• cümə axşamı, 28 mart, 13:10
  • Baku Bakı 16°C

“Favorit bəllidir”

05.10.13 11:15 2045
“Favorit bəllidir”
9 oktyabr - Azərbaycanda prezident seçkiləri günüdür. Həmin gün Azərbaycan xalqı öz iradəsini ifadə edərək, növbəti beşillik üçün yeni prezidenti seçəcəklər. Prezident seçkiləri öncəsi Azərbaycanda ictimai-siyasi vəziyyət, iqtidar və müxalifət düşərgəsinin seçki hazırlığı, Milli Şuranın keçirdiyi görüş-mitinqlər, bu aksiyalara az sayda əhalinin gəlməsi, İctimai Televiziyanın efirindəki tele-debatlarda səsləndirilən fikirlər və digər məsələlərlə bağlı “Kaspi”nin suallarını Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev cavablandırıb.
- Prezident seçkiləri marafonunun hazırda həssas məqamlarıdır. Siz bu prosesləri necə qiymətləndirirsiniz?
- Proses göz önündədir. Hətta deyərdim ki, artıq qiymətləndirmə mərhələsini adlayaraq real nəticə və göz görəsi aydınlıq mərhələsinə qədəm qoyub. Ya da belə deyək, hal-hazırkı durum ortalığa real tablonu qoyur: Favorit bəllidir. Cənab İlham Əliyev növbəti seçkidə böyük səs faizi ilə qalib gələcək. Və bunu bir tək mən, ya da mənim kimi hər hansı bir qatı iqtidar təəssübkeşi deyil, eyni zamanda bütün sorğular, monitorinqlər, beynəlxalq analitiklər, dünyanın sayılıb-seçilən beyin mərkəzləri deyir. Heç şübhəsiz ki, prezident seçkiləri marafonunun bu şəkildə dövr etməsində radikal müxalifət qanadının özünün də məsuliyyətsizliyi, etinasızlığı, eyni zamanda onların başında gedən insanların proseslərə baxış tərzi, qeyri-praqmatikliyi az rol oynamadı. Elə ancaq “vahid namizəd” problemini və ya hətta bu günün özündə də həmin problemin öz həllinə varmamasını, müxalif başbilənlər arasındakı açıq ziddiyyətləri nümunə kimi göstərmək yetərlidir ki, söylədiklərimlə çoxları razı olsun. Təbii, bu fikirdən sonra bəzi oxucular mənimlə ”axı radikal müxalifətin vahid namizədi var” - ritorikasına girə bilər. Bu yanaşmanı, bu ehtimalı da nəzərə alıb demək istəyirəm ki, Cəmil Həsənli vahid namizəd-filan deyil. O açıqca dublyordur. Tarana gedən, özünü “yandıran”, kənardakı oyunbazlar tərəfindən kamikadze təlimatı alan dublyor! Çünki İsa Qəmbər və Əli Kərimli kimi köhnə qurdlar bu adamı gerçəkdən ortalıqda təcrübə dovşanına çeviriblər. Demək istədiklərini dedirdirlər, onun vasitəsilə cəmiyyətin və iqtidarın reaksiyasını yoxlayırlar, hətta lazım olanda, tutaq ki, Hafiz Hacıyev kimi aqressiv insana belə tuş gətirdib söydürürlər. Qısaca, bu adamı sanki minalanmış sahənin üstünə çıxarıb, özləri üçün növbəti mərhələyə cığır açırlar. Hansı ki, qurbanlıq elədikləri adamın bəlli bir məqamda həm siyasi, həm də mənəvi cəhətdən “bitəcəyi” dəqiqdir. Amma olsun. Hər halda düşünürəm ki, bu cür kritikalar bizim deyil, həmin o haqqında danışdığımız radikal müxalifətin və ya onun başında gedən binəva və diletant siyasətçinin-yəni Cəmil Həsənlinin düşünməsi gərəkən detallardır. Seçki məsələsinin, perspektivinin Azərbaycan iqtidarına aid olan tərəfi isə hesab edirəm ki, özündə hər hansı bir müzakirə zərurəti yaratmır. Çünki, reallıq ortadadır. İlham Əliyev monolit komandanın rəhbəri kimi həm hakimiyyət düşərgəsində yetərli nüfuza sahibdir, həm də xalq tərəfindən inanılmaz dəstəyə malikdir. Belə olduğu halda isə seçkinin nəticələrini təxmin etmək məncə, ictimai-siyasi proseslərdən azacıq anlayışı olan biri üçün çətinlik yaratmamalıdır.
- Söylədiklərinizdən belə anladım ki, bu seçkilərə hakim partiya daha fəal, müxalif düşərgənin təmsilçiləri isə zəif hazırlaşıblar. Siz bu zəifliyi nə ilə əlaqələndirərdiniz?
- Sizə bir fakt deyim. Bu yaxınlarda Oğuz rayonunda Cənab Prezidentin rəsmi seçki qərargahının üzvü kimi təbliğat və təşviqat tədbirlərində iştirak etdim. Həmin görüşlər çərçivəsində heç şübhəsiz müxtəlif insanlara söhbətim oldu. Və intuitiv olaraq həm də müxalif qüvvələrin bölgədə fəal olub-olmaması ilə maraqlandım. İnandırım sizi ki, bir adam doğru-dürüst cavab verə bilmədi. Bilirsinizmi niyə? Çünki həmin namizədlərin nəinki təbliğatından, heç onların varlığından belə kimsə xəbərdar deyil. Radikal müxalifət nümayəndələrinin mətbuatda bəh-bəhli, rəngarəng, gözəgəlimli açıqlamalarından fərqli olaraq onların təmsilçilərinin regionlardakı fəaliyyəti son dərəcə solğundur. Hətta siyasi rudiment halına gəlmiş durumdadır. Heç bir tədbir-filan keçirilmir. İnsanlarla iş aparılmır. Plakat yox, platforma yox, əlqərəz, heç nə yox. Amma bu fon üzərindən bir də Cəmil Həsənlinin teledebatlardakı çıxışlarına baxanda adam heyrət edir. Ya da belə deyək: danışan dilləri hara qədər desən var. Amma elə ki, dilçəklərini axtarmağa başlayırsan, adamın köməyinə nə “Google” çata bilir, nə də Xoşqədəm xanım.
- Belə qənaətə gəlmək olarmı ki, Rüstəm İbrahimbəyovun fiaskosundan sonra Cəmil Həsənlinin vahid namizəd elan edilməsi də özlərini demokratik qüvvələr adlandıranları, eləcə də müxalifəti indi düşdüyü durumdan xilas edə bilməyəcək?
- Öncə qeyd edim ki, demokratiya və ya demokratik qüvvə anlayışını bir tək hansısa qaraguruhun timsalında dəyərləndirməyin əleyhinəyəm. Çünki 20 ildir siyasətimizin üz qarası və baş bəlası olan radikallar, həmin o haqqında danışdığınız demokratiyanı öz beyinlərinə gerçək meyarlarla deyil, təxəyyüllərində düzüb-qoşduqları primitiv anlam tərzi ilə əxz ediblər. Və ya, bir az sadə dillə desək, onların anladığı demokratiya-dünyanın, bəşəriyyətin qəbul etdiyi demokratiya fəlsəfəsindən çox-çox uzaq məsafədədir. Müxalifəti düşdüyü durumdan kiminsə, ələlxüsus da Cəmil Həsənlinin xilas etmə məsələsinə gəlincə, inandırım sizi ki, burada da vəziyyət tam fərqli və kuryozdur. Niyə? Çünki radikal müxalifətin düşdüyü bataqlığın ən dərinliyində olan elə Cəmil Həsənlinin özüdür. Bu adam hal-hazırda proseslərin gedişatında “kor nalbənd” rolunu oynayır. Qaş düzəldən yerdə göz çıxaran obrazın prototipini xatırladır. Belə bir durumda isə növbəti sualı mən sizə ünvanlamaq istəyirəm: Bu qədər uğursuz, məramsız adamdan xilaskar olarmı? Siyasəti poeziya axşamları ilə səhv salan, hər mitinqdə qafiyələr açan, siyasi manıslığın zirvəsinə qalxan Cəmil Həsənlidən lider, birləşdirici fiqur yaratmaq mümkündürmü? Əlbət ki, yox. Heç o fiqurun “kitayski”variantını da Həsənlinin timsalında ərsəyə gətirmək olmaz. Niyə? Çünki, eni 15, uzunu 20 sm olan bir deputat mandatına görə əqidəsini, mənliyini ortalığa peşkəş edənlərin şəxsiyyət orijinalı olmadığı kimi, dublikat və şablonu da olmur.
- Yəqin ki, prezidentliyə namizədlərin İctimai Televiziyanın efirindəki debatlarını da izləyirsiniz. Namizədlərin çıxışlarına, səsləndirdikləri fikirlərə münasibətiniz necədir?
- Haqqında danışdığınız debatlar hətta ikrah doğurduğu məqamlarla belə, özündə bir çox vacibatları və missiyanı ehtiva edir. Ən azından ona tamaşa edən insanları olduğundan daha ayıq, daha agah vəziyyətə gətirir. Kimin kim olduğu dəqiqləşir. Səviyyə və tərbiyə faktoru bütün xırdalıqlarına qədər qabarır. İqtidaryönlü təfəkkürümlə deyil, tam səmimiyyətimlə deyirəm ki, həmin debatlarda bütün provokasiyaların birmənalı baiskarı Cəmil Həsənlidir. Çünki, bu adamın efir məkanında gördüyü tək iş təhqir bombardmanıdır. Həm də nizamsız, minvalsız, rabitəsiz, kor-koranə təhqir bombardmanı. O bombanın qəlpələrindən isə efir qarşısında əyləşən hər birimizə dəyir. Bir tək tərbiyəsizliyə görə deyil, həm də dəyərsiz bir dildən dəyərli insanlar hədəf alındığı üçün!
- Milli Şura sentyabrın 22-də və 28-də Yasamal rayonu ərazisində, İnşaatçılar metrosunun yaxınlığındakı stadionda görüş-mitinq keçirib. Bu mitinqdə iftira, böhtan xarakterli çıxışlarla yanaşı, üzərində təhqiramiz ifadələr əks olunan şüarlar da diqqət çəkib. Belə hallara yol verilməsi nə dərəcədə düzgündür?
- Siz bu mənzərədən təəccüblənmisiniz? Əksinə, mən düşünürəm ki, radikal müxalifətin timsalında əsl anormallıq, söylədiyinizin tərsi olardı. Niyə? Çünki bu insanların xisləti, təfəkkürü, tərbiyəsi budur. Yəni, ortalıqda olandır. Daha artığını, daha səviyyəlisini gözləməyə dəyməz. Belə bir möcüzə hələ uzun illər baş verməyəcək. Bunun üçün onların ruhu, mənəviyyatı, siyasi təfəkkürü, əyinlərindəki müxalifətçilik libası dəyişməlidir. Kitab oxumalıdırlar, adam içinə çıxmalıdırlar, cəmiyyətə, xalqa bir tək mitinq dəliklərindən deyil, daha geniş spektrdan baxmalıdırlar.
- Sizcə, əhalinin müxalifətin keçirdiyi mitinqlərə az maraq göstərməsinin səbəbi nədir?
- Əhali son bir-iki həftəyə qədər Cəmil Həsənli adlı birinin varlığından xəbərdar olmayıb. Bu faktdır! Tanıdığında da baxıb ki, qarşısında söyüşün, təhqirin, böhtanın beşini bir qəpiyə göyə uçuran biri dayanıb. Necə gəlsin beləsinin tədbirinə? Nə deyib qoşulsun bu binəvaların sırasına? Hətta görün vəziyyət nə yerdədir, Allahın şizofrenik bəndəsi - Rəsul Quliyev də deyir ki, bizim mitinqlər “multfilim”ə bənzəyir. Bundan ötə rəzillik varmı? Ola bilərmi? Və ya, iddia edirlər ki, ətrafımızda 70 təşkilat birləşib. Böyük birlik yaratmışıq, filan. Hanı o birlik? Biz niyə görə bilmirik həmin birliyi? Siyasətdə baş girləyən qaraguruh ünsür toplusu görəsən heçmi fərqində deyil ki, bu ölkənin sıravi vətəndaşı övladının toy məclisinə daha çox insan cəlb edə bilir, nəinki bunlar öz mitinqlərinə? Elə bilirsiniz isalar, əlilər bu mənzərəni, bu durumu görmür? Əlbəttə ki, görür. Kim görməsə də onlar görür. Sadəcə, ortalıqda Cəmil Həsənli kimi “kloun”lar varkən görməzdən keçirlər. Bu cür dublyorların vasitəsi ilə siyasətdəki ömürlərini uzadırlar. Hər seçkidə məhvə sürüklədikləri növbəti qurbanın üzərinə çıxıb böyük, cüssəli görünmək istəyirlər. Amma, bu möhtəkirlərin də sonu gələcək, əlbət. Mitinqlərindəki adam sayı 1500-dən 15-ə enəndə, Cəmil tipli kamikadzelər bitib-tükənəndə, gələcək. Amma mütləq gələcək!
- Xatırlayırsınızsa, Rüstəm İbrahimbəyov Milli Şuranın vahid namizədinin seçki kampaniyası maliyyələşdirilsin deyə, “1 manat aksiyası” elan etmişdi. Sizcə, üzvlərinin on minlərlə olduğu söylənilən müxalifət partiyalarının bu kampaniyanı uğurla həyata keçirə bilməməsinə səbəb nədir?
- “1 manat aksiyası” ilk öncə simvolik mənada “Milli Şura”nın özünə verdiyi dəyərin, eyni zamanda avantürizmin, cəmiyyəti və xalqı görə, duya bilməyən bəsirət korlarının ortaya atdığı ideya idi. Nəticə etibarilə də məntiqə uyğun sonluğuna da vardı. Və ya, “ölkəyə dönməsəm nakişiyəm, bizim ağzımızdan söz bir dəfə çıxır” - deyib, ardınca qəlblərdə özünün nakişilik heykəlini ucaldan biri tərəfindən irəli sürülən təşəbbüs fərqli perspektiv vəd edə bilməzdi. Ayrıca, “Milli Şura”dakılar hələ bir yeyib min dua eləsinlər ki, İbrahimbəyov yarım litrlik rus vodkasından sonra fantastik sərsəmləmələr etməyib. Oysa, ona qalsa təşkilat daxilində “gözəllik müsabiqəsi”, “formula-1”yarışları-filan da keçirərdi.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər