• şənbə, 20 Aprel, 14:45
  • Baku Bakı 23°C

Fəxrlərimiz

17.09.14 11:05 2305
Fəxrlərimiz
Hər il tələbə qəbulu imtahanlarında yüzlərlə abituriyent yüksək nəticə göstərərək, həm təhsil aldıqları orta məktəbin və ailəsinin başını ucaldır, həm də öz arzularını reallaşdıraraq, ən qabaqcıl ali təhsil müəssisəsində əvvəlcədən təxmin etdiyi ixtisas üzrə təhsil almaq imkanı əldə edirlər. 2014/2015-ci tədris ilində də qəbul imtahanlarında ixtisas qrupları üzrə 102 nəfər abituriyent ən yüksək nəticə göstərərək, ölkəmizdəki müxtəlif ali məktəblərin tələbəsi adını qazanıb. Dövlət başçısı İlham Əliyevin sentyabrın 9-da imzaladığı sərəncamla həmin tələbələr Prezident təqaüdünə layiq görülüblər. Onlardan bəzilərini sizlərə təqdim edirik.
Prezident təqaüdü alacaq tələbələrdən Alpaşayev Vüqar Kazım oğlu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) abituriyentlər üçün keçirdiyi sınaq imtahanlarında olduğu kimi qəbul imtahanında da yüksək bal toplayıb. 1997-ci il avqustun 30-da Xırdalan şəhərində anadan olan V.Alpaşayev 2003-cü ildə Xırdalan şəhər 3 nömrəli orta məktəbin birinci sinfinə gedib. 2007-ci ildə testlə imtahan verərək Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin 5-ci sinfinə daxil olub. Bakı Türk liseyinin builki məzunu olan 17 yaşlı Vüqar həkim olmaq arzusunu reallaşdıra bilib. Qeyd edək ki, o, liseydə həmişə dərs əlaçısı olub, təhsildəki uğurlarına görə 30-dək fəxri fərman və tərifnamə alıb. Dəfələrlə bilik yarışlarının qalibi olub. Qafqaz Universiteti və “Araz” hazırlıq kurslarının təşkil etdiyi “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş bilik yarışında 700 balla respublika birincisi olub (2013-cü il), “İstedadlı uşaqlar festivalı-2014”-ün diplomuna layiq görülüb, 2014-cü ildə məktəblilərin Respublika fənn olimpiadasında biologiya fənni üzrə birinci yeri tutub.
Həşimli Faiq Həşim oğlu Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olub. Bu il həmin kənddəki 1 nömrəli orta məktəbi bitirən Faiq qəbul imtahanlarında 674 bal toplayaraq, Azərbaycan Diplomatiya Akademiyasının “Biznesin idarə edilməsi” ixtisasına qəbul olunub. Faiq ölkə başçısının sərəncamı ilə Prezident təqaüdünə də layiq görülüb. Culfa rayonu üzrə yeganə bu ada layiq görülən tələbə F.Həşimli oxuduğu məktəbin həm əlaçı, həm də təlim-tərbiyəsi ilə seçilən istedadlı və intizamlı şagirdlərindən olub. Dəfələrlə respublika fənn olimpiadalarında iştirak edərək yüksək nəticələr əldə edib. Sınaq imtahanlarında da həmişə yüksək bal toplayaraq valideynlərinin, müəllimlərinin ona olan inamını bir qədər də artırıb.
Prezident təqaüdü alacaq Mirişli Rauf Akif oğlu 1997-ci il iyunun 22-də Saatlı rayonunun Əlisoltanlı fin evi şəhərciyində anadan olub. Valideynləri 1993-cü ildə erməni təcavüzü nəticəsində Cəbrayıl rayonundan məcburi köçkün düşüb və Saatlı rayonuna pənah gətiriblər. Rauf 2003-cü ildə Saatlı rayonundakı Cəbrayıl rayon Tatar kənd orta məktəbində birinci sinfə daxil olub və bu il həmin məktəbi yüksək təlim uğurları ilə bitirib. Ümumiyyətlə, oxuduğu məktəbdə həmişə əlaçı olub. Bu işdə müəllimlərinin və valideynlərinin rolunu yüksək qiymətləndirən gənc məhz onların yaratdığı şərait və verdikləri məsləhət və tövsiyələr sayəsində təhsilə, elmə həmişə yüksək maraq göstərib. Rauf Mirişli iqtisadçı olmağı, mühasibatlıq sahəsində çalışmağı qərara alıb. Seçiminə uyğun olaraq ikinci ixtisas qrupu üzrə imtahanlara hazırlaşmağa başlayıb. Öz biliyini daha da artırmaq, ali və orta ixtisas məktəblərinə yaxşı hazırlaşmaq üçün X-XI siniflərdə əlavə məşğələlərə gedib. Bu amil, eləcə də bütün vaxtını kitablarla keçirməsi öz müsbət nəticəsini verib. O, “Araz” hazırlıq kurslarının keçirdiyi sınaq imtahanlarında 590, 683 bal nəticə göstərib. Eləcə də “Araz” kurslarının və Qafqaz Universitetinin təşkil etdiyi “Bilik” imtahanında 682 bal toplayaraq respublika üzrə V yeri tutub və pul mükafatına layiq görülüb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu il keçirdiyi sınaq imtahanlarında da II ixtisas qrupu üzrə daim yüksək nəticələr göstərib. Sonuncu dəfə isə sınaq imtahanında 700 bal toplayaraq həmyaşıdlarını qabaqlayıb. Nəhayət TQDK-nın keçirdiyi qəbul imtahanında nailiyyətlərini təkrarlayaraq ən yüksək nəticə göstərib və iqtisadçı olmaq arzusunu reallaşdıra bilib.
Quliyev Fuad Firudin oğlu Astara rayonu Kijəbə qəsəbəsində anadan olub, burada orta təhsil alıb. Onun atası mühəndis, anası kənd məktəbində laborant vəzifəsində çalışır. Fuad uşaqlıqdan həkim olmaq istəyib. Ona görə də birinci sinifdən axıra kimi əlaçı olub. Arzusuna çatmaqda ona mükəmməl biliklər verən müəllimlərinin də rolu böyük olub. Hələ orta məktəbdə oxuduğu illərdə Məktəblilərin Fənn Olimpiadasının Respublika turunda iştirak edib, “bilik yarışında”kı nəticələrinə görə I dərəcəli diploma layiq görülüb. Sınaq imtahanlarında yüksək nəticə əldə edən F.Quliyev bu uğuru qəbul imtahanında da təkrarlamaq üçün çalışqanlığını bir qədər də artırıb. Nəhayət bu il TQDK-nın keçirdiyi qəbul imtahanında IV qrup üzrə 681 bal toplayaraq Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsinə daxil olub, uşaqlıq arzusunu reallaşdırıb. Ali məktəbə qəbul zamanı topladığı yüksək bala görə bu günlərdə Astara Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif edilib.
Qəbul imtahanında I ixtisas qrupu üzrə ən yüksək nəticə əldə edən və Prezident təqaüdünə layiq görülən Nəbizadə Fatimeyizəhra Nemət qızı isə “Dəyanət” türk liseyini bitirib, həmçinin 3 il “Araz kursları”nda oxuyub. 700 bal toplamağı qarşısına məqsəd qoyan Fatimeyizəhra buna nail olub. Həmyaşıdlarından fərqlənən gənc qız Qafqaz Universitetinin “Kimya mühəndisliyi” fakültəsinə daxil olaraq tələbə adını qazanıb.
Dədə Qorqud Özəl Türk Liseyinin məzunu Hacılı Məmməd İsmayıl oğlu da I ixtisas qrupunda ən yüksək nəticə göstərən abituriyentlərdən biri olub. O, da sınaq imtahanlarında hər zaman 680-700 bal nəticə göstərib. Belə nəticə onda özünə inamı bir qədər də artırıb. Qəbul imtahanında 700 bal toplayan Məmməd hazırda Qafqaz Universitetində “Kompyuter mühəndisliyi” ixtisası üzrə ali təhsil alır.
