• cümə, 29 Mart, 16:41
  • Baku Bakı 14°C

Festival gənc idmançıların yetişməsində önəmli rol oynayacaq

07.07.19 16:30 1582
Festival gənc idmançıların yetişməsində önəmli rol oynayacaq
İyulun 21-də "Baku Crystal Hall”da XV Avropa Gənclər Yay Olimpiya Festivalının möhtəşəm rəsmi açılış mərasimi olacaq. Beləliklə, Avropa qitəsi növbəti dəfə ölkəmizdə mötəbər idman bayramını seyr edəcək. Yarışlarda əsasən 14-18 yaşlı gənc idmançılar mübarizə aparacaqlar. İyulun 21-27-də keçiriləcək bu mötəbər idman turnirinə qatılmaq üçün Azərbaycana Avropanın əlli ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Ümumilikdə Azərbaycana 4 mindən çox qonağın gəlməsi gözlənilir. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. İdman arenaları Festivalın yarışlarının keçirilməsinə tam hazırdır. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək. Düşünürəm ki, Azərbaycan idmançıları yarışlarda kifayət qədər yüksək əzmkarlıq göstərərək xalqımızı parlaq qələbələri ilə sevindirəcəklər.
Bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə MəmmədovaAZƏRTAC-a müsahibəsində deyib.
S.Məmmədova bildirib ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı kimi mötəbər turnirdə uğurla çıxış edən gənc atletlər gələcəkdə Avropa Oyunları, Olimpiya Oyunları kimi böyük mötəbər yarışlara qatılırlar. Festival Azərbaycan idmançıları üçün də sınaq yarışı olacaq. Çünki bu yarışda idmançılarımıza öz bacarıqlarını göstərmək üçün hər cür şərait yaradılacaq. Bu baxımdan festival yarışda iştirak edən idmançılar, xüsusilə milli atletlərimizin yetişməsində əhəmiyyətli rol oynayacaq.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, idmançıların qalacaqları Atletlər Kəndi də atletləri qəbul etməyə tam hazırdır. Atletlər Kəndi I Avropa və IV İslam Həmrəyliyi oyunlarına ev sahibliyi etdiyimiz dövrdə idmançıların qaldıqları və yüksək səviyyədə şəraiti olan məkandır. İdmançıların arenalara vaxtında çatdırılması da təmin olunacaq.
Festivala hazırlıqlar barədə danışan S.Məmmədova deyib ki, Avropa Olimpiya Komitəsinin Əməliyyat Komitəsinin üzvləri festivala hazırlıq işləri ilə bağlı Bakıda bir sıra texniki məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Onlar festivala son hazırlıq işləri, Atletlər Kəndindəki vəziyyət, nəqliyyat, təhlükəsizlik və digər mühüm əhəmiyyət kəsb edən məsələlərlə yaxından tanış olublar. Eyni zamanda, yarışların keçiriləcəyi idman obyektlərinə baxış keçiriblər. Avropa Olimpiya Komitəsinin nümayəndə heyətləri Azərbaycanın bu yarışa hazırlığını yüksək qiymətləndiriblər. Könüllülər arasında da bu yarışa böyük maraq var. Yaxın günlərdə idmançıları, texniki nümayəndə heyəti və qonaqları ölkəmizdə qəbul edəcəyik.
"Yarışların açılış mərasiminə bir biletin qiyməti 10-15, bağlanış mərasiminə isə 5-10 manatdır. Hər iki mərasim "Baku Crystal Hall”da keçiriləcək. Digər idman arenalarında təşkil ediləcək yarışları isə tamaşaçılar sərbəst şəkildə gəlib izləyə biləcəklər. Biz hamını idmançılarımıza dəstək olmağa çağırırıq. Son illər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlərin uğurlu təşkilinin ənənəvi hal alması və hər bir yarışın ölkəmizin təbliğində müstəsna rol oynadığı nəzərə alınaraq Avropa Gənclər Yay Olimpiya Festivalının da yüksək səviyyədə keçiriləcəyini əminliklə söyləyə bilərik”, - deyə S.Məmmədova vurğulayıb.
Xatırladaq ki, bu mötəbər festivalın Bakıda layiqincə, uğurla və yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci il 15 may tarixli Sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb.
Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etmək məqsədilə təşkil olunan Festivalın yarışları Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionu, Milli Gimnastika Arenası, Bakı İdman Sarayı, Bakı Tennis Akademiyası, Bakı Su İdmanı Sarayı, "Sərhədçi” İdman Olimpiya Mərkəzi, "ABU Arena” idman kompleksi, Dərnəgül Voleybol Mərkəzi, Avropa Azərbaycan Məktəbi, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzi, Velopark, Heydər Əliyev adına İdman Sarayında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalının ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq, Olimpiya dəyərləri və ideallarını aşılamaq məqsədilə Avropa Olimpiya Komitəsinin (AOK) sabiq prezidenti Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülüb. Festival 14-18 yaşlı avropalı gənc atletlər üçün yüksək səviyyəli çoxnövlü idman turniridir. Birinci festival 1991-ci ildə Belçikada keçirilib. Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə AOK tərəfindən təşkil olunan festivala ev sahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən təsnifat mərhələsi olmadan iştirak etmək hüququ qazanır. Bu idman tədbiri iki ildən bir qışda və yayda təşkil edilir.
banner

Oxşar Xəbərlər