• cümə axşamı, 28 mart, 21:36
  • Baku Bakı 13°C

“Favoritimiz Azərbaycan təmsilçisi Diana Hacıyevadır” - Fotolar

09.05.17 09:30 4169
“Favoritimiz Azərbaycan təmsilçisi Diana Hacıyevadır” - Fotolar
Bu gün "Eurovision 2017” mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçiriləcək. Musiqi həvəskarlarının diqqəti Ukraynanın paytaxtı Kiyevə yönələcək. Sözügedən yarışmada 43 ölkə, o cümlədən Azərbaycan da iştirak edir. Azərbaycanı istedadlı ifaçı Diana Hacıyeva "Skeletons” (Skeletlər) mahnısı ilə təmsil edəcək. İlk yarımfinalda 8-ci çıxış edəcək iştirakçımızın performansı dünya mediası tərəfindən yüksək qiymətləndirilir.D.Hacıyeva caz musiqiçisi, "Bəri bax” kollektivinin solistidir.O, 1989-cu ildə Bakı şəhərində anadan olub. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva "Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılıb. Təsnifatı keçən Diana 77 iştirakçının yer aldığı yarımfinallarda altıncı yerdə qərarlaşıb. 2011-ci ildə onun "Find Yourself” adlıklipi çəkilib.Məlumat üçün bildirək ki, uzun müddətdir səbirsizliklə gözlədiyimiz "Eurovision 2017” musiqi yarışmasının final gecəsi mayın 13-də baş tutacaq. Musiqi yarışmasına ev sahibliyi edən Kiyev mətbuatında bildirilir ki, həmin gecə tamaşaçıları böyük sürprizlər gözləyəcək, onlar bu gecəni uzun müddət yaddaşlarından silə bilməyəcəklər. İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) tanınmış aparıcısı Azər Süleymanlı "Eurovision 2017” canlı verilişinin şərhçisi olacaq.Hazırda Kiyevdə olan aparıcı Azərbaycan nümayəndə heyəti ilə birlikdə ölkəmizin Ukraynadakı səfirliyində olub. Artıq ikinci dəfədir ki, "Eurovision” müsabiqəsi zamanı şərhçi olan aparıcı ölkə xaricində olsa da, "Kaspi”nin suallarını cavablandırdı. Gərgin iş prosesinin getdiyini deyən Azər Süleymanlı təmsilçimizin rəğbətlə qarşılandığını və bizim təqdim etdiyimiz performansa böyük marağın olduğunu bildirdi.
- Azər bəy, artıq "Eurovisin 2017” həyəcanı başlayıb. Özünüzü bu həyəcana köklənmiş hiss edirsinizmi?
- Bir şərhçi olaraq yarışmanın həyəcanına qapılmaqdan daha çox çalışıram ki, müsabiqənin mənzərəsini əvvəlcə özüm üçün müəyyən edim. Çünki tamaşaçılara mənim şəxsi təəssüratlarım yox, şou haqqında dolğun və obyektiv informasiya lazımdır. Ona görə də mən bu müddət ərzində iştirakçılar və media nümayəndələri ilə yaxından ünsiyyəti daha vacib hesab edirəm.
- Siz bu yarışmanın Azərbaycandakı şərhçisisiniz. Bizə də məlumdur ki, bu çox çətin və eyni zamanda məsuliyyətli bir işdir. Maraqlıdır, bu yarışı təqdim etmək üçün aparıcıdan hansı keyfiyyətlər tələb edilir?
- Öncə musiqini, mədəniyyəti sevmək mütləqdir. Yarışın ruhunu duymadan, müxtəlif ölkələrin musiqi mədəniyyətini anlamadan mikrofon önünə keçmək çətin olar. Hesab edirəm ki, şərhçi bir növ araşdırmaçı olmalıdır. O, arenada baş verənləri tamaşaçısına çatdırmaqla yanaşı, eyni zamanda şounun 62 illik tarixini də bilməlidir, ona yaxından bələd olmalıdır. Onu da unutmamalıyıq ki, hər bir ölkə təmsilçisinin özünün də bir hekayəsi var və bütün bunlardan şərhçi maksimum məlumatlı olmalıdır.
- Artıq Kiyevdəsiniz. Orada "Eurovision”la bağlı əhval necədir?
- Bu şou dünyanın ən çox tamaşaçısı, fanatları olan bir tədbirdir. Onlar həmin sevgi və hərarətlə bu müsabiqənin ardınca gedirlər. Bu il də Kievdə "Eurovision” fanları bu coşqunu yarada biliblər.
- Bizim nümayəndə heyətinə münasibət hansı səviyyədədir? Oradakı mütəxəssislərin bizim çıxışımız haqqında rəyləri necədir?
- Azərbaycan hər il müsabiqəyə maraqlı çıxışlar təqdim edir. Ekstravaqant və eksperimental musiqiçi olan Diana Hacıyeva demək olar ki, hər kəsi heyran etməyi bacarıb. Şounun məşqlərində, eləcə də paytaxt Kiyevin müxtəlif məkanlarında çıxış edərkən alqışlardan bunu sezmək çətin deyil. Təmsilçimiz həm də müxtəlif media nümayəndələrinin marağındadır. Müsabiqə ekspertləri təmsilçimizi yarışmanın əsas favoritlərindən hesab edirlər.
- Bu il "Eurovision” da nələri görəcəyik? Hansı fərqliliklər olacaq?
- Bu şounun elə bir eyforiyası var ki, onu sözlə ifadə etmək yox, gözlərinlə görüb hiss etmək lazımdır. Ona görə təklif edərdim ki, hər şeydən agah olmaq üçün bu gün ekran qarşısında əyləşib baş verənləri özünüz müşahidə edəsiniz. O zaman siz hər şeyin şahidi olacaqsınız.
- Siz bir dinləyici kimi hansı ölkənin ifaçısını favorit hesab edirsiniz?
- Biz əsas diqqətimizi öz təmsilçimizin çıxışına yönəltmişik. Amma təbii ki, bu böyük müsabiqədə iştirak edən bütün mahnıları dinləmişəm. Hər bir mahnı haqqında özümə görə təsəvvürüm var. bütün bunlara rəğmən, bizim bir favoritimiz var. O da Azərbaycan təmsilçisi Diana Hacıyevadır.
- Biz sizi İTV-də yayımlanan "Yeni gün” verilişinin aparıcısı kimi izləməyə adət etmişik. Bu verilişə davam edəcəksinizmi?
- Əlbəttə ki, "Yeni gün”lərin birində mən də sizin görüşünüzə gələcəyəm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər