• çərşənbə axşamı, 19 mart, 07:31
  • Baku Bakı 8°C

Fərid Məmmədov: “Qayıdacağım vaxtı özüm heç kimə demədim” Fotolar-Eksklüziv

21.05.13 13:45 4637
Fərid Məmmədov: “Qayıdacağım vaxtı özüm heç kimə demədim”  Fotolar-Eksklüziv
Azərbaycanın “Eurovision 2013” Mahnı Müsabiqəsindəki təmsilçisi, ölkəmizə ikincilik qazandıraraq adını tarixə yazdıran Fərid Məmmədov bu gün ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül qoydu. Təmsilçimiz pərəstişkarları ilə görüşüb, mətbuat nümayəndələrinin suallarını da cavablandırdı.
Kaspi.az-ın məlumatına görə, Heydər Əliyev Sarayı önündəki parkda bir qrup gənc Fərid Məmmədovu alqışlarla qarşıladı və yarışmada 2-ci yerə layiq görüldüyü üçün təşəkkürlərini bildirərək onunla fəxr etdiklərini söylədilər. Pərəstişkarları ilə görüşən iştirakçımız mətbuat nümayəndələrinin də suallarını cavablandıraraq, müsabiqə zamanı ona dəstək olan hər kəsə minnətdarlığını bildirdi: “Artıq vətənimdəyəm və sizlərlə görüşməkdən məmnunluq duyuram. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. “Eurovision” yarışmasında 2-ci yerə layiq görüldüyüm üçün sevinirəm və bu, böyük nəticədir. Gələcəkdə konsertlər, mahnılar və maraqlı layihələrim olacaq. Yarışma ilə fəaliyyətimi dayandırmaq fikrində deyiləm”.
Mətbuat nümayəndələrinin bukmekrlərin məhz onu birinci yerə layiq gördüyünü, ancaq 2-ci yeri tutması ilə bağlı verdiyi suallara cavab olaraq F.Məmmədov qismətində 2-ci yer yazıldığını söylədi: “Bəli, yarışmada Azərbaycan favoritlər sırasında idi. Bu bizim üçün gözəl haldır. 2-ci yer də pis nəticə deyil. İstəyərdim ki, 1-ci olaq. Ancaq Allah tərəfindən belə məsləhət imiş, qismətimdə ikinci yer yazılıbmış. Hər şey gözəl oldu, yaxşı performans və ifa nümayiş etdirməyim üçün heç nə mənə mane olmadı. Düşünürəm ki, əldə olunan nəticə də iki aylıq zəhmətimin bəhrəsi idi. Yarışmaya qədər gündəlik məşqlər keçirirdik, çalışırdıq. İnşallah, gələcəkdə yenə də birinci olarıq”.
Danimarka təmsilçisinin çıxışı haqqında fikir bildirmək istəməyən Fərid bu barədə heç bir söz deyə bilməyəcəyini söylədi: “Qoy, onların mahnıları haqqında olan fikrim özümdə qalsın. Onu deyə bilərəm ki, İsveç təmsilçisinin mahnısını çox bəyəndim. Amma həmin mahnı heç onluğa da daxil olmadı. Yarışmada mübarizə aparan yaxşı mahnılar çox idi, onlar heç onluqda belə yer almadılar. Müsabiqə şəffaf keçdi. Bizim hazırladığımız səhnə performansı hər kəs tərəfindən sevildi, yaxşı qarşılandı. Biz digər ölkələrin iştirakçılarından daha yaxşı hazırlaşmışdıq. Bizim hər il yaxşı çıxışlarımız olur və hər dəfə də onluqda oluruq. Hər şeydən razı qaldım. İstəyirdim ki, çıxışımı layiqincə yerinə yetirim və bunun üçün çox çalışırdım. Hər şeyə görə şükür etmək lazımdır”.
Fərid Məmmədov mətbuat nümayəndələrinə Malmödə olduğu müddətcə “Facebook” sosial şəbəkəsinin fan səhifəsində bütün dünyadan onu izləyən pərəstişkarlarına necə hazırlaşdığını göstərməyə çalışdığını dedi: “Hər dəqiqəmi fan səhifəmdə əks elətdirirdim. Qoy hər kəs bilsin ki Azərbaycan “Eurovision”-a necə hazırlaşır”.
İfaçı Bakıya qayıtdıqda, soyuq qarşılanması haqda deyilənlərə də aydınlıq gətirdi: “Heç də vətənimdə soyuq qarşılanmadım. Azərbaycana gələcəyimi özüm heç kimə demədim. Çünki Bakıya səhər saat 5-də gəldim və heç kimi həmin vaxt narahat etmək istəmədim. Saat 5-də kiminsə yuxusuna haram qatmaq istəmədim”.
Zəhra Bədəlbəyli də Azərbaycanın iştirakçısının Malmödə yaxşı qarşılandığını və yarışmanın şəffaf şəkildə keçirildiyini qeyd etdi. Onun sözlərinə görə, Fəridin ifasını və performansını Avropa nümayəndələri çox bəyənib.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər