• çərşənbə, 24 Aprel, 00:19
  • Baku Bakı 14°C

Fermer əkir, amma yetişdirdiyini sata bilmirsə...

09.08.19 10:00 5927
Fermer əkir, amma yetişdirdiyini sata bilmirsə...
Hazırda fermerlərin əsas problemlərindən biri məhsullarının satışı ilə bağlıdır. Yəni məhsulu yetişdirənlər həm də "Necə satım?”, "Kimə satım?”, "Harda satım?” kimi suallar ətrafında da daim düşünür və yığım vaxtı məhsulu əlində qalanlar, yaxud elə dəyər-dəyməzinə vasitəçilərə satanlar da az olmur. Ancaq qida təhlükəsizliyinin təmin edilməsini, ölkə iqtisadiyyatını düşünürüksə, torpağımızda yetişən hər bir məhsulun dəyərini bilməliyik.
Bəs fermerlərin satışla bağlı problem yaşamaması istiqamətində ölkədə hansı işlər görülür? Nələrin edilməlidir ki, fermerlər satışa deyil, məhsul yetişdirməyə fokuslansınlar?
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlının sözlərinə görə, fermerlərin kənd təsərrüfatı məhsullarını satmaqda ciddi problemlər yaşamasının bir səbəbi Türkiyə və bir çox digər ölkələrdə olduğu kimi, baza qiymətlərinin tətbiq edilməməsidir: "Yəni tarladan yığılmamış bəzi məhsul növlərinə, dövlət zəmanət verir ki, istədiyiniz miqdarda bu məhsuldan gətirin, alıram. Türkiyədə bu, fındıq, taxıl, pambıq və s. məhsullara şamil edilir. Tarladan toplanmamış, dövlət onun qiymətini müəyyən edir və miqdarına da məhdudiyyət qoymur. Bizdə o sahədə iş yoxdur, neçə dəfə bunu gündəmə gətirmişəm, lazım olduğunu bildirmişəm. Heç olmasa, bir neçə növ məhsul üzrə dövlət əvvəlcədən zəmanət verməlidir. Ona bənzər sistem var. Dövlət deyir ki, nə qədər istəsəniz yüksək keyfiyyətli, yumşaq buğda gətirin, alıram. Lakin fermerlərin o imkanları yoxdur. Çünki bizdə bir az coğrafi şərait fərqlidir”.
Fermerlərin bazara girişi məhduddur
Q.Bayramlının sözlərinə görə, bu sahədə digər problem fermerlərin bazarlara giriş imkanlarının məhdudluğudur: "Yerlərdə 50 qəpiyə fermerdən alınan məhsul, Bakı bazarlarında 2 manata satılır. Bu o deməkdir ki, fermerlərin bazara girişi məhduddur. Bunu yoluna qoymaq üçün nə etmək lazımdır? Birincisi, Bakıda bazarların optimal yerləşdirilməsi məsələsi həllini tapmalıdır. Bir neçə bazarımız var. Bəzi insanlar bazara getmək üçün kilometrlərlə yol qət etməli olurlar. Və üstəlik, o bazarlara hər fermer girə bilmir. O bazarlardakı yerlərin də artıq sahibləri var. Yer sayı da məhduddur. Bunun üçün bazarların sayını artırmalıyıq. Ancaq bu da yetmir. Düzdür, Bakıda yarmarkalar təşkil olunur, müsbət haldır, amma müvəqqətidir. Lakin Türkiyədə bizdən fərqli olaraq məhəllə bazarları var. Hər məhəllədə bazar fəaliyyət göstərir, insanlar öz evlərindən 5 dəqiqəlik məsafədə bazara çata bilirlər. Qiymətlər də münasib olur. Bakının quruluşu elədir ki, hər məhəllədə bir bazar təşkil etmək çətin məsələdir. Ona görə, Bakıda yeni böyük bazarlar təşkil olunmalıdır. Həm də o bazarların yanında ucuz qiymətə gecələmə yerləri olmalıdır. Rayonlardan gələnlərin gecəsi 40-50 manata olan oteldə qalmaq imkanları yoxdur. Münasib bir məbləğdə gecələmə yeri olmalıdır ki, fermer müəyyən müddət orda qalıb məhsulunu satıb getsin”.

Q.İbrahimli qeyd etdi ki, əslində, burda kompleks şəkildə iş görülməlidir: "Rayonlarda tədarük məntəqələri yarada bilərik ki, fermerlər məhsullarını sərfəli qiymətə o məntəqələrə versinlər. Çox ucuz qiymətə yox.Bazarlarda qiymətlərin baha olmasının səbəblərindən biri də arada vasitəçilərin çox olmasıdır. Məhsul kəndlidən alındığından 2-3 dəfə baha qiymətə Bakda satlıır.Bu da normal hal deyil.İnkişaf etmiş ölkələrdə tətbiq olan aqrar sığorta sisteminə bizdə də ehtiyac var. Məhsul yetişdirilməsini təşviq etmək üçün bu sığortanın tətbiqi bütün bölgələrimizdə vacib məsələdir. Bəzən fermerin min bir əziyyətlə yetişdirdiyi məhsul təbii fəlakət zamanı zay olur, bəzi hallarda əkinə çəkdiyi xərci belə çıxara bilmir və fermer onun təzminatını hardan alacağını bilmir. Bu zaman fermer həvəsdən düşür. Fermer məruz qaldığı fəlakət nəticəsindəki itkinin tam olmasa da, müəyyən hissəsini təzminat kimi alsa, yaxşı olar.
Eyni zamanda kənd təsərrüfatı məhsulunun satışı, emalı və yetişdirilməsi ilə əlaqədar şəxslər və müəssisələr arasında bir koordinasiya nizamsızlığı var. Bu işlər vahid mərkəzdən idarə olunmur. Bunu texnikanın təminatında da görürük, məhsul satışında da, zərərvericilərə qarşı istifadə olunan preparatların təminatında da.
Effektiv fəaliyyət göstərən məsləhət qurumlarının olmaması da əsas problemlərdir. Biz işimizi Avropa və digər ölkələr səviyyəsinə çıxarmaq istəyiriksə, buna aid maariflənmə sistemi qurulmalıdır. Düzdür, televiziya kanallarında kənd təsərrüfatına aid müxtəlif məsləhətlər verilir, ancaq Türkiyə və digər bir çox ölkələrdə olduğu kimi, bizdə də kənd təsərrüfatına aid ayrıca bir kanal yaradılmalıdır. Orda geniş sistemli məlumat verilməlidir.
Yararlı yerlərimizdən biri də aqrar bankın olmamasıdır. Bu, bir çox ölkələrdə var. Bu işlər kompleks şəkildə həll olunarsa, istənilən nəticəyə zamanla nail ola bilərik”.
