• şənbə, 20 Aprel, 14:11
  • Baku Bakı 23°C

FHN-in təyyarəsi İsraildən Bakıya qayıdıb

30.11.16 17:26 1007
FHN-in təyyarəsi İsraildən Bakıya qayıdıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) İsraildə yanğınların söndürülməsi əməliyyatlarında iştirak etmiş yanğınsöndürənləri Azərbaycana qayıdıb.

APA-nın xəbərinə görə, Heydər Əliyev Beynəlxalqhavalimanında yanğınsöndürənlərin qarşılanma mərasimində FHN-nin Aviasiya Dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov bildirib ki, İsrail hökumətinin müraciəti və Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında noyabrın 25-də FHN-in Aviasiya Dəstəsindən 1 ədəd "BE-200ÇS" amfibiya tipli təyyarə və 9 nəfərlik uçuş-texniki heyətdən ibarət qrup İsraildə baş vermiş irimiqyaslı yanğınların söndürülməsinə qoşulub.

Onun sözlərinə görə, ilk olaraq heyət İsraildə yanğının miqyası ilə tanış olub: "26 noyabrdan başlayaraq yanğınların söndürülməsində iştirak etməyə başladıq. İştirakçı dövlətlərin sayı çox olduğu üçün yanğın sektorlara bölünmüşdü və hər dövlətin ayrı sektoru var idi. Biz Hayfa və Qüds şəhərlərinin ətrafındakı bölgələrə ayrılmışdıq. Biz ilk olaraq kəşfiyyat xarakterli uçuşlar apardıq. Həmin gün ərzində 8 yanğın bölgəsində 9 uçuş edərək 80 tondan artıq su tökməklə yanğınların söndürülməsində fəal iştirak etdik. Biz İsraildə olan müddətdə 100 tondan artıq su istifadə etməklə yanğınların söndürülməsində iştirak etmişik".

Ə. Qasımov qeyd edib ki, Azərbaycan yanğınsöndürənləri İsraildə 8 ocağın söndürülməsində fəal iştirak edib.

O qeyd edib ki, İsrail prezidenti iştirakçı dövlətlərin nümayəndələrinə, o cümlədən Azərbaycana təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq, noyabrın 25-dən etibarən FHN-nin "BE-200ÇS” amfibiya tipli təyyarəsi İsraildə yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib. 29 noyabrda İsraildə yanğınların söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilib. İsrailin daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan FHN-in əməkdaşları ilə görüşüb, yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə onlara təşəkkürünü bildirib, diplom və sertifikatlar təqdim edib.
banner

Oxşar Xəbərlər