• cümə axşamı, 18 aprel, 07:15
  • Baku Bakı 12°C

Faşizm üzərində qələbənin 70-ci ildönümü qeyd olunacaq

25.10.13 17:46 1471
Faşizm üzərində qələbənin 70-ci ildönümü qeyd olunacaq
Oktyabrın 25-də Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Belarus Prezidenti Aleksandr Lukaşenko iclasda iştirak edən dövlət başçılarını "Müstəqillik sarayı"nda qarşılayıb. Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.
Prezident Aleksandr Lukaşenko dövlət başçılarını iclasın gündəliyi ilə tanış etməzdən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik etdi, ona ali dövləti vəzifəsində uğurlar arzuladı.
Prezident Aleksandr Lukaşenko dedi ki, MDB dövlət başçılarının növbəti iclasının gündəliyində müxtəlif sahələrdə əməkdaşlığı əhatə edən 14 sənəd layihəsi müzakirə olunacaqdır.
Humanitar sahədə əməkdaşlıq üzrə müzakirə olunacaq əsas məsələ sovet xalqlarının faşizm üzərində qələbəsinin 70-ci ildönümü münasibətilə keçiriləcək təntənəli mərasimə hazırlıq, 2015-ci ilin MDB ölkələri üçün "1941-1945-ci illərin Böyük Vətən Müharibəsi veteranlarının ili" elan edilməsi və vahid yubileyə mükafatının təsis edilməsi olacaqdır.
Digər müzakirələrdə ötən il ərzində görülmüş işlərə nəzər salınacaq, bəzi məsələlər barədə fikir mübadiləsi aparılacaq, müxtəlif yanaşmalar olan sənədlərlə bağlı cavab layihələri müzakirə ediləcəkdir. Gündəliyə iqtisadi və humanitar sahələrdə əməkdaşlığa dair, eləcə də insan və maliyyə təhlükəsizliyinin təmin olunmasında və Birliyin fəaliyyətinin digər istiqamətlərində inteqrasiya proseslərinin sürətləndirilməsinə yönəlmiş layihələr ətrafında fikir mübadiləsi aparılacaqdır.
Daha sonra MDB İcraiyyə Komitəsinin sədri - icra katibi Sergey Lebedev iclasın gündəliyi barədə qısa məlumat verdi.
Məhdud tərkibdə iclasda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev səmimi təbrikə görə Belarusun Prezidenti Aleksandr Lukaşenkoya təşəkkürünü bildirdi.
Dövlətimizin başçısı bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın və dostluğun, sülh və əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini diqqətə çatdırdı. Azərbaycan Prezidenti bildirdi ki, MDB ölkələrini bir-birinə tarixi köklər bağlayır, xalqlarımız Böyük Vətən müharibəsində faşizm üzərində birgə qələbə çalmışlar. İndi də ölkələrimiz arasında çox səmərəli siyasi-iqtisadi münasibətlər mövcuddur.
Prezident İlham Əliyev bir neçə gündən sonra Bakıda keçiriləcək Humanitar Forum barədə də məlumat verdi.
Daha sonra digər dövlətlərin başçılarının çıxışları dinlənildi.
Rusiya Prezidenti Vladimir Putin Birlik ölkələri arasında iqtisadi əməkdaşlıq və inteqrasiya proseslərinin inkişaf etdirilməsinin, terrorizmlə mübarizədə birgə səylərin zəruriliyini önə çəkdi, 2014-cü ilin "Turizm ili", Almatı və Oş şəhərlərinin MDB-nin mədəniyyət paytaxtları elan olunmasını dəstəklədi.
Digər dövlət başçıları da müzakirə olunan məsələlərlə bağlı fikirlərini söylədilər, gündəliyi dəstəklədiklərini bildirdilər.
“MDB dövlət başçılarının sammitində qəbul olunan qərarlar bütün üzv ölkələrin maraqlarına cavab verir”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko zirvə toplantısının yekunlarına dair keçirilən mətbuat konfransında deyib. O bildirib ki, məsələlərin böyük bloku terrorçuluq və hüquq pozuntuları ilə mübarizə tematikasına həsr olunub.
A. Lukaşenko iclasda 2014-2016-cı illərdə terrorçuluq və ekstremizmlə mübarizədə əməkdaşlıq barədə, eləcə də narkotiklərin qanunsuz dövriyyəsi, narkomaniyaya qarşı tədbirlər, cinayətkarlıq və insan alveri ilə mübarizə üzrə proqramların təsdiqləndiyini söyləyib. Korrupsiya ilə mübarizə üzrə dövlətlərarası Şuranın yaradılması haqqında saziş və yüksək texnologiyalar sahəsində cinayətkarlıqla mübarizəyə dair konsepsiya da bəyənilib. Bundan başqa, iclasda 2014-cü ildə “MDB-nin mədəniyyət paytaxtları” dövlətlərarası proqramının həyata keçirilməsi qərara alınıb. Gələn il MDB-nin mədəniyyət paytaxtları kimi Almatı (Qazaxıstan) və Oş (Qırğızıstan) seçilib.
A. Lukaşenko Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə bağlı qərarları xüsusi qeyd edib: “2015-ci il Böyük Vətən müharibəsi veteranları ili elan olunub. Vahid yubiley mükafatları haqda qərar qəbul edilib”.
2014-cü ildə MDB-də sədrlik Belarusdan Ukraynaya keçəcək.
banner

Oxşar Xəbərlər