• cümə, 19 Aprel, 13:20
  • Baku Bakı 25°C

Fəhləlikdən baş mühəndisliyə gedən yol – Çətin peşə

09.03.17 16:25 4165
Fəhləlikdən baş mühəndisliyə gedən yol – Çətin peşə

"Niyyətin hara, mənzilin ora” prinsipi ilə irəliləyir. Düşünür ki, insan həyatda nəyisə ürəkdən istəyirsə, ona mütləq nail olur. Ona görə istədiyin səviyyəyə çatmaq üçün ürəklə istəməli və çalışmalısan. Deyir ki, qismət və taledən başqa hər şeyi insan öz həyatına özü yazır.
Müsahibimiz Akkord şirkətlər qrupuna daxil olan 5 ağır sənaye zavodunun baş mühəndisi Orxan Məmmədovdur.

Zəhmət, alın təri və zaman...

Orxan Kəlbəcər rayonunda anadan olub. 15 yaşında qərar verib ki, 26 yaşına çatanda Bakıdan mütləq ev alacaq. Fəhləlikdən başlayaraq, bu məqsədinə doğru sürətli addımlarla irəliləyib: "15 yaşımdan Bakıda ev almaq arzusu ilə yaşayırdım və həqiqətən də bu arzuma çatdım. İnsan bir amal üçün çalışırsa, ona nail ola bilir. Azərbaycan Texniki Universitetinin ikinci kursunda oxuyarkən Təhsil Nazirliyi tərəfindən mühəndis ixtisası üzrə seçilən 28 tələbədən biri oldum. 2002-ci ildə isə "Baku Steel Company” şirkətinin keçirdiyi müsabiqənin qalibi oldum və işə qəbul olunmazdan öncə təqaüdə layiq görüldüm. Şirkətə gedəndən məni keyfiyyətə nəzarət üzrə mühəndis vəzifəsinə qəbul etmək istədilər. Amma mən zavoda baxanda dedim ki, ağır sahədən başlamaq istəyirəm. Hamı mənə qəribə baxırdı ki, camaat mühəndis olmaq üçün əlindən gələni edir, amma sən razılaşmırsan. Mən işi mükəmməl öyrənmək üçün ən çətin tərəfindən - fəhləlikdən başlamalı idim. 1 il sonra məni 35 il orada işləyən adamların yanında baş usta təyin etdilər. Hər bir insan qarşısına məqsəd qoyarsa, o məqsədə çata bilər. Mən də fəhlə işlədiyim zaman ürəyimdə fikirləşirdim ki, vaxt gələcək bu zavodda rəhbər vəzifədə çalışacağam. Həmin zavodda direktor müavini vəzifəsinə qədər gəlib çata bildim. Bu, mənə stimul oldu. Öyrənərək yuxarıya doğru addım atdım. Öz zəhmətim, alnımın təri və zamanla buna nail oldum”.
Müsahibimiz deyir ki, ailə, ətraf mühit, dost-tanış insana nə qədər dəstək olsa da, məqsədi olmayan adam həyatda heç nəyə nail ola bilməz: "Ailənin dəstəyi çox önəmli faktordur. Fərdin yetişməsi üçün ilk olaraq ailənin, sonra cəmiyyətin rolu var. Amma burada insanın öz xarakteri də önəmlidir. Bir gənc qarşısına məqsəd qoyub ona çatmaq istəmirsə və gələcəyə baxışı yoxdursa, ailə nə edirsə etsin, o uşağın gələcəyində bir şey alınmayacaq”.

"Ömrümün axırına qədər o zədəni mədəmdə daşıyacağam”


Fəaliyyətə poladəritmə sahəsindən başlayan həmsöhbətimiz işinin təhlükəli tərəflərindən danışdı. Deyir ki, seçdiyi sahə dünyada 3-cü ağır iş hesab olunur: "Dünyada ağır işlər sahəsində birinci kosmonavtika, ikinci şaxta, üçüncü metallurgiya götürülür. Mənim də başıma iş vaxtı çox hadisə gəlib. Sahə rəisi işlədiyim vaxt idi. İşimizdə işlətdiyimiz bir gözlük var idi ki, metal o gözlükdən çıxırdı. Həmin aləti hər dəfə oksigenlə təmizləməli idik. Bir dəfə onu təmizləyən zaman içindən çıxan qırmızı metal ağzıma düşdü və mən bilmədən bu metalı uddum. 1 həftə yemək yeyə bilmədim və həkimə müraciət etmədim. 7 il sonra təsadüfən mədəmdə narahatlıq hiss etdim. Həkim mənə israrla dedi ki, udlaq borusundan mədəyə qədər əməliyyat keçirmisən. Hətta əməliyyatın olmadığı ilə bağlı mübahisəm də düşdü. Sonra yadıma düşdü ki, mən qırmızı maye udmuşam və o, mənim mədəmi yandırıb. Ömrümün axırına qədər o zədəni mədəmdə daşıyacağam. Bu sənəti o qədər sevmişəm ki, heç bir təhlükə məni qorxutmayıb. Bu sənət mənə həyatda soyuqqanlı, təmkinli olmağı, saniyə ərzində qərarlar qəbul etməyi öyrətdi”.
Deyir ki, gənc yaşında baş usta vəzifəsində işlədiyi üçün ona inanmayanlar çox olub. Amma ruhdan düşmək əvəzinə, özünü sübut etməyə çalışıb: "Fəhlə işləyəndə iş çox ağır olurdu və qan-tər içində otururdum. Fəhlələr məni həvəsdən salırdılar ki, cavansan, bu işdə işləməyi bacarmayacaqsan. 8 saat onların yanına getmirdim ki, motivasiyam düşməsin. Amma mən o sahədə pillə-pillə qalxdım. Qısa müddət ərzində baş usta, briqadir rəisi, direktor müavini və baş mühəndisə qədər ucaldım”.

İşçi gözümün içinə baxırsa...

Müsahibimiz rəhbər kimi işçini işə götürəndə diqqət etdiyi məqamlardan da danışdı. Deyir ki, əgər işçi gözünün içinə baxaraq bütün sualları cavablandırırsa, deməli, o, bu sahəni bilir: "İlk olaraq işçinin hansı sahələrdə işlədiyinə nəzər salıram. Mühəndislər bütün sahələrdən müəyyən qədər məlumatlı olur. Bu sahənin əlifbasından başlayıram və işçiyə sual verirəm. Əgər işçi gözümün içinə baxaraq suallara rahatlıqla cavab verirsə, birinci mərhələdən keçmiş olur. İkinci sınaq müddətində isə bütün hərəkətlərini analiz edirəm. Kollektivə uyğunlaşması da işçinin işdə uğur qazanmasında önəmli faktorlardandır”.

"Rəhbər, işçinin beynindəki qapını açmalıdır”

Əsl rəhbərin necə olmasına gəldikdə isə həmsöhbətimiz deyir ki, yaxşı mühəndis olmaq yaxşı rəhbər olmaq anlamına gəlmir. Rəhbər vəzifədə çalışmaq hər insanın bacara biləcəyi iş deyil: "İnsan yaxşı mühəndis və ya mütəxəssis ola bilər, amma yaxşı rəhbər olmaya bilər. Rəhbər olmaq üçün öncə hər bir kəsi dinləmək və beyninə yol tapmaq qabiliyyəti olmalıdır. Məktəbdə müəllimimiz bizə deyərdi ki, sizin beyninizdə bir qapı var, mən o qapını axtarıram, hər birinizin beyninə o qapını açaraq girirəm və ordan sizə məlumatları çatdırıram. Həmişə də biz başımızı yoxlayardıq ki, görəsən həqiqətən bizim başımızda qapı varmı? İnanın ki, hər bir insanın özünün danışma dili, psixologiyası var. İnsanın dilini tapmaq üçün həqiqətən o qapını tapmaq lazımdır. İşi idarə edə biləcək rəhbərin həqiqətən o qabiliyyəti olmalıdır ki, onun qarşısında olan hər bir işçinin beynindəki qapını açsın və ora daxil ola bilsin. Rəhbərlik tam fərqli bir elmdir. Bir növ fəlsəfədir. Hər kəsi dinləyib, ən doğru qərarı seçmə qabiliyyətin olmalıdır”.
Sonda gələcək planlarından danışan müsahibimiz deyir ki, nə qədər canında can var, vətəni üçün çalışacaq: "Mənim bir amalım var. Vətənim üçün çalışmaq. Azərbaycanda sənayenin inkişafı üçün əlimdən gələni edəcəyəm. Nə qədər xaricdən iş təklifi alsam da, ölkəmdən kənarda fəaliyyət göstərməyəcəm. Qoy axırda vətən mənə "çıx get, lazım deyilsən” desin. O zaman üzümü çevirib gedərəm”.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər