• şənbə, 20 Aprel, 09:21
  • Baku Bakı 14°C

Fermerlərlə istehsal etdikləri südü şirkətlərə sata bilmirlərsə...

07.03.18 12:00 2390
Fermerlərlə istehsal etdikləri südü şirkətlərə sata bilmirlərsə...
Gündəlik istifadə etdiyimiz qida məhsullarının içərisində südün özünəməxsus yeri var. Əvvəllər analarımız, nənələrimiz inək saxlayar, süd sağardılar. Sağılan süddən isə müxtəlif çeşiddə ağartı məhsulları hazırlayardılar. Dövr dəyişdikcə, adətlərimiz, həyat tərzimiz də dəyişdi. İndi süd içmək üçün inək saxlamağa ehtiyac yoxdur. Günün istənilən vaxtı marketlərdə satılan müxtəlif şirkətlərin qablaşdırılmış və pasterizə edilmiş süd məhsullarını ala bilərsiniz. Amma bütün bunlara baxmayaraq, rayonlarda heyvandarlıqla məşğul olan fermerlərin də sayı az deyil. Dövlətin kənd təsərrüfatının inkişafını prioritet vəzifə kimi qəbul etməsi, fermerləri daha səylə işləməyə vadar edir. Amma bu motivasiyanın davamlı olması üçün fermerin bazarı olmalıdır. İstehsal etdiyi məhsulu asanlıqla sata biləcəyi bazar. Ancaq bəzən şikayətlər də eşidilir. Rayonlarda heyvandarlıqla məşğul olan fermerlər istehsal etdikləri məhsulu sata bilmədiklərindən şikayətlənirlər. Xüsusən də yay aylarında fermerlər istehsal etdikləri südü sata bilmir, məhsul xarab olur. Maraqlıdır ki, Azərbaycanda süd məhsulları istehsal edən xeyli şirkət fəaliyyət göstərir. Elə isə sual yaranır: fermerlər südü sata bilmirlərsə, bu şirkətlər xammalı hardan əldə edirlər? Axı ola bilməz ki, fermerlər ölkədə şirkətlərin tələbatından daha artıq süd istehsal etsinlər. Burda isə başqa bir sual yaranır: Şirkətlər xammalı xaricdən gətirirlər? Xammalı xaricdən gətirmək üçün də səbəb olmalıdır axı. Xammal xaricdən gətirilmirsə, onda üzərində "100 faiz təbii inək südü” yazılmış məhsulun keyfiyyətinə şübhə ilə yanaşmalı olursan.
"Atena” şirkətinin brend meneceri Turqut Məmmədlideyir ki, şirkətin özünəməxsus ferması var: "Bu ferma Ağcabədidə yerləşir. Orada alman cinsi olan inəklərimiz var. Biz xammal südü oradan əldə edirik. Südün keyfiyyətinə heç bir şübhə yoxdur. Çünki süd əl dəymədən xüsusi sistemlə sağılır və zavoda gətirilərək emal edilir. Biz həm də istehsalla məşğuluq. Əlavə xammal ehtiyacı yaranan zaman isə bəzi fermalardan süd alırıq. Məsələn, Qəbələdə, Gəncədə, Şəkidə yerləşən bəzi fermalarla əlaqə saxlayırıq. Yerli fermerlərlə əməkdaşlıq etmirik. Sağdığı südü sata bilməyənlər adətən kiçik fermerlərdir. Çünki onların çox vaxt cins inəkləri olmur. Yerli inəklər olduğuna görə, onların südünün yağlılığı az olur. Bu süd də istehsala yararlı olmur”.
"Azərsun" Holdinqin nümayəndəsi Afiq Səfərov bizimlə söhbətində bildirdi ki, şirkətin Kürdəmirdə yerləşən ferması var: "Bu fermada südlük cins inəklər bəslənir. Həmin inəklərin hər biri günə ortalama 34 litr süd verirlər. Bundan başqa, bizim bölgələrdə yerləşən 5 süd toplama məntəqəmiz var. Yerli əhalidən süd toplanaraq laboratoriyaya gətirilir. Yoxlamadan sonra standarta uyğun süd emala yönlənir”.
"Azad İstehsalçılar” Birliyinin sədri Eyyub Hüseynov isə qeyd etdi ki, satışda istifadəyə yararsız süd məhsulları var: "Südün tərkibinə müxtəlif maddələr qatılır. 2011-ci ildə ABŞ-ın İnkişaf Agentliyi ölkədə təmiz məhsul buraxan müəssisələrə qida təhlükəsizliyi nişanının verilməsini təklif etdi. Belə bir nişan dövlət qeydiyyatına alındı. Biz o vaxtdan bəri iki süd məhsulu istehsal edən müəssisəyə qida təhlükəsizliyi nişanı şamil etmişik. Qeyd etdiyim kimi çoxlu miqdarda quru süddən istifadə edən və təzə süddən istifadə etməyən şirkətlər var. Amma bununla yanaşı, satışda təzə süddən istifadə edən şirkətlər də var. Məsələn, «Azərsun» 4 gün yararlılıq müddəti olan südü bazara çıxaranda, çox sevindim. Əslində şüşə qablarda satılan və 4 gün yararlılıq müddəti olan məhsul bazara çıxaran müəssisə böyük bir risk götürür. Bu o deməkdir ki, həmin şirkət təzə süd istehsal edib satır. Lakin qeyd etdiyim kimi, bir sıra müəssisə saxta mal satır. Məsələn, "İvanovka” brendini əhali hələ sovet vaxtından tanıyır. Əhali elə düşünür ki, üzərində "İvanovka” yazılmış bütün məhsullar İsmayıllı rayonunun İvanovka kəndində, ekoloji təmiz süddən hazırlanır. Əslində bu, belə deyil. "İvanovka” brendi ilə heç bir əlaqəsi olmayan, xeyli sayda məhsul satılır. Bu südün tərkibinə baytarlıq dərmanlarının qalıqları, antibiotiklər və digər maddələr qatılır. Əksər hallarda malların üzərinə inək şəkilləri çəkib, təzə süd yazırlar və bununla da insanlar aldadılır. Bazarda süd məhsullarının satışında böyük problem var. Əslində təzə südlə işləyən çox azsaylı müəssisə var. Süd alarkən fikir vermək lazımdır ki, südün yararlılıq tarixi az olsun. Çünki bu o deməkdir ki, həmin şirkət təzə süddən istifadə edir”.
ATU-nun qidalanma və kommunal gigiyena, uşaq və yeniyetmələrin gigiyenası kafedrasının müdiri İbrahim Əhmədovdeyir ki, əhalinin təminatı üçün təbii süd çatışmadığı hallarda, toz halında olan südlərdən istifadə olunur: "Süd elə məhsuldur ki, onu uzun müddət saxlamaq olmur. Onun emalı üçün müxtəlif metodlardan istifadə edilir. Bu, əhalinin südçülük məhsulu ilə təminatında əhəmiyyətli yer tutur. Düzgün qablaşdırılmış süd məhsulları əlverişli şəraitdə saxlanılarsa, onun orqanizmə heç bir ziyanı olmaz. Qablaşdırılmalar açıldıqdan sonra vaxtı keçərsə, zəhərlənmə baş verə bilər. Normal emal prosesindən istifadə edilərsə, neqativ halların qarşısı alınar. Dünyada bu metoddan geniş istifadə olunur. Adətən satışda olan süd məhsullarının üzərinə "ekoloji cəhətdən təmizdir” sözü yazılır. Amma eyni zamanda, qeyd olunur ki, 20 gün ərzində istifadə edilməlidir. Çünki pasterizə edilmiş süd 20 gündən artıq qaldıqda, istifadəyə yararsız olur. Aydındır ki, bu süd məhsullarının tərkibində müxtəlif konservantlardan istifadə edilib. Texnoloji yeniliklər vasitəsilə südün tərkibinə xarab olmanın qarşısını alan müxtəlif maddələr qatmaq mümkündür. Bu, onun təbii olmadığı mənasına gəlmir. Hər məhsulun özünün xüsusi yanaşması var. Çünki hər bir qida məhsulunun qida dəyəri və tərkib komponentləri var. Bundan qorxmağa ehtiyac yoxdur. Əsas məsələ odur ki, insanlar üçün təhlükəsiz süd məhsulları olsun. Əgər bu yeniliklər istifadə edilməzsə, əhalinin südlə təmin edilməsində ciddi problemlər yaranar”.
İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, süd emalı ilə məşğul olan şirkətlər ilin müxtəlif dövrlərində ciddi xammal çatışmazlığı ilə qarşılaşırlar: "Bəzən süd emal edən şirkətlər istehsalçıların məhsullarını qəbul edə bilmir. Amma müəyyən dövrlərdə isə əksinə situasiya yaranır. Bu, müxtəlif səbəblərdən asılıdır. Amma ilkin səbəb Azərbaycanda istehsal prosesinə nəzarətin zəif olmasıdır. Həmçinin, yerli istehsalçılar da öz fəaliyyətlərini standartlara uyğunlaşdıraraq, daha keyfiyyətli məhsul istehsal etmək kimi strategiyalar üzərində qurmurlar. Təəssüflər olsun ki, bəzi hallarda artıq sənaye tullantıları olan südlərdən istifadə edirlər. Südə müxtəlif qatqılar əlavə edilir. Həmçinin, bir neçə dəfə emal olunmuş südə marqarin yağı əlavə etməklə, xammal hazırlayırlar. Bu, ikitərəfli problemdir. Bəzi hallarda süd istehsalçıları müəssisələrdə məhsul çatışmazlığı hiss olunan kimi, qiymətləri ciddi şəkildə artırır. Son illər ərzində bu situasiya geniş müşahidə olunur. Nəticədə isə bu müəssisələr özləri hansısa formada alternativ yollar axtarmağa məcbur olurlar. Bu da neqativ halların yaşanmasına səbəb olur. Eyni zamanda, emal sənayesinə nəzarət edən qurumların da öhdəliklərini doğru-düzgün yerinə yetirməməsi son nəticədə xammal olaraq keyfiyyətsiz idxal olunmuş, bəzi hallarda tullantı hesab olunan məhsulların istifadəsinə səbəb olur. Düşünürəm ki, hər bir sahə üzrə assosiasiyaların yaradılması tərəflərin maraqlarının daha doğru müdafiə edilməsinə kömək edə bilər. Burada ənənəvi assosiasiyadan söhbət getmir. Biz daha çevik, daha uyğun siyasət apara biləcək, tərəflər arasındakı münasibətləri müasir səviyyədə qura biləcək bir assosiasiyalardan bəhs edirik. Belə bir qurumun yaradılması eyni zamanda həm emalçılarla, həm də hökumətlə müzakirələrin aparılması istiqamətində işləri genişləndirə bilər. Həmçinin süd istehsalçıları da çalışmalıdırlar ki, bazarla dürüst münasibətlər qursunlar”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər