• çərşənbə axşamı, 16 aprel, 19:25
  • Baku Bakı 18°C

FED-in uçot dərəcəsini artırması manat və neftə necə təsir edəcək?

17.03.17 10:00 1624
FED-in uçot dərəcəsini artırması manat və neftə necə təsir edəcək?
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini 0,25 % artıraraq 0.75-1% diapazonuna qaldırıb. Sonuncu dəfə FED uçot dərəcəsi ilə bağlı dəyişikliyi ötən il dekabrın 14-də etmişdi. Ondan sonrakı iclaslarda dəyişilik olmamışdı. Əslində FED-in faiz artımından sonra dolların kursunda da artım olması gözlənilir.
Amma hələ ki elə bir artım müşahidə edilmir, dolların kursu FED-in qərarından öncə ilə eynilik təşkil edir. Bəs bunun bizə təsirləri necə olacaq? Manatın məzənnəsi və neftin qiymətində nə kimi dəyişikliklər gözləyə bilərik?
Qeyd edək ki, "Fitch" beynəlxalq reytinq agentliyinin Bakıda keçirilən VI illik konfransında AMB-nin Tədqiqat və inkişaf mərkəzinin maliyyə sektoru və bazarlarının təhlili üzrə şöbəsinin müdiri Leyla Yusifzadə bildirib ki, bu dəyişiklik Azərbaycan Mərkəzi Bankının (AMB) monetar siyasətinə birbaşa təsir etməyəcək. APA-nın məlumatına görə, o, FED-in qərarının dolayısı ilə bizə təsirləri ola biləcəyini deyib: "Amma bu təzyiqlər psixoloji təzyiqlər şəklində olacaq. Əgər neftin qiyməti nəzərəçarpacaq dərəcədə dəyişəcəyi halda, monetar siyasət dəyişə bilər. Neft qiymətlərinin cüzi dəyişməsi fiskal siyasətə və eyni zamanda Dövlət Neft Fondunun xərclərinə təsir etməyəcək. Amma mən düşünmürəm ki, FED-in dünənki qərarının təsiri olmayacaq".
"Manatın dəyərini FED-dən daha çox...”
Maliyyə bazarları üzrə ekspertCəfər İbrahimlinin sözlərinə görə, bu dəyişiklik manat üzərində basqı yaratmayacaq: "Mənim FED-in qərarı ilə bağlı son 2 illik görüşümdə ciddi dəyişiklik yoxdur. Daha əvvəllər də FED-in faiz qərarının manat üzərində dərhal basqı yaratmayacağını demişdik. Ancaq bu qərarın Azərbaycanın ticarət partnyoru olduğu ölkələrin valyutalarında yaradacağı dəyişikliyin çox sonra manat üzərində basqı yarada biləcəyini düşünürük. Manatın məzənnəsi Mərkəzi Bankın uçot dərəcəsindən, manatın kütləsindən, büdcə siyasətindən və bunların fonunda neft qiymətləri ilə tədiyyə balansından daha çox asılıdır. Yəni manatın dəyərini FED-dən daha çox Azərbaycan iqtisadiyyatının fundamental problemləri müəyyən edəcək”.
C.İbrahimli qeyd etdi ki, ABŞ iqtisadiyyatının aktivliyi faiz artımı təsiri ilə azalarsa, bu, neft qiymətinin düşməsinə səbəb ola bilər. Onu da nəzərə alaq ki, həm də ABŞ neft hasilatını artırır.
"Neftin qiymətinə təsiri olacaq, amma kəskin səviyyədə yox”
"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban bildirdi ki, dəyişikliyin neftin qiymətinə təsirləri olacaq, amma kəskin səviyyədə yox: "Mənə elə gəlir yaxın günlərdə təsiri olacaq. İstənilən halda bu cür hadisələr informativ birjalara təsirsiz ötüşmür. Ancaq ondan sonra bazardakı vəziyyətə görə düzəlişlər gedəcək. Çünki uçot dərəcələrinin artırılması xammal bazarında həmişə fəsadsız ötüşmür. Bir müddət o bazarlarda birja qiymətlərində özünü əks etdirir. Bu, dekabrda da belə olmuşdu, ondan öncə də. Bəzən özünü bir həftə göstərir, bəzən iki həftə. Ancaq sonradan iqtisadi vəziyyətə, həmin xammallara – hazırda nefti qeyd edirik - olan tələb-təklif əsasında real vəziyyətlə əlaqədar qiymətin uyğunlaşması özünü büruzə verir. Ona görə də sırf uçot dərəcəsinin artırılması, bunun nəticəsində neftin qiymətinin kəskin ucuzlaşması, bununla bazara hər hansı öldürücü zərbə vurulmasını gözləmirəm”.
"Manatın məzənnəsinə heç bir halda təsir etməyəcək”
İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisiPərviz Heydərov hesab edir ki, FED-nin baza faiz dərəcəsini artıraraq 1-ə çatdırması manatın məzənnəsinə heç bir halda təsir etməyəcək: "Ölkəmizin valyuta bazarında yaranmış vəziyyətin real məğzi bundan ibarətdir ki, manatın məzənnəsi xeyli müddətdən sonra demək olar ki, sabitləşib. Bunda isə bir neçə faktor mühüm rol oynayıb və oynayır. Birincisi, xarici təsirlər, yəni neftin qiymətiylə əlaqədar, o cümlədən qonşu ölkələrdə, ümumiyyətlə əsas ticarət tərəfdaşlarımızda devalvasiya proseslərinin səngiməsiylə bağlı təzyiqlər azalıb, ikincisi, hökumət bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişib, üçüncüsü, ölkədə pul-kredit siyasəti olduqca sərtləşdirilib, dördüncüsü, valyuta alqı-satqısı mexanizminin özü də tamamilə yeni formaya transformasiya edilməklə təkmilləşdirilib, beşincisi isə, ölkədə dollarizasiya prosesinin özü də ən zirvə nöqtəsinə çatdığından xarici valyutaya tələb minimum səviyyəyə enib.
Bunun yalnız psixoloji təsiri ola bilər ki, bu da bu dəfə əvvəlkilərə nisbətən olduqca cüzi xarakter daşıyacaq. Çünki banklarda dollar çoxdur, manat isə əksinə, "yoxdur". İdxal da əvvəlki həcmdə deyil. Çünki əvvəla, alıcılıq qabiliyyəti əvvəlki həddə deyil, ikincisi də səmərəlilik endiyindən və risk amilləri çoxaldığından işgüzar fəallıq "ölü vəziyyətdədir". Odur ki, manat ucuzlaşmayacaq”.
P.Heydərovun sözlərinə görə, bunun bir mənfi cəhəti o olacaq ki, neft ucuzlaşa bilər: "Neftin 40 dollarədək enməsi isə dövlət gəlirləri onun ixracından asılı olan ölkələrin hamısı üçün təhlükəlidir. Buna isə heç ABŞ-ın özü də hazır deyil. Bu qərar sırf Amerika iqtisadiyyatı üçün hesablanmış bir addımdır”.
"İlk dəfə olaraq FED-in qərarı dollara tələbi artırmadı”
İqtisadçı alim Vüqar Bayramov isə qeyd edib ki, FED-in uçot dərəcəsini artırmasına baxmayaraq, manat yenidən dəyər qazanmaqdadır: "Son illər ilk dəfə olaraq FED-in qərarı valyuta bazarımızda dollara olan tələbi, demək olar, artırmadı. Martın bayramlar ayı olmasına baxmayaraq, idxala artan tələb bazarın xarici valyuta təklifi ilə tənzimlənir. Beynəlxalq Bankın hərraclarda zəif iştirakı da dollara olan tələbin tənzimlənməsinə imkan yaradır. Praktik olaraq, Beynəlxalq Bank valyuta bazarındakı tələbə təsir edə biləcək əsas bankdır. Adıçəkilən bankın valyuta bazarındakı passiv mövqeyi də dollara tələbin yüksəlməsinin qarşısını alır və nəticədə manat möhkəmlənir. Digər tərəfdən, vətəndaşların öz xarici valyutalarını manata çevirməsi milli valyutanın məzənnəsinin möhkəmlənməsini şərtləndirən səbəblərdəndir. Təbii ki, manat bazasının azalması fonunda büdcənin infrastruktur xərclərinin optimallaşdırılması da kursa birbaşa təsir göstərir. Manatın məzənnəsinin möhkəmlənməsi sosial və iqtisadi baxımdan məqsədəuyğundur. Və burada ən vacib məqam məzənnə stabilliyinə nail olmaqdır”.
Manatın məzənnəsi bundan sonra necə dəyişə bilər? Manat hansı hallarda möhkəmlənməkdə davam edə bilər? İqtisadçı hesab edir ki, gözlənildiyi kimi, Mərkəzi Bank Dövlət Neft Fondundan transfer edilən 7.5 milyard manatı hərraclara çıxarmayacaq. Baş bank digər alətlərdən istifadə edərək dollara olan tələbi optimallaşdırır. Əgər sözügedən vəsaitdən Beynəlxalq Bankın sağlamlaşdırılması üçün istifadə ediləcəksə, o zaman növbəti aylarda da Beynəlxalq Bank hərraclarda az görsənəcək. Belə olan halda isə Mərkəzi Bank üçün manatın mövcud məzənnəsini qorumaq xeyli asan olacaq: "Çünki bu hərracda əsas alıcılardan birinin xarici valyuta tələbinin hərracdan kənar ödənilməsi deməkdir. Əgər bu ssenari baş verərsə, o zaman manatın məzənnəsində stabillik əldə etmək mümkündür. Təbii ki, burada manat bazası, idxalın minimumlaşdırılması, büdcə konsolidasiyası, neftin dünya bazar qiyməti kimi faktorları da yaddan çıxartmaq olmaz. Aydındır ki, büdcədən infrastruktur xərcləmələri artdıqca, manat bazası genişlənəcək və idxal ehtiyacı yüksələcək və belə hallarda isə hərracalara daha çox valyuta çıxarmaqla prosesi tənzimləmək lazım olacaq”.
Dollara tələb hansı halda çoxala bilər?
V.Bayramovun sözlərinə görə, liberal məzənnə siyasətini tətbiq edən ölkələrdə milli valyutaların ilk 6 ayda bazar dəyərini tapması müşahidə edilib. Bu isə o deməkdir ki, oxşar təcrübə bizdə də təkrarlanarsa, o zaman 2017-ci ilin birinci yarısında manatın bazar dəyərinə nail olmaq mümkündür: "Bu, milli valyutanın kursunda volatilliyinin azalmasına səbəb ola bilər. Məhz Mərkəzi Bankın da əsas hədəfi bu olmalıdır. Çünki məhz bundan sonra əks-dollarlaşma prosesinə başlamaq mümkündür. Əks-dollarlaşma prosesi ilə yanaşı isə, manatın bazasının mərhələli genişlənməsi və bununla da iqtisadi aktivliyi bərpa etmək lazımdır”.
İqtisadçı bildirib ki, dövriyyədə manat kütləsinin artması dollara yenidən tələb formalaşdıra bilər: "Yəni, əgər Mərkəzi Bank manat sterilizasiyasını dayandırarsa, büdcənin infrastruktur xərcləri artarsa və eləcə də Beynəlxalq Bank bazardakı aktivliyini artırarsa, bu yenidən dollara tələbi artıra bilər. Amma görünən budur ki, hələlik manat bazasının genişləndirilməsi gündəmdə deyil. Bütövlükdə istənilən qiymətləndirmə göstərir ki, növbəti aylarda yenə də Mərkəzi Bankın hansı tənzimləyici alətlərdən istifadə etməsi əhəmiyyətli olacaq. Bazardakı psixoloji effektləri nəzərə alsaq, manatın yenidən ucuzlaşmasının qarşısının alınması imkanları indi əvvəlki dövrlərə nisbətən daha yüksəkdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən hazırda psixoloji üstünlük manatın tərəfindədir”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər