işləməlidir. Çünki rejissorun işi yaradıcı işdir və o, enerjisini maliyyə axtarmağa sərf etməməli, məkan danışıb, geyim həll etməklə məşğul olmamalıdır. Azərbaycan kinosunda hər bir rejissor ilk olaraq işə yaxşı prodüser tapmaqla başlamalıdır. Məhz bacarıqlı prodüser istedadlı rejissorun yaxşı layihəsi ilə tanış olduqdan sonra ona vəsait cəlb etməyə başlayacaq”.

Kinoprodüser əlavə etdi ki, indi komediya filmlərinin dövrüdür: "Son illər istehsal olunan filmlər uğur gətiribsə, mütləq həmin komanda növbəti filmə başlayır. İndi Azərbaycan bazarında kommersiya filmlərinin sayı artır. Tamaşaçı bazara diktə edir. Əgər tamaşaçı melodrama baxmağa başlayırsa, deməli, melodramların sayı artacaq. Amma hazırda komediyanın dövrüdür. Məncə, yaxın vaxtlarda bu mərhələ də arxada qalacaq”.
F.Şamıyev Kənan MM-in rejissorları "dilənçi” adlandırmasına qarşı çıxdı və bu fikirlə heç də razılaşmadığını qeyd etdi.
"Kənan MM haqlıdır”
Kinorejissor Ramil Ağasıyev Kənan MM-in fikri ilə razılaşdığını bildirdi. Qeyd etdi ki, "Arzularının ardınca” filminin bir neçə ildir nümayiş olunmasına baxmayaraq, o da bu günə kimi filmin borcunu ödəyir: "Məsələ çox qəlizdir. Burada problem birdir, ikidir ki sayasan? Film distribüterləri heç nə etmədən 60 faiz qonorar alır. Maraqlıdır, onlar hansı səbəbdən 60 faiz qonorar almalıdır? Bunu kim təyin edir axı? Görəsən xarici filmlərdən də bu qədər maliyyə tələb edirlər? Misal üçün, mən film distribüteriylə işləyirdim, onlar hətta saxtakarlıq da edirdilər. Mənim adımdan heç bir icazəm olmadan kimlərəsə dəvətnamələr verirdilər. Mən məsələyə nəzarət edəndə bir bəhanə gətirirdilər”.
Hər peşənin öz çətinlikləri var. "Asan iş yoxdur” desək, yəqin ki, bu fikrimizdə yanılmarıq. Hər nə qədər çətin olsa da, rejissoru "dilənçi” adlandırmaq istənilən halda düzgün deyil. Bizim kino tariximizdə Eldar Quliyev, Oqtay Mirqasımov, Rasim Ocaqov, Həsən Seyidbəyli, Ramiz Fətəliyev və digərləri kimi rejissorlarımız olub. Onlar yaşadıqları çətinliklərə baxmayaraq, öz sənətlərini seviblər və bir-birindən maraqlı filmlər ərsəyə gətiriblər.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər