• cümə axşamı, 28 mart, 14:59
  • Baku Bakı 16°C

Fermerin məhsulu əlində qalmayacaq

13.04.16 12:25 1344
Fermerin məhsulu əlində qalmayacaq
Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün müxtəlif addımlar atılmaqdadır. Qısa zamanda inkişafına nail olunması planlaşdırılan əsas sahələrdən biri də kənd təsərrüfatıdır. Bu istiqamətdə stimullaşdırma aparmaq üçün zamanla müxtəlif işlər görülür.
Kənd təsərrüfatı məhsulları istehsal edənlərin üzləşdikləri problemlərdən biri də yığdıqları məhsulun bazara çıxarılması ilə bağlıdır. Məhsulun satışını qurmaqda çətinlik çəkənlər isə bu sahədə fəaliyyət göstərməyə o qədər də meyilli olmurlar. Artıq bu problemin də həlli istiqamətində addımlar atılmaqdadır. Belə ki, Prezident İlham Əliyev “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. Səhmdar Cəmiyyətin yaradılması kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.
Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə, Kənd Təsərrüfatı Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib. Sərəncama əsasən, Cəmiyyətdə müşahidə şurası və idarə heyəti yaradılır. Cəmiyyətə tapşırılıb ki, dövlət qeydiyyatına alındıqdan sonra səhmlərinin 49 faizinin fond birjasında digər investorlara təklif edilməsi və bununla əlaqədar olaraq zəruri sənədlərin, o cümlədən emissiya prospektinin hazırlanması üçün tədbirlər görsün, səhmlərinin investorlara təqdim edilməsindən əldə olunan vəsaitin Cəmiyyətin nizamnamə kapitalının 49 faizi həcmində olan hissəsinin dövlət büdcəsinə ödənilməsini təmin etsin.
Ölkədə məhsul bolluğu yaranacaq

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov qəzetimizə açıqlamasında bildirdi ki, Səhmdar Cəmiyyətinin yaradılmasında əsas məqsəd ərzaq məhsullarının istehsalçıları və satıcılarından belə məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir. Bu qərar ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını kifayət qədər stimullaşdıra biləcək. F.Yusifov deyir ki, sərəncamda nəzərdə tutulan addımların atılması nəticə etibarilə ölkədə məhsul bolluğunun yaradılmasına, istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılmasına gətirib çıxaracaq. Bu isə indiki dönəmdə çox mühüm bir məsələdir.
İqtisadçı deyir ki, büdcə təşkilatlarının ərzaq məhsullarına olan tələbatının bu qaydada ödənilməsi bir tərəfdən bu məsələdə indiyə qədər mövcud olmuş pərakəndəliyin aradan qaldırılmasını təmin edəcək, digər tərəfdən xaricdən gətirilərək büdcə təşkilatlarına satılan keyfiyyətsiz məhsulların qarşısı alınacaq: “Nəticədə ölkədən daha az valyuta çıxarılacaq. İstehsalçı isə artıq məhsulunun alınacağını əvvəlcədən bilib, onu yüksək səviyyədə becərməyə çalışacaq. Bir sözlə, məlum qərar ərzaq təchizatı ilə bağlı bir çox problemlərin həllini təmin edəcək”.
“Kənd təsərrüfatı məhsulunun satışı, emalı ciddi nəzarət altında olacaq”

Millət vəkili Vahid Əhmədov da deyir ki, kənd təsərrüfatı ilə məşğul olan kəndlinin, fermerin ən ciddi problemi ərzağın satılması idi: “Kəndli məhsulunu bazara çıxarmaqda problem yaşadıqda isə məhsulları xarab olurdu. Bu da kəndlinin ziyana düşməsi demək idi. Kənd təsərrüfatı məhsullarının tədarükü, satışı ilə əlaqədar belə bir qurumun yaradılması çox müsbət addımdır. Ola bilsin ki, bir-iki ay formalaşdırılma prosesi getsin, amma ümumilikdə kənd təsərrüfatı məhsullarının tədarükü, satılması ilə əlaqədar heç bir problem olmayacaq”.
Millət vəkilinin sözlərinə görə, ərzaq məhsullarının tədarükü və təchizatının mərkəzləşdirilmiş bir mexanizmlə aparılması qeyri-neft sektorunun bir qolu olaraq kənd təsərrüfatının inkişafını stimullaşdıracaq: “Son vaxtlara qədər kənd təsərrüfatı ilə əlaqədar xarab olan məhsullar çox olurdu. İndi onlar tədarük olunacaq, müəyyən qədəri emal müəssisələrinə istifadəyə veriləcək. Yəni artıq istehsal olunan məhsulun satışı, emalı ciddi nəzarət altında olacaq. Bu ASC-nin yaradılması kənd təsərrüfatını stimullaşdırmaq üçün ən ciddi addımlardan biridir”.
V.Əhmədov deyir ki, fermer istehsal etdiyi məhsulun satışında tək olmamalı, ona məhsulunun satışı üçün dövlət yardımı olmalıdır. Bu iş isə artıq görüləcək: “Müstəqillik dövründə əhalini narahat edən ən ciddi məsələlər kənd təsərrüfatı məhsullarının istehsalı yox, emalı, satışı və bu kimi məsələlər idi. Biz fermeri faktiki olaraq özbaşına buraxmışdıq. Fermerin əsas məqsədi məhsul istehsal etməkdir. Satışı və digər məsələləri həll etməkdə çətinlik çəkə bilər. Bunu isə dövlət təşkil etməlidir”.
Millət vəkili onu da qeyd etdi ki, ərzaq məhsullarının tədarükü və təchizatı ilə bağlı bu cür mexanizm dünya təcrübəsində geniş şəkildə tətbiq olunur: “Fermerlərin qeyd etdiyimiz problemlərlə üzləşməməsi üçün tək bizdə deyil, dünyanın müxtəlif ölkələrində bu cür fəaliyyətlər var. Bir çox ölkələrdə bu sahədə formalaşan müəyyən şirkətlər var. Onların hansısa şəhər, kənd, vilayət üzrə müştəriləri var. Onlar məhsulları fermerdən alıb, öz müştərilərinə satırlar. Fermer alıcı axtarmır. Bu bizdə hələ ki indi tətbiq olunacaq. Ola bilsin ki, müəyyən vaxt problemlər olsun. Amma gələcəyə tədarük şirkəti bir yox, bir neçə ola bilər. Zamanla bu sahədə də inkişaf ola bilər”.
“Fermerlərin bazara birbaşa çıxışı təmin olunacaq”

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə bildirdi ki, artıq “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaradılması ilə bağlı nazirlikdə işçi qrupu yaradılıb: “Fərmana uyğun olaraq təşkilati işləri həyata keçirmək üçün üç istiqamətdə işçi qrupu yaradılıb. İşçi qrupu hazırda cəmiyyətin təşkilati məsələləri ilə bağlı bütün zəruri formaların hazırlanması ilə məşğuldur. Daha sonra, cari ildən etibarən bu sistem tətbiq olunacaq”.
F.Fikrətzadənin sözlərinə görə, bu sistemin ən önəmli tərəfi odur ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına on milyonlarla manat dəyərində ərzaq və kənd təsərrüfatı məhsulları alan təşkilatların bütün bu kimi ehtiyaclarının vahid elektron bazası yaradılacaq: “Bütün ərzaq və kənd təsərrüfatı məhsulları alan büdcə təşkilatlarının tələbatları elektron formada, şəffaf şəkildə təqdim olunacaq. Onun əsasında da məhsullarını satmaq istəyən bütün fermerlərin satış məlumatları elektron məlumat bazasında yerləşdiriləcək. Fermerlərin birbaşa şəkildə, büdcə vəsaiti ilə ərzaq və kənd təsərrüfatı məhsulları alan büdcə təşkilatlarından ibarət, milyonlarla manat dəyəri olan bazara birbaşa çıxışı təmin olunacaq”.
Şöbə müdiri onu da qeyd etdi ki, bütün regionların fermerləri və büdcə təşkilatları bu işə cəlb olunacaq: “Regionların bütün büdcə təşkilatlarının da tələbatları burada vahid çeşiddə formalaşdırılacaq. Regionlardakı bütün fermerlər də həmin tələbatın ödənilməsi üçün öz təkliflərini şəffaf şəkildə, elektron formada ortaya qoyacaqlar. Hər kəs görəcək ki, hansı fermer hansı həcmdə, hansı məhsulu təklif edir. O cümlədən də büdcə təşkilatlarının tələbatları olacaq”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər