• şənbə, 20 Aprel, 03:55
  • Baku Bakı 15°C

FAO ərzaq təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığın prioritetlərini açıqlayıb

09.08.18 18:48 523
FAO ərzaq təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığın prioritetlərini açıqlayıb
BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.
Bunu Trend-ə müsahibəsində FAO-nun tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak deyib.
M.Çakmak Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə qərarı yüksək qiymətləndirdiyini bildirib:"Bu cür dövlət müəssisəsi Azərbaycanda qida məhsullarının təhlükəsizlik nəzarəti sisteminin səmərəli işləməsinə xidmət edə bilər”.
M.Çakmak qeyd edib ki, qida məhsullarının təhlükəsizliyi ilə bağlı fəaliyyətlə yanaşı, Agentlik ölkədə həm idxal, həm də ixrac olunan, eləcə də yerli istehlak üçün istehsal olunan məhuslların baytarlıq və fitosanitar nəzarətini təmin edəcək.
Azərbaycanla əməkdaşlıq barədə danışan M.Çakmak deyib ki, FAO Azərbaycan hökuməti ilə, xüsusilə də Kənd Təsərrüfatı Nazirliyi ilə uzunmüddətli əməkdaşlığa malikdir:"1995-ci ildən kənd təsərrüfatının müxtəlif sektorlarında bir çox layihələr həyata keçirilib. 2016-cı ildə Azərbaycanda FAO-nun tərəfdaşlıq və koordinasiya ofisinin yaradılması və ölkələr üzrə proqramlaşdırma barədə çərçivə sazişinin təsdiq olunması tərəflər arasında qarşılıqlı etimad və uğurlu əməkdaşlığın göstəricisidir”.
Ofis rəhbərinin sözlərinə görə, FAO-nun Azərbaycandakı fəaliyyətinin prioritetləri kənd təsərrüfatının konkret sahələrinin, xüsusilə baytarlıq və fitosanitar nəzarət, orqanik kənd təsərrüfatı, meşə təsərrüfatı, heyvandarlıq kimi sahələrin inkişafı, o cümlədən ölkə qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycan hökumətinə dəstək göstərilməsi, kənd rayonlarının əhalisinin vəziyyətinin yaxşılaşdırılması və qida məhsullarının təhlükəsizliyinin təmin olunmasıdır.
Qida Təhlükəsizliyi Agentliyinə gəldikdə isə M.Çakmak qeyd edib ki, FAO texniki və infrastruktur potensialın inkişafı üçün mühüm dəstək göstərir:"Heyvanların və bitkilərin sağlamlığı kimi ərzaq təhlükəsizliyi ilə bağlı sahələrdə Agentliklə əməkdaşlığın genişlənməsi üçün böyük potensial mövcuddur”.
M.Çakmak əlavə edib ki, yaxın zamanlarda FAO Azərbaycanda ərzaq təhlükəsizliyi nəzarət sisteminin və baytarlıq laboratoriyaları şəbəkəsinin təkmilləşdirilməsi üzrə texniki əməkdaşlıq Proqramının layihəsinin reallaşdırılmasına başlayacaq.

banner

Oxşar Xəbərlər