• cümə axşamı, 18 aprel, 22:28
  • Baku Bakı 21°C

FİFA hakimlərimizin sayı artacaq

03.10.13 13:16 1339
FİFA hakimlərimizin sayı artacaq
“FİFA-ya 3 deyil, 5 hakimin adını göndərmişik. Namizədləri təsdiq etmək ali futbol qurumunun ixtiyarında olan məsələdir”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Komitə rəhbəri namizədlərin adlarının açıqlanmamağına aydınlıq gətirib.
O bildirib ki, FİFA-nın təlimatlarına uyğun hərəkət edirlər: “Siyahını gizləməkdə nə şəxsi marağımız ola bilər? Biz FİFA təlimatlarına uyğun hərəkət edirik, qaydalar belədir. İstədiyimizi edə bilmərik ki... Əgər hansısa ölkənin federasiyası namizədlərin siyahısını ictimaiyyətə açıqlayıbsa, cəzalandırılacaq”.
Qurumun Premyer Liqa oyunlarına təyinat vermədiyi Anar Salmanovun adını FİFA-ya göndərdiyi yönündə iddialar var. Məmmədov ötən mövsüm ölkə kubokunun “Qarabağ”la “Neftçi” (2:1) arasında keçirilən yarımfinal matçındakı səhvlərinə görə cəzalanan Salmanovun adını həmin siyahıya daxil etdiklərini etiraf edib. O, bunu belə əsaslandırıb: “Bəli, Salmanovun adınını FİFA-ya göndərmişik. Düzdür, Anar hələ Premyer Liqa oyunlarına təyinat almır, cəzalıdır. Lakin hazırda gündəmdə olmasa da, qışa qədər elitaya dönməsi mümkündür. Bu, onun özündən asılıdır. Qayıda da bilər, qayıtmaya da. Salmanov hazırda FİFA-da II kateqoriyasında yer alıb və belə yeri itirmək bizə baha başa gələ bilər. Çünki onun I kateqoriyaya yüksəlmək ehtimalı var. Bu, baş verərsə, FİFA hakimlərimizin sayı artacaq. Bizə əlavə daha 1 yer veriləcək. Həm də qarşıda UEFA-nın oyunları var, ona da təyinat gəlib. Biz də vəziyyəti nəzərə alıb, Salmanova qarşı humanistlik etmişik”.
Hazırda FİFA hakimlərimizin sayı 3-dür. Xaqani bəy yaxın gələcəkdə onların sayının artma ehtimalının böyük olduğunu söyləyib: “İndi göndərdiyimiz 5 namizəddən 4-nün adının təsdiqlənməsi mümkündür. Hələlik bizə 3 yer verilir. Lakin hər şey ola bilər, söz sahibi FİFA-dır”.
banner

Oxşar Xəbərlər