AZE | RUS | ENG |

Fermerlər müasir texnologiyaya uyğunlaşa bilirmi?

Fermerlər müasir texnologiyaya uyğunlaşa bilirmi?
Ekspertlər deyirlər ki, İT bacarıqları olmadan kənd təsərrüfatın idarə etmək çətinləşir

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda kənd təsərrüfatı sahəsində risklərin idarə olunması üzrə yeni platforma təqdim edəcək. Trend-in məlumatına görə, bunu IFC-nin baş mütəxəssisi Leyla Hüseynli deyib. O bildirib ki, CLARA (Pul kütləsi əsasında aqro-müştərilərin kreditqabiliyyətliliyinin təhlili aləti) platforması 40 məhsulu əhatə edir. Bu məhsullardan hər biri Azərbaycan reallıqlarına uyğun olaraq kənd təsərrüfatı sahəsində risklərin idarə olunması üzrə müəyyən mexanizm təklif edir. CLARA kənd təsərrüfatında istehsalat risklərinin sürətli və səmərəli qiymətləndirilməsi üçün nəzərdə tutulmuş internet xidmətidir. Xidmət fermer təsərrüfatları üçün texnologiya kartları əsasında proqnoz hesablaşmaları həyata keçirməyə kömək edir. Müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı üzrə zəruri məlumatlar və təlimatlar ehtiva edən texnologiya kartları xidmətin məlumat bazasında saxlanacaq.
Kənd təsərrüfatı sahəsində atılan bu addımlar olduqca təqdirəlayiqdir. Amma maraqlı bir məqam var. Bəs, fermerlər müasir dövrün tələblərinə, informasiya texnologiyalarına  uyğunlaşa bilirlərmi? Ümumiyyətlə, bunun üçün hər hansı bir addım atılırmı, fermerlər arasında maarifləndirmə işləri aparılrımı?
 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov artıq aqrar sahədə bütün xidmətlərin elektronlaşdığını bildirir: "Dövlət Aqrar İnkişaf Mərkəzlərinin xidmət strukturuna çevrilməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, 2020-ci ildən aqrar subsidiyaların yalnız EKTİS üzərindən verilməsi fermerlərin də üzərinə məsuliyyət qoyur. Bu prosesin sürətlə getməsi, həm də fermerlərin müasir informasiya texnologiyaları barədə nə dərəcə məlumatlı olmasından asılıdır.
Düzdür, tətbiq olunan elektron xidmətlər maksimum sadələşdirilib. Smartfon, planşet və masaüstü kompüterdən istifadə etməyi bacaran şəxslər EKTİS sistemində asanlıqla qeydiyyatdan keçə bilirlər. EKTİS-də qeydiyyat dövründə apardığımız müşahidələr göstərir ki, fermerlərin böyük əksəriyyətinin müasir informasiya texnologiyalarından istifadə etməklə bağlı problemi yoxdur. Müasir fermer sosial şəbəkə istifadəçisidir, müxtəlif mobil applikasiyalardan istifadə edir, elektron ticarətin əsas iştirakçılarından biridir. Vlogger fəaliyyəti göstərən, sosial şəbəkələrdə mütəmadi canlı yayımlar edən fermerlər var. Artıq fermerin siması dəyişib, bunu əminliklə demək olar. Təbii ki, Kənd Təsərrüfatı Nazirliyi fermerlərin İT biliklərinin artmasında maraqlıdır, bu səbəbdən bir ildir davam edən təlim proqramımıza bununla bağlı istiqamət də daxil edilib. Fermerlər müxtəlif təlimlərə cəlb olunur, bu təlimlər müasir elektron təqdimat formalarından istifadə etməklə keçirilir. Əgər fermerin elektron xidmətlərdən istifadə üçün nəzəri biliklərə ehtiyacı varsa, Dövlət Aqrar İnkişaf Mərkəzlərinə gedə, orada müvafiq xidmət pəncərələrinə yaxınlaşa, əməkdaşlarımızdan informasiya-məsləhət xidməti ala bilərlər”.  
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli qeyd edir ki, İT bacarıqlarından istifadə etmədən, təsərrüfatın idarə olunması çətin məsələdir: "Ümumilikdə, bizim kənd təsərrüfatı istehsalçılarımız 1 milyon 300 min nəfərdir. Sözün açığı, qeyd etdiyiniz mövzu yaralı yerimizdir. Etiraf etməliyik ki, bu, təkcə Azərbaycan üçün xarakterik deyil. Bütün dünyada fermerlərin informasiya texnologiyalarına uyğunlaşması, bu resurslara çıxışı zəifdir. Təbii ki, burada obyektiv və subyektiv səbəblər var. Regionda fəaliyyət göstərən fermerlər üçün əsas səbəb, bir çox hallarda həmin ərazidə İT infrastrukturunun zəif olmasıdır. Digər tərəfdən, ənənəvi vərdişlərin mövcudluğu da bu mövzuda çətinlik yaradır. Amma eyni zamanda bunu da etiraf etməliyik ki, bu gün İT bacarıqlarından istifadə etmədən, təsərrüfatın idarə olunması çətin məsələdir. Ölkəmizdəki vəziyyətdən danışası olsaq, qeyd etməliyik ki, gələn ildən, yəni 2020-ci ildən elektron kənd təsərrüfatı sistemi fəaliyyətə başlayacaq. Bu sistemin özəlliyi ondan ibarətdir ki, hər bir fermerin şəxsi kabineti olacaq və fermer, təsərrüfat fəaliyyətini həmin kabinet üzərindən həyata keçirəcək. Bunun özü bir vərdiş, bacarıqdır. Bu bacarıqların da mənimsənilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi təlimlər keçirir. Əsas problemlərdən biri isə fermerlərin əksəriyyətinin 50 yaşdan yuxarı olmasıdır. İT sahəsi isə çox cavandır. Təbii,  50 yaşdan yuxarı olan biri, texnoloji vasitə olaraq ancaq mobil telefondan istifadə edir, o da sadəcə, danışmaq üçün. Hər hansı bir əməliyyat aparmaq, internetə girərək öz kabinetinin idarəçiliyi zamanı isə ciddi çətinliklər yaşayır. Qeyd-şərtsiz, bu da onların təsərrüfat fəaliyyətlərinə mənfi təsir edir. Bir məsələ də var ki, bunları öyrənmək üçün fermer özü də maraqlı olmalıdır. Dövlət bu sahəyə ciddi resurslar xərcləyir, amma fermer dəyişikliyə meyilli olmasa, bir nəticə əldə etmək çətindir”.
 
Aqrar məsələlər üzrə ekspert Qadir Bayramlı bildirir ki, sadəcə kiçik bir mobil telefonla əkin sahəsinin sulanma rejimini idarə etmək mümkündür: "Yeni elektron vasitələrdən istifadə kənd təsərrüfatı sahəsində problem olaraq qalır. Kiçik istisnalardan başqa, fermerlərin böyük əksəriyyəti internet resurslarından istifadə etmir. Amma  düşünürəm ki, bu, çox zəruri məsələdir. Çünki müasir kənd təsərrüfatını müasir texnologiyadan kənar təsəvvür etmək mümkün deyil. Əgər bu sahədə yaxşı nəticələr əldə etmək istəyiriksə, xüsusilə də bölgələrdə informasiya texnologiyaları sahəsində təlimlər keçirməliyik, müəyyən maarifləndirici işlər görməliyik. Bir dəfə həmin texnologiyadan istifadə edib faydasını gördükdən sonra təsərrüfat işləri onlara zövqlü gələcək və işlərinə daha çox həvəslə yanaşacaqlar. Təsəvvür edin ki, sadəcə kiçik bir mobil telefonla əkin sahəsinin sulanma rejimini idarə edə bilərsiniz. Bütün bunlar əyani şəkildə fermerə göstərilərsə, o, İT sahəsi ilə maraqlanmağa, yeni bilgilər öyrənməyə başlayacaq”.
 
Günel Azadə

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287