• cümə, 29 Mart, 01:56
  • Baku Bakı 7°C

Fəvvarələrin hamısı fəaliyyətdədir, sadəcə müəyyən işləmə saatları var

08.08.18 11:00 526
Fəvvarələrin hamısı fəaliyyətdədir, sadəcə müəyyən işləmə saatları var
İsti aylarda paytaxt Bakıda dincəlmək və sərinləmək üçün ən əlverişli məkanlardan biri də fəvvarələrin kənarıdır. Bəs istismara verilən andan bu günə qədər fəvvarələrin vəziyyətinə və işləmə rejiminə kim nəzarət edir?
Onu da qeyd etmək yerinə düşər ki, günün ən isti saatlarında fəvvarələrin işləməməsindən narazılıq edənlər də var.
Trend-in suallarını Bakı Şəhər İcra Hakimiyyətinin Fəvvarələrin İstismarı İdarəsinin rəisi Qəhrəman Məmmədov cavablandırıb.
İdarə rəisinin sözlərinə görə, paytaxtdakı fəvvarələr əsasən isti aylarda fəaliyyət göstərir:"Onların işləmə saatı günorta 13:00-dan 15:30-dək, axşam isə 18:00-dan 21:00-a qədərdir. Bəzi fəvvarələri səhərlər də işə salırıq - səhər saat 08:30-da qoşuruq, saat yarımdan sonra isə söndürürük. Fəvvarələr 7 ay işləyir. Oktyabr ayından başlayaraq isə qış fəsli ilə əlaqədar fəaliyyəti dayandırılır".
Q.Məmmədov qeyd edib ki, fəvvarələr mütəmadi olaraq təmizlənir, texniki tərəfləri yoxlanılır və bir fəvvarənin təmizlənməsinə 2-3 gün sərf olunur:"Təmizlədikdən sonra fəvvarənin uzun zaman təmiz qalması üçün hər gün suyun üzü təmizlənir, dibə çökən çirklər xüsusi tozsoranla çəkib çıxarılır, kimyəvi qatqılar tökülür".
Qeyd edək ki, dünyanın ayrı-ayrı şəhərlərində fəvvarələr də müxtəlif işləmə qrafiki ilə fəaliyyət göstərir. Məsələn, Avropanın məşhur şəhərlərindən olan Romada fəvvarələr isti aylarda demək olar fasiləsiz işləyirlər. Burada yalnız gecə saatlarında təmizlik üçün fəvvarələrin suyu dayandırılır.
Qış aylarında isə fəvvarələr Romada səhər saat 11-dən gecə 22:00-a qədər fəaliyyət göstərir.
Birləşmiş Ərəb Əmirliklərinin ən məşhur şəhəri olan Dubayın mərkəzindəki "rəqs edən fəvvarə" isə axşam işə salınır. Bu fəvvarənin işləmə qrafiki 18:00-dan 22:00-a qədərdir.
Rusiyanın Sankt-Peterburq şəhəri fəvvarələrin çoxluğuna görə tanınır. Bu şəhərdə fəvvarələrin işləmə qrafiki isə günorta saat 12-dən axşam saat 20:00-a qədərdir.
banner

Oxşar Xəbərlər