Filip Rot dünyasını dəyişdi
Təkcə Amerika ədəbiyyatının deyil, XX əsr bütün
dünya ədəbiyyatının "salnaməçisi” kimi nüfuz qazanmış yazıçı Filip Rot
dünyasını dəyişdi. 60 ildən uzun bir müddət ərzində xarakteri, düşüncələri,
duruşu ilə Amerikanın siyasi-mədəni gündəmində çevrilişlərin mərkəzində
dayanmış 85 yaşlı yazarın ölüm xəbərini mətbuata şəxsi ədəbi agenti Andreu
Uayli təsdiqləyib. XX əsrin ikinci yarısında qələmə aldığı mövzular, apardığı
araşdırmalarla ölkə ədəbiyyatının sərhədlərini müəyyənləşdirən, yeni üslub və
janrları cəsarətlə sınaqdan keçirən və sözün əsl mənasında 30 ildən çox Amerika
ədəbiyyatına hökmranlıq etmiş yazar mayın 23-də dostlarının əhatəsində
gözlərini həyata yumub. Yazarın bioqraferi Bleyk Beyli şəxsi tvitter
səhifəsində duyğularını bölüşüb: "Bir ömür boyu ömürlük vəfa dostları toplamaq
az adama nəsib olur. Ömürlük dostların yanında ömrü tamamladın. Doğma insan, yaşayan
ən böyük yazar. Amerika ədəbiyyatının əfsanəsi…”.
1959-cu ildə işıq üzü görmüş "Əlvida, Kolumbiya”
("Goodbye, Columbus”) hekayə toplusu ilə ağılalmaz bir uğura qovuşmuş və elə
işıqlı bir yola bu kitabla başlamış Filip Rot orta sinif yəhudi-amerikan ailəsinin
bütün dünyaya səs salan övladı olub. O, bəlkə də dünyanın "ən sürətlə
məşhurlaşmış” yazarıdır. Bu beynəlxalq nüfuzu isə Rota 1969-cu ildə nəşr
olunmuş "Portnoyun şikayəti” ("Portnoy’s complaint”) romanı qazandırdı. XX
əsrin 100 ən yaxşı romanından birinin müəllifi kimi Filip Rot beynəlxalq
təqdimat hüququ qazandı.
1990-cı ildə Blumla olan evlilik yazarın nüfuzunu,
səhhətini xeyli zədələdi. İctimai açıqlamaları bir-birinə həmişə zidd olan
cütlük bu mübahisəli münasibəti davam etdirə bilmədilər. 1994-cü ildə Filip Rot
Blumla yollarını ayırıb, Konnektikatda yerləşən ferma tipli bağ evinə köçdü.
1998-ci ilə kimi burada həm müalicə aldı, həm də yarım əsrin yorğunluğunu
çıxardı. 2000-ci ildən isə yenidən yola qaldığı yerdən davam etdi.
Filip Rot ABŞ Prezidentinin "Bəşəri fəaliyyətə
görə” medalı, "National Book Award”, "Pulitzer” kimi bir-birindən dəyərli
40-dan çox mükafatın qalibidir. Rot dünya ədəbiyyatında "Şərəf” ("Breast”),
"Arzu bilicisi” ("The professor of desire”), "Çukermanın xilası” ("Zuckerman unbound”),
"Anatomiya dərsi” ("The anatomy lesson”), "Amerikan pastoralı” ("American
pastoral”), "Mənim ərim kommunistdir” ("Married a communist”), "Sadə insan”
("Everyman”), "Böyük Amerikan nəsri” ("The great American novel”), "Rəzillik”
("The humbling”) kimi 50-dən çox sevilən əsərin müəllifi olaraq, əvəzolunmaz
yer tutur.