AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Faşistlərin ümidinə qalan Ermənistan

Faşistlərin ümidinə qalan Ermənistan

Təfsilat
23 Oktyabr 2020, 14:21 284
Sivil dünyadan təcrid olunan Paşinyan hakimiyyəti gözünü faşist təmayüllü partiyalara dikib
 
 
 
Müzəffər Azərbaycan Ordusunun işğal altında olan torpaqları azad etmək istiqamətində apardığı hərbi əməliyyatlar uğurla davam edir. Döyüş meydanında Azərbaycanın qazandığı uğurlar, azad edilən şəhər və kəndlər Ermənistanı iflic vəziyyətinə salıb. Minlərlə məhv edilən əsgər, texnika, hərbi sursat hərbi xuntanı ən ağlasığmaz addımlar atmağa vadar edir. Təqdirəlayiq haldır ki, artıq Qərb dünyası da görür ki, Azərbaycanın apardığı mübarizə haqq mübarizəsidir və hədəfi də öz ərazisini düşmən işğalından qurtarmaqdır. Artıq Ermənistan hakimiyyətinin Avropaya olan ümidləri də puç olub. Avropamın heç bir dövləti açıq şəkildə onu müdafiə etmir. Fransa hakimiyyəti ilk günlərdə ermənipərəst mövqe sərgiləsə də, artıq rəsmi Paris Azərbaycanın haqq mübarizəsinə qarışmamaq qərarına gəlib. Beləliklə, Nikol Paşinyana nə onu hakimiyyətə gətirən Soros, nə də inqilabın xarici effektləri kömək etmir. Ermənistanın Avropaya olan ümidləri iflas olub. Tək bir fakt - Gəncənin bombalanmasına cavab olaraq Avropa İttifaqının verdiyi bəyanat Yerevanda isterika yaradıb. Ermənilərin böyük ümid bəslədiyi Fransa prezidenti Emmanuel Makron artıq valı dəyişərək prezident İlham Əliyevlə pozitiv danışıqlar aparır. Fransanın ölkəmizdəki səfiri Azərbaycan xalqını təbrik edir və bəyan edir ki, ölkələr arasında münasibətlərə xələl gətirən hallar geridə qalıb. Ermənistanın isə öz ənənəvi müttəfiqlərinə ümidi qalır – ASALA, PKK və hətta alman neonasistləri. Ən pis imicə malik olan bu partiya artıq ermənilərin sevimlisinə çevrilib.
 
Ermənistan üçün "alternativ”
 
Necə deyərlər taylı-tayını tapmasa, günü ah-vayla keçər. Sivil dünyadan təcrid olunan Paşinyan hakimiyyəti ümidini Bundestaqda təmsil olunan nasist "Almaniya üçün alternativ” partiyasına dikib. Almaniyada olduqca mənfi imicə sahib olan bu partiyanın əsas məqsədi, ölkəni "islamlaşmaqdan xilas etmək”, miqrantları sıxışdıraraq ölkədən qovmaq, onlara qarşı diskriminasiya siyasəti yeritməkdən ibarətdir. Elə nasizmə xidmət edən Ermənistan da eyni siyasəti həyata keçirərək monoetnik dövlət qurub. Hazırda ermənilərlə əməkdaşlıq edən neonasistlər də Almaniyada irqçi, islamafob, antisemit və ksenofob tendensiyaları ilə tanınır və aktiv şəkildə neonasist təşkilatları ilə əməkdaşlıq edir, bu partiyanın nümayəndələri demokratik cəmiyyətlərdə arzuolunmaz şəxslər hesab edilirlər. Ermənilər faşist Qaragin Nijde ilə fəxr etdikləri kimi, partiyanın həmsədrlərindən biri Aleksandr Qauland da alman əsgərlərinin İkinci Dünya Müharibəsində göstərdikləri "qəhrəmanlıqları”la fəxr edir. Qeyd edək ki, faşistyönümlü bu partiyanın üç üzvü beynəlxalq qanunları pozaraq Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər edib. Səfər dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan qondarma rejimin təşəbbüsü, təhriki və dəvəti ilə baş tutub. Nəzərə alsaq ki, elə Paşinyanın və onun əlaltısı Araik Arutunyanın özü də nasist təfəkküründədir, o zaman təəccüb eləməyə dəyməz. Necə deyərlər, eyni mənfur ideologiyanın iki qanadı bir-birinə qovuşub. Paşinyan və komandası Sorosla bağlı olsalar da, Avropadan istədikləri dəstəyi ala bilməyiblər. Ona görə də erməni diasporunun bir-iki nümayəndəsinin pulları ilə hazırkı mənzərəni yaratmağa cəhd edirlər, məhz pulun müqabilində hansısa parlamentdə faşist tapıb Qarabağa gətirirlər. Lakin Paşinyan nə edirsə etsin, faydası olmayacaq. O, uduzacaq. Onunla bərabər isə nasist təfəkkürünə sahib, barmaqla sayılacaq qədər az olan dostları da uduzacaq.
 
Faşist faşistə dəstək verir
 
Müharibənin bütün seqmentləri üzrə uduzan işğalçı ölkə özünə  hərbi, diplomatik müstəvidə ciddi dəstək tapa bilmədiyi üçün yalnız terrorçular və faşist düşüncəli qruplaşmalarla əməkdaşlıq edə bilir. Çünki Ermənistanda faşizm və terrorizm rəsmi dövlət siyasətidir. Uzun illərdir ki, rəsmi İrəvan dünyanın hər yerində olan terrorçularla əməkdaşlıq edir, terroristləri işğal etdiyi Azərbaycan torpaqların gətirərək onlara təlim keçir, muzdlu döyüşçü kimi dinc əhaliyə qarşı istifadə edir, Yerevanın mərkəzində faşist cəlladı Qaragen Njdeyə heykəl  qoyur. Faşizmə rəğbəti və faşizmin təbliğini dövlət siyasəti səviyyəsinə qaldırır və dünyada olan faşizm tərəfdarları ilə sıx əməkdaşlıq edir. Elə faşizmə rəğbət bəsləyən "Almaniya üçün alternativ” partiyasının nümayəndələrinin işğal olunmuş Qarabağa dəvət edilməsi də bu ölkənin faşist xislətinin göstəricisidir. Bütün cəbhələr üzrə məğlub olan düşmən, hazırda yeganə nicat yolunu terroristlərlə ittifaqda görür. Bir tərəfdən  Suriya və Livandan kürd terror dəstələrinin üzvlərini muzdlu kimi bölgəyə gətirir, digər tərəfdən isə Avropada neonasist ideologiya daşıyıcılarının dəstəyinə ümid bağlayır. Ancaq bunların heç biri işğalçı və terrorist Ermənistanı xilas edə bilməyəcək. Azərbaycan ən qısa zamanda öz haqlı davasında qalib çıxacaq".
 
Səfər Azərbaycan-Almaniya münasibətlərinə təsir edə bilməz
 
Sözsüz ki, Bundestaq üzvlərinin işğal altındakı ərazilərimizə səfər etmələri Azərbaycanla Almaniya arasındakı münasibətlərə təsir edə bilməz. Çünki belə bir səfərin heç bir rəsmi çalarları yoxdur, atılan bu addımın özü, birmənalı olaraq qanunsuzdur, eləcə də, beynəlxalq hüquqa qarşıdır. Həssas məqamda - Azərbaycanın öz hüququndan istifadə etməklə ərazi bütövlüyünü, suverenliyini təmin etdiyi bir zamanda, həmçinin işğalçı Ermənistanın terror siyasətinə qarşı mübarizə apardığı, ədaləti bərpa etdiyi bir vaxtda AfD partiyasından olan almaniyalı deputatların "DQR”ə səfərini təşkil etmək boğulanın saman çöpündən yapışmasından başqa bir şey deyil. Əslində isə AfD-nin siyasi xəttinin nasizm ideologiyasına söykəndiyini nəzərə alaraq, bu məsələdə təəccüblü hər hansı bir halın olmadığını da söyləyə bilərik. Yeri gəlmişkən, 2017-ci ildən etibarən Almaniyanın Baden-Vürttemberq, Türinqen, Meklenburq-Forpommern və Brandenburq federal torpaqlarının landtaqları, eləcə də Bundestaqın və Avropa Parlamentinin AfD-çi deputatlarının sırasından işğal altında olan torpaqlarımıza bir neçə qanunsuz səfər qeydə alınıb. Bundan əlavə, Bundestaqın AfD fraksiyasının nümayəndələri 2018-ci ildə Almaniyaya səfər etmiş işğal altında olan ərazilərimizdə yaradılmış qanunsuz rejimin "parlament deputatları” ilə Bundestaqda görüşüb, eləcə də onları Brandenburq federal torpağının landtaqına 2019-cu il sentyabrında keçirilmiş seçkilərə dəvət etmiş və erməni mətbuatı bunu "Artsax” nümayəndələrinin həmin seçkilərdə müşahidəçi qismində iştirakı kimi təqdim edib. Partiyanın əsas mövzuları, o cümlədən Almaniyanı "islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaq, Avropa İttifaqının səlahiyyətlərini azaltmaqdan ibarətdir. AfD-ni islamafob, antisemitist, irqçi, antidemokratik və "BREXİT partiyası” adlandırırlar və Almaniyanın konstitusion quruluşuna qarşı zidd siyasət yürütməkdə ittiham edirlər. Almaniyada həm federal hökumət, həm də federal torpaqların hökumətlərinin qurulması prosesində AfD ilə koalisiya qurulması və ümumiyyətlə, bu partiya ilə hər hansı formada əməkdaşlıq edilməsi digər bütün siyasi qüvvələr tərəfindən birmənalı olaraq istisna edilir.
 
Bundestaqda hər fraksiya üçün bir vitse-prezident vəzifəsi nəzərdə tutulsa da, 2017-ci ildə seçilmiş Bundestaqın cari çağırışında AfD fraksiyası bu vəzifəyə 4 müxtəlif namizədini plenar iclasda indiyədək keçirilmiş 10 səsvermədə seçdirə bilməyib. Almaniyanın əks-kəşfiyyat qurumu olan Federal Konstitusiyanı Müdafiə İdarəsi sağçı ekstremist mövqeyinə görə AfD-ni müşahidəyə götürüb. Həmçinin Federal Konstitusiyanın Mühafizəsi İdarəsinin keçmiş direktoru Hans-Qeorq Maassen AfD rəhbərliyi ilə keçirdiyi xidməti görüşlərinə görə ictimai qınaqlara davam gətirməyərək (tabe olduğu federal daxili işlər nazirinin ciddi müqavimətinə baxmayaraq) istefa verməli olub. Avstriyada video qalmaqalı ilə hökumət böhranı yaratmış FPÖ partiyası ilə AfD-nin sıx tərəfdaşlıq etməsi və sözügedən qalmaqaldan sonra belə FPÖ-yə dəstəyini ifadə etməsi də AfD-nin mənfi imicini şərtləndirən faktlardan biridir. AfD-çilərin sağçı populist, irqçi, anti-semitist və islamafob qüvvə olmasına dəlalət edən çoxlu sayda fakt məlumdur. AfD-çilərin Azərbaycanın işğal altında olan torpaqlarına səfərləri həm də bu partiyanın təmsilçilərinin post-sovet məkanında olan digər münaqişə bölgələrinə həvəslə səfərlər etməsi kontekstində baxılmalıdır. Maraqlı məqam həm də budur ki, ölkəmizə qarşı qərəzli mövqedə dayanan alman KİV-i belə Ermənistan-AfD əməkdaşlığına tənqidi mövqedən yanaşmış, o cümlədən AfD-çilərin qanunsuz səfərləri barədə Azərbaycanın maraqlarına xidmət edən xəbərlər yayıblar. Halbuki digər hallarda alman mətbuatı işğal altında olan torpaqlarımıza qanunsuz səfərləri xüsusi şərh etmir və əksinə, belə səfərlərin iştirakçılarının "arzuolunmaz şəxslər” siyahısına salınmasını "tənqidi əcnəbi səslərin” guya Azərbaycana buraxılmaması cəhdi kimi təqdim etməyə meyil göstərir. Amma AfD-çilərin beynəlxalq hüquqa hörmətsizlik etməsi, başqa ölkələrin qanunlarını pozması və onların ərazi bütövlüyünü şübhə altına alması alman mətbuatı tərəfindən həvəslə qabardılır və tənqid olunur. Bu səfər, belə baxanda gizlənilən idi. Çünki ideologiyası eyni olan siyasi qüvvələr bir-birinə dəstək verməlidir. AfD-nin siyasi ideologiyası Ermənistanın faşizm siyasəti ilə üst-üstə düşür. Eybi yox, qoy ermənilər faşistlərlə dostluğunu möhkəmlətdirməkdə olsunlar, biz də ölkəmizin ərazi bütövlüyünü tezliklə təmin etmək yolunda işimizi başa çatdıraq. Onsuz da, müharibə başa çatandan sonra dünya dəyişəcək. Dünyanın lider ölkələrinin Azərbaycana baxışları dəyişəcək. Azərbaycan qalib və güclü ölkə kimi regionda yeni mənzərə formalaşdıracaq. Faşistlərin baxışları və istəkləri isə ürəklərində qalıb çürüyəcək.
Beləliklə, ermənilərin yapışdıqları bu çöp, heç çöp də deyil. Əksinə, bu çöpdən yapışmaqla olmayan nüfuzlarını da heç edəcəklər.
 
Azər NURİYEV