AZE | RUS | ENG |

"Fərqli təcrübələri sınamağı sevirəm" - Gör-götür

Ramin Şəfəqətov: “Burda şirkətlər işə saat neçədə başlamağa, hardan işləməyə bir o qədər əhəmiyyət vermirlər, daha çox nəticəyə baxırlar”

Bakalavr, magistr və doktorantura təhsilini başqa bir sahə üzrə alır, amma çalışdığı sektor İT olur. Karyera cəhətdən maraq göstərdiyi sahə İT olduğu üçün sonradan bu istiqamətdə təhsil alıb, tamamilə bu tərəfə yönəlir. Amma uzun zaman sərf etdiyi digər istiqamətdəki təhsili üçün də peşman deyil. Çünki elmi araşdırma aparmağın ona ayrı bir təcrübə verdiyi qənaətindədir. Müsahibimiz hazırda Belçikanın Gent şəhərində "Loqutus” İT və biznes konsaltinq şirkətində rəqəmsal analitik, "Microsoft”un "Office 365” paketi üzrə məsləhətçi kimi çalışan həmyerlimiz Ramin Şəfəqətovdur.

Qeyd edək ki, Ramin Şəfəqətovun 36 yaşı var. Bakı şəhərində anadan olub, orta təhsilini də Bakıda alıb. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisasında alıb. Daha sonra o istiqamətdə İsveçin Linköping Universitetində magistr, Belçikanın Gent Universitetində doktorantura üzrə təhsilini davam etdirib. Son olaraq isə Belçikada informasiya texnologiyalarının idarə olunması (İT menecment) üzrə MBA təhsili də alıb.

- Ali təhsilə böyük zaman sərf etmisiniz…
- Təhsilə həqiqətən də xeyli zaman sərf etmişəm. Ali təhsildən əlavə, qısa yay məktəbləri, treninqlər və konfranslar üçün Amerika, Çexiya, Norveç, Cənubi Koreya da daxil olmaqla 30-dan çox ölkədə olmuşam.
 


- Təhsilə bu qədər zaman ayırmağınız iş mühitinə gec düşməyinizə səbəb olmadı ki?
- İş həyatına gec başladığımı deməzdim. Çünki İsveçdəki magistr təhsilimi başa vurandan sonra vətənə qayıtdım, Azərbaycanda BMT-nin İnkişaf Proqramının layihəsində bir il İT məsləhətçisi kimi çalışdım. Bir müddət əvvəlki Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İT layihələrində işlədim. Sonra Gent Universitetindəki elmi araşdırma işimlə əlaqədar Belçikaya gəldim. Bir müddət Gent Universitetində araşdırmaçı kimi çalışdım. Bu müddət ərzində eyni zamanda magistr tələbələrinə dərs demək imkanım oldu. 3 il çalışandan sonra işimi dəyişmək və İT tərəfə yönəlmək qərarı verdim. Hazırda Gent şəhərində yerli İT konsaltinq şirkətlərindən birində çalışıram.

- Doktorantura təhsilini başa vurandan sonra İT sahəsində MBA təhsili alıb, tam olaraq o istiqamətə yönəlmisiniz. Bu, ixtisas dəyişikliyinə getməyinizin səbəbi nə idi?
- İxtisas dəyişikliyi deyəndə ki, əslində, iki ixtisas sahibiyəm. Sosial elmlər sahəsində İsveçdə aldığım magistr təhsilimin birbaşa Belçikadakı elmi araşdırma işimlə bağlılığı var. Azərbaycandakı və Belçikadakı iş təcrübəm isə ikinci magistr təhsilim olan İT menecmentlə bağlıdır. Belə iki ixtisasda təhsil almağımın səbəbi dəyişiklikləri sevməyimlə bağlıdır. Fərqli təcrübələri sınamağı sevirəm. Hazırda İT sahəsində çalışsam da, birinci ixtisasıma - sosial elmlərə də həvəsim var. Karyera kimi olmasa da, mənim üçün o sahə də çox maraqlıdır. Amma İT sahəsinə marağım olduqca böyükdür. Bu sahədə əvvəldən də təcrübəm var idi. Sosial elmlər sahəsində təhsil alanda belə, İT sektorunda çalışırdım. Belə deyək, dadına baxdığım üçün əlavə olaraq ikinci magistr oxumaqla nəzəri cəhətdən biliklərimi daha da gücləndirdim və bu sahədə çalışmağa davam etdim.
 


- Bu sahənin dadı-duzu nədədir?
- Xaraktercə dəyişikliyi sevən adamam. Hətta uşaqlıqda da nəyisə dəyişirdim, başqa formaya salırdım, yeniliklər etməyə çalışırdım. İşlədiyim sahə də elə buna uyğundur, hazırda biznes proseslərinin optimallaşdırılmasında analizlər edirəm, yeni ideyalar üzərində çalışıram, İT layihələrini araşdırıram. Bir sözlə, yeni İT sistemlərinin yaranması və ya mövcud İT sistemlərinin yeni formaya salınmasında iştirak edirəm. Bu da nəticə etibarilə biznes gəlirlərinin çoxalmasına səbəb olur.

- Uzunmüddətli təhsil peşə sahibi olmaqdan başqa sizə nə verdi?
- Çox şey. Xaricdə təhsil insana çox şey qazandırır. Xaricdə təhsil alan digər şəxslər də mənimlə eyni fikri bölüşər. Xaricdə təhsil müstəqil yetişmək baxımından da önəmlidir. Ailədən, ata-anadan uzaqda olursan, qərarlarını müstəqil vermək, səhv etmək və onların üzərində öyrənmək, ümumiyyətlə, bu kimi tərəflər cəhətdən də çox şey əldə edirsən. Uzunmüddətli təhsil mənə gözəl həyat təcrübəsi qazandırdı.
 
- Heç düşünmüsünüzmü ki, kaş əvvəldən İT üzrə təhsil alıb o istiqamətdə davam edəydim?
- Düzü, belə fikir ağlımdan keçib. Amma bu cür olmasına da peşman deyiləm. Karyera baxımından həvəsli olmasam da, elmi araşdırma ilə məşğul olduğum sahə də mənim üçün maraqlı idi. Sevə-sevə məşğul olurdum. Çünki elmi araşdırma aparmaq mənə ayrı bir təcrübə də verdi. Məsələlərə müxtəlif mövqelərdən yanaşmağı, daha geniş çərçivədə baxmağı qazandırdı. Bu, hər sahədə lazım olacaq önəmli təcrübədir. Hər sahədə üzdə görünənə yox, dərinliklərə baxmaq, səbəbin kökünü tapmaq vacibdir.
 


- Azərbaycanın da, Belçikanın da iş mühitində də olmusunuz. Hansı fərqləri deyə bilərsiniz?
- Mən sonuncu dəfə Azərbaycanda 6 il öncə olmuşam. Ona görə müqayisəm elə o dövrlə bağlı olacaq. Ümid edirəm ki, o vaxt mən çalışdığım dövrlə indi arasında Azərbaycanın iş mühitində pozitiv mənada çox şey dəyişib. O vaxt işə peşəkar yanaşma, istifadə olunan metod və üsullar olduqca fərqli idi. Distant işləmə imkanlarını və ya işə başlama və işin bitmə saatını misal çəkim. Azərbaycanda 09:00-18:00 kimi bir iş saatı standartı var idi. Mən hazırda çalışdığım şirkətdə 07:30-09:00, hətta 10:00-a qədər istədiyin müddətdə işə başlaya bilərsən. Nə qədər tez başlamısansa, işi daha tez başa vurub gedə bilərsən. Burda harada və nə vaxt işlədiyini özün seçirsən. Yəni, işləyəcəyin məkanı özün seçə bilirsən. Mən Azərbaycanda çalışdığım dövrdə distant işləmə imkanları yox dərəcəsində idi. Burada o məsələlər cəhətdən rahatlıqdır. Bu, təbii ki İT sahəsində daha populyardır. Məvacib cəhətdən də olduqca böyük fərq var idi. Ümumilikdə, fundamental olaraq işə peşəkar yanaşma olduqca başqa bir səviyyədədir. Məsələn, burda işdə özünü inkişaf etdirmə imkanları çoxdur. İnsanın bacarığına və biliyinə görə qiymətləndirirlər.
  
- İş rejimi cəhətdən sərbəstliyi sevirsiniz?
- Çox. O fikirdəyəm ki, insanın sərbəstliyi nə qədər çox olarsa, məhsuldarlığı bir o qədər çox olur. Şirkət də təbii ki bunu dəyərləndirir. İşə istədiyin vaxt başlamaq və sənə uyğun vaxtda bitirmək gözəldir. Burda şirkətlər işi saat neçədə başlamaq, hardan işləməyə bir o qədər əhəmiyyət vermirlər, daha çox nəticəyə baxırlar. İşinin keyfiyyəti yaxşıdırsa, heç bir problem olmur.
 


- Oradakı iş mühitinə uyğunlaşmaq çətin olmadı ki?
- Doğrusu, mən uyğunlaşma dövrünü İsveçdə keçirmişdim. Azərbaycandan birbaşa İsveçə getməklə məndə uzaq Skandinaviyada yaşamaq təcrübəsi artıq var idi. Ona görə Belçikada peşəkar iş mühitində elə bir narahatlıq olmadı. Mədəniyyət fərqləri təbii ki olur, istənilən halda bunu yaşayırsan. Amma bu, məndə çox çətin də keçmədi, normal oldu. Səbəbini də deyim. Həyat yoldaşımla İqtisad Universitetində bir oxumuşuq. Sonra bir yerdə İsveçdə magistr təhsili aldıq. Təhsili başa vurub Azərbaycana qayıdıb ailə qurduq. Azərbaycanda da bir yerdə çalışdıq, bir müddət sonra ailə olaraq Belçikaya gəldik. Həyatımızın bir çox dövrünü bərabər addımlamışıq. Sevdiyim insan yanımda oldu deyə, xarici mühitə öyrəşmək çətin olmadı. Hazırda Belçika cəmiyyətinə demək olar ki, tam inteqrasiya olmuşuq. 

- Xanımınız harada çalışır?
- Gent Universitetində Biznes informatikası və əməliyyat menecmenti üzrə dosent (professor assistant) kimi işləyir, bu sahəni bakalavr və magistr tələbələrinə tədris edir. Elmi araşdırma ilə məşğuldur.
 


- Artıq hər ikiniz karyera cəhətdən müəyyən bir yerə gəlmisiniz. Bəs gedərkən orda əsas çətinliyiniz nə oldu?
- Əsas çətinliyimiz deyərdim ki, zamanın nəbzinə uyğun karyera dəyişikliyimiz olub. Daha konkret desək, 2 övlad valideyni olaraq hər ikimiz ikinci magistratura - MBA proqramını oxuyub bitirdik. İnformasiya texnologiyalarının idarə edilməsi ixtisası üzrə təhsilimizə əlavə sərmayə qoyduq. Ümumiyyətlə, indiki sürətlə dəyişən iş bazarında çevik və dəyişkən (İT dilində buna "agile” deyirlər) olmaq şərtdir.
 
- Azərbaycana axırıncı dəfə 2013-cü ildə gəldiyinizi dediniz. Az vaxt deyil. Bu qədər fasilə verməyinizin səbəbi nədir?
- Avropada həyat çox dinamikdir. Yoldaşım və mən çalışırıq, üstəlik iki övladımız var, onlar da məktəbə gedirlər. 11 ildir ki, Belçikada yaşayırıq. Son 6 ildə ailədə hər kəsə uyğun olan bir vaxt tapıb gəlmək qismət olmayıb. Digər bir səbəb də ailələrimizin vətəndən kənarda - Avropada və Amerikada yaşamalarıdır. Amma buna baxmayaraq, ümid edirəm çox yaxın gələcəkdə vaxt ayırıb bir tətilimizi Azərbaycana səfər etməklə keçirəcəyik.
 
Aygün Asimqızı   

 

 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.927
GEL 1 1 Gürcüstan larisi 0.6404
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2148
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.6979
KWD 1 1 Küveyt dinarı 5.6001
TRY 1 1 Türkiyə lirəsi 0.3195