• cümə, 29 Mart, 14:54
  • Baku Bakı 14°C

Fani ikən əbədi olanlara eşq olsun!

15.11.16 14:57 2355
Fani ikən əbədi olanlara eşq olsun!
Fəxrəddin Salim
Varlıqla yoxluğun arasında incə də olsa, heç bir cizgi yoxdur. Əslində varlıq da yoxluq da iç-içə keçmiş yanıldıcı bir görüntüdür. Yanılmaq varlığın və yoxluğun arasında sıxışıb qalmış fanilərin keyfiyyətidir. Fanilik əbədiliyin yanlış inikası və həqiqət olduğu zənn edilən yalan əks-sədasıdır. Yalan həqiqətin varlığını qoruyan bir fanilikdir ki, hər şeyin əbədiyyətlə nəticələnməsinə xidmət edir. Yalan bəzən varlıq, bəzən isə yoxluqdur. Varlıq da yoxluq da faniliyin şərtləri və sərhədləri içərisində olduqca, yəni zamana və məkana aid olduqca yalandır. Lakin əbədilik faniliyin paralelində olduğu kimi, həqiqət də yalanın paralelindədir. Buna görə də varlıq və yoxluq faniliyin sərhədləri xaricində olduqca, yəni zamana və məkana aid olmadıqca həqiqətdir.
İnsan həm varlıqdır, həm yoxluq. İnsanın varlığı və yoxluğu həm zamanın təkərləri altındadır, yəni insan doğulur və ölür, həm də mövcud zaman içərisində ikiliyin diqtəsi altındadır. Hər ikisinin, yəni zamanın və ya ikiliyin altında olmaq insanın bir fani olduğunun təsdiqidir. İkilik deyilən icbarilik insanın cismindən və ruhundan başqa hər şeyinin doğuluşu və ölümü deməkdir. Cismin ölümü zamanın qələbəsidir. Ruhun ölümü isə mövcud deyil, doğulan bir şey ölümə məhkumdur. Ruh isə doğmayıb və doğulmayıb. İnsanın cismindən və ruhundan başqa, hər şeyinin varlığı və yoxluğu mövcuddur. Bu bir feliyyətdir. Bu feliyyətin daxilində insan ağlının varlığı və yoxluğu, eləcə də insana məxsus digər nəsnələrin, o cümlədən səhhətin, məhəbbətin, uğurun, gəncliyin, fəaliyyətin, zövqün, hissin və sairənin varlığı və yoxluğu məlum və aşkardır. Lakin hər iki varlığın və yoxluğun mövcudiyyəti fanidir. Daha dəqiq ifadə etsək, saydığımız və saymadığımız bütün nəsnələrlə yanaşı, insanın cismən doğuluşu və cismən ölümü də fanidir.
Nədir fanilik? Söz olaraq "fani" ərəb dilində boşluq, heçlik anlamındadır. Bu ifadə sırf dünyaya, yəni Yer planetinə atifdir. Əlbəttə, görünən, duyulan və özü də bir fanilik əsəri olan ağılla dərk edilən hər şey fanidir. Yəni təkcə Yer kürrəsi yox, bütün qalaktika, hətta kosmik fəza belə fanidir. Qurani-Kərimdə tez-tez "Yerdə, göydə və bunların arasında olanlar" ayəsinə rast gəlinir. Xaliqin son kitabı məhz fanidən və fanilikdən bəhs edir. Ancaq fanilik ən böyük və bariz mənada həyat deməkdir ki, kainatda hələ ki, həyatın mövcudluğu dünyaya aiddir. Bu dünyaya yox, sadəcə dünyaya. Çünki başqa dünya yoxdur. Başqa yerdə həyat ola bilər. Ancaq o dünya həyatı deyil. Dünya məhz burasıdır, Yer planetidir.
Bəs mənbəyi mükəmməl İlahi düsturun sübuta ehtiyacı olmayan quruluşunun əmələ gətirdiyi bir şey, yəni həyat niyə fani olsun? Bu boyda hikmətə və nizama necə fani demək olar? Hər kiçik guşəsi, hər görünməyən nöqtəsi belə dolu olan xilqəti necə boş adlandırmaq olar?
Adətən tək sualın çox sayda cavabı olar. Çox sualın isə bir cavabı vardır: Yaradan əbədi, yaradılan fanidir. Görünən, duyulan, dərk olunan və yaxud da dərk edilməyə çalışılan heç bir şey əbədi deyil. Allahdan başqa hər şeyin adına masiva deyiblər. Uzun lafın qısası, masiva fanidir.
Ancaq fani olan hər şey həm də əbədidir. Fanilik əbədiliyin bətnində gəldi dünyaya. Dünyada isə onlar yer dəyişdirdi. Bu səfər əbədiyyət faninin bətninə girdi. O gündən bu günə fani Məryəmdən əbədi İsalar doğuldu. "İnna lillahi və inna ileyhi raciun" ayəsinin gerçəyə yaxın mənalarından biri də budur. Allahdan gəlib Allaha dönmək, həqiqətdən gəlib həqiqətə dönmək deməkdir. Həyat deyilən şey o iki nöqtənin, yəni qopmaqla dönməyin arasındakı müddətdir. Bəli, məhz müddət. Yəni aydın deyilmi ki, müddət deyilən şey də fanidir?
Bəs fani olan necə olur ki, həm də əbədi olur? Bax elə burada elmlə dinin savaşı bitir. Ona görə yox ki, onlar barışır. Qətiyyən. Onlar heç zaman bir araya gəlməyəcək. Bu məqamda elm də din də meydanı tərk edir. Savaş isə meydanda olur. Yəni, bu məqamda nə elmin, nə dinin silahı işləyir. Niyə məhz elmlə dinin adı gəldi ortaya? Çünki gəliş və dönüş dini ideyadır. Yəni mütləq başlanğıcın əvvəl-axır təzahürü. Elm isə, Vatikandan, massondan, xilafətdən-filan qorxub yalan söyləsə də, öz çapında, öz gəldiyi qənaətində mütləq başlanğıcı boş şey hesab edir. Yəni deyir ki, Allah yoxdur. Allahın varlığı isə, Allaha heç bir zaman, heç bir dəxli olmayan dinin mövcudiyyət səbəbidir. Elə buna görə də din üçüncü yolu tanımır. Tanıdığı iki nəsnənin biri fanilik, digəri əbədiyyətdir. Üçüncü nəsnə isə faninin əbədiyyətə zaman içərisindəki və məkana ehtiyacı olan dönüşü deyil, varlığın və yoxluğun birliyi və ya heçliyidir. Birlik zatən heçlikdir. Bu mənada mənası yoxluq olan fani həm də fəna deməkdir. O da heçlikdir. Lakin insanlara boşu-boşuna söz anlatmaq istəyən ariflər bu heçliyi o biri heçlikdən ayırmaq üçün ikinci fənanın adını "fənafillah” qoydular. Yəni yox olmaq, ancaq Allahda yox olmaq. Zavallı ariflər, özləri də bilməyib ki, "da, də" şəkilçisi varsa, deməli, artıq məkan var, yəni bir varlıq var. Daha bunun harası yoxluq oldu. Ən gözəlini və ən dəqiqini Həllac Mənsur ifadə edib: "Firon da "mən Allaham dedi, mən də. O "Ənəlhəq" deyərkən, özünü təsdiq edib, Allahı inkar etdi. Mən isə "Ənəlhəq" deyərkən, özümü də inkar etdim, Allahı da". Bax, üçüncü yol budur. Əgər, gözlənildiyi kimi, Mənsur Fironun dediyinin əksini desəydi, bu olardı ikinci yol. Birinci ilə ikincinin heç bir zaman fərqi olmayıb... İkisi də varlığı ifadə edir. Əgər Mənsur desəydi ki, mən "Ənəlhəq" deməklə, özümü inkar edib, Allahı təsdiq edirəm, o zaman onun da Firondan bir fərqi olmayacaqdı. Firon kimi, o da bir varlığa işarə edəcəkdi. Ancaq Mənsur gözəl bilirdi ki, Allah haqqındakı bilgilər belə, onu dərk etmək və ya mümkün olmadıqda iman etmək belə ikilikdir, kəsrətdir, dolayısı ilə, Allah özü də fanidir! Çünki ortada fikir var. Fikir isə sürətə tabedir. Sürət zamanın keyfiyyətidir, zaman isə yalnız və yalnız məkan içərisində keçərlidir. Kuantum fizikası bunun üzərində nə qədər əlləşir, əlləşsin, yoxluğun bəxş etdiyi halın düsturunu verə bilməyəcək. Çünki özü qaldır! Qalla halı ifadə etmək olmaz. Hal ümumiyyətlə ifadə olunmur. İfadə olunarsa, bir boyuta girər, məfkurənin əsarətinə düşər, fəlsəfəyə çevrilər, ən yaxşı haldı İmam Qəzzalinin düşdüyü çarəsiz duruma düşər. S. Ə. Şirvani çox gözəl bəyan edir:
Dildə məhaldır ki, edəm intiqali-eşq,
Seyyid, bu bir ərəzdi ki, öz cövhərimdədir.
Allah, Peyğəmbər eşqinə, gəlin, bu seyid nəvəsinin misrasını bir az incələyək. "Məhal" çətin, bəlkə də imkansız deməkdir. "İntiqali-eşq", eşqi dilə gətirmək deməkdir. "İntiqal" sözünün kökündə "nitq" sözü dayanır. Lakin "nitq" həm də "məntiq" sözüylə eyni kökdəndir. Buradan çıxara bildiyimiz məna budur ki, eşqi dilə gətirmək, konkret olaraq dillə ifadə etmək mümkün deyil (çünki ustad burada həm "dil", həm də "nitq" sözlərini işlədir. Dolayısı ilə demək istəyir ki, ifadə etmənin başqa yolları da var). Həm də belə anlaşılır ki, eşqin məntiqi olmaz. Məntiq tutuşan ölçülərin, kəsişən xətlərin, tamamlanan bucaqların müntəzəmliyinə deyilir ki (başqa yerdə axtarmayın, məntiqin bizim üsulumuzca tərifidir bu), bunlar da idrakın, məfkurənin, dolayısı ilə varlığın varlığıdır. Eşq isə yoxluğun varlığıdır. Eşqin varlığı yalnız yoxluqla mümkündür. Eşq yoxluqdan öncə var olarsa, yox olacaq. İkinci misrada isə ustad ərəzin və cövhərin adını çəkir və ərəzin cövhərin içində olduğunu bəyan edir. Məntiqimizdən yorulmayanlar xatırlayar ki, bu yazının əvvəlində biz də qeyd etmişdik ki, fəna əbədiyyətin bətnində gəldi dünyaya. Dünyada yerlərini dəyişdilər. Seyyid Əzim isə dünya keyfiyyətlərini vəsf etmədiyi üçün, fənanı əbədiyyətin bətnində görür. Çünki ərəz fanidir, cövhər əbədi. Fani olan da əbədi olan da yalnız bir dəfə doğulur. Yəni artıq əbədiyyətə çevrilən fani bir daha geri dönməyəcək. Fani olan bir gün mütləq əbədi olacaq, lakin əbədi olan bir də heç bir zaman fani olmayacaq.
Lakin iki cür fanilik və iki cür əbədiyyət vardır. Bu barədə də yazının əvvəlində danışmışdıq. Bir dəfə doğulan fanilik və əbədiyyət əşyanın zatına xasdır. Lakin davamlı doğulan, ölən, yenidən doğulan və yenidən ölən fanilik və əbədilik isə əşyanın keyfiyyətinə daxildir. Məsələn, insan doğularkən fani olur, ölərkən əbədi. Bunların hərəsi bir dəfə baş verir. Lakin bu iki zati nöqtənin arasında baş verənlər daha mənalı və daha gözəldir. Çünki doğuluş və ölüm əşyanın ixtiyarı xaricindədir. Lakin bunların arasında baş verənlər ixtiyari feliyyətin nəsibidir. İnsan davamlı şəkildə gah fani olur, gah əbədi. Ancaq buradakı incə ayrıntı məhz ondan ibarətdir ki, insanın faili-muxtarlığı onun xasiyyəti deyil, əzmidir. İnsan istəyərək, fani olmur. O zatən fanidir. İnsan istəyərək, əbədi ola bilir. Çünki, dünyada ikən əşyanın xasiyyəti fanilik, üqbada isə əbədilikdir. Lakin üqbada əşya olmur. Yalnızca cövhər olur. Əşya isə ərəzdir. Dünyadan cismən, yəni son dəfə getmədən davamlı əbədi olmaq imkansızdır. Çünki bu əşyanın xasiyyətinə ziddir. Fani ikən əbədi olmaq sıçrayışa bənzəyir. Nə qədər yüksəyə sıçrasan da Yerin cazibəsindən qurtula bilməyəcəksən. Çünki cazibə xilqətdir. Xilqətə üstün gəlmək olar, ancaq onu yox etmək olmaz. Dolayısı ilə, fanilik həm taledir, həm seçim. Tale zatən var. Tale zindan kimidir. Cəza müddəti bitməyincə zindan qurtulmaq mümkün deyil. Lakin bu zindanda yalnızca bədəni əsir olanlar seçim edənlərdir. Yəni, bədənin də bir zindan olduğu bu həyatda zatən əbədi olana sahib olduğunu bilmək və bu bilgiylə yaşamaq fani ikən əbədiyyətə yetişməkdir. Bəli, bir daha vurğulamaq istəyirik ki, faili-muxtarlıq fani olmaq üçün deyil, əbədi olmaq üçün bəxş edilmiş bir nemətdir. Yəni, insan istəyərək alçaq ola bilməz, çünki o, zatən alçaqdır. İnsan istəsə, uca ola bilər ki, ucalıq onun bətnində gizlənmişdir. Lakin insanın alçaqlığı, dediyimiz kimi, onun seşimi deyil, taleyidir. Çünki onun gəldiyi yer alçaqdır. Sanki iki uca dağın, sanki Səfa ilə Mərvanın arasında, yəni əvvəllə axırın, əzəllə əbədin arasında çırpınır insan. Nə etmək olar? Dünya dənidir, alçaqdır. İnsan bu dünyaya alçalaraq gəlib. Əksi təqdirdə sığmazdı bu yerə, başı tavana dəyərdi. Çünki onun zatı, əsli, cövhəri bu dünyadan çox böyükdür. Necə ki, böyük Füzuli deyir:
Deyilsən çoxdan ey gərdun, cahan seyrində yoldaşım,
Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım.
Ancaq insan bunu bilirmi? Yəqin ki, yox. Bilsə fənayə uyub, fani olarmı? Zindandan ancaq o məhkum qurtulmaq istəyər ki, oranın zindan, özünün isə məhkum olduğunu bilir. O zındanın eşiyində bir həyatı olmayan niyə çıxmaq istəsin bu zindandan? Elə buna görə də zindandan əvvəl və zindandan sonra bir həyatı olduğunu bilməyənlər o zindanda çox xoşbəxtdirlər. Bu xoşbəxtliyin bədbəxtliyi isə ondadır ki, o zindan həyatı sona çatanda o məhkumlar gülmək əvəzinə ağlayırlar. Heç kim bu zindandan qurtulmaq istəmir. Həyat mələyinin adını ölüm mələyi qoydular. Gerçək həyatın adına ölüm dedilər. Məsələ dindarlar düşündüyü kimi, dünyanın acılığında, axirətin şirinliyində deyil. Məsələ fani və ya əbədi olmaqdadır ki, bunun da dünya ilə, axirətlə, həyatla, ölümlə bir əlaqəsi yoxdur. Dini təlimlərin vəd etdiyi axirətlə dünyanın nə fərqi var ki? Məsələ əbədi yaşamaqdırsa, o zaman axirət dünyadan daha dəhşətlidir. Çünki, axirət haqqında dinin və dindarların verdiyi xəbərlər arasında bilmədiyimiz, yeni heç nə yoxdur. Sadəcə vəd olunur ki, müvəqqəti həyatda qadağan olunanları cənnətdə əbədi olaraq yaşayacaqaınız. Əbədiyyət budursa və üstəlik nisyədirsə, faninin nağdı daha ağıllıca deyilmi?! Yenə də Seyyid Əzim yadıma düşdü:
Zahid şərabı Kövsər üçün tərk edərsə, mən,
Fövt etmərəm bu nəqdi, o nisyə hesab üçün.
Bax, Seyyid həmin o üçüncü yoldan danışır. O nə dünyadakı bilinən şərabdır, nə dinin xəbər verdiyi, cənnətdə onları gözləyən ağzı bağlı qablardakı şərabdır. O, eşqin şərabıdır ki, elə səmavi xəbərlər də ondan bəhs edir. Dindarlar dünyadakı şərabı məcazi, material bildikləri üçün, axirətdəki şərabı da elə bilirlər. Ariflər isə, dünyadan sonrakı əbədiyyəti dünyada ikən yaşamaqdan danışırlar. İnsan "faili-muxtardır" deyəndə məhz bunu qəsd etmişlər.
Fani ikən əbədi olanlara eşq olsun!
banner

Oxşar Xəbərlər