Yeni subsidiya qaydaları ilə bazarı tənzimləmə
Kənd təsərrüfatı üzrə ekspertNicat Nəsirli ilk olaraq yeni subsidiya qaydalarının bu məsələdə hansı rola malik olmasına toxundu: "Hazırda yeni subsidiya qaydalarının ciddi şəkildə işlənməsi və müzakirəsi gedir. Çünki yeni subsidiya qaydalarının əksəriyyəti məhz istehsalın planlaşdırılmasına, bazarın idarə olunmasına, istehsala nəzarət prinsipi üzərində qurulub. Sadə dillə desək, subsidiyaların ödənilməsində əmsallar müəyyən olunur. Yeni subsidiya qaydasında belə bir hal var, məsələn, elektron idarəetmə sistemi üzərindən çox aydın şəkildə görüləcək ki, bu il respublika ərazisində pomidor daha çox əkilib. Pomidora bu il nə xarici, nə də daxili bazarda tələbat o qədər deyil. Avtomatik yeni subsidiya qaydası ilə ən az istehsal həyata keçirilən məhsullarla bağlı həmin şura tərəfindən yüksək əmsallar müəyyən olunacaq. AqrarSubsidiya Şurası hər il yanvarın 15-nə qədər məhsullar üzrə əmsalı elan edəcək. Yəni hansı məhsul az istehsal olunubsa, onun əmsalı qaldırılacaq, hansı çox istehsal olunubsa, əmsalı endiriləcək ki, o məhsullara maraq az olsun. Bu minvalla, istehsalın planlaşdırılması və idarə olunması həyata keçiriləcək. Bu, yeni subsidiya qaydalarının verdiyi bir üstünlükdür. Çünki istehsalçı təbii olaraq bu il nə yaxşı satılırsa, növbəti il ona yönəlir. Keçən il qarpız əlverişli qiymətə satılırdı deyə, bu il daha çox qarpız əkildi. Qarpız kifayət qədər ucuz qiymətə bazara çıxdı. Ümid edirəm ki, gələn il subsidiya qaydaları tətbiq olunmağa başlayanda, bizim artıq bazarı tənzimləmə imkanlarımız olacaq”.
N.Nəsirli deyir ki, kənd təsərrüfatı məhsullarının satışı aparılan yarmarka və səyyar satışların regionlarda da təşkilinə ehtiyac var: "Kənd təsərrüfatı məhsulları üçün yeni satış kanalları yaradılması üzərində planlaşdırma gedir. Yəqin ki, biz bunu ilin sonuna, ya gələn ildən müşahidə edəcəyik, daha çox səyyar, yarmarka tipli satış məkanları, bazarları açılsın. Hələ ki, bu, daha çox paytaxtı əhatə edir, amma bizim regionlarımızda həftə sonu yarmarkaları keçirmək, səyyar satışlar təşkil etmək imkanları var. Yəqin ki, bunlar gələn ildən tətbiq olunacaq. Çünki bu, ciddi problemdir. Hökmən tənzimlənməsinə ehtiyac var”.
İstehsalı hökmən elmi əsaslarla təşkil etməlidirlər ki...
Ekspertin sözlərinə görə, ümumilikdə keyfiyyətli məhsulun satış problemi olmur: "Bütün dairələr tərəfindən qəbul olunmuş belə bir fikir var ki, heç vaxt nə daxili, nə xarici bazarda yaxşı məhsulun satış problemi olmur. Müasir, sağlam toxum materialları, aqrotexniki qaydaları tətbiq edən böyük təsərrüfatlar yaranıb, çox gözəl bitki mühafizə tədbirləri həyata keçirirlər. Onların heç birində artıq məhsul qalmır. Hətta ilin əvvəlində onlara zəng vursanız, sizinlə qiyməti müzakirə etmək istəməzlər. Çünki istehsal etdikləri məhsula əmindirlər. Qeyd edilən problem daha çox kiçik təsərrüfatlara, məhsulun keyfiyyəti üzərində aqrotexniki tədbirləri həyata keçirməyənlərə aiddir. Nəticədə əldə olunan məhsulun əmtəə görünüşündə problem olur, ziyanverici, zərərvericilərə yoluxur. Məsələn, taxılçılığı götürək, müşahidə etdiyim problem budur. Sahəni alaq basıb, alağa qarşı tədbirlər həyata keçirilməyib. İldə iki dəfə taxıl sahəsi şumlanmalıdır, amma birini edirlər, bunun kifayət etdiyini düşünürlər. İkincisinin aparılmaması orda ciddi zərərvericilərin formalaşmasına yol açır. Hektara 250 kiloqram gübrə verilməli olduğu halda, vermir, hesab edir ki, gübrəsiz də olar. Amma torpağın bitkini yetişdirmək gücü yoxdur, axı. Satışa gedə, bazar rəqabətinə dözə bilməyən məhsulları məncə, o amillərin üzərində axtarmaq lazımdır. Ona görə də, satışda əziyyət çəkən fermerlər həm də bir marketinq araşdırması aparmalı, yaşadıqları rayonda kənd təsərrüfatı xidməti göstərən qurumlarla əlaqədə olmalı, istehsalı hökmən elmi əsaslarla təşkil etməlidirlər ki, sabah da yaxşı məhsulla bazarda öz mövqeyini diktə edə bilsin”.
Ekspert, fermerin məhsulun satışında dövlətin edə biləcəyindən, Aqrar Tədarük və Təchizat ASC-nin bu istiqamətdə fəaliyyətindən olan gözləntilərdən də danışdı: "Liberal bazar iqtisadiyyatında belə bir şey yoxdur ki, əkən hökmən satmalıdır. Əkmək tamamilə başqa xidmətdir, satışını təşkil etmək tamamilə başqa fəlsəfədir. Onun öz qaydaları var. Bizdə də bütün dünyada olduğu kimi, belə formalaşıb. Ölkədə təxminən 1 milyon 300 min istehsalçı var. Böyük əksəriyyəti istehsal etdiyi məhsulu özü satmır. Bu, normal vəziyyətdir. Nə baş verir? Biz vasitəçi, alverçi dediyimiz minlərlə bazar iştirakçısı var. Onlar ilin əvvəli gedib həmin adamlara istehsal olunan məhsulun dəyərinin bir hissəsini bəri başdan kəndçiyə verirlər ki, sən bu istehsalı həyata keçir, yetişəndə gəlib bu məhsulu alacam. Düzdür, o vasitəçilərin çoxu bundan istifadə edirlər, özləri bazar şərtləri diktə edirlər, maya dəyərinə kəndçinin məhsulunu alırlar, onlara psixoloji təsir göstərirlər ki, bunu mənə ucuz verməlisən və s. Çünki artıq əvvəldən pul verib, fermer də məcbur olub məhsulunu ucuz verir. Belə hallar var, lakin bütün dünyada olduğu kimi bizdə də belə bir sistem formalaşıb. Vasitəçilər bəzən bazarlarda müəyyən qiymət dəyişmələrinə səbəb olurlar. Tutaq ki, şimal bölgəsindən Bakıya meyvə-tərəvəzi gətirən 7-8 adamdır, danışırlar ki, qiyməti belə müəyyən edirik. Xüsusilə iqlim əlverişsiz keçdiyi dövrlərdə bunu daha çox müşahidə edirik. İndi iqlim əlverişsizdir, hiss olunur ki, belə razılaşma var. Az məhsul çıxartmaqla, bazarda qiymətin aşağı düşməməsini təmin edirlər, daha çox qazanırlar. Bu cür razılaşmalar var, ancaq liberal bazar iqtisadiyyatından danışırıqsa, burda bazara birmənalı birbaşa müdaxilə olunsa, inzibati metodlar tətbiq edilsə, nə əkən əkər, nə də satan satar. Burda dövlətin əlində yalnız tənzimləmə mexanizmləri var. Onlarından biri də tədarük sistemidir. Bu sistemlə, dövlət, yeri gələndə bazara müdaxilə etməlidir. Dünya ölkələri daha çox intervensiya siyasətindən istifadə edirlər. Tutaq ki, bu gün bazarda pomidor bahadırsa, istehlakçı təbəqənin buna əli çatmırsa, avtomatik, dövlət bazara daha ucuz məhsul çıxarır ki, istehlakçı təbəqə ucuz məhsul alsın, nəticədə rəqabət yaransın, baha məhsul bir az ucuzlaşsın. Burda da tədarük sistemi önəmlidir. Kənd Təsərrüfatı Nazirliyinin nəzdində Aqrar Tədarük və Təchizat ASC yenidən təşkil olunur. Ümid edirik ki, tədarük sisteminin daha geniş diapazonda fəaliyyətini görəcəyik. O da dövlətin əlində bazarı tənzimləməyin bir yolu, sivil müdaxilənin iqtisadi mexanizmidir”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər