• cümə, 29 Mart, 11:21
  • Baku Bakı 5°C

Festival turizmi

30.07.18 18:29 2578
Festival turizmi
«Jara» musiqi festivalı başa çatdı. Qəlblərdə və yaddaşlarda Rusiya və yerli şou-biznesin tanınmış ifaçılarının rəngarəng ifaları ilə bağlı xoş anları saxladı. Festivala qatılan yerli sakinlər və xarici turistlər artıq ənənəyə çevrilən bayramdan xoş təəssüratlarla ayrıldılar. Ancaq bu il üçün ölkəmiz musiqi festivallarına heç də "əlvida” demədi. 30 iyul-7 avqust tarixlərini əhatə edəcək ənənəvi Beynəlxalq Qəbələ Musiqi Festivalı da musiqisevərlərə xoş anlar yaşadacaq. Artıq 10 yaşını qeyd edən festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və "Gilan Holdinq”in dəstəyi ilə Azərbaycanın tanınmış musiqi kollektivləri, həmçinin xarici ölkələrdən gəlmiş görkəmli musiqiçilər, kamera və simfonik orkestrlər, solistlər və dirijorları ətrafına yığacaq.
Təbii ki "Jara”da olduğu kimi, Qəbələ Musiqi Festivalının xarici ölkələrdən gələn tamaşaçıları olacaq. Bu mənada musiqi festivallarının ölkəmizdə turizmin inkişafına təkan vermək baxımından əhəmiyyəti böyükdür. Belə ki, dünyanın bir çox ölkələrində artıq inkişaf edən festival turizmi tədricən bizim ölkəmizdə də formalaşmağa başlayıb. Xatırladaq ki, öz miqyasına və coğrafiyasına görə festivallar ümumdünya, beynəlxalq, respublika, vilayət, rayon və regional əhəmiyyətli olmasına görə kateqoriyalara bölünür. Müntəzəm keçirilən festivalların öz emblemi, himni və simvolu olur. Bu cür festivalların keçirilməsi ilə əlaqədar olaraq tematik plakatlar, nişanlar, suvenirlər buraxılır. İştirakçılara və qaliblərə diplomlar, fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunur. Hər bir festivalın xarakteristikası ölkənin və ya şəhərin digər mədəni hadisələri içərisində onun statusunu müəyyənləşdirir.

Qərbdən Şərqə, Şərqdən Qərbə...
Ölkələrdə keçirilən beynəlxalq mədəni tədbirlər artıq dünyada inkişaf etməkdə olan festival turizmi növünün inkişafına və ümumilikdə bu növün yaranmasına şərait yaradıb. Turizmin bu növü turizm biznesində kifayət qədər maraqlı istiqamətə çevrilib. Bu marşrutun əsas xüsusiyyəti turistlərə təkrarsız anları yaşatmaqdır. Belə ki, bu cür festivallar çərçivəsində həyata keçirilən turistik səfərlər ömür boyu yadda qalır. Xarici ölkələrdə turizmin bu növü kifayət qədər geniş yayılıb və populyarlıq qazanıb. Bir çox insanlar üçün dünya miqyaslı musiqi, idman, mədəni tədbirlərdə iştirak etmək artıq ənənəyə çevrilib. Bu tip festivallar zamanı Qərb Şərqə, Şərq Qərbə yol tapır, mədəni mübadilə baş verir. Festival incəsənətin hər hansı bir növü üzrə inkişaf edən böyük ictimai bayram kimi yadda qalır. Məsələn, Hollandiyada çiçək festivalı, rəngarəng paradlar, Fransada çaxır bayramı, Almaniyada pivə bayramı dünyada çox məşhurdur. Hər il avqust ayında Edinburqda keçirilən festivalda dünyanın məşhur opera, teatr və folklor kollektivləri həvəslə iştirak edir. Kann və Venesiya isə özünün kino incəsənəti festivalları ilə məşhurdur. Hər ilin fevral ayında dünya ölkələrinin insanlarını başına yığan Braziliya karnavalı bir həftə, bəzən də bir az çox müddətdə iştirakçılarına təkrarsız anlar yaşadır. Bu şən və nəhəng bayramda milyonlarla insan iştirak edir. Karnavala qatılmaq kifayət qədər pul tələb etsə də, insanlar həmin xərci çəkməkdən və məsafələr qət etməkdən çəkinmirlər. Hər il İspaniya korrida festivalında ölkə boyu 2 minədək öküz döyüşü keçirilir. Bu festival qonaqpərvər və şən İspaniya mədəniyyətinin mühüm bir parçası hesab olunur. İtaliyanın böyük şəhərlərində keçirilən karnavallara da Avropanın müxtəlif ölkələrindən insanlar axışır. Hər il İtaliya karnavalları minlərlə turisti cəlb edir. Bir sözlə, festival turizmi insanların yaddaşında parlaq hisslər və xatirələrlə, müsbət ab-hava ilə qalır.
Populyar turizm növü
Musiqi festivalları isə ölkələrdə keçirilən mədəniyyət tədbirləri içərisində turistləri cəlb etmə baxımından daha mühüm əhəmiyyət kəsb edir. Avstriyanın Zalsburq şəhərində keçirilən «Vena musiqi həftəsi», Edinburqda "Musiqi festivalı”, «Budapeşt musiqi həftəsi» (Macarıstan), «Berlin festival günləri» (Almaniya), «Florenisyanın musiqili mayı», «İki dünyanın festivalı», məşhur «San-Remo festivalı» (İtaliya), «Niderland Musiqi festivalı», «Varşava festivalı», «Sibelius həftəsi» (Finlandiya), «Paris baharı» (Fransa), «Bratislava musiqi bayramı» (Çexiya) keçirildikləri ölkədə festival turizminin inkişafına dəstək olur. Bu cür festivallar keçən əsrin 60-70-ci illərindən məşhurlaşmağa başlayıb. Eləcə də 50-ci illərdən sonra Latviya, Litva, Estoniyada sovet musiqi festivalları keçirilir. Elə bu günlərdə başa çatan məşhur "Yurmala” festivalı təkcə ölkəni deyil, həm də keçirildiyi balaca şəhəri tanıtmaq və turist cəlb etmək baxımından çox məşhurdur. İllər keçsə də bu festivalın keçirilməsinə nə siyasi proseslər təsir edir, nə də dünya iqtisadiyyatında yaranan böhranlar onun əhəmiyyətliliyini azaldır. Yurmala musiqi festivalı dünyanın musiqi aləmində brendə çevrilib. Həmçinin bizə yaxın Ukraynada keçirilən musiqi festivalları turist cəlbetmə baxımından çox məşhurdur. Turistlər həmişə ekranda gördükləri sənətçiləri daha yaxından görmək, ifalarını canlı dinləmək üçün bu festivallara can atırlar. Rusiyanın ayrı-ayrı şəhərlərində keçirilən musiqi festivalları - xoreoqrafik, teatr incəsənəti, kinofestivallar, televiziya festivalları, sirk incəsənəti festivalı və ənənəvi xalq bayramları geniş yayılıb. Hər bir festivalın da öz xarakterik xüsusiyyətləri var. Məqsəd ölkənin mədəni mühitinin əhəmiyyətliliyini göstərmək və turist cəlb etməkdir.
Dünya ölkələrində keçirilən bu tip festivalların tarixini vərəqlədikcə istər-istəməz qarşıda turizmi iqtisadiyyatımızın inkişafında prioritet istiqamət kimi hesablanan ölkəmizdə məhz bu marşrutları necə inkişaf etdirməyin yolları barədə suallar ortaya çıxır.

Ən güclü reklam
Ekspertlər ölkəyə turistlərin cəlbi, ümumilikdə turizm sahəsinin inkişafı üçün yeni turizm marşrutlarını vacib hesab edirlər. Azərbaycan Turizm Asossiasiyasının (AzTA) nümayəndəsi Müzəffər Ağakərimov hesab edir ki, musiqi festivalları, mədəni tədbirlər, idman yarışları hər bir ölkəni dünyada tanıtmağa xidmət edir. O cümlədən, bizim ölkəmizdə də bu tip yarışların keçirilməsi artıq ənənəyə çevrilir və Azərbaycanı tanıdır: "Dünyanın hər bir ölkəsində turizmlə məşğul olan insanlar bilir ki, festivallar və beynəlxalq tədbirlər ölkəyə turist axını üçün şərait yaradır. Ona görə nəinki Qəbələdə və Bakıda, həmçinin Quba-Qusar zonasında, Şəkidə, cənub bölgəsində musiqi festivalları, folklor bayramları və s. mədəni-kütləvi tədbirlərin keçirilməsi təqdirəlayiq olar. Bu tip festivallarla Azərbaycanı əhatə etməliyik. Ölkəyə turist cəlb etmək üçün bu cür lokal festivalları tez-tez keçirmək lazımdır. Bu cür tədbirlər turizmin inkişafı üçün mühüm amildir. Həmin turistlər ölkəmizə gələndə Azərbaycanın təbii gözəllikləri, mədəniyyəti, tarixi ilə yanaşı, onun musiqisi, incəsənəti ilə də yaxından tanış olmaq imkanı verir. Turistlər həmçinin yerli insanlarla ünsiyyətdə olur. Onlar Azərbaycan xalqının xarakterik xüsusiyyətlərini, ölkəmizdəki sabitlik və təhlükəsizliyi gözləri ilə görürlər. Nəticədə anti-Azərbaycan təbliğatı aradan götürülür. Təbii ki, turistlər ölkələrinə qayıdarkən ölkəmiz haqqında fikirlərini bölüşürlər. Bu isə ən güclü reklamdır. Məhz bu reklam ölkəmizə əlavə turist cəlbinə səbəb ola bilər. Odur ki, xarici turistlərin cəlbi üçün bütün populyar vasitələrdən istifadə etməliyik”.
Yeni turizm marşrutları
Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə son illər Azərbaycanda tədbirlər turizminin xeyli genişləndiyini bildirir. Belə ki, bu sahəyə böyük diqqət var. Məsələn, Azərbaycanda Avroviziya Mahnı Müsabiqəsi, İslam Həmrəyliyi Oyunları, "Formula 1” yarışları v s. beynəlxalq tədbirləri keçirilməsi bu qəbildəndir: "O cümlədən, artıq ənənəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı, «Jara» musiqi festivalı və s. turizm brendləridir. Novruz Bayramı özlüyündə bir brenddir. Həm idman, həm mədəniyyət tədbirləri Azərbaycana çox sayda turistin cəlb edilməsində böyük rol oynayan turist məhsullarıdır”. K.Quluzadənin sözlərinə görə, hazırda ölkəmizdə turizm brendlərinin genişlənməsi həyata keçirilir: «Yeni turizm məhsulları bazara təqdim olunacaq. Bu prosesdə həm daxili, həm də xarici istehlakçılar nəzərdə tutulur. Bundan əlavə, ölkəmizə turist cəlb edən məkanlar var. Məsələn, qoruqları götürək. Turistlər bu məkanlar üçün Bakıya gəlirlər. Ölkəmizdə yeni turizm marşrutları formalaşır. Ekoturizm, səhiyyə turizminin inkişafı həyata keçirilir. Təbii ki, bütün bu turizm növlərinə tələbat da var. Ona uyğun olaraq təklif də formalaşdırır. Hazırda Bakının turizm marketinq və kommunikasiya planı hazırlanır. Həmin festivallar, tədbirlər, idman yarışları və s. bu planda kompleks şəkildə əksini tapacaq. Bu, turizmlə bağlı ümumi strategiyanın bir detallarıdır».
Ekspertlər hesab edir ki, festival turizminin formalaşmasında yerli sakinlərin rolu da əhəmiyyətlidir. Turistlərlə ünsiyyət, öz ölkəni təqdim etmə və s. davranış qaydaları turistləri gəldiyi ölkəyə yenidən qayıtmağa sövq edər. Ən böyük yük isə, təbii ki, əlaqədar qurumların üzərinə düşür. Bu isə gələcək inkişafa hesablanan yaxın strategiyada əksini tapacaq...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər