• çərşənbə axşamı, 19 mart, 14:56
  • Baku Bakı 8°C

Fərqli xarakterlərin qurduğu yuva – Ailə

13.01.17 10:51 3653
Fərqli xarakterlərin qurduğu yuva – Ailə

Elçin Cəfərov: "Düşündüm ki, mənim kimi adama ancaq o dözə bilər”


Onlar üçün ailə hər şeyini paylaşmaq deməkdir: sevgini də, nifrəti də, sevinci də, kədəri də, aqressiyanı da, əsəbi də, ürəyinin döyüntüsünü də, həyəcanını da, lap elə yediyin tikəni də...
Bu dəfə Cəfərovlar ailəsinin qonağıyıq. Müsahiblərimiz Yuğ Dövlət Teatrının mətbuat katibi, AMEA Memarlıq və İncəsənət İnstitutunda "Teatr, kino və televiziya” şöbəsinin elmi işçisi, teatrşünas Könül Əliyeva-Cəfərova və Yuğ Dövlət Teatrının ədəbi hissə müdiri, Dövlət İncəsənət və Mədəniyyət Universitetinin müəllimi Elçin Cəfərovdur. Həmsöhbətlərimizin iki övladı var: Altay 6, Vaqif 3 yaşındadır.

"Bütün qrupun qarşısında Elçin məndən üzr istədi”

Tanışlıqları təfərrüatına kimi xanımlar daha yaxşı yaddaşlarına həkk etdiyindən Könülə söz veririk: "İlk tanışlığımız, filmdə deyildiyi kimi, Mitya, sən təsəvvür edə bilməzsən, bu lap min bir gecə nağılı idi (gülür – L.M.). Biz 15-16 il bir qəsəbədə yaşamışıq, qonşu məktəblərdə oxumuşuq, eyni tədbirlərdə çıxış etmişik, eyni olimpiadalarda yerlər tutmuşuq, amma heç vaxt bir-birimizə rast gəlməmişik. Nəhayət, bir universitetə, hətta bir qrupa qəbul olmuşuq və bir qrupun içində düz bir ay rastlaşmamışıq. "Hanı o oğlan, onu mənə göstərin”, "hanı o qız, onu mənə göstərin” deyib axtarmışıq bir-birimizi. Bir dəfə qrupda onun bir yazısını tənqid etdim. İndi düzünü etiraf edim ki, çox yaxşı yazı idi. Qrupdan bir qız da özünü saxlaya bilmədi və mənim haqsız tənqid etdiyimi dedi. Üstəlik, əlavə etdi ki, biz həmişə bir-birinizdə səhv axtarırıq. Elçin də qayıtdı ki, mən onda səhv axtarmıram, o, başdan-ayağa səhvdir. İlk dəfə idi ki, bir adamın, hətta bir oğlanın sözünün altında qaldım, cavab verməyə söz tapmadım və başladım ağlamağa. Düzdür, buna görə, müəllimimiz Məryəm Əlizadə bütün qrupun qarşısında Elçini məndən üzr istəməyə məcbur etdi və o andan bizim düşmənçiliyimiz başladı. Necə deyərlər, böyük eşqlər davayla başlar. Sonralar bu nifrətin necə dostluğa çevrildiyini heç özüm də bilmədim. Məryəm xanım bizi Yuğ teatrına aparırdı tez-tez. 3-5 tələbə bu teatrın daimi tamaşaçısına çevrildik. Teatrın yaradıcısı, bizim ustadımız Vaqif İbrahimoğlu Elçini Yuğ Teatrına ədəbi hissə müdiri vəzifəsinə işə götürdü. Mən də öyrənmək məqsədilə hər gün Elçinlə işə gedib-gəlirdim. Axırda Vaqif müəllim dedi ki, onsuz hər gün səhərdən axşama qədər burdasan, yazıqsan, gəl, götürüm ştata, heç olmasa maaş al (gülür – L.M.). Allah ona qəni-qəni rəhmət eləsin. Uzun müddət Yuğ Teatrında birlikdə işlədik. 4-cü kursun sonunda, dəqiq tarixi də yadımdadır - 28 aprel, 2007-ci ildə Elçin mənə öz sevgisini etiraf etdi. Dedi ki, daha sənin dostum olmaq istəmirəm, sənə olan hisslərim artıq dostluq deyil, həyatda nə deyildiyini bilmirəm, amma bədii ədəbiyyatda buna sevgi deyirlər...”.


"Uşaqlarımıza düşünməyi və sevməyi öyrədirik”

Onu da öyrəndik ki, övladlarının tərbiyəsi ilə daha çox Könül məşğul olur. Onlar uşaqlarına düşünməyi və sevməyi öyrətdiklərini deyirlər: "Yerdə qalan məsələləri zamanla özləri öyrənəcəklər”.
Elçin üçün ailə "Könül, Altay və Vaqif”, Könül üçünsə hər şeyini paylaşmaq deməkdir: "Sevgini də, nifrəti də, sevinci də, kədəri də, aqressiyanı da, əsəbi də, ürəyinin döyüntüsünü də, həyəcanını da, lap elə yediyin tikəni də. Ailə həm də atdığın hər bir addımda nə olursa, olsun, yıxılacağın anda səni tutacaq birinin varlığını hiss etməkdir. Bu, elə SEVGİnin özü deyilmi?!”.

Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər