• cümə axşamı, 28 mart, 23:22
  • Baku Bakı 13°C

Festivalı yola saldıq... qarşılamaq üçün...

10.10.16 11:24 2117
Festivalı yola saldıq... qarşılamaq üçün...

Budur həyəcanla gəlişini gözlədiyimiz II Şəki Beynəlxalq Teatr Festivalını gözəl təəssüratlarla yola saldıq. Düzdür, məqaləm bir qədər gecikmiş ola bilər, ancaq o anları düşünüb, o hissləri keçirmək və siz oxucularla paylaşmaq zənnimcə heç zaman gec deyil. Təəssüflər olsun ki, festivalda sona qədər ola bilmədim. Lakin ona sevinirəm ki, olduğum günlərdə ən maraqlı tamaşaları izlədim. Məlum olduğu kimi, festival 3 məkanda keçirildiyindən mənə ancaq Şəkidəki tamaşaları izləmək nəsib oldu. Tamaşalara keçməzdən deyim ki, nə yaxşı əvvədən bu festivalı Şəkidə təşkil ediblər. Oranın təbiəti, qədimiliyi, abı-havası, insanları və bir də unudulmaz təamları səni səndən alıb aparır başqa məkana. O məkan ki, teatr bayramı hiss olunur, o məkan ki, insanları saf və mehribandır, o məkan ki, ruhən səni sakitləşdirir, izlədiyin tamaşalardan sonra elə oradaca qalıb müzakirələrə qulaq asmaq, şirin ləhcəsili şəkililərin tamaşa təəssüratlarını dinləmək, sənət adamları ilə fürsət varkən söhbət etmək istəyirsən. Nahaqdan Şəkini "Türk dünyasının mədəniyyət paytaxtı” elan etməyiblər ki? Şəhər sanki özündə bir kutsallıq, bir teatrallıq daşıyır, hər daşı, hər tini, hər küçəsi bir tarix yazır. Və belə bir məkanda hər axşam tamaşa izləməyin ləzzətini yalnız orada olmaqla yaşamaq mümkün.

Festivalda olduğum müddətdə əcnəbi tamaşalar içərisindən Əl Əhli Dubay Teatrının (BƏƏ), "Prekrasnıye tsvetı” (Ukrayna) və S.Axmeteli adına Tbilisi Dövlət Dram Teatrının (Gürcüstan) tamaşalarını izləyə bildim. Janr cəhətdən ərəblərin də gürcülərin də tamaşaları faciə janrına yaxın idi, yalnız ukraynalıların göstərdiyi "Piy” (İ. Klyuçnik) həm məzəli, həm düşündürən maraqlı bir tamaşa oldu. Hər ölkənin tamaşası öz dilində göstərilirdi, lakin bu heç də teatrsevərlərə əngəl yaratmırdı. Çünki necə deyərlər "Teatrın dili olmur, burda hamı eyni dildə danışır”. Əsas hadisələr, hisslər və münasibətlərdir. Bunlar tamaşanı anlamağa yardım edir. Ancaq Ukrayna teatrı bu işi bir az da asanlaşdırmışdı. 60 dəqiqəlik tamaşa sonacan pantomim hərəkətlərdən ibarət idi. Tamaşa 3 aktyorun səhnəyə gəlib ayrı-ayrı kətillərdə oturub televizoru izləməsi ilə başlayırdı və hadisələr də bu televizorun içindən bir anda canlanıb realda baş verirdi. 13 ayrı səhnəcikdən ibarət tamaşa seyrçini elə ağuşuna alırdı ki, anında həm təəccüb edirdin, həm gülürdün, həm də gözləmədiyin anda hansısa bir səhnə ilə qarşılaşırdın. Maraqlısı isə sonda baş verdi. Hər şeyin başlanğıca qayıtdığı kimi tv-ni söndürən iki qocanı görəndə sanki yuxudan ayıldın və yadına düşdü ki, axı sən onların baxdığı tv kanallarına baxırdın. Amma bu kanallarda göstərilənlər gerçəyi əks etdirən bir həyat idi. Aktyorların mikrafonla canlı olaraq əşyaların səsini necə dəqiqliklə yamsılamaları bütün zalı heyrətləndirmişdi.

Ukraynalılardan fərqli olaraq ərəblərin tamaşası dialoq üzərində qurulmuşdu. Bu tamaşanın iki iştirakçısı vardı. Biri-Lulu adında yaşlı xanımdı. O, ağır xəstəliyə-hafizə pozuntusuna düçar olub. Zavallı qadın bütün günü yerində oturub, köhnə vaxtlarını və dostlarını yada salmağa çalışır. Keçmişdə Lulu varlı kişi ilə evlənmiş və firavan həyat tərzi sürmüşdür. Onun heç zaman pula ehtiyacı olmamışdır. Lulunun tərəf müqabili isə Süzan adlı qızıdır. Anasının təkidi ilə o, təhsilini evindən xeyli uzaqda, İngiltərədə almaq məcburiyyətində qalmışdır. Süzan tələbəlik illərində balet sənətinə meyl salmış və bu sənətlə ciddi şəkildə məşğul olmağa başlamışdır. Əfsuslar olsun ki, bu sənət növü Süzanın vətənində olan adət-ənənələrə ziddir. İndi Süzanın qəlbində iki dünya çarpışır - uşaqlıqdan sevdiyi doğma vətən və təhsil aldığı Qərb mədəniyyəti. Süzan anasının xəstəliyi ilə əlaqədar İngiltərədən qayıtmalı və xəstəliyə məruz qalmış valideyninə qulluq etməli olur. İndi onlar ucuz və heç bir şəraiti olmayan mənzildə kirayə qalmaq məcburiyyətindədirlər. Süzanın tüfeyli həyat tərzi sürən atası dünyasını dəyişdikdən sonra məlum olmuşdur ki, cinayət yolu ilə qazandığı var-dövlətin böyük bir hissəsini qumarda uduzmuşdur. Mirasın qalan hissəsini isə onun şəriki mənimsəmişdir. Ana və qızı keçmiş günləri yada salaraq, həyatlarının bu ağır anlarını xoş xatirələrlə yaşamağa çalışırlar. Düzdür bu tamaşada Ərəb dünyasının tanınmış aktrisaları Bədriyə Əhməd və Budur Məhəmməd çıxış etsələr də, məndə bir o qədər təsir oyada bilmədilər.

Əgər ukraynalıların sərgilədiyi "Piy” öz şıltaqlğı, emosionallığı, qeyri-adi məzəli pantomim hərəkətləri ilə nə qədər maraq doğururdusa, gürcülərin dərin mövzulu, aktyor oyunu, xor musiqiləri, solo ifaları, baxışları, musiqi alətləri ilə rəftarı, səhnə dekorasiyası və nəhayət gürcülərə xas qamətləri ilə bir o qədər unudulmaz anlar yaşatdılar. Rejissoru İrakli Qoqiya olan bu tamaşada ovçu Coxola doğma kəndin yaxınlığında naməlum adama rast gəlir və onu öz evinə dəvət edir. Əslində isə, bu adan Coxolanın doğma qardaşının qatili Zviadauridir. Ovçu Coxola və onun arvadi Aqaza qonağı hörmətlə qarşılayırlar. Lakin kənd əhalisi gecəykən qonaq barədə xəbər tutanda Coxolanın evinə soxulub, Zviadaurini yaxalayırlar. Coxola xəncərini çıxarıb həmkəndlilərinə bəyan edir ki, Zviadauri onun evində qonaq olarkən, heç kəsin əli ona dəyə bilməz. Burada iki qədim adət toqquşu: qonaqpərvərlik adəti və qanlı qisas adəti. Yaranmış qalmaqalda evin yiyəsi hətta onu təhqir etmiş həmkəndlisini öldürür. Coxolanı döyüb, əl-qolunu bağlayırlar, Zviadaurini isə qəbirstamlığa aparırlar ki, orada öldürdüyü adamın qəbri üstündə öldürsünlər. Zviadauri son nəfəsinə kimi onlara tabe olmaq istəmir və azad insan kimi həlak olur. Hamı gedəndən sonra, Coxolanın arvadı Aqaza onun meyidi üzərində göz yaşları axıdır. Zviadaurinin kəndliləri meyiti geri götürmək üçün hücum edirlər və bu döyüşdə Coxola həlak olur. Aqaza özünü dağ çayına atır. Sonujnda Coxola və Zviadaurinin kabusları dost-qardaş kimi tonqalın yanında söhbət edir, Aqaza isə onlara yemək hazırlayır.

Səhnə 3 tərəfdən, həmçinin tavandan güzgü kimi düzəldilmişdir. Yəni insan hər şeydən, hamıdan uzaqlaşa bilər, ancaq hara gedir getsin özündən, vicdanından qaça bilməz, həmişə özü ilə üz-üzə gələcək. Hər dəfə hadisələr dərinləşdikdə, kuliminasiyaya çatdıqda qəhrəmanlar qaçmaq istərkən özlərini güzgü qarşısında bulurdular. Sonda iştirakçılardan ikisi əllərini qabdakı su ilə yuyurlar. Bunu əslində iki cür yozmaq olar. Əvvəla Aqaza özünü dağ çayına atır və burada su şərtilik kimi çayı göstərə bilərdi. Lakin mən daha çox ikinci variantı deyərdim - su təmizlikdir, su paklıqdır, su ilə gunahlarını yuyurlar, bir növ katarsis kimi günahlardan arınırlar.

Tamaşaları izlədikdə əslində haradasa bəzi əlaqələri görmək olardı. Məsələn ərəblərdə ailə söhbəti, ana-bala münasibəti, problemlərdən danışılırsa, Kukla teatrının "Zəng” tamaşasında tənha atanın övladından gələn bir zəngə möhtac olduğunu göstərir, gürcülərin "Ev yiyəsi və qonaq”da bir kəndin faciəsi, qardaş itkisi, qisas, mübarizədirsə, Şəki teatrının "Vaqif”ində vətən həsrəti, vətən dərdi, sonda yenə övlad acısı, Azərbaycan Akademik Dram Teatrının "Ölülər”ində cəhalət, ailədə yaşanan faciələr, qurban edilmiş övladlar-sanki bütün bunlar faciəli şəkildə zəncirvari olaraq bir-biri ilə əlaqəli idi.

Sevindirici haldır ki, bu festival il-ildən tamaşaları ilə öz maraq dairəsini daha da genişləndirir, kök atır, şaxələnir, hətta, maqnit kimi nəinki qonşu ölkələri, uzaq ölkələri belə öz ağuşuna çəkir.

Növbəti, III Şəki Beynəlxalq Teatr Festivalında daha çox ölkələrin daha çox tamaşalarını, daha geniş məkanlarda daha geniş kütlənin izləməsi arzusu ilə...

Nigar Pirimova

Teatrşünas

banner

Oxşar Xəbərlər