• cümə, 29 Mart, 17:46
  • Baku Bakı 14°C

Fenomen ata – Nümunə

16.09.16 09:33 5200
Fenomen ata – Nümunə
O, İnstaqramın fenomen atasıdır. Bir çox atalardan fərqli olaraq, dünyaya gələn əkiz övladlarının əziyyətini həyat yoldaşı ilə birlikdə çəkir. Düzdür, övladlar dünyaya göz açandan başlayaraq hər iki valideynin üzərinə yük düşür. Amma müsahibimiz adətən anaların etdiyi bütün işləri görür və təcrübəsini İnstaqram səhifəsində gənc analarla bölüşür. Deyir ki, əsas məqsədi uşaq böyütmək işinə ataları da cəlb etməkdir.

Avropada ata olmaq...
Həmsöhbətimiz həm Sofiya və Adelinanın, həm də İnstaqramın fenomen atası Rüstəm Rüstəmovdur. Rüstəm özəl bir şirkətdə insan resursları üzrə menecer işləyir. Özünün də dediyi kimi, səhər saat 9-dan axşam 7-yə qədər pul qazanır. Sonra isə həyat yoldaşına kömək edir. Deyir ki, əkiz qızları olduqdan sonra ailəsinə kömək etmək məcburiyyətində qalıb. Anaların nə qədər əziyyət çəkdiyinin canlı şahidi olduqdan sonra İnstaqramda səhifə açıb və bu işə ataları da cəlb etmək qərarına gəlib: "Əslində tanınmış adam deyildim. Sadəcə, adi profildə qohum, dostlardan ibarət 300 izləyicim var idi. Əkiz qızlarım oldu və onların qayğılarını birlikdə çəkməyə başladıq. Ümumiyyətlə, xarici televiziya, mətbuatla çox maraqlanıram. Hər dəfə müşahidə edirəm ki, Avropada ata üçün uşaq bezi dəyişmək, onu yedizdirmək, yatızdırmaq qınanılası hərəkət deyil. Bizdə isə bu işlər anaların borcu kimi başa düşülür. Analarımız öz vəzifələrini layiqincə yerinə yetirir, onlara irad bildirmək düzgün deyil. Amma ata uşaq böyütmək məsələsində kənarda qalır. Atalar elə bilir ki, uşağı saxlamaq, onu yedizdirmək, bezini dəyişmək ancaq anaların işidir, burada atalar heç bir məsuliyyət daşımır. Bu, düzgün fikir deyil. Həqiqətən çox çətindir. Analar çox əziyyət çəkir. Atalar bunu bir neçə gün etsələr, özləri də bilərlər ki, körpə uşağı saxlamaq asan deyil. Buna görə ata bu yolda mütləq həyat yoldaşına kömək etməlidir. Ən gözəli odur ki, uşaq sənin varlığını anladıqdan sonra onun baxışları, hərəkətləri, sənə sevgisini büruzə verməsi bütün yorğunluğunu aparır”.

"Sənin işin-gücün qurtarıb?”
Həmsöhbətimiz öz keçdiyi mərhələləri ümumiləşdirib insanların anlayacağı tərzdə profilində paylaşır. Deyir ki, öz profilində ataları da maraqlandıran, lakin mentalitet səbəbindən soruşmağa utandıqları məlumatları paylaşır: "Uşaqlarımın 40 günü təzə çıxmışdı ki, blogerliyə başladım. Rəylər müsbət oldu. Əvvəlcə öz keçdiyim mərhələlərdən başladım. Mənim ilk paylaşımım hazırlıqla bağlı idi. İstər-istəməz özüm o yolu keçmişəm və insanlar üçün nəyin maraqlı olduğunu bilirəm. Uşağın qidası, uşağa gigiyenik qulluq çox vacibdir. Məsələn, ilk dəfə düşündüm ki, uşaq olanda məndə hansı ləvazimatlar, geyimlər olmalıdır. Özüm axtarırdım, tapa bilmirdim. Bu elə bir şeydir ki, ata heç kimdən soruşa bilmir. Adam çəkinir, utanır, mentalitetimizə uyğun deyil. Ana hansısa anadan soruşa bilər, amma ata öz həmcinsindən soruşduqda deyirlər ki, "sənin işin-gücün qurtarıb, işinlə məşğul ol”. Özüm o mərhələləri keçdim, şəhərin dükanlarını gəzdim, maraqlandım, həkimlərdən soruşdum, qiymətlərini öyrəndim və öyrəndiklərimi profilimdə bölüşdüm. Burada tibbi sahədə bilik lazım deyildi, sadəcə, təcrübə lazım idi və mən də onu etdim”.
Rüstəm məişət biliklərini bölüşməklə kifayətlənmir. Uşaq böyüdərkən lazım olan tibbi bilikləri də izləyiciləri ilə bölüşür. Tibb təhsili olmasa da, deyir ki, paylaşdığı məlumatı əvvəlcə araşdırır, sonra həmin məlumatları toplayıb bir neçə həkimlə təsdiqləyir, öz təcrübəsində həyata keçirir və paylaşır: "Bütün məlumatlarım təcrübədən keçmiş məlumatdır. Azərbaycan saytlarında əfsuslar olsun ki, belə məlumatlar çox azdır. Bir məlumat olur, bütün saytlar azca dəyişikliklər etməklə həmin məlumatı paylaşır. Bu, məni qane etmədi və mən bunu ictimailəşdirdim. Gələcəkdə Feysbukda, yutubda da öz səhifəmi açacam. Şəxsi sayt yaradıb bildiklərimi bölüşəcəm. Çünki görürəm ki, doğrudan da maraq var. Artıq 3 aydır fəaliyyət göstərməyimə baxmayaraq, izləyicilərim 30 mindən çoxdur”.

Cavanlıq səhvi...
Həmsöhbətmiz deyir ki, gənclərin ən böyük səhvi ailə quran kimi uşaq dünyaya gətirmələridir: "Biz ailə quranda yoldaşımın 18 yaşı var idi. O dövrdə uşaq planlaşdırmadıq, çünki hələ özümüz uşaq idik. Gənclərin ən böyük səhvi odur ki, ailə qurarkən istər mənəvi, istərsə də maddi baxımdan hazır olduqlarını bilmədən və planlaşdırmadan uşaq sahibi olurlar. Əgər sənin imkanın buna çatırsa və sən valideyn olmağa hazırsansa, o zaman uşaq dünyaya gətirməyi planlaşdır. Bizim qohumlarda belə bir şey var – evlənən gündən uşaqla maraqlanırlar. "Bir şey var?” kimi suallar gənclərə təsir edir. Belə deyimlərə fikir verməsinlər. Özləri hazır olanda uşağı dünyaya gətirsinlər. İstər psixoloji, istər maddi, istərsə də mənəvi baxımdan hazır olmaq vacibdir. Biz 3 il sonra uşaq sahibi olduq. Mən istəsəm də, istəməsəm də o, ikisinə tək baxa bilməz. Canlı uşaq yanında olur və o, sənə möhtacdır. Ona necə qayğı göstərməyəsən? Onların baxışları mənim bütün həyatımı dəyişdi. Yeməyin hazırlanması, uşağın bezinin dəyişdirilməsi, onu yatırdıb-oyatmaq elə də çətin proses deyil, bunu hər kəs bacarar. Əsas odur ki, hər bir ata bunu istəsin”.

"Kişi işi deyil?”
Müsahibimiz deyir ki, bu işə başlayarkən ətrfdakı kişilərdən ciddi təzyiqlər gözləyib: "Əslində başlayanda bilirdim ki, kişilərin yarısı mənə dəstək olacaqsa, yarısı qınayacaq. Amma sərt reaksiyalarla qarşılaşmadım. Özü də indiyə kimi mənə heç kim deməyib ki, Rüstəm, bu nə işdir, sən məşğul olursan, bu kişi işi deyil. Amma həqiqətən çox böyük təzyiq, qınaq obyektinə çevrilməyi gözləyirdim. Amma mən nə olursa-olsun, istədiyimi etməli idim. Gözlədiyim kimi olmadı. 95 faiz dəstək olur, 5 faiz deyir ki, bu kişi işi deyil. Çox adam elə bilir ki, mən bütün günü evdə oturub uşaqlara baxıram. Xeyr, mən də həftənin 5 günü işləyirəm. Pul qazanmasam, ailəmi saxlaya bilmərəm. Sadəcə, bu, mənim hobbimdir və istədim ki, camaat maariflənsin və atalar öz məsuliyyətlərini bilsinlər, bu işə maraq göstərsinlər. Həftə sonu uşağı bir saat parka aparmaqla, məncə, atalıq olmur. Onlar daha diqqətli olmalıdırlar. Uşaq hər iki fərdindir. Hər iki nəfər də onun əziyyətini bərabər çəkməlidir. Mən işə də gedir, dostlarla da görüşür, çayxanada da otururam. Amma evdə də həyat yoldaşıma kömək edirəm”.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər