• cümə, 29 Mart, 09:12
  • Baku Bakı 5°C

Fərdi inkişafımız üçün nə oxuyaq? - Gənclərə məsləhət

02.02.19 11:00 2687
Fərdi inkişafımız üçün nə oxuyaq? - Gənclərə məsləhət
Dövrün tələbi elmdir, inkişafdır desək, yanılmarıq. Və dövr bizdən özümüzü inkişaf etdirməyi də tələb edir. Mütəxəssislər inkişafın bir neçə yolunu qeyd edirlər və bunlar içərisində oxumağı xüsusi vurğulayırlar. Bəs, özümüzü inkişaf etdirmək üçün hansı üsullardan istifadə etməliyik, nələri oxumalıyıq? Mövzu ilə bağlı hüquq üzrə fəlsəfə doktoru, dosent, işgüzar inkişaf yazarı Nadir Adilovla həmsöhbət olduq.
N.Adilov bildirir ki, gənclər ümumi dünya görüşünün inkişafı üçün bədii kitabları, ixtisas biliklərinin artırılması üçün isə ixtisasa dair müasir ədəbiyyatları, dərs vəsaitlərini oxumalıdırlar: "Gənclər kitab oxumur” fikri ilə razı deyiləm. Nəzərə almaq lazımdır ki, innovasiyalar dövrüdür və gənclər bu gün geniş imkanlara malikdirlər. Onlar kitabı təkcə oxumaqla kifayətlənməyib, eyni zamanda səsli olaraq dinləyirlər, internet resurslarında ixtisaslarına aid, araşdırdıqları mövzularla bağlı video məlumatlarla tanış olurlar. Kitablarımın imza günlərində gənclərin bir çoxu ilə ünsiyyətdə oluram. Bu ünsiyyət zamanı gənclərdə bir məqamı kəşf etmişəm. Onlar istər nəzəri, istər bədii, istərsə də şəxsi və işgüzar inkişaf ilə bağlı oxuduqları kitabların digər analoji və yaxud da orijinal mənbələrini internetdən də axtarırlar. Məsələn, əgər bir gənc "Əli və Nino” kitabını oxuyubsa, o, təbii ki, öz müqayisəli təsəvvürlərini artırmaq üçün bu sahədə çəkilmiş filmə də baxmaq istəyir. Yaxud da gənc ixtisas biliklərini artırmaq məqsədi ilə oxuduğu kitablara dair bu sahədə uğur qazanmış şəxslərin həyatlarına həsr olunmuş bədii və sənədli filmlərə baxır. İşgüzar inkişaf kitablarını oxuyan gənclərdə də vəziyyət eynidir. Onlar fərdi inkişaf mütəxəssislərinin bloqlarını izləyirlər, sosial şəbəkələrdəki hesablarını bəyənirlər”.

Yazar məsləhət gördüyü kitabları bizimlə bölüşdü: "Hansı kitabları oxumaq məsələsinə gəlincə isə gənclərə daha çox işgüzar inkişafla bağlı kitabları oxumağı tövsiyə edərdim. Bu sahədə yeni yanaşmaları ilə fərqlənən kifayət qədər yerli mütəxəssislərimiz var. Özüm də işgüzar inkişaf üzrə kitablar yazdığım üçün ilk olaraq məhz "Kaspi” qəzetinin "Gənclik” əlavəsini, istər elektron versiyada, istərsə də çap şəklində oxumağı bütün gənclərə tövsiyə edərdim. Bu əlavənin, gənclərin işgüzar inkişafı üzrə fərqli məsələlərə müxtəlif şəxslərin prizmasından yanaşan yeganə gənclik dərgisi olduğunu desəm, yanılmaram. Mən özüm mütəmadi olaraq bu əlavəni izləyirəm və yeni simalar, onların uğur hekayələri ilə tanış oluram. Təbii ki, fərdi inkişaf üzrə yeni nəsil yazıçıları da mütləq oxumağı gənclərə məsləhət görərdim. Elvin Paşayev, Anar Bayramov, Coşqun Kərimov, Rəşad Bayramov, Eyvaz Qocayev, Fəxri Ağayev, Azad Qəhrəmanov, Arzu Qafarlı, Nəcəf Allahverdiyev və s. bir çox yazarları qeyd edə bilərəm. Yazdığım işgüzar inkişaf kitablarımda da qeyd etdiyim müəllifləri oxumağı gənclərə tövsiyə edirəm. Eyni zamanda onların kitablarından misallar da gətirirəm”.
Həmsöhbətimizin bu mövzuda gənclərdən ricası da var: "O ki qaldı müasir və klassik yazıçılarımıza... Xüsusən də, bədii ədəbiyyat üzrə gənclərə bu kitablarla bağlı məsləhətim yox, bu sahədə yalnız və yalnız bir ricam olardı. Bilirsiniz ki, gənclər bu gün bir çox beynəlxalq tədbirlərdə olur, xarici ölkələrdə kurslarda iştirak edirlər, təhsil alırlar. Bir çox mağazalarda bizim ədiblərimizin, yazıçılarımızın, o cümlədən Leyla xanım Əliyevanın çox gözəl kitabları var. Həm də ən yaxşısı, bu kitabların müxtəlif dillərdə olmasıdır. Düzdür, xarici dildə kitabı olan yerli müəlliflərimiz çox azdır, amma var. Bu müəlliflərin kitablarını xaricdə olan gənclərin, öz həmkarlarına hədiyyə etmələri çox gözəl addım olardı. Bu, bizim mədəniyyətimiz, ədəbiyyat dünyamız barədə də gözəl bir təbliğat işi sayılır. Eyni zamanda müəlliflərimizin dünyada tanınması, sevilməsi işinə də böyük bir töhfədir. Mən bütün səfərlərimdə yerli müəlliflərimizin başqa dillərdə olan əsərlərini xarici kitabxanalara və eyni zamanda, əcnəbi həmkarlarıma hədiyyə etməyi çox sevirəm. Artıq deyərdim ki, bu, mənim özümdə bir hobbi hallını alıb. Gənclərdən xahiş edərdim ki, onlar da bu işdə iştirak etsinlər. Nəşriyyatlardan da bir xahişim var ki, ədiblərimiz də daxil olmaqla, bu gün çox gözəl əsərlər yazan yazıçılarımızın kitablarını müxtəlif populyar xarici dillərə tərcümə etsinlər. Çünki ölkəmizə gələn turistlərin əksəriyyəti oxumaq üçün yerli müəlliflərin əsərlərini axtarırlar”.
Günel Azadə

banner

Oxşar Xəbərlər