• şənbə, 20 Aprel, 08:37
  • Baku Bakı 14°C

Fəvvarələr meydanında idman şousu

26.06.15 12:15 1667
Fəvvarələr meydanında idman şousu
Bakı 2015 Birinci Avropa Oyunları davam edir. İlklərə imza atan və tarix yazan ölkəmiz oyunlar ərəfəsində daha bir ilki də yaşadı. Belə ki, paytaxtda ilk dəfə olaraq 2 günlük “Street Athletics Baku 2015” unikal turniri keçirildi. Yarışın keçirilməsində əsas məqsəd gənclərin küçə idmanına marağını oyatmaq və atletikanın bu növünü ölkəmizdə inkişaf etdirməkdir. Biz də bu yarışı izləmək və küçə atletikası ilə tanış olmaq üçün yarışın keçirildiyi ünvana - Fəvvarələr meydanına yollandıq.
İki gün davam edən yarışda öncə şüvüllə tullanan kişi və qadınlar yarışdı. Bundan sonra isə meydan hündürlüyə tullanan atletlərin ixtiyarına verildi. Turnirin unikallığı ondadır ki, şüvüllə tullananlar düzünə, hündürlüyə tullananlar isə qövsvari tullanırlar.
Şüvüllə tullanan atletlərin yarışında almaniyalı dünya çempionu Rafael Holtsdeppe ilə yanaşı, polşalı Petr Lisek, rusiyalı Aleksandr Qripiç, britaniyalı Stiven Lyuis və çexiyalı Mixal Balner iştirak edirdilər.
Hündürlüyə tullanan idmançılar arasında isə məşhur ukraynalılar - Bondarenko və Protsenko ilə yanaşı, rusiyalı Aleksandr Şustov, Aleksey Dmitrik və çexiyalı Yaroslav Baba yer almışdı.
İzdiham...

Bakıda ilk dəfə keçirilən küçə atletika turniri şəhər əhalisinin böyük marağına səbəb oldu. Belə ki, Bakının qəlbi kimi tanınan Fəvvarələr meydanında əsl izdiham yaşanırdı. Kimisi yarışları izləmək üçün ağaca dırmaşır, kimisi də bir-birinin boynuna çıxaraq səhnəni görməyə çalışırdı. Şəhər əhalisi ilə birlikdə turistlər də böyük maraq və həyəcanla yarışları izləyirdi. Havanın isti olmasına baxmayaraq, hər kəs küçədə idi. Hətta şəhərimizin qonaqları sərinləmək üçün Fəvvarələr meydanındakı fontanlardan yararlanırdılar.
İdman şousu

Yaşanan izdihamdan turnirin öz məqsədinə nail olduğunu hiss etməmək mümkün deyildi. Belə ki, yarışlar başlamadan öncə çıxış edən gənclər və idman naziri Azad Rəhimov yarışın əhəmiyyətindən danışdı və bildirdi ki, atletika yarışının küçədə keçirilməsinin əsas məqsədi gənclərin bu idman növünə marağını artırmaq və onları idmana cəlb etməkdir.
Amma burada nəinki gənclər, hər yaşdan olan insana rast gəlmək mümkün idi.
Yarışları həyəcanla izləyən Elçin deyir ki, dünyanın ən güclü idmançılarının yarışdığı küçə atletikasını maraqla izləyir: “Küçə atletikası Azərbaycanda o qədər də inkişaf etməyib. Bakı 2015 Avropa Oyunları bizi bu idman növü ilə də tanış etdi. Çox maraqlıdır. Həyəcanla izləyirik”.
İdman zallarından şəhərin mərkəzinə...

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirdi ki, bu gün idmanı idman zallarından çıxardaraq şəhərin mərkəzinə gətiriblər. Məqsəd isə bura toplaşan insanları atletika ilə yaxından tanış etmək və ölkəmizdə bu idman növünü daha da inkişaf etdirməkdir: “Bu proqramdan əlavə, bir növ göstəri üçün olan yarışlarıdır. Bura dünyanın ən güclü idmançıları gəlib və onlar insanların arasında öz məharətlərini göstərirlər. Əminəm ki, bu yarış Azərbaycanda atletika idmanının inkişafına böyük dəstək olacaq. Məqsəd odur ki, ancaq bizim insanlar, idmansevərlər üçün müvafiq şərait yaradılsın, onlar idmana həvəs göstərsinlər. Biz Azərbaycanda bütün idman növlərini inkişaf etdirməyi qarşımıza məqsəd qoymuşuq”.
“Sağlamlığınızın qədrini bilin”
Əllərində Azərbaycan bayrağını dalğalandıran Rauf da bu idman şousunu çox bəyənib: “İşlədiyim üçün idman yarışlarını nə arenadan, nə də televiziyadan izləyə bilmirdim. Bu gün istirahət günüm olduğu üçün şəhərə çıxmışdım. Belə yarışın keçirildiyini gördükdə çox sevindim. Küçə idmanının ləzzəti həqiqətən fərqli olur”.
Nəvəsini boynuna çıxararaq yarışı izləyən Nadir baba da möhtəşəm şounun dadını çıxarır. O deyir ki, belə yarışları gördükdə gəncliyinə qayıtmaq istəyir: “Bizim dövrümüzdə belə maraqlı şoular olmurdu. Amma indi gənclərin idmanla məşğul olmaları üçün hər şərait yaradılıb. İdman sağlamlıqdır. Sağlamlığınızın qədrini bilin və nə qədər cavansınız, idmanla məşğul olun”.
Qeyd edək ki, turnirin sonunda qaliblər mükafatlandırıldı və idmançılar maraqla izlənildikləri üçün əhaliyə öz təşəkkürlərini bildirdilər.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər