• şənbə, 20 Aprel, 10:44
  • Baku Bakı 14°C

Faşist ordusuna üç yoldaşı ilə sinə gərən yazıçı

29.04.19 11:45 886
Faşist ordusuna üç yoldaşı ilə sinə gərən yazıçı
XX əsrin incilərindən sayılan Erix Mariya Remarkın "Üç yoldaş” romanı dostluq və sevgi haqqında yazılmış ən gözəl romanlarından biridir. Remark bu əsərində müharibələrin insan həyatına, düşüncəsinə, gələcəyinə necə ağır zərbələr endirdiyini ustalıqla təsvir edib. Gənc insanların döyüş meydanında ölümü, çoxunun müharibədən sonra xəstəlikdən əziyyət çəkərək ölməsi, məhrumiyyət, özbaşınalıq… Başqa sözlə, müharibədə, əslində, heç vaxt qalib tərəf olmur. Sərhədlər və sərvətlər artsa da, itirən bəşər övladı olur, neçə-neçə insan taleyi faciəvi sonluğa məhkum qalır. Ölüm, dostların, doğmaların itirilməsi, bəlkə də, minlərlə istedadın gün üzü görmədən məhv olması, sevincin, inamın, ən əsası ümidin itməsi bütün müharibələrin məğlubiyyətidir.
Remark əksər əsərlərində müharibəyə qarşı çıxan bir yazıçıdır. Təbii ki, bunu öz gözləri ilə görməsəydi, od-alovun içində yaşamasaydı, bu cür dolğun və ağrılı təsvir edə bilməzdi. Mühabirənin dəhşətlərini görmüş insanlar, heç cür keçmişin qarabasmalarından azad ola bilmirlər. Romanda hadisələr Robertin dilindən söylənilsə də, burada birinci şəxs, əslində, Remarkın özüdür. Remark müharibə ağrısının nə demək olduğunu bilirdi və bunu ustalıqla sətirlərə köçürə, hiss və düşüncələrinin tərcüməsini sözlərə tökə bilmişdi.
Müharibə və müharibədən sonrakı həyat, yoldaşlıq, ülvi hisslər – xaraktercə fərqlənən üç yoldaşı bir-birinə ömürlük bağlayır. Yoldaşdan çox qardaş kimi bir-birinə candan bağlı olan Kester, Lens və Robert müharibə keçdikdən sonra da ayrılmadan birgə həyatlarını davam etdirir, bir-birlərinə dayaq durub hər çətinlikdə həyan olurlar. Cəbhə yoldaşları bütün zamanlarda ən etibarlı dostlar olur, bunu hər birimiz ata-babalarımızdan, tanıdığımız yaşlı nəsil kişilərdən dəfələrlə eşitmişik, onların dostluğunu canlı görmüşük, ən azından danışdıqları həyat hekayələri əsasında göz önündə canlandırmışıq. "Üç yoldaş” da bu dostluğun həyat verilmiş daha bir nümunəsidir.
Üç gənc dost – tale ortağı müharibədən qayıdıblar. Beş il boyunca ölüm görüblər, öldürmək məcburiyyətində qalıblar. İndi qanlı döyüşlər geridə qalsa da onlar gənc yaşlarında bir ömür yaşamış kimi yorulublar, həyatdan usanıblar, bir-birindən başqa kimsələri yoxdur, xəyalları puç olub. Bununla belə insani hissləri, xeyirxahlığı itirməyiblər. Müharibə onların əllərinə zorən silah versə də, qəlblərini kirlədə bilməyib. Lakin geri qayıtdıqları həyat da onlara yaxşı heç nə vəd etmir. Müharibədən sonrakı yoxsullaşmış, hərc-mərcliyin baş alıb getdiyi bir ölkədə onlar nəinki yaşamalıdırlar, yaşamaq uğrunda mübarizə aparmalıdırlar. Yeni həyata alışmaq, var gücləri ilə həyata sarılmaq onlar üçün çətindir. Bunu bacarmayanlar ağır depressiyaya, tənhalığa düçar olurlar. Anlayırlar ki, müharibə təkcə can almayıb, həm də neçə-neçə ideyanı, xəyalları məhv edib. Gənclər təkcə aclıqla, məhrumiyyətlə mübarizə aparmırlar, ölkəni hələ də yanlış siyasətə, növbəti müharibəyə sürükləyən sistemlə də mübarizə aparırlar, amma məğlub olurlar. Bu dostlar və onlarla həmyaşıd olan insanlar gənclik görmədən qocalırlar. Təsadüfi deyil ki, onları "İtirlmiş nəsil”in nümayəndələri adlandırırlar.
Əsərin böyük hissəsini Robertin Patrisiya ilə sevgi münasibəti tutur. Romanda onların məhəbbətinin inkişafı, həmin illərin böhranının fonunda təsvir edilir. Müxtəlif zümrələrdən olmalarına baxmayaraq, Robert və Patrisiya bir-birini sevirlər. Bu sevgi münasibətini isə Remark çox incəliklə işləyib. Daim məsləhətlər verən, hər işdə çıxış yolu tapan Kester digər dostlarına böyük qardaş kimi arxa durur. Kester təmkinli, çox danışmağı sevməyən biri olsa da, yoldaşları üçün fədakarlıq edən bir şəxsdir. Elə Lens də şıltaq və oynaqlığına baxmayaraq dostlarına sadiq və canıyanandır. Kester və Lens özləri xoşbəxtliyi dada bilməsələr də Robertin səadəti üçün əllərindən gələni edirlər. Amma bu cüzi səadətin önünü də tale kəsir. Patrisiya dünyasını dəyişməklə özündən sonra dostlara daha bir bədbəxtlik qoyub gedir. Onsuz da uğursuz olan bu gənclər Patrisiyanın müalicəsi üçün borca düşürlər. Kester təmirxanasını bağlamalı olur, Lens isə hakimiyyət əleyhinə olan mitinqlərin birində öldürülür. Dostlar nə qədər səadətə sarılmağa çalışsalar da, xoşbəxtlik onların əllərindən qum kimi süzülüb gedir.
Dost, yaxın insanın itkisi romanın ən təsirli səhnələrindəndir. Hər bir insana tanış olan bu hissin necə ağrılı olduğuna bir insan kimi bələd olan Remark bir yazıçı kimi məharətlə bundan yararlanır. Sevgilinin, dostun ölümünü, xüsusən də gənc yaşında ikən – Remark sönmüş günəşin fonunda insanın son yaşamaq istəyini soran, ruhunu özünə çəkən bir qara dəlik kimi göstərir.
Remark bir yazıçı kimi qadınlara çox həssas yanaşır ki, bu da onun üstünlüyüdür. Qadın romanda ümidi simvolizə edir. Məsələn, pis yola düşmüş qadınlar dünya ədəbiyyatının bəlkə də doxsan faizində rastlanan obrazlardır. Amma bu qadınları qınaq obyektindən çox, bəşəriyyətin ən yaralı insanları kimi təqdim etmək bacarığı hər yazıçıya müyəssər olmur. Remark fahişə damğalı bu qadınlara çox yumşaq, yarasını ehtiyatla bağlamağa çalışan təbib kimi yanaşır. Onların pis yola düşmələrinin günahını haqlı olaraq məcburiyyətdə və məhrumiyyətdə, dövrün acınacaqlı şəraitində görür.
Qeyd edək ki, müharibə əleyhinə əsərləri ilə onsuz da nasist Almaniyasının hakim dairələrində xoş qarşılanmayan Erix Mariya Remark "Üç yoldaş” romanı ilə bu qəzəbi bir az da alovlandırmışdı. Əsərin ilk versiyası olan "Pat” (baş qəhrəmanlardan olan Patrisiyanın adının qısa şəkli) nəşrindən sonra Remark 1932-ci ildə neytral ərazi sayılan İsveçrəyə mühacirət etməli olmuşdu. 1933-cü ildə isə onun əsərlərinin oxunmasına qadağa qoyulmuşdu. Nasistlərin təsiri altında küçələrə axışmış qızğın tələbələr isə onun kitablarını yandırmışdılar. Yeri gəlmişkən həmin il nasizm əleyhinə yazıçıların kitablarının yandırılması ilə başlayan aksiya günlərini indi Almaniya kitab bayramı kimi qeyd edir. Remarka qarşı bu nifrəti nasistlər onun yəhudi əsilli olması ilə izah edirdilər. Hətta onun əsl soyadının Kramer (Remarkın tərsi) olmasını da dəlil gətirirdilər. Bu "fakt” hələ də Remark haqqında bəzi bioqrafiyalarda yer alır. Halbuki bu, təsdiqlənməmiş məlumatdır. Əslində nasistləri qızışdıran Remarkın müharibə və sistem əleyhinə olan güclü təsirli qələmi idi. O, gəncləri üstün irq adı ilə şirnikləndirmir, müharibəyə yox deyir, onları insanlığa, dincliyə səsləyirdi. Aqressorların tərəfində vuruşmuş, bununla da dünyanın qəzəbini üstünə çəkmiş gənc almanların necə sonradan öz hakimiyyətlərinin tələsinə düşdüyünü, yanıldığını sübut edirdi. Xeyirxahlıq, səmimilik, başqalarını xor görməmək, əl tutmaq, birlik, sədaqət, zalımlara qarşı çıxmaq, pafosdan uzaq sadə həyat – Remarkın əxlaq kodeksi dövrün ari eqosuna uyğun gəlmirdi. Ona görə də "Üç yoldaş” faşist Almaniyasının əleyhinə olan, hər iki dünya müharibəsindən birbaşa və ya dolayısı ilə payını almış, xüsusilə də sosialist ölkələri oxucularında böyük iz buraxmışdı. "Üç yoldaş” romanı XX əsrin əvvəllərində yazılsa da bu gün də aktuallığını itirmir. Xüsusən də müharibə şəraitində yaşamış xalqlar üçün romanın hər sətri, hər mesajı necə də tanışdır... Sosial, bəşəri, fərdi faciəylə sonuclanan istənilən müharibə yaralarını xatırladan "Üç yoldaş” digər tərəfdən insani çağırışı ilə baş qaldıran acı xatirələrə sığal çəkir.

Şəfiqə ŞƏFA

banner

Oxşar Xəbərlər