AZE | RUS | ENG |

Fikrət Sultanov: “Yaradıcılqla yaşayan insan həmişə maraqlı olur”

Fikrət Sultanov: “Yaradıcılqla yaşayan insan həmişə maraqlı olur”
Müsahibimiz, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili teatr və kütləvi tədbirlər rejissoru" kafedrasının professoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, rejissor Fikrət Sultanovdur. 
 
-Fikrət müəllim, həyat yolunuzu qısa danışardınız... 
- Nə deyim, məktəbi bitirib Teatr İnstitutuna daxil oldum. 1960-cı ildə bir il Rza Təhmasibin aktyor kursunu oxudum, növbəti ildə dram rejissorluğu fakültəsi açıldı. Rektorun məsləhəti ilə fakültəmi dəyişib rəhmətlik Tofiq Kazımovun kursuna keçdim. Aktyor kursunda Şahmar Ələkbərov, Səfurə İbrahimova, Ağaxan Salmanlı, Yalçın Rzazadə ilə bir oxuyurdum. Tofiq müəllimin kursunda oxuyanda ustadımız bizi çox işlədirdi, müxtəlif əsərlərə quruluşlar verirdik və kimi bəyənirdisə, inkişafı üçün çalışırdı, teatra öz yanına aparırdı. Təsadüfi deyil ki, ilk dəfə Amaliya Pənahovanı, Şəfiqə Məmmədovanı, Şahmar Ələkbərovu məhz o teatra gətirmişdir. Mənim ilk işim də qədim yunan dramaturqu Sofoklun "Şah Edip” əsəri oldu. Kursu bitirdikdə yeddi nəfər tələbədən yalnız mənə Dram Teatrında diplom tamaşası hazırlamağa icazə verdi. Teatrın səhnəsində bolqar dramaturqu S.Stoyanovun "Falçı” əsərini hazırladım və baş rolu Şahmar Ələkbərova verdim. 1968-ci ildə  Dram Teatrında Sabit Rəhmanın "Xoşbəxtlər” komediyasını tamaşaya qoydum. Təhsilimi başa vurub iki illik Moskvaya assistent-stajor təhsili almağa getdim. Elə həmin illərdə Rauf Hacıyevin əsərini Moskvada tamaşaya qoydum. Vətənə qayıtdıqdan sonra Rus Dram Teatrında, Gənc Tamaşaçılar, Opera və Balet Teatrlarında tamaşalar hazırladım. Hətta, 1975-ci ildə müharibənin 30 illiyi münasibətilə Rus Dram Teatrında hazırladığım Yusif Əzimzadənin "Unutmayın” tamaşası mükafata layiq görüldü. Sonradan pedaqoji fəaliyyətə başladım. Təbii ki, mən də teatrda qalmaq istəyirdim, neçə dəfə müraciət etdim, ancaq o vaxtlar Rauf  Hacıyev Mədəniyyət Naziri vəzifəsindən çıxandan sonra hər şey dəyişdi. Yalnız sifarişlə tamaşa hazırlamağa çağırılsam da, bu mənim ürəyimdən deyildi, çünki istədiyin əsəri, istədiyin aktyor heyəti ilə hazırlaya bilməyəndə o effekt alınmır. Mən də özümü pedaqoji fəaliyyətə həsr etdim. 20 il kafedra müdiri, 5 il Teatr və kino sənəti fakültəsinin dekanı vəzifələrində çalışdım. Kitab halında nəşr olunan "Teatr təhsili” dissertasiya işimi müdafiə etdim.

-Rejissor və pedaqoqluq arasında pedaqoqluğu seçdiniz, ömrünüz boyu gənc kadrlar yetişdirdiniz. Peşman deyilsiniz ki?
-Xeyr, peşman deyiləm. Pedaqoji işdən zövq alıram. Çünki gənclərlə işləmək həmişə axtarışda olmaqdır, nəinki professionallarla. Yaradıcılıqla yaşayan insan həmişə maraqlı olur. Pedaqogikanın öz məqsədləri var. Rejissorluqdan fərqli olaraq peşənin dərinliklərinə qədər öyrətmək imkanı var. Əslində, pedaqogika professionallığın bünövrəsidir. Çünki burada öyrədə-öyrədə özün də öyrənirsən. 

-Hər rejissorun öz dəsti-xətti, üslubu olur, sizdə necədir?
-Mənimçün hər şey K.Stanislavskinin "yaşama məktəbinin prinsipləri” üzərində qurulub. Teatr sənəti canlı insan vasitəsilə icra olunur. Aktyor da səhnədə orqanik olmalı, yaşamalı, duymalıdır. Brextdə, yaxud digərlərində yanlışdır. Brextdə əsas aktyor obrazı yaşayır sonra tamaşaçıya müəyyən zonqlarla çatdırır. Bu, düzgün deyil. İndi çoxu bayağılaşıb, nə oyun var, nə də yaşam. Ordan-burdan götürülmədir. Əslində isə, yaşamaq aktyor sənətidir. Təkcə təqdimetmə ilə kifayətlənmək olmaz.

-Sənətiniz yolunda saçlarınızı ağartmısınız. Ancaq bu gün nə səbəbə sizin haqqınızda çox danışılmır, yazılmır?
-Mən heç vaxt reklama qaçmamışam. Nə etmişəmsə, sənətə sevgimdən etmişəm. Vicdanımla işimi görmüşəm. Şöhrət dalınca qaçmaqdan heç vaxt xoşum gəlməyib. Kim haqqımda indiyədək nə yazıbsa, hamısı öz istəyi ilə yazıb. Mənim üçün əsas tamaşanın tamaşaçıya dediyi sözdür. Bundan gözəl heç nə ola bilməz. Sənəti özündə sevməlisən, özünü sənətdə deyil.

-Ustadınız Tofiq Kazımovu necə xatırlayırsınız?
-Çox gözəl xatırlayıram. Tofiq Kazımov sağlam düşünən, orijinal, yaxşı ideyalarla yaşayan insan idi. Gözəl zövqə malik idi. Dünya dramaturqlarının yaxşı cəhətlərini hiss edib bilən insan idi. Tələbəlik dövründən yaxınlığımız son günlərinə qədər dostluqla davam etdi. Məsləhətlərinə həmişə ehtiyac duymuşam. Moskvada tamaşa hazırlayarkən belə Rauf  Hacıyevdən ustadımın gəlməsini xahiş etmişdim. O gəldikdən, mənə məsləhətlər verdikdən sonra daha da inamlı oldum və tamaşanı uğurla təhvil verdim. Amma gərəkdir ki, Tofiq Kazımovun öz məktəbi olardı. Xaricdə bu gün onun kimi rejissorların öz məktəbi var. Ona elə bir teatr lazım idi ki, orada hamı Tofiq Kazımov estetikasına əməl edərdilər. 

-1969-cu ildə Moskvada Rauf Hacıyevin "Qafqazlı qardaşqızı” musiqili komediyasını "Təbəssümünü gizlətmə” adı ilə səhnələşdirən  ilk azərbaycanlısınız. Bu qürurverici illərdən bir az danışardınız.
- SSRİ-nin ən nüfuzlu  musiqili teatrlarından biri Moskva Operetta Teatrında görkəmli Azərbaycan bəstəkarı Rauf Hacıyevin "Təbəssümünü gizlətmə” (əvvəlki adı "Qafqazlı qardaşqızı”) adlı musiqili komediyası tamaşaya qoyulmalı idi. Bundan qabaq Rauf Hacıyevin həmin teatrda iki başqa əsəri - "Romeo mənim qonşumdur” və "Kuba, məhəbbətim mənim” operettaları uğurla hazırlanıb göstərilmişdir. Bu dəfə isə belə razılığı gəlinmişdi ki, yeni tamaşanı teatrın aparıcı aktyorları ilə Azərbaycandan dəvət olunmuş yaradıcı qrup hazırlasın. Bilirsiniz ki, o vaxt Mədəniyyət Naziri Rauf Hacıyev idi və o kimi istəsəydi həmin şəxs sevə-sevə bu işi görərdi. Ancaq o məni seçmişdi. Tamaşa üzərində işə 1969-cu ilin yazında başlayıb və həmin ilin iyulunda təhvil verdim. Tamaşada teatrın aparıcı aktyorlarından T.Volodina, S.Varquzova, Y.Savelyev, A.Kotova, K.Kuzmina, A.Paneviç, V.Bateyko, E.Orlevetskiy, L.Boborıkina, Rusiyanın tanınmış estrada müğənnisi Lev Leşşenko və başqaları çıxış etdilər. Hər bir rolun iki, üç, hətta, sonradan altı ifaçısı var idi. Tamaşa böyük uğur qazandı. Hətta deyim ki, bir ildə yüz dəfə göstərildi. Bu, üç günə bir tamaşa deməkdir. Mən orda olanda bir sıra tanınmış simalar tamaşadan sonra gəlib mənimlə tanış olmaq, təbrik etmək istəyirdilər. Bakıya qayıtdıqdan neçə illər sonra həmin tamaşanın hələ də repertuarda olduğunu, oynanıldığını xəbər alırdım. Qəzetlər bu barədə ağız dolusu yazıb-danışırdılar. Bu, Azərbaycan mədəniyyətində böyük hadisə olmuşdu.

-Yaradıcılğınıza nəzər saldıqda bədii tərcümələrlə də məşğul olduğunuzu görürük. Bunlar hansı əsərlərdir? Sifariş, yoxsa öz istəyinizlə olunan?
- Tərcümə işi ilə xüsusi məşğul olmuram. Tədris repertuarı seçəndə maraqlı əsər tapdıqda, doğma dilimizə tərcümə edirəm ki, sonradan tələbələrlə onun üzərində işləyə bilək. Düzdür, tərcümə etdiyim əsərlərdən bəyənilib nazirliyə gedən, sonra başqa teatrlarda da səhnələşdiriləni də olub. Ancaq yenə də qeyd edirəm, özümü tərcüməçi hesab etmirəm. Bunu daha dərindən bilənlər, ədəbiyyatçılar var.

-Bir qədər "Qəzəlxan” filmindəki obrazınızdan danışaq.
-Şahmar Ələkbərov, qeyd etdiyim kimi, qrup yoldaşım olmuşdu, eyni zamanda yaxın dostum, sirdaşım və ən əsası, bir sıra tamaşalarımda baş rol ifaçısı idi. Sonralar teatrdan ayrılıb kinoya getdi. Belə desək, həmişə o mənim aktyorum olub. Və bir dəfə elə gətirdi ki, mən onun aktyoru oldum. Çox gözəl insan idi. 1990-cı ildə filminə çəkildim. Çox rahat da alınmışdı. Sonradan özü etiraf edirdi ki, fikirləşirdim birdən alınmaz, ancaq elə birinci dəfədən alınmışdı. Hətta, mən özüm ona bildirirdim ki, aktyor deyiləm. O illər mən universitetdə dekan işləyirdim. Şahmar da mənə demişdi ki, elə dekanlıq özü bir aktyorluqdur, Mircəfər Bağırov obrazı da onun kimi bir şeydir, əmrlər verəcəksən. Şahmarın mənimlə bağlı başqa planları vardı, istəyirdi Hacı Zeynalabdin Tağıyev haqqında film çəkə, məni də onun obrazında. Amma ömür vəfa etmədi...

-İmkanınız olsaydı, bu gün hansı əsərləri tamaşaya qoymaq istərdiniz və nə səbəbdən məhz həmin əsərləri?
-Dünya dramaturgiyasında səhnəyə qoyulmalı o qədər gözəl əsərlər var ki. Onların hamısının aktuallığı, bu günlə səsləşməsi məsələsi var. Ümumiyyətlə, elə əsərlər seçilməlidir ki, tamaşaçıya nə isə desin, maraqlandırsın.

-Ən son izlədiyiniz tamaşa hansıdır və həmin tamaşa barəsində təəssuratlarınız necədir?
-Teatrda bizim tələbə tamaşalarına baxıram. Musiqili Teatrda "Nuri-didə Ceyhun”, "Qodunun intizarında” tamaşalarına baxmışam. Ancaq baxdığım tamaşalar içərisində mənə təsir edən tamaşa olmayıb. Bu çox çətin prosesdir. Moskvada, Leninqradda, Türkiyədə, Çexoslovakiyada çoxlu tamaşalar izləmişəm. Yəni, sözüm odur ki, yaxşı tamaşanın nə olduğunu görmüşəm. Neçə gün təsirindən çıxmadıqlarım da olub. Bizdə eləsi yoxdur.

-İki il müdətində Türkiyədə işləmisiniz. Tamaşalar hazırlamısınız?
-Mən orda ancaq pedaqoji işlə məşğul idim. İkinci və üçüncü kurslarla işləmişəm. Onlarla Çexovun "Təklif” əsərini, bir də Molyerin "Jorj Danden” əsərini hazırlamışam. Üstəlik, türk tələbələri özləri tük müəlliflərinin əsərlərindən parçalar gətirirdilər, onları işləyirik. Türk teatrı bizdən yaxşı səviyyədədir. Onlar dünya teatrlarının yaxşı cəhətlərini əxz edə biliblər. Bütün bunları sənətə bağlılıqları, səmimilikləri ilə edirlər. 

-Tələbələrimizlə onların tələbələri arasında nə kimi fərq var?
-Türklər bir insan kimi həyatda çox sərbəstdirlər. Onların tələbələri də elədir. Ən əsası, onlar çox mütaliə edirlər. Dünya dramaturqlarının əsərlərindən xəbərdardırlar. Həvəslidirlər, araşdırırlar, maraqlanırlar, yeni bilgilər əldə etməyə çalışırlar. Öz fikirlərini daha aydın deyirlər. Bizdə həmişə istedadlı tələbələr olub, hazırda da var, ancaq sərbəstlik, açıq düşüncə onlarda bizdən güclüdür. Biz də düzgün yönləndirməliyik ki, əsl sənət əsərləri yaratmağı bacarsınlar.

-Ailədə övladlarınızdan sizin yolunuzu gedən varmı? İstərdinizmi olsun?
-Yoxdur. Hər bir insana Allah hansı istedadı verirsə, o sənətə getməlidir. Mənim özümə qalınca, heç vaxt belə bir şey istəməmişəm.

-Fikrət Sultanov üçün həyatda, sənətdə ən önəmlisi nədir?
-Mənimçün ən önəmlisi odur ki, hər bir insan vətəndaş kimi cəmiyyətə xeyir verə bilsin. 

-Maraqlı söhbət üçün təşəkkür edirik.
 
Nigar Pirimova
Teatrşünas
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157