• cümə, 29 Mart, 00:40
  • Baku Bakı 7°C

Fermerlərə verilən subsidiya məbləği məqbuldurmu?

04.09.19 09:30 1911
Fermerlərə verilən subsidiya məbləği məqbuldurmu?
2020-ci ildən subsidiyalar Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallara uyğun veriləcək. Belə ki, Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2020-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən olunub. Belə ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, intensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:
- alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik, alça və badam bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
- xurma və nar bitkiləri üzrə 1 hektara minumum 450 ədəd tingin əkildiyi bağlar;
- limon, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
- fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
- əzgil, zoğal, iydə, əncir, qoz, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.
Üzüm və intensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara şamil ediləcək. Digər meyvə bağlarına görə əkin subsidiyası 1,2 əmsalı üzrə veriləcək. Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.
Aqrar Subsidiya Şurasının qərarına görə, çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur. Pambıq üzrə əkin əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur. Tütün üzrə əkin əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur. Fındıq üzrə əkin əmsalı Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Şəki, Oğuz, Qusar, Qazax, Şabran və İsmayıllı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur. Çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur. Aqrar Subsidiya Şurası emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna 100 manat, quru tütünün hər tonuna 50 manat, yaş tütünün hər tonuna 5 manat, şəkər çuğundurunun hər tonuna 4 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib.
Aqrar Subsidiya Şurası həmçinin 2020-ci ildə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxun kvotası, tinglər üzrə illik kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadələrində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib. Qeyd edək ki, açıqlanan əmsallar üzrə subsidiyaların verilməsinə 2020-ci ildən başlanacaq. Həmin ildən subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək.
Bəs görəsən bu əmsalları məqbul hesab etmək olarmı?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli deyir ki, əmsal və kvotaları məqbul hesab edir: "Kənd təsərrüfatında idarəetmənin aləti kimi subsidiya vəsaitinin ünvanlı və şəffaf idarə olunmasına imkan yaradacaq. Subsidiya proqrammı 400 min fermeri əhatə edir. Bu mexanizmin yaradılması ilə ilk növbədə bürokratik və subyektiv yanaşmalar aradan qaldırılır. İndiyə kimi təqribən 1350 komissiya subsidiyanın təyin olunmasında iştirak edirdi. Bu komissiya kənddə, rayon mərkəzlərində və nazirlikdə olmaqla üç mərhələdə formalaşırdı. Amma indi elektron sistem vasitəsi ilə insanların iştirakı olmadan fermerlərin həm əkin sahələri, həm də əkin sahələrinin həcminə və keyfiyyət göstəricilərinə uyğun olaraq subsidiya təyin olunacaq. Əvvəllər fermerlər hər il sənəd toplamalı idi. Bəzən komissiyalar bu sənədləri geri qaytarırdı. Yəni, artıq şəffaflığa tam nail olunacaq. Subsidiya proqramı 2007-ci ildən bəri tətbiq olunur və bu illər ərzində kənd təsərrüfatının stimullaşdırılmasında mühüm alət kimi çıxış edir. Yeni qaydalarda əsas strateji hədəf kimi keyfiyyət göstəricilərinin yüksəldilməsi qarşıya qoyulub. Çünki həm heyvandarlıq, həm bitkiçilik üzrə məhsuldarlıq göstəriciləri dünya ortalamasından aşağıdır. Başqa bir hədəf isə hər bir istehlakçını narahat edən qiymət məsələsidir. Subsidiya proqramı imkan verəcək ki, bazarlarda qiymət tənzimlənsin. Əmsallara gəldikdə isə, hektar başına görə məbləğ 200 manatdan başlayır. Maksimum məbləğ isə 700-800 manat müqabilində təyin olunur. 200 manat indiyə qədər dövlətin hər hektara görə fermerə verdiyi subsidiya və güzəştlərin həcmidir. Ona görə də 200 manat əmsal götürülür. Ümumi iqtisadi mənada yanaşsaq, təyin olunan əmsal və kvotalar 1 hektarda becərmənin 70 faizinin dövlətin vəsaiti hesabına ödənilməsini əhatə edir. Bildiyiniz kimi, dövlətin fermerə verdiyi dəstək 70 faizdir. Yəni, xərclərin 30 faizini fermer özü qarşılayır. Bu mənada qeyd olunan rəqəmlər reallığı tam olaraq əhatə edir. Xüsusilə çoxillik əkmələr, intensiv bağçılıq üzrə əmsalları hesablasaq, 2800 manata yaxın vəsait əmələ gəlir. Bu da bir hektar üzrə becərmələrin aparılması üçün kifayət qədər normal rəqəmdir. Qeyd olunur ki, ilk 7 ildə bu qədər məbləğ ödəniləcək. Çünki çoxillik əkmələrdə məhsul 7-8 ilə ərsəyə gəlir. Bu da o deməkdir ki, məhsula düşənə qədər dövlət fermerə dəstək olacaq. Məhsul bazara girdikdən və fermerin gəlirləri formalaşdıqdan sonra əmsallar azaldılacaq. Düşünürəm ki, bu, kifayət qədər rasional bir yanaşmadır. Yəni bütövlükdə götürsək, təsərrüfatın qurulmasına tələb olunan xərclərdə dövlətin 70 faiz həcmində iştirakı deməkdir. Bu mənada qeyd olunan kvota və əmsalları bazar iqtisadiyyatı şəraitində normal qiymətləndirirəm”.
Aqrar sahə üzrə ekspert Qadir Bayramlı bildirdi ki, fermerlərin fəaliyyətinin təşviqi üçün atılan hər bir addım müsbət qiymətləndirilməlidir: "Xüsusilə, bu təşviqin subsidiya formasında həyata keçirilməsi çox mühümdür. Çünki fermerlərin belə təşviq mexanizmlərinə ciddi ehtiyacı var. Bu ehtiyaclar nə qədər çox ödənilərsə, fermerlərin uzunmüddətli fəaliyyətini təmin edər. Son illər ərzində kənd təsərrüfatına göstərilən diqqət və qayğı artmaqdadır. Artıq görülən işlər yavaş-yavaş müsbət nəticələrə gətirib çıxarır. Artıq bu sahədə dünya təcrübəsi öyrənilir. Amma subsidiya mexanizmi islahatların başlanğıcı sayıla bilər. Əsas məsələ bu subsidiyaların yerlərdə icrası ilə bağlıdır. Çox vaxt dövlət tərəfindən qəbul edilən qərarların yerlərdə icrasında problemlər yaranır. İndi həmin əmsalların yerlərdə tətbiqi və fermerlərin maarifləndirilməsi çox önəmlidir. Əgər bütün fermerlərə eyni şərait yaradılacaqsa və şəffaflıq əldə olunacaqsa, bu əmsallar üzrə uğurlu nəticələr əldə etmək olar. Yəni, bütövlükdə götürdükdə, qeyd olunan rəqəmlər kifayət qədər məqbuldur və kənd təsərrüfatı sahəsində islahatların əsası kimi qəbul edilə bilər”.
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, fermerlərin dəstəklənməsinə ehtiyac var: "Çünki aqrar sahə riskli sahələrdən biri kimi qiymətləndirilir. Eyni zamanda, kənd təsərrüfatı müqayisəli üstünlüyə malik olan sektorlardan biridir. İxracın strukturuna baxsaq, görərik ki, təqribən 30-40 faiz qeyri-neft məhsullarının ixracında kənd təsərrüfatı məhsullarının payı var. Həmçinin ölkənin ərzaq təhlükəsizliyi kimi məqamı nəzərə alsaq, subsidiyalaşma müsbət addımdır. Amma mexanizmdə müəyyən çatışmazlıqlar da var. Məsələn, əkin sahələrinə görə subsidiyaların verilməsi doğru yanaşma deyil. Yaxşı olardı ki, subsidiya son məhsula görə verilsin. Çünki sui-istifadə hallarına yol verilə bilər. Son məhsula görə subsidiya verilərsə, sahibkar daha çox məhsul istehsal etməyə çalışacaq. Əmsallara gəldikdə isə, deyə bilərəm ki, bu rəqəmlər dəqiq araşdırma tələb edir. Göstəricilərin məqbul olub-olmadığını demək üçün bir qədər tezdir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər