• çərşənbə, 17 Aprel, 01:34
  • Baku Bakı 14°C

Fikrimizi niyə ifadə edə bilmirik?- Diskussiya

03.06.17 09:30 8780
Fikrimizi niyə ifadə edə bilmirik?- Diskussiya
Mütəxəssislər düşünür ki, bütün uğurların başında mütləq şəkildə fikrimizi gözəl ifadə etmək qabiliyyəti dayanır. Lakin gənclərin əksəriyyəti fikrini ifadə etməkdə çətinlik çəkir. Kimiləri bunu savadsızlıqla əlaqələndirsə də, bu da həqiqətdir ki, yazarkən fikrini çox gözəl ifadə edən biri, danışıqda bunu uğurla edə bilmir. Bəs bunun səbəbi nədir? Biz nə üçün fikrimizi ifadə etməkdə çətinlik çəkirik?
Bu sualın cavabını Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri ilə müzakirə etdik.

Fatimə Bəndiyeva:
- Bunun başlıca səbəbi uşaqların bədii ədəbiyyat oxumamasıdır. Oxunan əsərlərin də əksəriyyəti müasir və xarici ədəbiyyatdır. Xarici ədəbiyyatın tərcüməsi Azərbaycanın real gündəlik istifadə olunan dilinə uyğun deyil. Müasir gənclər klassik ədəbiyyata çox meyil etmirlər. Digər səbəb isə əzbərçilikdir. Uşaqlar əzbərçiliyə daha çox qaçırlar. Bu zaman uşaq oxuduğunu dərk etmir, mexaniki olaraq əzbərləyir. Bu da istər-istəməz özünüifadə tərzinə öz təsirini göstərir.
Günay İsmayılova:
- Fatimə xanım deyir ki, bunun səbəbi bədii ədəbiyyat oxumamaqdan irəli gəlir, amma mən bununla razı deyiləm. Elə insanlar tanıyıram ki, kifayət qədər bədii ədəbiyyat oxuyur, amma yenə də fikrini ifadə edə bilmirlər. Bunu ancaq kitabla bağlamaq düzgün deyil. Bir insan ailəsi tərəfindən qapalı şəraitdə böyüdüləndə, cəmiyyətə qarışa bilmir. İctimaiyyət arasında sıxılır və fikrini ifadə edə bilmir. Sanki daxildən bir qorxu onu saxlayır. Məsələn, mən özüm müəyyən bir vaxta qədər insanlarla ünsiyyət qurmaqdan çəkinmişəm. Çünki qarşı tərəfin fikrinə çox önəm verirəm. Düşünürəm ki, birdən onun xətrinə dəyərəm, birdən xoşuna gəlməyən bir söz deyərəm. Yəni öz fikrini ifadə etmək o demək deyil ki, ağlından keçən hər şeyi deyə bilərsən. İnsanlar müxtəlifdir. Onların hər biri ilə özünə uyğun davranmaq lazımdır. Bir insan öz ruhuna uyğun insanların əhatəsində olanda, öz fikrini daha rahat ifadə edə bilir.
Fatimə:
- Psixologiya və natiqliklə bağlı bir neçə təlimdə iştirak etmişəm. Psixoloqların və natiqlərin təsdiq etdiyi bir şey var. Müəyyən auditoriya qarşısında çıxış edərkən sənin motivasiyan yoxdursa, sən özünü düzgün ifadə edə bilməyəcəksən. Motivasiya yoxdursa, avtomatik olaraq hədəf bəlirləyə bilmirsən. Motivasiyanın olmamasının meyarlarını saysaq, insanın ailəsi tərəfindən sıxışdırılmasını, depressiv halını misal göstərmək olar. Elə uşaqlar var ki, danışarkən böyüklər "kəs səsini, sən hələ uşaqsan”- deyərək onu susdururlar. Müəyyən bir yaş dövrü var ki, o vaxta qədər sən dinləyirsən, o vaxtdan sonra səni dinləyirlər. Əgər ailədə səni dinləsələr, cəmiyyətdə də fikrini rahat ifadə edə bilərsən.
Sədəfxanım Qəmbərli:
- İnsan fikir söyləyərkən nəzərə almalıdır ki, sözlərinin məntiqi əsası olsun.Təbii ki, insanın fikrini ifadə etməsində dostlarımın da dediyi kimi, kitabların rolu böyükdür. Lakin elə insanlar da var ki, kifayət qədər kitab oxusalar da fikirlərini ifadə edə bilmirlər. Bu, bəzi müəllimlərə də aiddir. Yəni savadlı olsalar, çox kitab oxusalar da, dərsi tam izah edə bilmirlər. İnsan az bilib çox çatdıra bilər. Və ya əksinə, çox bilib az çatdıra bilər.
Digər bir səbəb isə insanın özünü təsdiq etməməsidir. Hər hansı bir yerdə tələbə bir fikir söyləyir, müəllim o fikirlə razılaşmır. Və bu zaman tələbə artıq özünü təsdiq etməyi bacarmalıdır. İlk məqsədimiz fikri düzgün söyləməkdirsə, ikinci məqsədimiz onu təsdiq etməkdir. Məncə, hər bir azərbaycanlı gənc öz fikrini ifadə etməyi bacarmalıdır.
Raziyyə Həsənova:
- Hər bir insan natiq olmaya bilər. Amma özünü ifadə etməyi bacarmalıdır. Bu onun cəmiyyətdə mövqe qazanmasına şərait yaradır. Həmçinin öz hüquqlarını qorumasına da imkan verir. Həmsöhbətlərimin də qeyd etdiyi kimi, bu yalnız bir faktordan asılı deyil, müxtəlif səbəblərdən baş verə bilər. Məncə də, insan düşünüb fikrini sonra ifadə etməlidir. Hər birimiz sinif otaqlarından universitet auditoriyalarına gəlmişik. Bu keçiddə bizə bir istiqamət göstərən olmayıb. Mən fikrimi ifadə etməyi üçüncü kursdan öyrənmişəm. Bu, təhsil və tədrisin səviyyəsindən və tələbəyə verilən dəyərdən asılıdır. Auditoriyada 30 tələbə ola bilər. Onların hər birinin fikrinə xüsusi dəyər verilməlidir. Biz gəncik, ola bilər danışarkən səhv edirik. Bu, zamanla cilalanıb düzələcək.
Fatimə:
- Freyd isbat edib ki, dünyada 98 faiz insan düşünüb danışmır. Sadəcə olaraq şüuraltından gələn informasiyanı çatdırır. Çünki bu, insanda artıq formalaşmış bir əlamətdir. Burada, həmçinin özgüvən məsələsinə də toxunuldu. Bəzi insanlar özgüvənlə özünümüdafiəni qarışdırır. Özünümüdafiə hissi daha şiddətli olursa, bu, artıq həmin insanın daxilində qorxu olduğunu göstərir. Özgüvən yoxdursa, deyilən hər bir sözə aqressiya ilə cavab verilir. Aqressiya ilə cavab verilən hər bir anda insan özünü itirir. Mən qrup yoldaşımla eyni səviyyədə təhsil alıram və oxuduğumuzu eyni səviyyədə müəllimə qaytara bilmirik. Bu o demək deyil ki, mən ondan yaxşı bilirəm. O, fikrini düzgün ifadə etmədiyi üçün müəllim mənə bir bal artıq yazır.
Günay:
- Məncə, bir səbəb də aldığımız informasiyanı yarımçıq qəbul etməyimizdir. Hər şeydən bir az yığılır beynimizdə və istər-istəməz beyində xaos yaranır. Fikri ifadə edərkən də qarışıqlıq yaranır. Danışarkən dediyimiz sözün mahiyyətinə varmalıyıq, amma demək olar ki, əksər insan bunu düşünmür. Fikrimizi ifadə edərkən bəzi insanların fikri ilə üst-üstə düşməsə də, biz bunu təsdiq edib doğruluğunu sübut etməliyik. İnsan öz fikrində durmalıdır və qarşı tərəfin də fikrinə hörmətlə yanaşmalıdır. Mənim qəbul etdiyim informasiya mənim üçün doğru ola bilər, yoldaşım isə onu tamamilə yanlış anlaya bilər. Ona görə də insan fikrini ifadə edərkən qarşısındakı insanın düşüncə səviyyəsinə fikir verməlidir.
Pərvin Rəhimov:
- Fikirlərimizi nə dərəcədə ifadə etməyimiz dilin materialından necə istifadə etməyimizdən asılıdır. Nitq iki yerə bölünür. Daxili və xarici nitq. Problemimiz odur ki, daxili nitqimizi xarici nitqə çevirə bilmirik. Bunun bir neçə səbəbi var. Bunlardan biri kitab oxumamaqdır. Kitab oxumaq insanın lüğət ehtiyatını zənginləşdirir. İkinci bir səbəb budur ki, orta və ali məktəblərdə nitq mədəniyyəti fənni daha çox nəzəriyyə səviyyəsində keçilir. Digər bir səbəb isə bəzi şagird və tələbələrin öz fikirlərini ifadə edərkən müəllimdən çəkinmələridir. Müəllim öz fikrini ifadə etmək üçün tələbəyə şərait yaratmalıdır.
Əliqulu Bədirli:
- Fikirlərimizi ifadə etməkdə kitabların rolu böyükdür. Amma seçərkən düzgün kitabı seçməliyik. Kitab bizi inkişaf etdirməlidir. İndiki gənclər daha çox dedektiv məzmunlu kitablar oxuyur ki, mən düşünmürəm, bu, nitqin inkişafına kömək edir. Məsləhət görərdim ki, nitqin inkişafı üçün daha çox klassik əsərlər oxunsun.
Pərvin Eyvazov:
- Biz çöldə birinə yaxınlaşıb fikrini ifadə etməyini istəsək, o, çətinlik çəkəcək. Amma Türkiyə kanallarına baxırıq, görürük ki, orada insanlar necə sərbəst öz fikirlərini ifadə edirlər. Uşaqlar orta məktəb vaxtlarından test üsulu ilə böyüyürlər. Test yaxşı və ədalətli üsuldur. Amma digər tərəfdən, özünüifadəyə əngəl törədir. Bu gün uşaqlar yaxşı oxuyurlar, hətta seminarda 10 alan tələbə, yazılı imtahanda yaxşı yaza bilmir. Digər bir səbəb isə Azərbaycanda mükəmməl tələbə mühitinin olmamasıdır. Tələbə yataqxanası, tələbələrin kompakt yığışdığı bir mühit olmalıdır. Tələbə düşünməməlidir ki, rayondan gəlmişəm, kimin evində kirayədə qalacağam, yeməyimi kim bişirəcək, paltarımı kim yuyacaq? Ona görə də gənclər bilmirlər nə etsinlər – otaq yığışdırsınlar, ya kitab oxusunlar. Tələbənin maddi ehtiyaclarını maksimum ödəməlisən ki, ondan oxumaq tələb edəsən. Təhsil sistemi texniki cəhətdən nə qədər inkişaf edirsə-etsin, tələbənin sosial qayğıları həll olunmadığı müddətcə, o özünü düzgün ifadə edə bilməyəcək.
Əliqulu:
- Məncə, bütün fakültələrə ədəbiyyat salınmalıdır və məktəb yaşlarından uşaqlara bədii ədəbiyyat, xüsusilə də klassika oxumaq təlqin edilməlidir. Söz bazası ədəbiyyatdan gəlir.
Günay:
- Düşünürəm ki, hər şey ailədən başlayır. Hər şey sonradan nə qədər dəyişsə də, əsas kök ailədən gəlir. Əgər orada bir boşluq olarsa, bu, əvvəl-axır özünü büruzə verir. Uşağın kiçik yaşlarından verdiyi suallara ailə daxilində nə qədər dolğun və aydın cavab verilərsə, istər-istəməz uşağın fikirləri daha aydın inkişaf edir. Bəzi valideynlər uşaqların çox sual verməsindən bezirlər. Amma əslində, bu, belə olmamalıdır. Uşağın hər bir sualına cavab vermək lazımdır.
Raziyyə:
- Təbii ki, hər kəs ədəbiyyat oxumur. Bizim cəmiyyətdə fəhlə də, satıcı da var. Məncə, burada bir az öz dilinə qarşı laqeydlik də var. Hər kəs fikirlərini ifadə etmək üçün, qarşıdakı insanı başa salmaq üçün öz-özünü inkişaf etdirməlidir. Buna həm sosial, həm də fərdi problem kimi baxılmalıdır.

Aygün ƏZİZ
Günel AZADƏ
banner

Oxşar Xəbərlər