AZE | RUS | ENG |


Fikir alış-verişi üçün effektiv məkan

Fikir alış-verişi üçün effektiv məkan
Təlim və seminarlarla bağlı seçimi necə edək?

Sosial şəbəkələrdə demək olar ki, hər gün müxtəlif təlimlərə, seminarlara dəvətlə qarşılaşırıq. Fərdi inkişaf, psixoloji, karyera və s. sahələrlə bağlı ödənişli və ya ödənişsiz təlimlərin sayı artmaqdadır. Bəzən təqdimat elə olur ki, "getməsəm olmaz” deyib, iştirak edirik.

Amma "nə yaxşı ki, qatıldım” dediklərimiz də olur, "vaxtımı boşuna sərf etdim” kimi düşündüklərimiz də Hər kəlməsi ilə qarşısındakına nə isə öyrədən təlimçi ilə də qarşılaşırıq, dedikləri yalnız hansısa məşhurlardan gətirilən sitatlardan ibarət olanlarla da. Seminar və təlimlərin gənclərin inkişafında rolu da danılmazdır. Dünya təcrübəsində olan bu metod bizdə də geniş yayılmaqdadır. Amma təlimlərlə bağlı təkliflər çox olduğu üçün düzgün seçim etmək lazımdır. Bəs düzgün seçimi necə edək? Bizə faydalı olması üçün hansı seminarlara gedək?
 
"Nəzəri məlumat vermək auditoriya üçün yetərli deyil”

AAAF Holdinqin vitse-prezidenti Fəxri Ağayev "Kaspi”yə açıqlamasında bildirdi ki, seçim meyarı əslində sadədir: "Təlimçinin təlim verdiyi mövzuda nə qədər vəziyyətə hakim olduğuna fikir vermək lazımdır. Məsələn, 23 yaşlı bir insanın liderlik mövzusunda təlim verməsi və ya ömründə satışda işləməmiş insanın satış təlimi verməsi nə qədər inandırıcıdır? Təlimçinin təlim verdiyi mövzuda nə qədər praktiki təcrübəsinin olması vacibdir. Təlim və ya seminar seçimi edərkən çalışdığınız sahəni nəzərə almaq şərtdir. Çalışdığımız sahə və həmin sahə ilə bağlı mövzularda olanlar arasından seçim etmək lazımdır. Təlim seçimində maksimum dərəcədə effektivlik olmalıdır. Çünki zaman məhduddur və onu boşuna xərcləmək olmaz. Bir ay ərzində bir insanın gedə biləcəyi təlim sayı azdır. Ona görə insan məqsədlərinə görə seçim etməlidir”. 

F.Ağayev deyir ki, təlimlərində nəzəri məlumat vermək auditoriya üçün yetərli deyil: "Təlimlərdə nəzəri məlumatla yanaşı, beynəlxalq və Azərbaycan reallıqlarındakı praktikadan danışıram, tövsiyələrimi verirəm. Azərbaycan reallığında  təcrübənin bölüşdürülməsi vacibdir. Ancaq dünya təcrübəsindən, məşhurlardan sitatlardan danışılan seminarlarda auditoriyanın reaksiyası belə olur: Amerikada mümkündür, amma bizdə yox”.

"Zamanla bu sahədə də ələnmə gedəcək”

Psixoloq Elnur Rüstəmov deyir ki, təlimdən insana ziyan gəlməz. Hər təlim insana müəyyən bir şeylər öyrətmiş olur: "Demək olmaz ki, hansısa təlimə getdim, amma nəsə öyrənmədim. Təlim seçimi insanın ruh halı, məqsədi, axtarışı ilə bağlı olur. Məsələn, insan hansı istiqamətdə təlimlərə üstünlük verirsə, axtarıb ona gedir. Fərqli istiqamətlərdə təlimlər keçirilir. Təlimlərin ziyanı yoxdur, öyrənmək istəyənlər üçün bir imkandır”.

E.Rüstəmovun sözlərinə görə, təlimlərin cəlbedici başlıqlarla reklam edilməsi normaldır: "İlk dəfə”, "Bütün problemlərinizə son qoyacaqsınız” kimi şüarlar olmalıdır. Normaldır, dünyanın hər yerində belədir. "Bu təlimlər olmasın” deyə bilmərik. Olsun. Təlim nə qədər çoxdursa, seçim də o qədər çox olacaq. Hər kəs zamanla daha yaxşını seçəcəyi üçün təlimçi də öz üzərində daha yaxşı işləyəcək. Zamanla bu sahədə də ələnmə gedəcək”. 

Təlimçini araşdırın...

Psixoloq deyir ki, elan veriləndə təlimçinin kim olduğu məlum olur. Bu zaman qeydiyyatdan keçməmişdən öncə təlimçini araşdırmaq lazımdır: "İnternetin imkanları işimizi asanlaşdırır. Axtarış verib təlimçilər haqda məlumat toplamaq lazımdır. Əgər təlimçinin təlim verdiyi sahəyə bağlılığı yoxdursa, iki kitab oxumaqla nə isə təlim verirsə, burada effektivlik aşağı düşür. Təcrübəni qabartmaq lazımdır. O mənada ki, təlimçinin təcrübəsini araşdırmaq lazımdır. Bu da zaman-zaman toplanır. Gənclərimizin təlimlərə getməsi yaxşı haldır. Bir cümlə, bir söz öyrənsinlər. Bundan ziyan gəlməz. Hansısa çay evində boş vaxt keçirməkdənsə, bu yaxşıdır. Seminar və təlimlər həm də fikir alış-verişi məkanıdır”.
 
İnsanlar yeməyə, əylənməyə pul tapırlar, ancaq öyrənməyə yox?

E.Rüstəmov bildirdi ki, ölkəmizdə kifayət qədər peşəkar təlimçilər var. Amma onlar az təlim verirlər: "Onlara bununla bağlı sual verəndə deyirlər ki, elan veririk, az adam gəlir. Bunun ödənişli ya ödənişsiz olması məsələnin ana xətti deyil. Kino mərkəzlərinə, yeməkxanalara gedəndə oturmağa yer tapılmır. İnsanlar yeməyə, əylənməyə pul tapırlar, ancaq öyrənməyə yox? Bəzən xarici ölkəyə bilet alıb, orda hansısa təlimdə iştirak etmək üçün gedirlər. Kifayət qədər ödəniş edib, yol pulu, otel xərci çəkib, iki günlük təlimə gedənlər olur. Bəlkə heç istədiyi nəticəni də almır. Bəzən xərc çəkib gedirsən, görürsən ki, boş bir şeydir. Ölkəmizdə ödənişi qat-qat aşağı olan təlimlər var, onlara müəyyən bir məbləğ verməyə niyə heyfslənək ki? Bizdə peşəkar təlimçilər var, amma hələ bu sahəyə o qədər etimad yoxdur. Buna zaman lazımdır”.

Bacarıqları öyrənmək və ötürmək üçün...

"Uğur Akademiyası”nın həmtəsisçisi, sosioloq Cavid İmamoğlu bildirdi ki, seminar və təlimlər insanın şəxsi effektivliyini artırmaq üçün gözəl vasitələrdir. Onun sözlərinə görə, karyerasını inkişaf etdirmək, sosial bacarıqlarını artırmaq, biznes təfəkkürünü formalaşdırmaq, hansısa ixtisas biliklərinə sahib olmaq istəyənlər maraq dairələrinə uyğun seminar və təlimlərə qatılmalıdırlar: "Öz üzərində işləməyi sevən insanlar məhz bu cəhətdən də aktivlik nümayiş etdirirlər. Bəzi təlim və seminarlar konkret sahələrlə bağlı olur. Amma bir çox mövzular var ki, o istiqamətdəki təlimlər müxtəlif yaş qrupunda, fərqli sahədə çalışanların hər birinin maraq dairəsində olur. Məsələn, sosial bacarıqlar. Hansı sahədə çalışmağından asılı olmayaraq, hər kəsə lazımdır. Çünki hər yerdə hər birimiz insanlarla ünsiyyətdə oluruq. Bu zaman isə istər-istəməz insanın qarşısına ünsiyyət, cavab vermək, stressi, konfliktləri idarə etmək kimi və s. müxtəlif problemlər çıxa bilir. Öz üzərində işləməyə meylli olan hər bir şəxs sosial bacarıqlarını artırmalıdır. Bu cəhətdən isə təlimlər effektli yardım edə bilir. Bizim seminarlarda, treninqlərdə, təlimlərdə əsasən tələbələr olur. 3-4-cü kurslarda oxuyanlar çoxluq təşkil edir. Onlar indinin təcrübə keçənləri, gələcəyin potensial işçiləridirlər. Artıq indidən öz bacarıqlarını artırmağa çalışırlar. Düşünürəm ki, həyatda hər bir bacarığı öyrənmək və ötürmək mümkündür. Bacarıqları öyrənmək və ötürmək üçün seminar və təlimlər gözəl varinatdır”.

