• cümə, 19 Aprel, 07:11
  • Baku Bakı 13°C

FHN-in bir qrup əməkdaşı Rusiya FHN-in medalları ilə təltif olunub

13.12.13 18:24 6867
FHN-in bir qrup əməkdaşı Rusiya FHN-in medalları ilə təltif olunub
Ötən ilin iyulunda Rusiya Federasiyasının Krasnodar diyarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasındakı xidmətlərinə görə Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyi tərəfindən medallarla təltif olunmuşdur.
FHN-dən AzərTAc-a bildirmişlər ki, bu barədə dekabrın 13-də Fövqəladə Hallar Nazirliyinin inzibati binasında nazir müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadənin iştirakı ilə keçirilən tədbirdə Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin məlumat vermişdir.
Səfir Krasnodarda baş vermiş daşqınlar zamanı Azərbaycanın göstərdiyi yardımlara görə təşəkkürünü bildirərək bu köməyin Rusiya dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini demişdir. Diplomat 2010-cu ilin avqustunda Moskva yaxınlığında baş vermiş meşə yanğınlarının qarşısının alınmasında da azərbaycanlı yanğınsöndürənlərin peşəkarlığını xatırladaraq göstərilən yardımlara və köməyə görə bir daha Azərbaycan dövlətinə minnətdarlığını bildirmişdir.
Sonra Vladimir Doroxin mülki müdafiə sahəsində, o cümlədən fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində qüsursuz fəaliyyətlərinə və xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini, general-mayor Kamil Bağırova, Mülki Müdafiə Qoşunlarının qərargah rəisi-komandan müavini, polkovnik Aslan Hüseynova və Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Etibar İsmayılova Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Məsələləri üzrə Nazirliyinin medallarını təqdim etmişdir.
banner

Oxşar Xəbərlər