AZE | RUS | ENG |

Faydalı bildiyimiz faydasız dərmanlar

Faydalı bildiyimiz faydasız dərmanlar
Bir neçə gün bundan əvvəl postsovet ölkələrinin birindən müayinəyə gəlmiş bir ürək-damar xəstəsinin  qəbul etdiyi dərman preparatlarının arasında biri diqqətimi çəkdi. Ona bu dərmanı nə üçün içdiyini soruşduqda, yaşadığı ölkədəki kardioloqun tövsiyə etdiyini, ürəyin qidalanmasına kömək elədiyini  söylədi. Onu da bildirim ki xəstənin içdiyi dərman "Valerian ekstrakt”  idi. Bundan bir neçə il əvvəl də Azərbaycandan gələn  başqa bir  xəstənin müayinəsi zamanı qəbul etdiyi dərman preparatları arasında "Korvalol”’ adlı bir preparat diqqətimi cəlb eləmişdi. Bu yazımda çoxlarının bildiklərinin əksinə, ürək-damar xəstəliklərinin müalicəsində istifadə edilməyən  və heç bir faydasının da olmadığı, ancaq bu məqsədlə bəzi xəstələr tərəfindən çox geniş istifadə edilən iki dərman preparatı – "Valerian’ ekstrakt” və "Korvalol”’ haqqında məlumat verəcəyəm. Onu da qeyd edim ki, bu iki dərman preparatının ürək-damar xəstəliklərində faydalı olduğunu göstərən heç bir elmi araşdırma və ya tədqiqat yoxdur.
 
Pişikotu olaraq da tanınan Valerian kökü (Valeriana officinalis), birinci dəfə Hippokrat tərəfindən sakitləşdirici dərman olaraq istifadə edilib. Valerian bitkisinin tərkibində müxtəlif alkaloidlər, flavonoidlər  və GABA adlı bir maddə vardır. Valerian bitkisinin insanı hansı yolla sakitləşdirdiyi dəqiq olaraq bilinməsə də, bunu tərkibindəki GABA maddəsi vasitəsilə etdiyi düşünülür. Apteklərdə tablet şəklində  (Valerian ekstrakt) satılan Valerian ekstraktı insanların bildiyinin tərsinə, ürək-damar xəstəliklərinin müalicəsində istifadə edilmir və heç bir faydası da yoxdur.  Sağlam insanlar  və eləcə də ürək damar xəstələri bu ekstraktdan adətən ürək ağrıları və ya ürəkdöyünmə zamanı istifadə edirlər. Ancaq Valerianın ürək-damar xəstəliklərinə bağlı ürək ağrılarına  heç bir faydası yoxdur. Sakitləşdirici bir maddə olduğu üçün nevrotik ağrılarda və ya nevrotik ürəkdöyünmədə faydalı ola bilər. Ancaq  digər bir tərəfdən də, Valerian sakitləşdirici dərman olsa da, bəzən başgicəllənməsinə və  yuxusuzluğa səbəb olur. Buna görə də sakitləşdirici dərman olaraq,  diqqətli istifadə edilməlidir. Spirtli içkilərlə və ya digər sakitləşdirici dərmanlarla içilməməlidir. Hətta çox içildiyi zaman qarın ağrılarına da səbəb ola bilir.

İlk dəfə 20-ci əsrin əvvəllərində Almaniyada istehsal edilən və o zamanlardan bəri istifadə edilən "Korvalol”  çoxları tərəfindən ürək dərmanı olaraq bilinsə də, əslində sakitləşdirici və hipnotik dərmanlar qrupuna aiddir. "Korvalol” apteklərdə şəffaf mayə və tablet şəklində satılır. Amerikada və Qərbi Avropa ölkələrində satışı qadağan edilən bu dərman preparatı, bəzi Şərqi Avropa  və postsovet ölkələrinin apteklərində hələ də satılır. Eyni ilə "Valerian ekstarkt” kimi, "Korvalol”dan da adətən ürək ağrıları və ürəkdöyünmə zamanı istifadə edirlər. "Korvalol”un tərkibində α-bromoisovaleric turşusu, fenobarbital və nanə yağı mövcuddur.  Bu üç maddənin heç biri ayrı-ayrılıqda belə ürək damar  xəstəliklərinin müalicəsində istifadə edilmir. "Korvalolun” tərkibindəki əsas maddələrdən olan fenobarbital antiepileptik (epilepsiya əleyhinə istifadə edilən dərman) və sakitləşdirici xüsusiyyəti olan bir maddədir. Fenobarbital heç bir ürək-damar xəstəliyinin müalicəsində  istifadə edilmir. Əksinə, fenobarbital yaşlı xəstələrdə fiziki asılılığa, yuxu problemlərinə səbəb ola bilir. Qısacası, "Valerian ekstrakt” kimi "Korvalol” da bəzi insanların bildiyinin əksinə, ürək-damar xəstəliklərinin müalicəsində istifadə edilmir və heç bir faydası da yoxdur. Tam tərsinə, tərkibindəki maddələrə diqqət etsək, qəbul olunduğu zaman ürək-damar xəstələrində ciddi problemlərə səbəb ola bilir. 
 
Son söz: Ürək-damar xəstəliklərinin müalicəsi məqsədi ilə bəzi xəstələr tərəfindən çox geniş istifadə edilən bu iki dərman preparatının əslində ürək-damar xəstəliklərinin müalicəsində heç bir faydası yoxdur.  Bu iki dərman preparatının ürək-damar xəstəliklərində faydalı olduğunu göstərən heç bir elmi araşdırma və ya tədqiqat da yoxdur. Sakitləşdirici və hipnotik qrupuna aid  olan bu dərmanlar, xəstələrdə ciddi yan təsirlərə səbəb ola bilir.

Yalçın Velibey
Kardioloji Uzmanı
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6951
GBP 1 İngilis funt sterlinqi 2.3826
TRY 1 Türk lirəsi 0.4183
KWD 1 Küveyt dinarı 5.6623
SEK 1 İsveç kronu 0.2011
EUR 1 Avro 2.0862
CHF 1 İsveçrə frankı 1.7424
USD 1 ABŞ dolları 1.7000