AZE | RUS | ENG |

Fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə

Fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə
Yeni yaradılan Aqrar İnkişaf mərkəzlərinin əsas prioritetləri məlumdur

Azərbaycanda rayon və şəhərlərdə dövlət aqrar inkişaf mərkəzləri yaradılacaq. Bu, prezident İlham Əliyevin  imzaladığı "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər” və "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” fərmanda əksini tapıb.  

Fərmanda qeyd edilib ki, Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid idarəçiliyinin təmin edilməsi və koordinasiyasının səmərəli təşkili, aqrar sahədə xidmətyönlü fəaliyyətin qurulması, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi, kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin istiqamətləndirilməsi məqsədi ilə nazirliyin rayon və şəhər idarələri əsasında dövlət aqrar inkişaf mərkəzləri yaradılacaq. Kənd Təsərrüfatı Nazirliyinə dövlət aqrar inkişaf mərkəzlərinin əsasnaməsini təsdiq etmək, onların fəaliyyətinin monitorinqi və qiymətləndirilməsi ilə bağlı müvafiq sistemin qurulmasını təmin etmək tapşırılıb.

Prezident tərəfindən "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişikliklərə əsasən isə, artıq kənd təsərrüfatı naziri nazirliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verəcək, dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürəcək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar HüseynovAZƏRTAC-a bildirib ki, bununla Azərbaycanda aqrar islahatların yeni mərhələsinin başlandığını söyləmək olar. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri ləğv edilib, onların əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb. DAİM-in yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən "vahid pəncərə” prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşməsini qeyd etmək olar. Bundan başqa, Dövlət Aqrar İnkişaf mərkəzlərinin nəzdində Fermer və Koordinasiya şuraları da yaradılacaq. Bu şuralar fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunacaq. Şuraların əsas vəzifələri fermerlərin problemlərini öyrənmək, onların aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, aqrar sahənin inkişafı ilə bağlı təkliflər verməkdən ibarətdir. Fermer və Koordinasiya şuraları mövcud problemləri və onların həll yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək”.

İqtisadçı millət vəkili Vahid Əhmədovdeyir ki, aqrar inkişaf mərkəzlərinin yaradılması müsbət hal kimi qiymətləndirilə bilər: "Bu mərkəzlərin yaradılması ilə bölgələrdə olan bir sıra aidiyyatı qurumlar mərkəzə tabe ediləcək və onların tərkibində fəaliyyət göstərəcək. Hesab edirəm ki, sahibkarlığın, fermer təsərrüfatının vahid mərkəzdən idarə olunması ciddi əhəmiyyət kəsb edir. Dağınıq şəkildə göstərilən fəaliyyətin bir mərkəzdə birləşdirilməsi çox vacibdir. Bu, həm də fermerlərə müəyyən təlimatların verilməsi, onların texnoloji yeniliklərlə bağlı maarifləndirilməsi baxımından əhəmiyyətlidir”. 

Kənd təsərrüfatı üzər ekspert Nicat Nəsirlibildirdi ki, Dövlət Aqrar İnkişaf mərkəzləri bu sahədə olan müxtəlif problemlərin aradan qaldırılmasında yardımçı ola bilər: "Regionlarda kənd təsərrüfatı idarələri sovet dövründən qalma sistemlə fəaliyyət göstərir. Zaman-zaman bəzi dəyişikliklər edilsə də, müəyyən problemlərin qaldığı göz qabağındadır. Bu gün Azərbaycanda 1 milyon 340 mindən çox istehsalçı var. Bu istehsalçıların böyük əksəriyyəti regionlarda fəaliyyət göstərir. Amma ümumilikdə götürdükdə isə Azərbaycanda kənd təsərrüfatının təşkili dağınıq formadadır. Bu istehsalçıların informasiya-məsləhət və digər xidmətlərə böyük ehtiyacı var. Dünyada istehsalçılara dəstək göstərən müxtəlif mexanizmlər fəaliyyət göstərir. Azərbaycanda da prezidentin sərəncamı ilə yaradılan Aqrar İnkişaf mərkəzləri məhz bu məqsədlər üçün nəzərdə tutulub. Bu mərkəzlərin fəaliyyəti əsasən məsləhət-informasiya işi istiqamətində qurulacaq. Amma ilk növbədə hər bir regionun xarakterik xüsusiyyətləri öyrənilməlidir. Çünki hər bir regionda kənd təsərrüfatı əkinçiliyi fərqli xarakter daşıyır. Mərkəzlər  regionlarda istehsalçılarla təmas qurmaqla real tələbatı öyrənərək onları elmi-texniki yeniliklərlə məlumatlandıracaq. Bundan başqa, istehsalçıların toxumçuluqla bağlı yeni biliklərə ehtiyacı var. Çünki bizim kiçik təsərrüfatlarda texnoloji yeniliklər yox səviyyəsindədir. Bu mənada mərkəzlərin fəaliyyət göstərməsi bəzi problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq”.

İqtisadçı Fikrət Yusifovbildirdi ki, Aqrar İnkişaf mərkəzlərinin yaradılması yerlərdə əkinlə və heyvandarlıqla məşğul olan insanların maarifləndirilməsi baxımından çox zəruri bir addımdır: "Son illərin təcrübəsi göstərir ki, əkinçilik və heyvandarlıqla məşğul olan fermerlər məhz az maarifləndikləri üçün baş verən bəzi problemlərin qarşısını vaxtında ala bilmirlər. Bu yaxınlarda pambıq sahələrində bir-birinin ardınca baş verən zəhərlənmə halları buna bariz bir misaldır. Əgər fermerlər pambıqçılıqda istifadə olunan zəhərli maddələrdən istifadənin qaydalarını bilsəydilər, bu xoşagəlməz hadisə də baş verməzdi. Hesab edirəm ki, bu təlim mərkəzlərində işlər yüksək səviyyədə təşkil ediləcək. Bu isə öz növbəsində aqrar sektorda məhsuldarlığın artmasına və xoşagəlməz hadisələrin sayının kəskin azalmasına imkan verəcəkdir”.
 
Şəbnəm Mehdizadə
 
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6570
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.2835
KWD 1 Küveyt dinarı 5.6023
SEK 1 İsveç kronu 0.1853
EUR 1 Avro 1.9349
CHF 1 İsveçrə frankı 1.7130
USD 1 ABŞ dolları 1.7000