AZE | RUS | ENG |


Fikrət Sadıqdan şeirlər

Fikrət Sadıqdan şeirlər
HALBUKİ
 
Nə olsun çaylar dolub, çaylar dolub nə olsun,
Halbuki, meşə solub,meşə solub halbuki.
Nə olsun el dərdlidir, el dərdlidir nə olsun,
Halbuki, azad olub, azad olub halbuki.
 
Nə olsun qabda aş var, qabda aş var nə olsun,
Halbuki, gözdə yaş var, gözdə yaş var, halbuki,
Nə olsun yol hamardır, yol hamardır nə olsun,
Halbuki, yolda daş var, yolda daş var halbuki.
 
Nə olsun gün saçır nur, gün saçır nur nə olsun,
Halbuki, qanım donur, qanım donur halbuki.
Nə olsun göz doymayıb, göz doymayıb nə olsun,
Halbuki, ömür sönür, ömür sönür halbuki.
 
VƏ LAKİN
 
Bu dünyada sevinc də var,
Və lakin – kədərlə birgə.
Səadət – bağrı badaşdı,
Qəzavü-qədərlə birgə.
 
Bu dünyada qızılgül var,
Və lakin – tikanla birgə.
Bülbül aşıq timsalıdı,
Köksündəki qanla birgə.
 
Aydın səma, göy üzü var,
Və lakin – dumanla birgə.
Ümid dolu ürək də var,
Nigaran – gumanla birgə.
 
Bir də övlad fərəhi var,
Və lakin – dərdiylə birgə.
Hələ biçilməmiş – zəmi,
Dolu yağan göylə birgə.
 
Həyat da var dadlı, şirin,
Və lakin – ölümlə birgə.
Çox acı sözlərim də var,
Çox şirin dilimlə birgə.
 
Bu dünya bütövdür – guya,
Və lakin – kəsirlə birgə.
Kor-koranə ömür sürür,
İnsan min bir sirlə birgə.
 
Tarix qələmlə yazılıb,
Və lakin – qılıncla birgə.
Dua, alqış ərşə dirək,
Qarğışla, qaxıncla birgə.
 
Quru, torpaq adalar var,
Və lakin – dənizlə birgə.
Tərpənmir, amma fırlanır,
Dünya – bəndənizlə birgə.
 
Azadlığa da çıxmışıq,
Və lakin – izinlə birgə.
Sən azadsan – azad olsa
Özünlə, sözünlə birgə.
 
Yalnız qocalanda bilirsən bunu

Qocalıq özü bir sirri-xudadır,
Yalnız qocalanda bilirsən bunu.
Ömrə yamaq olan dərdi-bəladır,
Yalnız qocalanda bilirsən bunu.

Sən istər-istəməz nimdaş olursan,
Sən dönüb qocaman dam-daş olursan,
Sənə söz deyirlər, sən daş olursan,
Yalnız qocalanda bilirsən bunu.

Yerişin səngiyir, səsin yumşalır,
Çiyninə atırlar ağır yun şalı.
Yaşın istəyinlə heç uyuşmayır,
Yalnız qocalanda bilirsən bunu.

Zəifləyib gözün, korşalıb beynin.
Güllər açılsa da açılmır eynin.
Özündən də əvvəl qocalıb əynin,
Yalnız qocalanda bilirsən bunu.

Ayaq ayaq üstə durmaq istəmir,
Əl nə istəyirsə, barmaq istəmir,
Qış düşüb, bu odun yarmaq istəmir,
Yalnız qocalanda bilirsən bunu.

Söhbətin tutmayır yaxın kəs ilə,
Hərdənbir "burdayam" - deyib səs elə!
Sənə təsəlliyçin nəvən bəs eylər,
Yalnız qocalanda bilirsən bunu.

Yanında dursa da baxmaz gözələ,
Yaxşı deyil, axı görən söz elər.
Heç nə bacarmırsan, barı göz elə,
Yalnız qocalanda bilirsən bunu.

Üzün xal-xal səpər, dərin büzüşər,
Çaşıb söz deyərsən evdə söz düşər.
Əlin yavaş-yavaş eldən üzüşər,
Yalnız qocalanda bilirsən bunu.

Düşmənin sevinər, dostun yan keçər,
Bu fani dünyadan bir insan keçər,
Səni də aldadıb bu dövran keçər,
Yalnız qocalanda bilirsən bunu.

Orda oğlun-qızın durub müntəzir,
Yorulmuş ataya rahatlıq gəzir.
Qarışıq dünyadan bir qoca bezir,
Yalnız qocalanda bilirsən bunu.

Yaşadır

(Köhnə qafiyələrlə təzə şeir)

Sənətkarı el yaşatmır,
Sənətkar eli yaşadır.
fikri aydın olsa əgər
İnsanı əli yaşadır.

Lap dan söküləndə dursun,
Üzünü dan şehi yusun,
Qaşı-gözü qara olsun,
Gözəli teli yaşadır.

Anasına "Ana" deyən,
Sözümüzə nur çiləyən.
Milləti millət eləyən
Öz ana dili yaşadır.

Sənət itməyir batsa da,
İşıqda işıq yatsa da,
Vəli Əlini atsa da,
Vəlini Əli yaşadır.

Göz nəyi görübdür, qələm!
Bilirəm mən, bilir aləm!
Qəm üstündə köklənib bəm,
Muğamı zili yaşadır.

"Məğrur ol" öyrədir biri,
O birisi deyir "kiri!"
Diri olmaqçın "ol diri!"
Tarixi ölü yaşadır.

Həyat şirin, həyat acı!
Ellik qardaş, ellik bacı!
Qoy çox olsun bağlayıcı,
"Lakin"i "Vəli" yaşadır.

Ömür barışmaz - haqq-nahaq!
Ümidimiz ana torpaq.
Xeyirxah qaniçənə bax -
Xəstəni zəli yaşadır!

İnsan bu cür axşam-səhər,
Yaşayır guya birtəhər.
Canındadır xeyirlə-şər,
Ömrü ikili yaşadır.

Əlləri qoynunda

İndi, hər çətin iş görülür pulla,
Tale - bir küncdə qalıb,
əlləri qoynunda.

Yaxşının bəxti yaman gətirib.
Əla - bir küncdə qalıb, 
əlləri qoynunda.

Eləni elə şişirdiblər ki,
Belə - bir küncdə qalıb, 
əlləri qoynunda.

İnsana zülm edən elə insandır
Bəla - bir küncdə qalıb, 
əlləri qoynunda.

Allahdan başqa 
Allah yoxdur

Dünən olmasa - sabah yoxdur,
Bəyaz yoxdursa - siyah yoxdur.

Bir "gah" yazmasan - bir "gah" yoxdur,
Özü yıxılsa - "cinah" yoxdur.

Zülm qovmasa - pənah yoxdur,
Yerdə hər şey var - bir haqq yoxdur.

İnsan yoxdursa - günah yoxdur,
Allahdan başqa Allah yoxdur.

Əslində

Əslində əslində əslində deyil,
Əsli də heç də bir mislində deyil.

O, miskin, sərgərdan, dünya-xəzinə,
Açarı sehirli "sim-sim"də deyil.

Bu yerdə yaşamaq sadə bir işdir,
Burda hər nə varsa tilsimdə deyil.

Yalanla doğrunun arasındadır,
Yalana doğruya təslim də deyil.

Yarısı qaranlıq, yarısı işıq
Tam kafər, tam bütöv müslim də deyil.

Əsli var, kökü yox, - əsilzadədir,
Bu halın günahı nəslində deyil.

Üzü gün, qəlbi buz, ikili sifət,
Gül açıb, amma gül fəslində deyil.

Hüseyn də dəyişib, Söyün olubdu,
Gülsüm də əvvəlki Gülsüm də deyil.

Bu günün adamı kimi - adamdı,
Dindir gör, heç o da əslində deyil.
 
 
YENƏ DƏ SABİR
 
 
Əlimi kəsirsən,
             deyirsən – "tərpənmə!”
 Dilimi kəsirsən
             deyirsən – "sus, dinmə!”
 Yanıram, üstümə
             su da çiləmirsən,
             deyirsən – "yan, sönmə!”
 Donuram, üstümə
             qartopu atırsan,
             deyirsən – "isinmə!”
 lll
      Zalım dünya, bunca
             əzab olmaz, axı!
 Hamı olsa haqqın
             bədbəxt qalmaz, axı!
 Sevincdən qışqırsam
             məni də bir görən,
             eşidən tapılar.
 Bir günlük də olsa
             açılar taybatay
             o paslı qapılar.
 
SUAL-CAVAB
 
– Gəldim.
            Dünyanı gördüm.
            Qəlbimi sardı, 
            Odlu bir sual. 
– Cavabına
            O gördüyün dünyadan 
            Heç nə, tək bir 
            İçim su al!   
 
BİR YERDƏDİR
 
Əsl dünya imiş bu! 
Cənnət də, cəhənnəm də. 
İnsan belə aldanır,
Cənnətdə, cəhənnəmdə.
İkisi bir yerdədir,
Cənnət də, cəhənnəm də.
Yaşayırıq yerdə biz -
Cənnətdə, cəhənnəmdə.
 
QİSMƏT
 
Hər kəsin qisməti gələndə bölünür.
Kiminə qoşa ovuc, kiminə tək ovuc. 
Kim nə miqdar olsa əzəldən bilinir 
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
 
     ***
 
Çox olan çox yedi, az olan az yedi. 
Çox olan gizlədi, az olan gözlədi. 
Göydən də bir mələk bunları izlədi. 
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
  
     ***
 
Naşükür doymadı, artmağa cəhd etdi. 
Durdu, zor işlətdi, zor əydi düz xətti. 
Tanrıya ağ oldu, aləmi titrətdi.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
 
XEYİR VƏ ŞƏR
 
Xeyirdə xalis xeyir, 
Şərdə də tam xalis şər. 
Bir bilən varmı görən, 
Nə qədərdir, nə qədər?!
 
***
Xeyrin zərif saçağı
Qarışıb şərə seyrək.
Şərin zəif saçağı. 
İlişib xeyrə tək_tək.
 
*** 
Nə qədər ki, dünyada 
Xeyir də var, şər də var. 
Deməli, dünya da var. 
Dünyada bəşər də var.    
 
MƏKR DAĞARCIĞI

Yaranışdan elə budur
Üzdədir iti qılçığı.
Heç nədən bəhanə tapır, 
Divara yaxır palçığı. 
 
Dilinə nə gəlsə deyər, 
Boşdur ağzının çax-çaxı. 
Fikirdən fikrə addayır,
Dolaşır məna saçağı.
  
"Srağagün” – nədir bilmir.
Qarışıq salır hacağı.
Sözün gözünə qum atır, 
Örtülür sözün açığı.
 
Qarnı qurtlu, qəlbi soyuq 
Dil altında var bıçağı. 
Dünən-ölü, sabah – nisyə,
Bəyənir yalnız bu çağı.
 
Sənətə meyli varsa da 
Yoxdur zərrə qanacağı.
Əyrini – görəndə susar,
Düzə – "hə” deməz, ha çığır!
 
Tanıtdım aləmə bunu
Tutsa da mənə acığı. 
Buna tək bir ad yaraşır, 
Yalnız məkr dağarcığı.

NƏFS YIXAN
 
Köhnə səfər atında 
Zaman çapır irəli.
Köhnəlsə də köhləni 
Dartıb çəkir illəri.
 
***
 
Gəlib-gedirlər daim. 
İnsanlar nəsil-nəsil. 
Sonda baxıb görürsən. 
Bir şey olmayıb hasil.
 
*** 
Həyat öz axarıyla 
Hey axır... Mütəmadi. 
Yaşamaq, çox çətinmiş 
Heç də deyilmiş adi.
 
***
Bu yalançı dünyada 
Çox zalımdı adamlar. 
Dost yıxan, rəqib yıxan, 
Ev yıxan, qəlb yıxan var.
 
***
 
Şəhər yıxıb dağıdan, 
Milləti yıxan da var. 
Camaata qarışan, 
Aradan çıxan da var.
 
***
 
Nə əcəb, indiyədək, 
Yalnız dünyada bir kəs, 
Cəhd eləyib yəni, öz 
Nəfsini yıxa bilməz.
 
***
 
Bu – inqilab olardı,
Min ildə bir inqilab. 
Gələcəyə qalmaqçın 
Budur – ən doğru cavab.
 
***
 
Nə qədər çox olsaydı 
Nəfsinə  "dur” – deyənlər. 
O qədər azalardı 
Mərifət bilməyənlər.
 
***
 
Nə əcəb, mərd ürəkli 
Bir pəhləvan tapılmır. 
Dünya yıxılan yerdə 
Bir nəfsi yıxan olmur.
 
***
 
Qayıtsın dilimizə 
Yenə də "nəfsini bas” 
Onda ikicə kəlmə 
Dünyanı edər xilas.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022