"Yanlış mütəxəssis fikri zərərlidir”

C.İmamoğlunun deyir ki, öz işinin mütəxəssisi olmayan təlimçinin məlumatı həkimin yanlış müalicəsi kimi əks effekt verir: "Təlimçilər çalışdıqları sahədə mütəxəssis olmalıdırlar. Nəzəri biliklə yanaşı, təlimçi, spiker hansı mövzu haqda danışırsa, o sahədə təcrübəli olmalıdır. O sahədə öz üzərində işləməlidir. Əksi olsa nə baş verir? Bu gün Azərbaycan reallığında bu problem var. Özünə peşəkar "don”u geyindirənlər az deyil. Əslində, peşələrindən qat-qat uzaqdırlar. Azərbaycan bazarında özünü psixoloq kimi qələmə verən, bu ixtisasla əlaqələri olmayan xeyli sayda şəxs var. Yaxud, yalançı iqtisadçılar, təlimçilər var. Təlim keçməyi öyrənməli olduqları halda təlimçilik edənlər var. Səhv müalicə insan sağlamlığını təhlükəyə atdığı kimi yanlış mütəxəssis fikri də zərərlidir. Yanlış söz, düzgün olmayan yanaşma, səhv ifadə bir insanın şəxsi həyatını korlaya, biznesini süquta uğrada, münasibətlər sistemini heç edə bilər. Ona görə seminar və təlimlərdə ağızdan çıxan hər kəlmənin arxasında əsaslı araşdırma olmalıdır. Hər nə gəldi danışmaq olmaz. Fikirlər elmi araşdırma, real bazar təcrübəsinə əsaslanmalıdır”.

C.İmamoğlu onu da bildirdi ki, seminar, təlim, konfransların mahiyyəti adətən qarışdırılır: "Təlimin hədəfi başqadır. Təlim iştirakçılarının bəlli bir sayı olmalı, uzun müddəti əhatə etməlidir. İdeal say 12 nəfərdir. Öz ixtisasını mükəmməl bilən, təlimçilik qabiliyyətinə malik olan şəxslər təlim keçə bilərlər. Məqsəd hansısa bilik və bacarıqları ötürmək, davranışları dəyişməkdir. Amma Azərbaycanda bir-iki saat hansısa mövzu barədə gedən bir söhbətə təlim adı verə bilirlər. Bu da bəzən insanları çaşdırır. Seminarda isə əsas hədəf məlumatlandırmadır. Auditoriya sayı burada nə qədər çox olsa yaxşıdır. 100 nəfər olması bəyəniləndir. Spiker müəyyən bir zaman kəsiyində hansısa mövzuda məlumatlandırma xarakterli fikirlərini bölüşür. Əsas istiqamətləri deyir”. 

"Hələ ki seminarların pis tərəflərini görməmişəm”

Bəs seminarlarda iştirak edənlər seçimi necə edirlər? Getdikləri seminarlar onlara nə dərəcədə köməklik edir? Sabit Məmmədov deyir ki, əsasən biznes mövzusunda olan təlimlərə maraq göstərir. Son zamanlar isə konkret olaraq marketinq mövzulu təlimlər diqqətini çəkir. O bildirdi ki, effektini gördüyü təlimlər də olub, sadəcə nəzəriyyədən ibarət olanlar da: "Elə də çox qatılmıram. Amma maraq dairəmə uyğun təlimlər olanda gedirəm. Hamısının məni qane etdiyini deyə bilmərəm. Elə təmtəraqlı reklam olunmuş seminar və təlimlər var ki, iştirak etdikdə görürsən ki, universitetdə keçilən mövzulardan fərqli deyil. Mən ümumiyyətlə, təlim və seminarları ali məktəblərdə keçilən dərslərdən fərqli şəkildə təsəvvür edirəm. Yəni,  təlimlərdə dərslərə əlavə olaraq nələrsə öyrənməliyik. Xüsusən də, təlimdə karyerasını qurmaqda olan, işləyən kimsə iştirak edirsə, onun üçün quru nəzəriyyə elə də əhəmiyyətli olmayacaq. Təlim və seminarın mövzuları əsasən praktik olmalıdır”.

Saimat Məmmədxanovadeyir ki, seminarlara son zamanlar maraq göstərməyə başlayıb: "Bir neçə seminara qatılmışam. Bəyəndiyim də olub, bəyənmədiyim də. Amma bəyənmədiyim seminarda belə öyrəndiyim nələrsə olub. Hər seminardan sonra özümdə fərqlilik hiss edirəm. Yeni əlaqələr tapıram, müəyyən bilik əldə edirəm. Cəsarətli olmağa, məntiqlə düşünməyə başlayırsan. Hələ ki, seminarların pis tərəflərini görməmişəm”. S.Məmmədxanova onu da bildirdi ki, əsasən psixoloji təlimlərə maraq göstərir. Amma fərdi inkişaf, öz biznesini qurmaqla bağlı təlimlərdə də iştirak edir.

Aygün Asimqızı


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.6887
GBP 1 İngilis funt sterlinqi 2.1909
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.5948
SEK 1 İsveç kronu 0.1943
EUR 1 Avro 1.8566
CHF 1 İsveçrə frankı 1.7139
USD 1 ABŞ dolları 1.7025