AZE | RUS | ENG |

FAO üçün işləyən azərbaycanlı xanım - Uğur hekayəsi

FAO üçün işləyən azərbaycanlı xanım - Uğur hekayəsi
Günel İsmayılova: “Azərbaycanda veterinar həkim peşəsinin perspektivi olmadığını düşünmək səhvdir”

Bizdə baytarlıq sahəsi uzun illərdir ki, populyar deyil. O mənada ki, orta məktəbi bitirib, ali təhsil almaq istəyən gənclərdə bu sahəyə marağı hiss etmək olmur. İş tapmaq məsələsinin çətinliyi, perspektivin olmamağı kimi səbəbləri gətirirlər. Amma müsahibimiz Günel İsmayılova bu sahədə təhsil alıb, iş də tapıb, karyerasında irəliləməyi də bacarıb. Bu gün isə FAO (Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) üçün çalışır.

Qeyd edək ki, Günel İsmayılova 1981-ci ildə Bakıda anadan olub. 1998-ci ildə 160 saylı orta məktəbi bitirib. Daha sonra Skryabin adına Baytar və Biotexnologiya Moskva Dövlət Akademiyasında təhsil alıb, 2003-cü ildə akademiyanı bitirib. Bir neçə il Bakıda fəaliyyət göstərdikdən sonra - 2008-2009-cu illərdə Avropada təhsilini davam etdirib. O, AB-nin "Agris Mundus” proqramı çərçivəsində Fransanın Monpelye şəhərinin Supagro universitetində və İtaliyanın Kataniya Dövlət Universitetində təhsil alaraq heyvandarlıq sahəsində magistr dərəcəsi alıb. 2013-cü ildə Avropa İttifaqının "Marie Curie” proqramı çərçivəsində təqaüdçü olaraq Milan Dövlət Universitetinin heyvandarlıq üzrə PHD dərəcəsinə yüksəlib.

- Günel xanım, baytarlıq bizdə o qədər də populyar və tələb olunan sahələrdən deyil. Olsa da, adətən kişiləri bu istiqamətdə görürük. Amma siz bu sahə üzrə təhsili seçibsiniz. Bu seçiminizlə bağlı məlumat versəniz yaxşı olar...
- Bir çoxu bilmir ki, Avropa və ABŞ-da baytarlıq şöbəsinə daxil olmaq, tibb fakültəsinə daxil olmaqdan çətindir. Çünki bu peşəni əldə etmək istəyənlərin sayı çoxdur və tibb ilə müqayisədə yerlər məhdud sayda olur. Bu peşə haqqında mövcud klişenin olmasına baxmayaraq, bu sahə təkcə təsərrüfat və ev heyvanlarının müalicəsi ilə məhdudlaşmır, həm də qida-ərzaq təhlükəsizliyi, epizootologiya, laboratoriya diaqnostikası, elmi fəaliyyət, həmçinin, heyvandarlıq məhsullarının idxalı və ixracına təsir göstərən dövlət baytarlıq xidmətində heyvanların transsərhəd yüksək patogen yoluxucu xəstəliklərinin ötürülməsinə qarşı qorunmanın təşkili kimi bir sıra digər sahələri də özündə cəmləşdirir.
 


Bu peşə bir çox imkanlar yaradır. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanda bu peşənin populyarlığı aşağıdır. Bu da ölkəmizdə mütəxəssis çatışmazlığına gətirib çıxarır.
 
- Bu ixtisasın bizdə seçilməməyinin əsas səbəbi kimi perspektivli olmamağını, iş tapmağın çətinliyini deyirlər. Maraqlıdır, iş həyatına harda başladınız? İrəliləmə necə oldu?
- Azərbaycanda veterinar həkim peşəsinin perspektivi olmadığını düşünmək səhvdir. Əslində, ölkəmizdə baytar peşəsinin populyar olmamağına baxmayaraq, gənc kadrlara böyük ehtiyac var. Bu ehtiyacı nəzərə alaraq, dövlət Azərbaycan Dövlət Aqrar Universitetinin inkişafına böyük diqqət yetirir, Avropa baytarlıq təhsil müəssisələri ilə fərdi proqramlar üzrə əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələr İsveç, Hollandiya, Macarıstan və s. kimi ölkələrə təlim və təhsil üçün göndərilir.

Mənim karyeram Dünya Bankının (World Bank) Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi Layihəsi və FAO-nun "Azərbaycanda Quş qripinin erkən aşkarlanması, sürətli reaksiya və nəzarəti üçün təcili dəstək" layihəsi ilə başladı.
 


- Bu sahə populyar olmasa da, bizdə baytarlığı oxuyanlar var, bir çox hallarda isə perspektiv, yüksəliş olmur. Sizcə, niyə?
- Burada məlumatlılıq məsələsi önəmlidir. Bizdə şagirdlər veterinariya peşəsinin əhəmiyyətini və bunun təmin etdiyi imkanların genişliyini anlaya bilmir və institutu maraqdan deyil, ilk növbədə bu sahədə işləmək arzusu olmadan, ali təhsil almaq məqsədi ilə oxuyurlar. Bundan əlavə, ölkəmizdə demək olar ki, bütün təhsil müəssisələri Bakıda cəmləşdiyindən, Aqrar Universitetin Gəncə şəhərində yerləşməsi, orda təhsil almaq istəyənlərin sayını azaldır. Belə ki, əksər tələbələr Bakıda təhsil almağa can atır. Lakin bu tendensiyanın dəyişməyə başladığı artıq hiss olunur. Çünki Bakıdan daha çox tələbə, son illərdə səviyyəsinin əhəmiyyətli dərəcədə artdığı Aqrar Universitetə ​​daxil olurlar. 

- Heyvanlara qarşı əvvəldən xüsusi sevginiz olub, yoxsa seçdiyiniz sahə sizə heyvanları daha da sevməyi öyrətdi?
- Mən həmişə heyvanları sevmişəm. Baytarlıq şöbəsinə qəbul olmağım heç bir şəkildə buna təsir göstərməyib.
 


- Baytarlıq kənardakılara çox vaxt sadə iş kimi görünür. Amma bu peşədə çalışanlarla söhbət edəndə fərqli, məsuliyyətli bir sahə olduğunu hiss edirsən. Bu sahə ilə bağlı ətrafdakıların görmədikləri nələr var ki, onu siz daha yaxşı duyursunuz?
- Qeyd etdiyim kimi, baytarın istifadə edə biləcəyi bir çox sahələr var. Veterinar olmaq çox mürəkkəb peşədir. Məsələn, müalicə üzrə ixtisaslaşan baytar-həkim bütün sahələrdə universal bir mütəxəssis olmalı, bununla yanaşı diaqnoz qoyduqda yalnız görünən simptomlar, heyvan sahibinin sübutu və laboratoriya testləri rəhbər tutulmalıdır. Eyni zamanda müxtəlif heyvan növlərinin, infeksion xəstəliklər daxil olmaqla, xəstəliklərini anlamaq lazımdır.

- Hazırkı işinizdən danışaq...
- FAO (Birləşmiş Millətlər Təşkilatının Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) üçün çalışıram. Uzun müddət əvvəl bir çox heyvan növünün təhlükəli kəskin yüksək yoluxucu virus xəstəliyi üzrə ixtisaslaşmışdım. Hazırda bu xəstəliyə Avropa, Asiya və Afrikanın bir çox ölkəsində rast gəlinir və xəstəliyin yayıldığı ölkələrə böyük iqtisadi zərər verir. Avropa Komissiyasının dabağa qarşı mübarizə proqramı çərçivəsində Türkiyə və MDB ölkələrinin, o cümlədən Azərbaycan baytarlıq xidmətləri bu xəstəliyin müdafiəsi və qarşısının alınmasına kömək edib. Hazırda FAO katibliyində, 2011-ci ildə dünya səviyyəsində ləğv edilən, yüksək yoluxucu xəstəlik olan mal-qara vəbasının təkrarlanmasının qarşısını almaq üçün, işləyirəm.
 


- İnsanlar adətən, bir-birinə "canı heyvan kimi bərkdir” – deyirlər. İstəyərdim bu yanaşmadan da danışaq...
- Heyvanlar sağlamlıq baxımından insanlardan fərqlənmir, onlar da sağlamlıq problemləri yaşayır və eyni və ya oxşar xəstəliklərdən əziyyət çəkirlər. Amma onların sağlamlığı onların saxlanılması və qidalanma şərtlərindən, yəni insanların onlara münasibətindən asılıdır.

- Karyeranızla bağlı qarşıda hansı planlar var?
- Ölkələrin iqtisadiyyatına və kənd təsərrüfatına böyük zərər verən təhlükəli yoluxucu heyvan xəstəliklərindən qorunmaq və qarşısını almaq üçün dünyada bütün ölkələrin baytarlıq xidmətlərini dəstək göstərməklə, beynəlxalq təşkilatlarda karyeramı davam etdirməyi planlaşdırıram.

Aygün Asimqızı
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9459
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1854
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7119
KWD 1 1 Küveyt dinarı 5.5939
TRY 1 1 Türkiyə lirəsi 0.3191