• cümə axşamı, 28 mart, 18:52
  • Baku Bakı 13°C

FED faiz dərəcələrinin artırılacağına işarə edib

26.08.16 10:47 1643
FED faiz dərəcələrinin artırılacağına işarə edib
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini artırmağa yaxınlaşıb.
"APA-Economics” Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, FED-in iki şöbəsinin rəhbəri ABŞ Mərkəzi Bankının növbəti iclasında faizlərin artırılması ilə bağlı qərar veriləcəyinə inandığını bildirib.
FED-in "Kanzas City” şöbəsinin rəhbəri Eşther Corc (Esther George) son 2 ayda məşğulluqda müşahidə olunan artımı əsas gətirərək ABŞ iqtisadiyyatında əmək haqlarının yüksələcəyini və bununla da istehlakın artacağını bildirib. Federal Açıq Bazar Komitəsində (FOMC) səsvermə hüququna malik olan E.Corc qeyd edib ki, bu ilin I yarısında ABŞ-da iqtisadi artım zəif olub. O, istehlakda artımın müşahidə olunması ilə bu ilin II yarısında ÜDM artımının sürətlənəcəyinə inandığını vurğulayıb. Onun fikrincə, bu ilin ikinci yarısında ABŞ iqtisadiyyatında 3%-lik artım olacaq ki, bu da son nəticədə bu il üzrə 2%-lik artıma səbəb olacaq: "Fikrimcə, artıq faizlərin artırılmasının zamanı gəlib. Faiz dərəcələrinin mərhələli olaraq artırılmasının tərəfdarıyam. Amma bunun üçün məşğulluğun daha da artması və inflyasiyanın sabit olması lazımdır”.
FED-in "Dallas” şöbəsinin rəhbəri Robert Kaplan da iqtisadiyyatın məşğulluq sahəsində müsbət tendensiyaların müşahidə olunduğunu vurğulayaraq tələbatın artmasının sayəsində bu ilin II yarısında ABŞ-da ÜDM-in artacağını bildirib. Əmək bazarında vəziyyətin yaxşılaşdığını deyən R. Kaplan yaxın gələcəkdə faizlərin artırılacağına işarə edib.
Qeyd edək ki, indi bazarlar və investorların diqqəti FED Janet Yellenin Vyominq ştatında (Wyoming) iqtisadi siyasətlə bağlı ənənəvi illik konfransında çıxışına yönəlib.
banner

Oxşar Xəbərlər