• cümə, 19 Aprel, 11:54
  • Baku Bakı 13°C

Fermerlərin maarifləndirilməsinə ciddi ehtiyac var

15.11.13 12:05 2281
Fermerlərin maarifləndirilməsinə ciddi ehtiyac var
Dünyadakı 13 iqlim qurşağından 9-nun Azərbaycandan keçməsi nəinki ölkəmizi kənd təsərrüfatı məhsulları ilə təmin etmək, hətta bu məhsulları xarici bazarlara çıxarmağımıza imkan verir. Amma təəssüflər olsun ki, daxili imkanlar hesabına nə ölkəmizi kənd təsərrüfatı məhsullarlı ilə tam təmin edə, nə də xarici bazarlara çıxara bilirik.
Milli Məclisdəki çıxışında kənd təsərrüfatı məhsullarının ixracının arzuolunan səviyyədə olmadığından danışan deputat Fəzail Ağamalı Türkiyədəki kimi, bizdə də kənd təsərrüfatı məhsullarının xaricə ixracı zamanı rüsum tətbiq olunmamasını təklif edib. Millət vəkili eyni zamanda kənd təsərrüfütı məhsullarının emalında və sənaye üsulu ilə istehsal edən sahələrdə enerjidaşıyıcılarının qiymətlərini ləğv etmək, ya da güzəştli tariflər tətbiq etməyin sözügedən sahədə irəliləyişə səbəb olacağını düşünür. Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovla kənd təsərrüfatı məhsullarının ölkəmizdə istehsalını artırmaq və ixrac etməyin yolları barədə danışdıq.
- Azərbaycanda 50-dən artıq kənd təsərrüfatı məhsulu yetişdirilir ki, iqlim şəraitimiz həmin məhsulların əksəriyyətini daha çox məhz bizim ölkədə becərməyə imkan verir. Bir sözlə, təbii potensialımız var. Ancaq təəssüflər olsun ki, bu potensialdan istifadə edə bilmirik, kənd təsərrüfatının hansısa bir sahəsinin inkişafında ənənə yarada bilməmişik, samballı məktəbimiz yoxdur. Avropa ölkələrinə və MDB məkanına rəqabətli məhsul ixrac etmək üçün məhsuldarlığı artırmalı, məhsulun keyfiyyətini yaxşılaşdırmal, standartlara uyğun qablaşdırmamız olmalı, ilk növbədə isə məhsulun maya dəyərini aşağı salmalıyıq. Bu işlərin öhdəsindən gələ bilsək, bizim istehsal etdiyimiz məhsula xarici bazarlarda tələb olacaq.
- Deputat Fəzail Ağamalı təklif edib ki, Türkiyədə olduğu kimi? Azərbaycanda da ixrac mallarına rüsum aradan götürülsün. Sizcə, bu, sözügedən sahədə inkişafa səbəb ola bilərmi?

- Problem ixrac edilən məhsula tətbiq edilən rüsumda deyil. Bu gün Azərbaycanın öz bazarı üçün istehsal etdiyi məhsulun belə dəyəri yüksəkdir. Digər ölkələrdən Azərbaycana kənd təsərrüfatı məhsulları idxal olunur, həmin məhsullar ölkəmizdə də istehsal olunmasına baxmayaraq, bazarda çox asanlıqla satılır. Bu ondan xəbər verir ki, bizim daxili bazarda ciddi problemimiz var. Bu, istehsal olunan məhsulun ixracı ilə bağlı deyil. Əgər biz keyfiyyətli və ucuz məhsul istehsal etsək, ixrac rüsumunun burada heç bir rolu olmayacaq. Təəssüflər olsun ki, istehsal etdiyimiz məhsulun maya dəyəri kifayət qədər yüksək, rentabellik səviyyəsi aşağıdır. Buna görə də fermerlər məhsullarını ölkə daxilində baha satsalar da, sözügedən problemlər ucbatından istədikləri gəliri əldə edə bilmirlər.
- Maya dəyərini aşağı salmaq üçün nə etməliyik?

- Bunun yeganə yolu hər hektarda, yaxud hər baş mal-qarada məhsuldarlığı artırmaqdır. Bizim potensialımız bu gün bitkiçilikdə məhsuldarlığı 3 dəfə, heyvandarlıqda 4-5 dəfə artırmağa imkan verir. Bunu reallaşdırsaq, istehsal etdiyimiz məhsul bir o qədər rəqabət qabiliyyətli və maya dəyəri aşağı olacaq. Bir misal çəkim: taxıl istehsalında bir hektardan 25 sentner məhsul götürülür. Bir də var? eyni xərci çəkməklə 1 hektardan 75 sentner məhsul götürülsün.
- Vahid bəy, məhsuldarlığı artırmaq üçün nə təklif edirsiniz?

- Fermerlərin maarifləndirilməsinə ciddi ehtiyac var. Təəssüflər olsun ki, bizim fermerlər hələ də aqrotexniki qaydalara tam əməl etmirlər. Yeni texnologiyadan istifadə olunmaması da problemlərdən biridir. Toxumun keyfiyyətinin yaxşılaşdırılması, suvarma sisteminin qaydaya salınması, torpağın münbitliyinin qorunub saxlanması ilə bağlı problemlər var. Hələ də qablaşdırmanı müasir standartlara uyğun təşkil edə bilməmişik, məhsulun daşınmasını da primitiv qaydada həyata keçiririk. Bu problemlərin həlli üçün ciddi dövlət proqramı hazırlamaq lazımdır.
- Fermerlər problemdən danışanda daha çox maliyyə məsələsini önə çəkirlər...

- Bu gün fermerlər az-çox maliyyə vəsaiti əldə edə bilirlər. Çünki ölkəmizdə bu istiqamətdə müəyyən işlər görülür, fermerlərə müəyyən güzəştlər edilir. Eyni zamanda, fermerlərin özlərinin maliyyə mənbəyi var. Apardığımız monitorinqlər onu deməyə əsas verir ki, fermerlərin, kəndlilərin bilgisi kifayət qədər olmadığından? bu maliyyənin müqabilində aqrotexniki qaydalara tam əməl edə bilmirlər. Məsələn, suvarma işlərini vaxtlı-vaxtında təşkil etməkdə çətinlik çəkir, zərərvericilərə qarşı mübarizəni vaxtında aparmır, bitkinin, kolun ehtiyacını mineral, üzvü gübrələrlə ödəməyi bacarmır, yığımı zamanında apara bilmirlər. Torpağın münbitliyinin bərpası ilə bağlı çox ciddi problemlərimiz var. Yerlərdə torpağın tərkibinin aqrokimyəvi analizi aparılmadığı üçün torpağın tərkibi qeyri-müəyyəndir. Normalda? fermer hansı torpaqda hansı bitkini becərmək lazım olduğundan məlumatlı olmalıdır. Fermer hər il torpağa qulluq etməli, mineral gübrə verməlidir ki, torpaq qida ilə təmin edildikdə? bitkinin də qidaya olan ehtiyacını ödəsin, məhsuldarlıq yaransın. Təəssüflər olsun ki, bunları fermerlərimizin əksəriyyəti bilmir. Bölgələrimizdə keçirdiyimiz təlimlərdə bunun şahidi oluruq. Elmdə kifayət qədər yeniliklər olsa da, yeni texnologiyaların tətbiqi gözəl nəticələr versə də, hətta bizim ali təhsil almış mütəxəssislər belə, keçmişdə qalıblar. Buna görə də ilk növbədə fermerlərimizi maarifləndirməliyik. Yalnız fermerlərimiz bilgilənib sadaladığım problemlərin öhdəsindən gəlsələr, həm daxili, həm də xarici bazarda uğur əldə edə bilərələr.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər