• şənbə, 20 Aprel, 13:23
  • Baku Bakı 23°C

Fikrət Yusifov: "Büdcəmiz qeyri-neft sektoru hesabına təmin edilməlidir"

12.07.16 16:50 1034
Fikrət Yusifov: "Büdcəmiz qeyri-neft sektoru hesabına təmin edilməlidir"
İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda çıxış edən ölkə Prezidenti dünyada gedən iqtisadi, siyasi prosseslərin Azərbaycana təsiri ilə bağlı məqamların, aparılan iqtisadi islahatların və əldə olunan nəticələrin dərin təhlilini verdi və bu ilin sonuna qarşıda duran əsas vəzifələri müəyyən etdi.
Başlanğıcı 2007-2008-ci illərin məşhur ipoteka böhranı ilə qoyulan, ilk öncə ABŞ-ın və Avropanın, sonradan isə digər ölkələrin də bank sistemini iflic vəziyyətinə sala bilmiş maliyyə böhranı öz ardınca iqtisadi böhranı da qaçılmaz etdi. Keçən ilin əvvəllərinə qədər Azərbaycanın maliyyə sistemi dünyanın ən qabaqcıl ölkələrinin üzləşdiyi maliyyə böhranın təsirlərindən kənarda qala bildi. Lakin neftin dünya bazarlarında kəskin ucuzlaşması ilə müşayət olunan iqtisadi böhran, illərlə iqtisadiyyatımızın neftdən asılılığının azaldılması istiqamətində görülən tədbirlərə - Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun payının 70%-ə qədər qaldırılmasına baxmayaraq, bizdən yan ötə bilmədi. Azərbaycan postneft dövrünə hazırlığın 2020-ci illərdə başa çatmasını nəzərdə tutsada, ondan asılı olmayan səbəblərdən bu dövr bir neçə il öncə başladı. Böhrana qədər aparılan islahatların əsas məqsədi, ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsini təmin etmək idi. Son 5 ildə qeyri-neft sektorundan ixracın həcmi 60%-dən çox arta bilmişdi. Lakin dünya iqtisadi məkanını bürüyən və Azərbaycan iqtisadiyyatının da yan keçə bilmədiyi bu iqtisadi böhran ölkə iqtisadiyyatının neftdən asılılığını minimum həddə qədər endirməyi nəzərdə tutan proqnozların tam reallaşdırılmasına imkan vermədi.
Böhran Azərbaycan hökumətini, onun dövlət rəhbərliyini qətiyyən ruhdan salmadı. Hökumət iqtisadiyyatın qapısını vaxtından əvvəl kəsə bilmiş böhrana kəskin antiböhran tədbirləri ilə cavab vermək yolunu tutdu. Keçən ilin ikinci yarısından başlanan və əslində iqtisadiyyatın postneft dövrünün yeni iqtisadi modelinə çevrilmiş bu islahatlar, ilk öncə ölkədə azad sahibkarlığın qarşısında dayanan bütün maneələrin kəsilib atılmasına istiqamətləndi. Ölkə başçısının "heç kimin toxunulmazlıq statusu ola bilməz” çağrışı ilə başlanan antikorrupsiya tədbirləri, onun bu məsələdə kiməsə güzəşt etməyəcəyini birdaha hər kəsə açıq göstərdi. Bunun ardınca gömrük və vergi sistemlərində aparılan sadələşmələr, inhisarçılığın aradan qaldırılması, yoxlamaların dayandırılması, sahibkarlıq fəaliyyətinə lisenziya və xüsusi icazələrin verilməsindəki yeniliklər, tikinti sahəsində bütün maneələrin aradan qaldırılmasını hədəfləyən qərarlar, investitsiya və ixracın təşviqinə dair sərəncamlar, sahibkarların şikayərlərinə operativ və obyektiv baxışı hədəfləyən üç səviyyədən ibarət appeliasiya şuralarının yaradılması, qanunvericilikdə iş adamlarına iqtisadi amnistiya nəzərdə tutan və onların vergidən yayınması üçün cinayət məsuliyyəti müəyyən edən məbləğin on dəfə azaldılması kimi tədbirlər ölkədə real sektorun sürətli inkişafını hədəfləyən əsas addımlar idi. Ən mühüm addım isə yaxın, orta və uzaq perspektivlər üçün ölkə iqtisadiyyatının inkişafını nəzərdə tutan yol xəritəsinin hazırlanmasına dair qərar oldu. Bu qərarın böyük özəlliyi ondan ibarətdir ki, hər üç dövrü əhatə edəcək və ayrı-ayrı sahələrin inkişafını hədəfləyəcək bu proqramlar işlənməzdən öncə yerli və xarici mütəxəssislərin iştirakı ilə hər bir sahənin dərin dioqnostikası keçiriləcək və onu inkişafına maneə olan bütün məqamlar aşkarlanaraq aradan qaldırılacaqdır.
Cari ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirədə Prezident dünyada baş verən iqtisadi təlatümlərə baxmayaraq Azərbaycan iqtisadiyatının davamlı və ardıcıl şəkildə inkişaf etdiyini konkret faktlarla hər kəsə göstərdi. Bəli, ümumi iqtisadiyatda müəyyən geriləmələr var, ancaq bu ilk növbədə neftin dünya bazarlarındakı qiymətlərinin kəskin düşməsi və onun hasilatının azalması ilə bağlı olan bir məsələdir. Cari ilin birinci yarısında iqtisadiyyatın qeyri-neft sektorunun əksər aparıcı sahələrində isə nəticələr pozitivdir. Əgər keçən illə müqaisədə qeyri-neft sənayesi, kənd təsərrüfatı istehsalı, nəqliyyat, informasiya və rabitə xidmətləri, pərakəndə ticarət və s. sahələr üzrə ciddi irəliləyişlər ola bilibsə bu o deməkdir ki, Azərbaycan hökuməti postneft dövrünün nəbzini vaxtında və çox dəqiq tuta bilib və onun bu dövrdə apardığı islahatlar mövcud vəziyyətə tam adekvat islahatlardır. Bunun belə olduğunu və Azərbaycan hökumətinin postneft dövründə apardığı iqtisadi islahatların əhəmiyyətini dünyanın iki ən böyük maliyyə institutunun – Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbərlikləri də artıq rəsmi bəyan ediblər.
İndi Azərbaycan hökuməti bu yolda daha inamla irəliləmək və postneft dövrünün islahatlarını maksimum qısa zaman kəsiyində başa vurmağı hədəfləyir. Ölkə Perezidentinin iki gün öncə keçirilən müşavirədə dediyi kimi, islahatların əsas hədəfi bir neçə il ərzində dövlət büdcəmizin gəlirlərini qeyri-neft sektoru hesabına təmin etmək olmalıdır. Bu baş verdikdən sonra isə dünya bazarlarında neftin qiymətlərinin qalxıb düşməsinin heç bir əhəmiyyəti olmayacaqdır.
Fikrət Yusifov
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar
Birliyinin sədri, iqtisad elmləri doktoru, professor

banner

Oxşar Xəbərlər