AZE | RUS | ENG |

Fərəh Əliyeva: “Bu sənət əynimə biçilib” - Fotolar

Fərəh Əliyeva: “Bu sənət əynimə biçilib” - Fotolar
“Yaradıcılığımda ideya və fantaziyalar sərhədsizdir”

Kukla sənətinin 2500 il yaşı olduğu deyilir. Kukla sənəti ilə məşğul olan, Azərbaycanı bu sahə üzrə beynəlxalq festivallarda, sərgilərdə təmsil edən kuklaçı sənətkarlarımız barmaqla sayılası qədərdir. Ötən gün azərbaycanlı bir xanımın hazırladığı kuklaları ilə tanış oldum. Kuklaların müəllifi Fərəh Əliyeva redaksiyamızın qonağı oldu. Fərəh xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü, Moskva beynəlxalq sərgisinin (2011), I və II "Fusion Doll” Beynəlxalq Bakı Kukla Biennalesinin (2011, 2013) iştirakçısı, incəsənət studiyasında (art studio) art-direktordur. Bakı Dövlət Universitetinin məzunu, Azərbaycan Rəssamlar İttifaqı və Müəllif Kuklaları Beynəlxalq Təşkilatının üzvüdür. Müxtəlif illərdə Moskva Beynəlxalq Kukla Sərgisi, Bakı Beynəlxalq Biennali və bir çox tematik sərgilərin iştirakçısı, üç fərdi sərginin müəllifidir. Yaradıcılığında müxtəlif janrlara avanqard, klassik, interyer, konseptual və digər janrlara üstünlük verən rəssam 100-ə qədər qarışıq texnikalı əsərlərin müəllifidir. Müsahibimin əl işləri ilə tanış olduqdan sonra rahatlıqla deyə bilərəm ki, onun əsərləri Şərq və Qərbin zərif sintezindən ibarətdir. 
 
- Fərəh xanım, 4-5 yaşınızdan müxtəlif oyuncaqlar düzəldib, kuklalarınıza paltarlar tikməyə başlamısınız. Sizcə, bu istedad gendənmi gəlir, yoxsa insan özü-özünü inkişaf etdirdikcə nələrəsə nail olur?  
 
- Uşaq yaşlarımdan incəsənətə böyük marağım olub. Anamın süfrələrini kəsib-doğrayır, onlardan kuklalarıma paltarlar tikir, plastilindən fiqurlar düzəldirdim. Kuklalara paltarlar tikib onlara obraz verirdim. Özümü tanıyandan rəssamlığa, tikişə, dərziliyə, incəsənətə böyük həvəsim olub. Peşəkar olaraq kukla sənəti ilə işə  başlayanda, artıq bütün prosedurlardan xəbərdar idim. Kuklaların dizaynını, makiyajlarını edib, rahatlıqla obraz verməyi bacarırdım. Bu işlə məşğul olmaq mənim üçün çox rahatdır. Hətta deyə bilərəm ki, bu sənət tam mənim əynimə biçilib. 
 
 
 
- Ananızın kosmetikalarından istifadə edəndə, onun geyimlərini, süfrələrini kəsib kuklaya paltar tikəndə, bu ananızın qınağına səbəb olmurdumu?
 
- Anam hər gün işə gedəndə mənə təlimat verirdi. Deyirdi ki, bu gün heç nəyi kəsmə, paltarlarımı korlama, heç nəyə toxunma. Sovet dönəmində o süfrələr, pərdələr çox çətin tapılırdı. Bakıda bu cür parçalar çox az idi. Anam işə gedəndə, onları bir-bir çamadanlardan çıxarıb, kəsirdim. Sonda heç nə olmamış kimi düzəldib, yerinə qoyurdum ki, xəbəri olmasın. Bir gün anam çamadanın ağzını açanda gördü ki, süfrənin birinin gülü, pərdənin naxışı yoxdur. O saat bildi ki, onu mən kəsmişəm.
 
 
Uşaq yaşlarından təkcə dərziliyə, dekora, rəssamlığa deyil, eyni zamanda kulinariyaya da böyük həvəsim var idi. Tortlar bişirir, şirniyyatlar hazırlayır, yeniliklər etməyə çalışırdım. Bunun özü də anamın qınağına səbəb olurdu. Bişirməyi xoşlayırdım, amma yığışdırmağı heç sevmirdim. Hətta uşaq yaşlarımda ayaqqabılarımın dizaynını da özüm dəyişdirirdim, əlavə bantiklər, lentlər yapışdırırdım. Uşaq yaşlarımdan daim yenilik axtarışında olmuşam. Bilmirəm, bəlkə öz yolumu axtarırdım. Məşğul olduğum dizaynerlik, rəssamlıq və digər marağımda olan sahələri bir yerdə - kukla sənətində tapmışdım. Yalnız bu sənətlə məşğul olanda bir gün heykəltəraş, bir gün rəssam, bir gün qrimyor, bir gün dizayner ola bilirdim. 
 
- Azərbaycanda kukla sənətini yaşadanlar çox azdır.
 
- Bəli, biz dörd nəfərik. Onlardan ən gənci mənəm. 
 
 
 
- Kuklaçı sənəti üzrə ali təhsil ocaqlarında nə bir ixtisas var, nə də bu ixtisas üzrə kurslarda tələbə yetişdirilir. Siz bu sənətin sirlərinə necə yiyələnmisiniz? 
 
- Uşaqlıqdan təcrübələrim əsasında nələrsə öyrənmişəm. Özüm öz kuklalarımı düzəldərək təcrübə yığırdım. Müəyyən yaş həddinə gəlib çatdıqdan sonra bu işin peşəkarından dərs almağa başladım. Belə ki, Pərviz Hüseynov və onun xanımından dərs aldım. Onların hazırladıqları kuklalara baxırdım. Əslində onların yanına gedəndə, təxmini prosesləri bilirdim. Ancaq bəzi xırda detallar var idi ki, onları öyrənməli idim. Hazırda öz texnikamla işləyirəm, yaradacağım obrazlarımı özüm təyin edirəm.
 
 
 
- Hazırladığınız kuklalar müasirliklə milliliyin qarışığıdır sanki. Digər tərəfdən, onların timsalında Şərqlə-Qərbin zərif sintezini də görürük.  
 
- Yaratdığım hər bir kukla mənə övladım kimidir. Kukla hazırlayarkən onun mayasında Şərqlə-Qərbi qarışdırmağı çox xoşlayıram. Çalışıram ki, avanqard, klassik, interyer, konseptual və digər növ kuklalar hazırlayım. Kuklarımın obrazlarının zənginliyi ilə seçilməyini, kuklaların bir-birini təkrarlamamasını istəyirəm.  
Şərqlə Qərbin sintezi hər zaman diqqət çəkib. Belə ki, beynəlxalq tədbirlərdə iştirak edərkən kuklalarımda olan millilik, o parçalarımız, naxışlarımız xaricilərin daha çox diqqətini çəkir. Mən milliliyimizə bir qədər müasirlik qatıb təqdim edirəm. Milli atributlarımızı avanqard formada hazırlayıram. Hətta qeyd edim ki, bu yaxınlarda mənim "Sarı gəlin” kuklam Şəki muzeyi tərəfindən alındı. Hazırda bir eksponat olaraq qorunur. 
 
 
 
- Bakı Dövlət Universitetində təhsil almısınız və müəllim kimi də fəaliyyət göstərirsiniz. Müəlliməlikdən kuklaçılığa gedən yol çoxmu keşməkeşli oldu?
 
- Məktəbdə uşaqlara coğrafiya dərsini tədris edirəm. Bundan əlavə, ART studiyada kukla sənətinin sirlərini öyrədirəm. Nəinki kukla sənəti, eyni zamanda, rəssamlıq kurslarım da var. Şagirdlərim yerli və xarici müsabiqələrdə qalibiyyət əldə edirlər. Uşaqları hərtərəfli yetişdirməyə çalışıram. Müxtəlif, qarışıq texnikalardan istifadə etməyi xoşlayıram, çünki bu daha maraqlıdır. Belə olanda tələbələr yorulmurlar. 
 
- Yaradıcılığınıza nəzər yetirdikdə, müxtəlif beynəlxalq festivallarda iştirak etdiyinizin şahidi oluruq. Festivallar sizə nə qazandırır?
 
- Festivallar mənə dünya kuklaları ilə tanış olma imkanı qazandırıb. Onların yaradıcıları ilə görüşüb, texnikalarını müzakirə etmişik. Yeni nələrsə öyrənəndə daha çox həvəslənir, gözəl kuklalar hazırlayıram. Hər kəsin öz texnikası, dəst-xətti var və beynəlxalq kukla festivallarında biz dünyanın bir çox kuklaçıları ilə görüşür, ideyalarımızı paylaşırıq. Ötən ilin oktyabr ayında tələbələrimlə Ukraynanın Kiyev şəhərinin beynəlxalq kukla sərgisində iştirak edərək Azərbaycanı təmsil etdik. Tələbələrim diplomla təltif olundular. Hazırda isə Parisdəki Luvr muzeyinə kuklalarımızı təqdim etməyə hazırlaşırıq. 
 
 
 
- Beynəlxalq kukla sərgilərində sizə maneçilik törədən hər hansı nüanslar olubmu?
 
- Əslində xarici səfərlərə, sərgilərə getməyimiz bizə problem yaradır. Çünki hazırladığımız kuklalar çox zərifdirlər, tez sınırlar. Onları xarici sərgilərə aparmaq müşkülə çevrilir. Belə olan halda, məcburuq ki, karqodan istifadə edək. Bu da bir az maliyyə tələb edir. Ona görə də hər sərgiyə gedəndə hərəmiz 3-4 kukla ilə yola düşürük.
 
- Siz müəllif kuklalarının beynəlxalq təşkilatının üzvüsünüz. Bu təşkilat hansı işləri görür?
 
- Bu təşkilat dünyadakı bütün kukla sənəti ilə məşğul olan insanları bir araya toplayır. Beynəlxalq sərgilər təşkil edir və bu sərgilərin keçirilməsi ilə bağlı məlumat verirlər. Dünyadakı bütün kuklaçıları birləşdirən bir təşkilatdır. 
 
- Könül istər ki, milli kukla brendlərimiz olsun.
 
- Mənim kuklalarımda milli nağıl qəhrəmanlarımızdan "Tıq-tıq xanım”, "Cırtdan” və başqaları var. Xaricə gedəndə daha çox bunları aparıram. Bu bizim milli kuklalarımızdır. 
 
- Kuklalarınızı bazara çıxarıb, onun satışını necə təşkil edirsiniz?
 
- Kuklalarımı Azərbaycanda fəaliyyət göstərən səfirliklər daha çox alır. Argentina, Fransa, Norveç, digər Avropa ölkələrinin səfirlikləri mənə müraciət edirlər. Əl işlərimi, hazırladığım kuklaları bəyənirlər, amma qiymətlərlə tanış olduqdan sonra  imtina edirlər. 
 
- Qiymətlər çox bahadır?
 
- Hazırladığım kuklanın üzərində gecə-gündüz ən azı 2 həftə işləyirəm. Hətta olub ki, bir kuklaya 6 ay vaxt sərf etmişəm. Hazırladığım kuklaların materialları çox bahadır. Mən kukla hazırlayarkən ən keyfiyyətli məhsullardan istifadə edirəm. Kuklalarımı düzəldərkən polimer özübərkiyən plastikadan (darvi, rok, kağız yapışqanı, covi, papye-maşe) və digər müxəlif materiallardan yararlanıram. Öz işlərimdə tez-tez qarışıq texnikadan da istifadə edirəm, çünki eksperiment etməyi sevirəm. Müxtəlif ipəklərdən, "Svarovski” daşlarından istifadə edirəm, onlar mənim kuklalarıma zəriflik və gözəllik qazandırırlar. Mənim yaradıcılığımda ideya və fantaziyalar sərhədsizdir, mən hər zaman nəsə yenilik axtarıram və təkrarçılığa yol vermirəm. Hər kukladan bir dənə olur. O, muzey əşyasıdır. Ona antikvar kimi baxmaq lazımdır. Nəticədə, bu kuklaların qiyməti baha olmalıdır. Ancaq bizdə bu sənətə o qədər də böyük dəyər verilmir. Avropada yaşasaydım, kuklalarım daha baha qiymətə satılardı. Ona görə də bu qiymətə kuklaları Azərbaycanda satmaq çətindir. Kukla hazırlamaq üçün bəzi materialları internetdən sifariş verirəm, bəzilərini xaricdə olan rəfiqələrim göndərirlər. 
 
- Gənclərin bu sənətə marağı varmı?
 
- Əlbəttə ki. Tələbələrim arasında müxtəlif yaş kateqoriyalarına rast gəlmək mümkündür. Gənclərlə daha çox çalışıram. 50-dən çox gənc xanımlara bu sənətin sirlərini öyrətmişəm. Mənim tələbələrim Amerika, Fransa, İngiltərədə universitetlərə qəbul olunublar və mən onlar haqqında rəy məktubları yazmışam. 
 
- Nədən ilham alırsınız?
 
- Həyatdan, sevgidən. Mən həyatı çox sevirəm, çünki həyat çox gözəldir. İnsan öz işini sevəndə həyat ona daha maraqlı gəlir. 
 
- Fərəh xanım, tələbələrinizdən danışdınız, ancaq emalatxananızdan danışmadınız. Özünüzə məxsus emalatxananız varmı? 
 
- Hazırda öz emalatxanam yoxdur. Tələbələrimi evdə qəbul edirəm. Məktəblərə, liseylərə gedir, orada dərs deyirəm. Bundan əlavə, iki ildir ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində çalışıram. Keçən il oradakı şagirdlərin əl işlərindən ibarət sərgi keçirmişdik. Leyla xanım Əliyeva da həmin sərgidə iştirak edirdi. 
 
- Sizə belə pərakəndə şəkildə çalışmaq çətin olmurmu?
 
- Çox çətindir. Bütün günü işləyirəm və müxtəlif hissələrə parçalanıram. Əslində, bir emalatxanam olsa, orada işləmək mənə daha rahat olar. Sərgi qalereyası olsaydı, uşaqlar başqa məkanlar axtarmazdı, fəaliyyətimiz daha da genişlənərdi. Bizim işimiz də asanlaşardı. İstərdim ki, bizə bu rahatlıq təmin olunsun. İstərdim ki, Azərbaycanda kukla sənətiNİN inkişaf etməsi üçün bizə dəstək olsunlar. Çünki kukla sənəti Avropada, MDB ölkələrində, dünyanın müxtəlif ölkələrində inkişaf edib. Ancaq Azərbaycanda yeni-yeni yaranmağa və inkişaf etməyə başlayıb.  Azərbaycan kuklalarının dünyada tanınması üçün çalışıram. 
 
Xəyalə Rəis

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805