Fəsillərin “ilham pərisi”-nə təsiri
Yaradıcı insanın enerjisinin aşıb-daşması, yeni
ideyalar, yeni duyğularla köklənməsi üçün fəsillərin önəmi varmı? Yazarlar qış,
yoxsa yaz fəslində daha yaxşı işləyir və ən gözəl əsərlərini yaradırlar?
Ümumiyyətlə, yaradıcılıq üçün fəslin, vaxtın önəmi varmı?"Müzakirə”mizdə maraqlı cavablarla qarşılaşdıq.
Günün hissələrinin təsiri
Yazıçı İlqar Fəhmi üçün fəsillərin deyil, gecələr yazmağın böyük əhəmiyyəti
var: «Mən adətən, gecələr 12-3 arası işləyirəm. Ayrı saatlarda o qədər də işləyə
bilmirəm. Mənim üçün yaradıcılığımda günün hissələrinin böyük rolu var. Fəsillərin
isə mənim üçün heç bir əhəmiyyəti yoxdur - qışın da, yazın da gecəsi eynidir. Məsələn,
yaz gəldi, güllər açdı və ya quşlar oxudu - bunun fərqi yoxdur. Mən vaxtın bərabərləşməsini
xoşlayıram. Gecələr vaxt bərabərləşir».
Qışın da, payızın da öz mövzusu...
Şair Musa Ələkbərli yazılarını daha çox payız aylarında yazdığını
deyir: «Əlbəttə, yaz da ürəkaçan fəsildir. Bəlkə də ən gözəl şeir fəsli yazdır.
İnsan bu fəsildə təbiətin qoynuna getməyə can atır. Səhərlər ən yaxşı şeirimizi
quşlar yazır. Quşların səsinə yuxudan oyanırıq. Təbiətin qoynunda olanda da
insanı ən çox fərəhləndirən quşların oxumasıdır. Bu baxımdan, fəsillərin
yaradıcılıqda həm önəmi var, həm də yoxdur. Məsələn, qışın öz, payızın da öz
mövzuları olur. Mən şeirlərimi ən çox gecə saat 4-5 arası yazıram. Sanki o
misraları kimsə mənə pıçıldayır. Şeirin texnikasını bilən adam oturub istədiyi
qədər yaza bilər. Ancaq peşəkarlıqla yazılanlar şeir olmur. Gərək o şeiri sənə
desinlər ki, yazasan. Yəni hansısa bir hiss, duyğu səni həyəcanlandırsın ki,
onu yazasan. Yaradıcılıq aləmi çətindir».
Yazda, onun mövluduna durmaq xoşdur
Şair Qulu Ağsəs yaz gələndə daha çox təbiətin poeziyasını dinləməyi
xoşlayır: "Səhər yuxudan duranda quşlar oxuyur, ağaclar hər tərəfdə çiçək açır.
Yaz gələndə təbiət sanki nəsr janrından poeziya janrına keçir, demək olar ki, ədəbiyyatın
bütün növlərində yazır. Sərbəst janr da, heca da, qəzəl də yazır. Yazın gəlişi
məndə elə duyğular oyadır ki, mən yazmaqdan çox, ona baxmağı, dinləməyi, görməyi
xoşlayıram. Amma qələm dostlarım var ki, «yaz gələndə mən daha çox məhsuldar
oluram» deyirlər. Mən isə fəsillərdə
yazmağıma görə elə də məhsuldar şair deyiləm. Fəsillərin yaradıcılığıma o qədər
də təsiri olmur. Nə vaxt yazmaq istəyirəmsə o vaxt da yazıram. Yazmaq məsələsində
qış, payız, yaz, yayın heç bir təsiri yoxdur”. Q.Ağsəs yaz fəslini sevdiyini
deyir: "Çünki yazı sözündə də "yaz” var.
Ancaq mən baharda yazmağa həvəslənmirəm. Daha çox təbiətin yazdığını çözməyə həvəslənirəm.
Qışda təbiət ölür. Ancaq yazda, onun mövluduna durmaq xoşdur. Yazın gəlişi məndə
elə bir duyğu yaradır ki, sanki insan öləndən sonra bir də dünyaya gələ bilər”.
Zaman faktorundan yararlanmaq amili
Şair Vasif Süleyman hesab edir ki, fəsillər, insan olaraq hər kəsin
ovqatında müəyyən dəyişikliklər yarada bilər. Belə ki, kimsə payız, kimsə yaz
adamıdır: "Kimsə ovqatına uyğun fəsildə ağır bir travma yaşayıbsa, həmin fəsil
onda dolaşıq duyğular fəslinə çevrilə bilir. Bunlar hər kəsə aid ola bilər”. Fəsillərin
"ilham pərisi”nə təsirinə gəlincə, şair üçün
bu anlayış yoxdur: "Deyək ki, elmi mövzu işləyənlər və yaxud yarımçıq
romanını tamamlamaq istəyənlər qışda da, yayda da məzuniyyət götürüb bir hücrəyə
çəkilə bilirlər. Bu, daha çox zaman faktorundan yararlanmaq amilindən irəli gəlir.
Mənim üçün fəsillərin "ilham pərisi”nə təsiri anlayışı yoxdur. "İlham pərisi”nin
gəlməsi sevginin gəlməsi kimidir, onun vaxtı-zamanı olmaz. Təbiət təsvirlərinin
verilməsində sözsüz ki, fəsillərin rolu ola bilər. Amma duyğunun, düşüncənin nə
fəsli... Buna nəinki fikir verməmişəm, heç bunun haqqında nə vaxtsa düşünmək
belə ağlımdan keçməyib. Amma bununla belə, kiminsə "ilham pərisi”nin hansısa fəsildə
gələ bilməsini də mümkün sayıram. Hər halda mən öz düşüncələrimi dilə gətirirəm”.
Yayda və yazda daha çox iş
Yazar Mirmehdi Ağaoğlu yayda və yazda daha çox işləməyi xoşladığını
deyir: "Tibb elminə görə, yazın və payızın dəyişkənliyi insan orqanizminə təsir
edir. Yazın gəlişi ilə insanın təbiətinə uyğun olan Novruzu da qeyd edirik.
Qalan bayramları isə sonradan yaratmışıq. Ancaq bütün ruhumuzla qeyd etdiyimiz
bayram Novruzdur. Bahar təkcə təbiətin deyil, ruhən, mənən özümüzün
oyanışımızdır. Əlbəttə, bu da yaradıcılığa təsir edir. Yazın ilkin gəlişi
adamlarda bir az psixoloji sarsıntı yarada, yaradıcılığa pis təsir göstərə bilər.
Ancaq sonrakı proseslər – günəşin daha parlaq olması, təbiətin yaşıllaşması, quşların
oxuması, havanın qızması bizə xoş təsir göstərməlidir. Hesab edirəm ki, yazın gəlişi
sənət adamlarının yaradıcılığına da müsbət təsir etməlidir. Məsələn, yaz gələndə
rəssamlar malberti götürüb təbiətin qoynuna üz tuturlar və yaxud təbiətin
qoynunda daha çox vaxt keçirə – yaza-poza bilirsən». Yayda və yazda daha çox
işləməyi xoşladığını deyən yazar qış fəslini ümumiyyətlə sevmədiyini bildirir:
"Qış mənim həm yaradıcılıq, həm də bir insan olaraq sevmədiyim fəsildir».
Mif kimi yanaşma
Yazar Aysel Əlizadəyə görə, fəsillərin yazarların yaradıcılığındakı rolu
mifdir: "Müasir dünya yazıçılarının müsahibələrində belə fikrə rast gəlməmişəm.
Onlar bütün fəsillərdə yazırlar və yaxud elə bir dönəm olur ki, məzuniyyət
götürür, bir müddət yazmırlar və istirahət edirlər. Bu isə istənilən vaxt ola
bilər. Mən də öz yaradıcılığımda bunu müşahidə etməmişəm”. Yazar insan olaraq
günəşli havaları çox sevdiyini deyir: "Günəş olanda mən enerji alıram, pozitiv
oluram, yazmaq, yaşamaq, yaxşı nə varsa hamısını etmək istəyirəm. Hansısa fəsildə
yaradıcılıq fəaliyyətimin daha da aktivləşməsi isə baş vermir. Yayda çox isti
olanda, yaradıcılıqla məşğul olmaq həvəsim olmur. Daha çox oxumağı xoşlayıram.
Ancaq daha çox soyuq havalarda otağa qapanıb yazmağa başlayırsan. Düzdür, bizdən
əvvəlki nəslin içərisində «təbiət qoynuna çəkildim, yazdım» deyənlər olub. Bəlkə də belədir. Ancaq biz
daha çox dinamik həyatın, bol informasiyanın içərisindəyik. Ola bilsin ki,
bizim üçün dağlar qoynuna və ya bağa gedib yaradıcılıqla məşğul olmaq bir qədər
çətindir». Yazar yaradıcılığın daha çox ilhamdan asılı olmasına inanmır:
«Yaradıcılığın ilk mərhələsi ilhamdan asılı ola bilər. İlham da istedadın,
düşüncələrin diktəsidir, iş görmək həvəsidir. Amma müəyyən vaxtdan sonra bu,
peşəkarlığa çevrilir. İş o yerə gəlib çatır ki, sən yalnız peşəkar fəaliyyətlə
məşğul olmağa başlayırsan. Şeir yazmaq məsələsində bəlkə ilham ola bilər. Müəyyən
dövrdən sonra professional şair özünü ilhamın ixtiyarına buraxmır – oturub
yazır. Əgər uzun müddət "ilham pərisi”ndən asılı olursansa, bu, bir az rəndələnməmiş
yaradıcılıq olur. İstənilən dünya yazıçısının müsahibəsini oxuyanda görürsən
ki, onların konkret proqramları var. Yəni səhər yuxudan durub oturub işləyir, nahar
edir, yenə də masanın arxasına keçir, oxuyur-yazır. Bizim onların ilhamına və
ya istedadına şübhəmiz ola bilməz. Yazı masası yazıçı və ya şair üçün iş
yeridir, onun ofisidir. Xüsusilə, əgər yaradıcılığında publisistikaya yer
verirsə, o da peşəkarlıq tələb edir. Sözsüz ki, janrların da fərqi olur”. Öz yaradıcılığından
nümunə gətirən gənc yazar hər gün şeir yazmağın mümkün olmadığını deyir: "Mən
şeir kitabının üzərində işləyəndə gördüm ki, bu da peşəkar fəaliyyətdir. Necə
ki, rəssamlar malbertin qarşısında saatlarla otururlar. Yoxsa gəzim, dolanım
ağlıma bir fikir gələcək, onu oturub yazım, bu, iş deyil. Ona görə fəsillərin
yaradıcılıqda rol oynamasına mif kimi yanaşıram. Bəlkə də bu mifə uyduğumuzdan ədəbiyyatımızda
bəzi boşluqlarımız var. Bizim böyük yazıçılarımız da gecə-gündüz çalışmalarını
kitablara borcludurlar. Məsələn, İsa Hüseynov gecə-gündüz işləyirdi».
Qışda daha yaxşı köklənmə
Yazıçı Aslan Quliyevin ən çox sevdiyi fəsil yaz olsa da, bütün əsərlərini
qış aylarında yazdığını deyir: «Ola bilər ki, şairlər yaz aylarında yazır. Amma
söhbət yazıçılıqdan gedirsə, mən iri roman və povestlərimi yalnız qışda
yazmışam. Yazda və yayda yazmağa o qədər meylim olmur. Mən ən yaxşı yazılarımı
payızda və qışda yazmışam. Bilmirəm, hava ilə bağlıdır, yoxsa başqa bir səbəb
var, məncə qış aylarında adam yazıya daha yaxşı köklənir». Yazıçı, ilhamın gəlməsini
isə ədəbiyyat üçün süni amil hesab edir: «Yazıçı istədiyi vaxt yaza bilir. Qəlbinə,
fikrinə nə düşdüsə, təxəyyülündən keçirir və yazır.
Təranə Məhərrəmova