Qəbul imtahanında yüksək nəticə göstərərək, həm Bakı Dövlət Universitetinin “Hüquq fakültəsi”nin tələbəsi, həm də Prezident təqaüdçüsü adını qazanan Nəsirli Kifayət Rəfail qızı isə Bakı şəhəri Xətai rayonu 59 saylı orta məktəbin şagirdi olub. Hələ məktəbdə oxuyarkən əlaçı kimi tanınan və yaşıdlarından fəallığına görə fərqlənən Kifayət gələcəkdə hüquqşünas olmağı qarşısına məqsəd qoyub. Bu məqsədə çatmaq üçün inamla çalışıb. Bu ilin qəbul imtahanında çəkilən zəhmət öz bəhrəsini verib. Bütün bunları K.Nəsirli bu cür ifadə edir: “Mənə sual versələr ki, illərin o tayında qalan şagird həyatında daha çox kimləri xatırlayarsan, fikirləşmədən ibtidai sinif müəllimim Vəsilə xanımın adını çəkərdim. Bəli, valideynlər öz balalarının oxumaları, elm sahibi olmaları üçün hər şey etməyə hazırdırlar. Eyni zamanda müəllimlərimizin üzərimizdəki əziyyəti və məsuliyyəti yüksək qiymətə layiqdir. Ailədə iki övladıq: bir qardaş, bir bacı. Anam Nəsirli Süsənin çəkdiyi həyəcan daha çox olub. Bütün bunlar ailə tərbiyəsi, övlad qayğısıdır. Biz gənclərin və yeniyetmələrin elmə yiyələnməsində, cəmiyyətin aparıcı kadrlarından birinə çevrilməsində ölkədə aparılan gənclər siyasəti mühüm rol oynayır. Əlbəttə, orta məktəblərdə son on ildə yaradılan şərait imkan verir ki, hər kəs yaxşı oxusun, sağlam mühitdə tərbiyə alsın. Məni bu ixtisası seçməyə həvəsləndirən əsas məsələ isə hüquq elminə marağım idi. Çalışacağam ki, bu marağımı real həyatda öz təhsilimlə bir daha sübut edim, Prezident təqaüdlü tələbə adını şərəflə daşıyım”.
Ağsu rayon sakini Qasımov Nicat Nazim oğlu da IV ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal toplayıb. O, rayonun 1 nömrəli məktəbini bitirib. Orta məktəbdə oxuyarkən, paralel olaraq müəllim yanına hazırlıqlara gedib. TQDK-nın sınaq imtahanlarında 670-680 bal toplayan Nicat qəbul imtahanında ən yüksək nəticə göstərməyi qarşısına məqsəd qoyub. Məqsədinə çatan N.Qasımov Prezident təqaüdünə layiq görülüb, Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanıb.
Ələkbərova Fidan Etibar qızı da qəbul imtahanında yüksək nəticə toplayan və tələbə adını qazanan, Prezident təqaüdünə layiq görülən gənclərdəndir. O, Bakı şəhərində dünyaya göz açıb. Əvvəlcə İlyas Əfəndiyev adına Elitar Gimnaziyada, sonra 82 saylı pilot məktəbdə oxuyub, Nərimanov rayonu ərazisindəki 207 nömrəli orta məktəbi yüksək qiymətlərlə bitirib. Orta məktəb illərində nümunəvi oxumaqla yanaşı, qabiliyyət və istedadına görə mədəni-kütləvi tədbirlərdə də yaxından iştirak edib, bədii qiraətçi kimi tanınıb. Fidan bu ilki qəbul imtahanında 675 bal toplayıb. Ali məktəb seçimi apararkən isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçib. O, əldə etdiyi nailiyyətlərinə görə, Azərbaycan dili və ədəbiyyat müəlliməsi kimi ona dərs deyən Səfa nənəsinə minnətdar olduğunu bildirib. Qeyd edib ki, anasını çox erkən yaşlarında itirdiyindən, onun bütün əziyyətlərini nənəsi çəkib. Ali məktəbi və ixtisası seçərkən BDU-nun Hüquq fakültəsi üzərində dayanmasını isə bu cür izah edib: “Hər bir sahənin siyasəti var. Mən isə hüquq siyasətinə daha çox üstünlük verdim. Bunun müxtəlif səbəbləri var. Öncə deyim ki, hər bir vətəndaş öz ölkəsinə vətənpərvərcəsinə xidmət etməlidir. Bunun üçünsə ilk növbədə siyasi dünyagörüşü, savadı, təcrübəsi olmalıdır. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini seçəndə də məhz bu amilləri əsas tutdum”.
Ağdam rayon sakini Məmmədzadə İlkin Rəfael oğlu da qəbul imtahanlarında IV ixtisas qrupu üzrə 700 bal toplayaraq həm yüksək nəticə göstərib, həm də Prezident təqaüdünə layiq görülüb. O, orta məktəbi Ağdamda bitirib. Abituriyent kimi 3 il ərzində qəbul imtahanlarına hazırlaşıb və istədiyi nəticəni əldə edə bilib. O, hazırda Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsinin tələbəsidir.
Hazırladı: Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər