“Faşistlər”lə “liberallar”ın söz savaşı - Fotolar
Xalqın etimadını itirən müxalifət indiyə qədər
keçirilən bütün seçkilərdə məğlub olub. Onlar bu məğlubiyyətin səbəblərini
"soyuq başla” aydınlaşdırmaq, öz səhvlərindən nəticə çıxarmaq, müasir dövrlə səsləşən
ideya və təkliflərlə çıxış etmək, düzü-düz, əyrini-əyri göstərməklə, ölkədə baş
verən proseslərə obyektiv münasibət sərgiləmək əvəzinə, uğursuzluqlarına görə
başqalarını günahkar görmək yolunu həyat tərzi seçiblər. Zaman keçdikcə
radikallaşan, daha kəskin ittihamlarla çıxış edərək siyasi gündəmdə qalmağa
çalışan müxalifət isteriyaya qapılaraq öz "silahdaşlarını” da hədəfə almaqdan çəkinmir.
Məhz bu səbəbdən də ənənəvi radikal müxalifətin bu davranışı, "siyasi fəaliyyət”
adı altında oynadığı oyunlar müxalif düşərgənin özündə böyük narazılıqlarla
qarşılanır. Bu narazılıqlar qarşılıqlı ittihamlar, sosial şəbəkə üzərindən
ictimailəşdirilən statuslar vasitəsilə gündəmə gətirilir. Əgər belə demək
mümkünsə, yeni nəsil müxalifətçilər ənənəvi radikal müxalifəti qəbul etmir,
onların indiyə qədər siyasi məğlubiyyətə uğramasını əsas tutaraq, meydanı tərk
etmələrini istəyirlər. Qərb dəyərlərindən, o cümlədən demokratiyadan pafoslu
çıxışlar edən radikal müxalifət "liderləri”, eləcə də onların ətrafındakı dəstəkçiləri
isə dərhal yeni nəsil müxalifətçiləri, konstruktiv fikir adamlarını "satqın”,
"xəyanətkar”, "hakimiyyətin adamı” kimi qələmə verir, onların ünvanına ən müxtəlif
ittihamlar səsləndirirlər.
Hakimiyyətin
konkret şəxsinin təbliğatçısı
REAL Partiyasının funksioneri Natiq Cəfərli və AXCP
sədri Əli Kərimlinin nəzarəti altında olan, məhz onun diktəsi ilə idarə olunan
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli arasında yaşanan
qarşılıqlı söz atmacaları da bu qəbildəndir. Əvvəlcə onu qeyd edək ki, dünənə qədər
iqtidar komandasında yer alan, cibində deputat mandatı daşıyaraq hökumətin
maraqlarını cani-dildən müdafiə edən G.Hacıbəyli parlamentə seçilməyən kimi
çönüb olub "müxalifətçi” və əli kərimlilərin, cəmil həsənlilərin sırasında yer
alıb. Şəxsi maraqlarına görə cəbhədən-cəbhəyə keçməyi asanlıqla bacaran G.Hacıbəyli
"Facebook”dakı şəxsi səhifəsində status yazaraq iddia edib ki, əgər bu gün Azərbaycanda
qəfil seçki keçirilsə və YAP-ın namizədi lap İsa Məsih olsa belə, seçkini böyük
fərqlə uduzacaq. G.Hacıbəyli konstruktiv müxalifəti, xüsusən də REAL-çıları nəzərdə
tutaraq əlavə edib ki, bir müxalifətçi bunun əksini iddia edirsə, o, artıq
müxalifəti təmsil etmir, hakimiyyətin konkret şəxsinin təbliğatçısıdır. Onun qənaətincə,
bunu iddia edən "müxalifətçi” uzun müddətdir müxalifətə qarşı müxalifətçilik
edib, onlara çamur atıb hakimiyyəti ən dar günlərində "niyə də yox”larla vəziyyətdən
çıxarmaqla məşğuldursa, problem artıq onda deyil, onu müxalifətçi kimi qəbul edənlərdədir.
Fikri olub
beyni olmayanlar
G.Hacıbəylinin bu yanaşmasına qarşı tərəfin cavabı
çox da gecikməyib. REAL funksioneri N.Cəfərli "Facebook”dakı şəxsi profilində
status yazaraq, ünvanlarına səsləndirilən ittihamlara aydınlıq gətirib. Onun
statusundan kiçik bir hissəni olduğu kimi təqdim edirik: "Milli Şura şəxsimə və
REAL-a qarşı qarayaxma, çamuratma kampaniyasını ərşə qaldırıb. Fikri olub beyni
olmayan bir qrup adam (sayları 100-ü keçmir, sadəcə hər birinin də 4-5 saxta
profili var) küy yaradaraq fikir formalaşdırmağa çalışırlar. Və bu kampaniya
birbaşa Milli Şura rəhbərliyinə daxil olan adamlar tərəfindən qızışdırılır,
idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin 25 ildir
daşıyıcısı olanlar zaman-zaman eyni kampaniyanı ya öz təşkilatlarının içində
olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar. Öz partiyalarından
hökumət tərəfə keçib deputat, məmur olan onlarla adam var deyə, kompleksə
düşüblər. Fərqli düşünən görəndə sanki havalanırlar, ağılları-bilikləri yoxdur
deyə, ancaq satqın söhbəti salırlar. Müsavat Partiyası 2013-cü ildə Milli
Şuradan çıxanda eyni kampaniyanı onlara qarşı da apardılar”.
Gültəkin
Hacıbəyli nə üçün REAL-a gəlmək istəyib?
N.Cəfərli Milli Şura təmsilçisi, daha doğrusu AXCP
sədri Ə.Kərimlinin danışmanı G.Hacıbəyliyə xatırladıb ki, 25 ildir xalqı
dolayanlar, aldadanlar "Gəlirik, Tindəyik, Az qaldı, Hakimiyyət çökür, Hamısı
qaçmağa hazırlaşır” ritorikası ilə məsuliyyətsiz və populist bəyanatlar səsləndirməklə
məşğuldurlar. O, belə yalan və pafos üzərində qurulmuş siyasətə tüpürdüyünü
yazaraq, G.Hacıbəylinin heç də Həzrəti Fatimə olmadığını, YAP adı ilə iki
seçkini qazandığını, məlum xidmətlərinə görə ona mandat hədiyyə edildiyini qeyd
edib. N.Cəfərli statusunun sonunda G.Hacıbəyliyə şans vermək istədiyini, özü
seçdiyi istənilən jurnalistlə birgə canlı yayımda debat etməyə, istənilən
suallarını cavablandırmağa hazır olduğunu bəyan edib. Sonda isə vurğulayıb ki,
debatda faşist təfəkkürlü G.Hacıbəyliyə yalnız bir sualla müraciət edəcək ki,
bir zaman nə üçün REAL-a gəlmək istəyib və nə cavab alıb.
Absurd
iddialara cavab
G.Hacıbəyli ünvanına səslənən ittihamlara cavab
olaraq bildirib ki, N.Cəfərli hakimiyyətə dəstək xarakterli çıxışlarını, YAP
namizədinin seçkidə qələbə çalacağı haqqında fikirlərini malalamaq üçün status
yazıb və onu hədəfə alıb, "faşist” adlandıraraq təhqir edib. G.Hacıbəyli N.Cəfərliyə
xatırladıb ki, REAL-çılar vaxtilə parlamenti "zoopark” adlandırıblar, indi də
"faşist” təfəkkürlü insanların məkanı kimi qələmə verirlər. O, N.Cəfərli və onu
dəstəkləyənlərə "faşistlərin zooparkında” uğurlar arzulayıb. Ardınca da "itə
yiyəsinə görə hörmət edərlər” atalar misalı mənasında REAL Partiyasının sədri
İlqar Məmmədova səslənib. Milli Şura təmsilçisinin bu statusu altında
radikallarla REAL-çılar arasında qızğın "söz savaşı” başlayıb. N.Cəfərli
sözügedən statusun rəy bölməsinə yazıb ki, o, yazı yazmayıb, G.Hacıbəylinin
absurd iddialarına cavab verib: "Öyrənmisiniz ki, ağzınıza gələni yazacaqsınız,
Sizə cavab olmayacaq?! İstənilən kanalı, istənilən jurnalisti seçin - canlı
danışaq. Nöqtə”.
Kim kimdən
üzr istəyəcək?
G.Hacıbəyli buna cavab olaraq bildirib ki, barəsində
belə qırmızı yalan yazandan sonra hansısa debatdan söhbət gedə bilməz. Milli
Şura təmsilçisi tələb edib ki, REAL funksioneri ondan üzr istəsin. N.Cəfərli isə
bir daha onu debata çağıraraq qeyd edib ki, əgər G.Hacıbəyli debata çıxsa,
REAL-çıların ünvanına səsləndirdiyi fikirləri sübut etsə, canlı yayımda ondan
üzr istəyəcək. Əlavə edib ki, əgər G.Hacıbəyli mandat almaq məsələsini,
REAL-çıların buna çalışdığını sübut etməsə, canlı yayımda üzr istəməlidir. N.Cəfərlinin
bu təklifi qarşılığında daşdan səs çıxıb, amma G.Hacıbəylidən yox.
Sağlam vətəndaş
mövqeyi, haqlı suallar
Müxalifət düşərgəsindəki bu söz savaşına,
qarşılıqlı ittihamlara, təhqir yağışına əlavə şərh vermədən vətəndaş mövqeyi
olan bir azərbaycanlının belə hadisələrə yanaşmasını xatırlatmaqla nöqtə qoymaq
istərdik: "... Özümdən misal gətirəcəm. Mən həkiməm, bilavasitə siyasətlə məşğul
deyiləm. Günümün bəlli saatlarını mütaliəyə sərf edirəm, ölkədə baş verən
proseslərə də biganə deyiləm. Hamısını izləməyə çalışıram, bütün sivil ölkələrdə
olduğu kimi, ölkəmdə demokratik mühitin olmasından yanayam. Jurnalistlərin, siyasətçilərin
fikir və düşüncələrinə görə həbs olunmasına qarşıyam. Uzun sözün qısası yetərincə
ağılı başında olan bir adamam. Və bütün günü sosial şəbəkələrdə Azərbaycanın
müxalifət partiyalarının üzvlərinin bir-biri ilə didişməsini, söyüşməsini
müşahidə edirəm. Mənim kimi yüzminlərlə insan var, müəllimlər, həkimlər və
sair. Elə isə nə səbəblə gəlib sizə qoşulmalıyıq? Didişmək və söyüşmək üçün?
Xalqın dəstəyini qazanmaq üçün, mühit formalaşdırmalısınız”.
Rufik
İSMAYILOV