• cümə axşamı, 28 mart, 19:32
  • Baku Bakı 13°C

Fermerlərə və emalçılara dəstək olacaq Kooperativ yaradıldı - Fotolar

15.07.19 13:08 16353
Fermerlərə və emalçılara dəstək olacaq Kooperativ yaradıldı - Fotolar
İmişli rayonunda Sənaye Bitkilərinin İstehsalı və Emalı Kooperativinin təsis konfransı keçirilib.Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül çələngi qoyularaq xatirəsinin ehtiramla yad edilməsindən sonra başlayan tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, İmişli rayonu icra başçısının birinci müavini Səfa Ağayev, "Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Əhməd Gözəl, Kənd Təsərrüfatı nazirliyinin fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov, digər rəsmi şəxslər və fermerlər iştirak ediblər.

Tədbirdə Sənaye Bitkilərinin İstehsalı və Emalı Kooperativinin fermerlərin və emalçıların fəaliyyətinə verəcəyi müsbət töhfələr və yaranan perspektiv barədə ətraflı məlumat verilib. Təsis yığıncağında çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev iştirakçıları nazir İnam Kərimovun adından salamlayaraq, ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısı nəticəsində böyük nailiyyətlərin əldə olunduğunu bildirdi. Daha sonra kooperativlərin üstünlükləri barədə danışan nazir müavini bu yeniliyin fermerlərin fəaliyyəti üçün çox səmərəli olacağını qeyd etdi. O, Kooperativə üzv olacaq fermerlərin daimi alıcı imkanı və ölkə başçısı tərəfindən yeni imzalanan "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən 10 faiz daha artıq subsidiya alacaqlarını, aqrotexniki dəstəklə təmin ediləcəklərini, torpaqların analizi zamanı əlavə güzəştlər əldə edəcəklərini bildirdi.

İştirakçılar qarşısında çıxış edən "Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Əhməd Gözəl Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozalın adından qonaqları salamlayaraq kooperativin fəaliyyətinin bütün tərəflər üçün çox səmərəli olacağını bildirdi. Şəkər çuğunduru emalı nəticəsində melas və yanqar kimi yan məhsulların da əldə olunduğunu qeyd edən "Azərsun” rəsmisi, ölkəyə melas idxalının tamamilə dayandırıldığını və çörək mayası istehsalının əsas komponenti olan bu məhsulun yerli məhsul hesabına təmin edildiyini bildirdi. Sənaye bitkilərinin istehsalı və emalı kooperativinin yaradılması təşəbbüsünün faydalı olduğunu bildirən Əhməd Gözəl, bütün üzvlərə uğurlar arzu etdi.

Kənd Təsərrüfatı nazirliyinin fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov çıxış edərək kooperativin iş mexanizmi barədə məlumat verdi. O, xərclər və risklərin bir neçə subyektə bölündüyü üçün kooperativə qoşulacaq şəxslərin daha çox qazanc əldə edə biləcəyini bildirdi. Onun sözlərinə görə, satınalmanın vahid mərkəzdən həyata keçirilməsi, yeni texnologiyaların əlçatanlığı və kooperativin birlik kimi kredit resurslarından daha rahat istifadə etmə imkanı bütün üzvlər üçün yeni imkanlar və daha rahat fəaliyyət şəraiti yaradacaq.

"Azərsun Holdinq”in korporativ əlaqələr üzrə direktoru İlham Abdullayev də çıxışı zamanı kooperativin müsbət tərəfləri barədə məlumat verərək bütün üzvlərə uğurlar arzuladı.

Sonda "Azərsun Holdinq”in baş aqronomu Rövşən Əliyev çuğundur sahələrinin ildən-ilə genişləndiyini və kooperativin işə başlamasının hər kəsə əlavə üstünlüklər verəcəyini bildirdi.

Təsis yığıncağının sonunda seçki keçirilərək fermerlər arasından Sənaye Bitkilərinin İstehsalı və Emalı Kooperativinin İdarə Heyəti və Təftiş Şurasına üzvləri seçildi.





banner

Oxşar Xəbərlər