“FETÖ dünya ictimaiyyətində yanlış rəy yaradır”
Bu
gün Türkiyə Qızıl Aypara Cəmiyyətinin prezidenti Kərəm Kınık 15 iyul hərbi
çevriliş cəhdinin ildönümü ilə bağlı Türkiyədə səfərdə olan bir qrup Azərbaycan
və xarici media mənsubları ilə görüşüb. Media mənsubları qarşısında çıxış edən
K.Kınık Qızıl Aypara Cəmiyyətinin missiyasının təbii fəlakətlər də daxil
olmaqla, ümumən fəlakətlər dövründə cəmiyyətə yardım etmək olduğunu söyləyib.
O, deyib ki, həmin gecə Türkiyə Qızıl Aypara Cəmiyyətinin Ankara üzrə şöbə
müdiri Sərhad Öndər Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah binasının önündə
şəhid olub: "Keçən il 15 iyul hərbi çevrilişə cəhd gecəsi, saat
22.00-23.00 radələrində Türkiyə Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarını
prezidentimiz Rəcəb Tayyib Ərdoğanın çağırışına uyğun olaraq insanların
toplaşdıqları yerlərə getməyi tapşırdıq. 15 iyulda Fətullahçı Terror Təşkilatı
hərbi çevriliş cəhdinin qarşısı alındı. Biz də Qızıl Aypara Cəmiyyətində bu
terrorçu təşkilatla əlaqəsi olanları ixrac etdik. Bir məqamı xüsusilə qeyd edim
ki, biz hərbi çevriliş zamanı yaralanan insanlarla əlaqədar xəstəxanaları yetərli
həcmdə qan ehtiyatı ilə təmin etdik".
Türkiyə
Qızıl Aypara Cəmiyyətinin prezidenti Cenevrə Konvensiyasına əsasən silahlı birləşmələrin
mülki insanlara atəş açmasının hərbi cinayət olduğunu söyləyib: "Həmin gün
bizə vertolyotlardan belə atəş açdılar. Bu faktın özü belə beynəlxalq təşkilatların,
dövlətlərin, məhkəmənin Türkiyə xalqının yanında olmasını təmin etməyə yetərlidir.
Amma biz görürük ki, FETÖ dünya ictimaiyyətində də yanlış rəy yaradır. Keçən il
Məkkədə həcc ziyarətində olanda bir pakistanlı mənə dedi ki, Rəcəb Tayyib
Ərdoğanın çevriliş edərək 150 min insanı öldürməsi doğrudurmu. Bu, FETÖ-nün
dünyada yanlış ictimai rəy yaratmaq istiqamətində səylərinin nəticəsidir. Biz
mediadan bizim haqlarımızı qorumağı xahiş edirik. Mən xarici ölkələrin media təmsilçilərinə
Türkiyəyə səfər etdiyi üçün təşəkkür edirəm".
K.Kınık
rəhbəri olduğu qurumun Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığı genişləndirmək
niyyətində olduğunu da diqqətə çatdırıb. Bildirib ki, Türkiyə Qızıl Aypara Cəmiyyətinin
Azərbaycan, Rusiya və digər keçmiş SSRİ ölkələri, həmçinin bu ölkələrdəki
müvafiq qurumlarla sıx əlaqəsi var. O, bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti
ilə gələcəkdə əməkdaşlığı genişləndirməyə hazırdırlar.
Rufik
İSMAYILOV
Türkiyə,
Ankara