AZE | RUS | ENG |

“Fəth 1453” - reallıq və illüziya

“Fəth 1453” - reallıq və illüziya
Bu tarixi film türk kinematoqrafiyasının son illərdəki ən uğurlu ekran işi sayılır

Son illərdə türk kinematoqrafiyasının ən uğurlu ekran işi sayılan “Fəth 1453” filmi təkcə türk kino bazarında deyil, dünyada da böyük nüfuz qazana bildi. Tamaşaçıların sayına və büdcəsinə görə Türkiyə tarixində hələ belə bir film olmayıb. Tarixi dram janrında çəkilən bu film İstanbulla bağlı ekranlaşdırılan digər filmlərdən daha real və konfiliktli görünür.
Filmin büdcəsi 18 milyon dollardan bir qədər çox, gəliri isə hələ ki 66 milyon dollara yaxındır. Ekran işinin rejissoru Faruk Aksoydur. Rolları Devrim Evin, İbrahim Çelikkol, Dilek Serbest, Recep Aktuğ, Erden Alkan, Cengiz Coşkun, Erdoğan Aydemir, Naci Adıgüzel ifa edirlər. Prodüserlər Faruk Aksoy, Servet Aksoy, Ayşe Germen, ssenari müəllifi isə Atilla Engindir. Film ekrana çıxandan 6 həftə ərzində 7 milyona yaxın tamaşaçı tərəfindən izlənib. Tamaşaçıların sevimli filminə çevrilən bu film dünyanın bütün aparıcı dillərinə dublyaj olunaraq müxtəlif ölkələrdə yayımlanıb və son illərin ən çox haqqında danışılan sənət əsərlərindən birinə çevrilib.
Film Sultan Mehmetin doğuluşu ilindəki möcüzələrin sadalanması ilə – o ildə atlar əkiz doğdular, torpaq bir ildə dörd dəfə məhsul verdi – başlayır. Bununla yanaşı, həmin ildə Konstantinopolda quyruqlu ulduz peyda olur, insanlar vahiməyə qapılırlar. Çünki quyruqlu ulduzun doğuluşu inanca görə gələcək faciədən xəbər verir. Mehmet taxta çıxan kimi siyasəti dəyişir, islahatlar aparır və dünyəvi siyasətə yön verir. Sultan Mehmet əvvəlcə yaşı az olduğuna görə taxtdan salındığı üçün Bizans imperatoru ona ciddi baxmır, güman edir ki, türk xalqı da ona etimad göstərməyəcək. Lakin Bizans imperatorunun arzusu gözündə qalır, hər şey ayaq-baş olur. Mehmet mühəndislik öyrənir ki, Konstantinopola hücum edərkən şəhərin struktrunu yaxşı bilsin, xristian dinini öyrənir ki, düşmən xalqın inanc əqiqdəsinə və əzminə tam bələd olsun. II Mehmet o qədər liberal şəxsdir ki, onu taxtdan salan Xəlil Paşanı özünə vəzir götürür və dövləti yaşatmağın yeganə yolunu Konstantinopolu almaqda görür: “Ya Konstantinopol məni alacaq, ya da mən Konstantinopolu”.

Mehmt yaxşı bilir ki, xristainlığın dünyadakı mövqeyi zəifləyib: ingilislər və fransızlar ağır müharibədən çıxıblar, Almaniyada hakimiyyət üstündə çəkişmələr səngimir. Bunların üstünə Sultan Mehmetin iddiasını da gələndə faciə birə beş artır.

Filimdə ən maraqlı yerlərdən biri də Konstantinopolun fəthindən əvvəl Sultan Mehmetlə Bizans imperatorunun üz-üzə dayandığı məqamdır:
- Sizi sarayımda qonaq etmək istəyərdim, amma sayınız çoxdu.
- Qonaqpərvərliyinizə görə çox sağ olun. Biz sizi bu sarayda qonaq etməyə gəlmişik.
- Sarayımızın tarixdə heç kəs tərəfindən fəth oluna bilmədiyini xatırlatmaq istəyirəm.
- Bizdən sonra bunu xatırlatmağınıza ehtiyac qalmayacaq.
- Bu sözləri çox adamdan eşitmişəm. Axırıncı dəfə də atanızdan.
- Atamın yarımçıq işini tamamlamağa gəlmişəm…
Bütün bunlar filmdə şəxsiyyətin önə çəkilməyi, xalqın arxa planda göstərilməsi kimi nəzərə çarpır. Sanki bütün qələbələr və məğlubiyyətlər Sultan Mehmtin iradəsinə tabedir, o nə istəsə, o da olur. Amma bütün bunlarla yanaşı, xalqın əzimkarlığı da az əks olunmur.

Filmdə bəyənmədiyim cəhətlərdən biri – bizanslıların da türklərə xas əlamətlərlə əks etdirilməsi idi. Çünki belə olan halda hər iki tərəfin türk mentallığında və əqidəsində təmsil olunduğu görünür. Başa düşmək olar ki, bu filmdə çəkilmiş aktyorlar türk sənətçiləridir, amma daha uğurlu xarici heyət seçilə, təqdim oluna bilərdi.

Filmdə dəhşətli tükürpədici döyüş səhnələri var: bu səhnələr klassik türk işğal filmlərindən fərqlənir. Belə ki, əgər məşhur türk döyüş aktyoru sayılan Cüneyt Arkının çəkildiyi filmlərdə, İstanbulla bağlı digər ekran işlərində bütün qəhrəmanlıqlar bir nəfərin gücü və bacarığı ilə əlaqələndirilirdisə, “Fəth 1453”də belə deyil. Hökmdarın müdrik siyasəti və xalqın qəhrəmanlığı, eləcə də taleyin və tarixin hökmü kimi əks etdirilir.
Bizanslıların birmənalı mənfi göstərilməsi də reallığa əsas vermir. Bizans siyasətinin sadəcə hiyləgərlikdən ibarət olduğu göstərilir. Sanki bu təsvir düşmənin təsvirini qatılaşdırır, reallıqdan kənarlaşdırır, yalnız və yalnız qara göstərir. Halbuki, düşməni güclü göstərərək daha yaxşı nəticələr əldə etmək olardı ki, baxın görün biz kimi məğlub etmişik.

Animasiya effektləri isə filmi bir qədər reallıqdan çıxarır, sanki yuxuya, illüziyaya çevirir. Yuxu effektləri və səhnələri isə çox unikal çəkilib. Gəmilərin sürüşdürülərək gətirilməsi tarixi faktı isə çox gözəl və dəqiq əks etdirilib. Bu film ümumilikdə türk dünyasının və kinematoqrafiyasının uğuru sayıla bilər, çünki ümumi tarixi mahiyyət saxlanılıb, tarixi həqiqətlər çılpaqlaşdırılmayıb, saxtalaşdırılmayıb – tamaşaçı, tarix və incəsənət arasındakı Qızıl Orta qorunub-saxlanılıb.

Fərid Hüseyn

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219