• çərşənbə, 24 Aprel, 19:26
  • Baku Bakı 23°C

Fahriye Evcen: Bir də baxdım ki, böyümüşəm... Müsahibə

03.09.13 10:19 4929
Fahriye Evcen: Bir də baxdım ki, böyümüşəm... Müsahibə
Payız mövsümü gəldikdə, insanların beynində yeni seriallar, verilişlər və telekanallarda olacaq digər yeniliklər canlanır. Ötən ay bizim ən çox sevdiyimiz Reşad Nuri Güntəkinin “Çalıquşu” serialının çəkilişlərinə start verilib. Filmin baş qəhrəmanını isə “Yaprak dökümü”, “Veda”, “Aşk tutulması” seriallarında baş rolları canlandıran Fahriye Evcen oynayacaq. O, Türkyə mətbuatında öz həyatı və çəkiləcəyi filmlə bağlı təəssüratlarını bölüşüb. Onun sözlərinə görə, Almaniyanın Solingen şəhərində doğulub və orada çətin günlər keçirib. Almaniyadakı həyatını yarımçıq qoyan aktrisa müsahibəsi zamanı bir çox məsələlərə də aydınlıq gətirib.
Diplomum olsun deyə təhsil almamışam
- Siz tarix fakültəsində təhsil almısınız. Təhsilinizlə sənətiniz ayrı-ayrı sahələrdir. İki sənəti birlikdə davam etdirmək sizə çətin gəlmirmi?
- Uşaqlığım Almaniyada keçib. Orada yaşadığım üçün təhsilimi də Almaniyada davam etdirirdim. Sonra biz Türkiyəyə gəldik. Ailədə elə məsləhət olundu ki, təhsilimi dondurub Türkiyədə təhsil almağa məcbur oldum. Necə də olsa, bir gün geri dönəcəyik deyə düşünürdük. Hadisələr elə baş verdi ki, təhsilimi Türkiyədə davam etdirməyə qərar verdim və burada Boğaziçi Universitetinin Tarix fakültəsini qəbul oldum. Bir çoxları kimi, hər kəsin yaddaşında oxumuş, təhsilli insan olmaq üçün diplom almamışam. Yəni diplomum olsun deyə universiteti bitirməmişəm. Tarixi bilməyim mənə fərqli pəncərələr açır, dünyada baş verən hadisələrdən xəbərdar olmuş oluram. Burada qəribə heç nə yoxdur.
- Fahriye xanım, çəkildiyiniz filmlərdə hansı obrazlarınızı yaradıcılığınızın zirvəsi hesab edirsiniz?
- Məni Türkiyə tamaşaçılarına tanıdan “Yaprak dökümü” serialı oldu. Bu serial Türkiyədə və xaricdə yüksək reytinq qazandı. Bu da bizim məşhurlaşmağımıza səbəb oldu. Digər tərəfdən serial beş il davam etdiyinə görə tamaşaçılar bizi daha çox gördü. Onu deyə bilərəm ki, “Yaprak dökümü” mənim üçün bir deyil, bir neçə dönüş nöqtəsi oldu. Serialın müddəti uzun olduğuna görə işimdəki çətinliklərin öhdəsindən yavaş-yavaş gəldim və kamera ilə işləməyi öyrəndim. Mən həmin filmdə böyüdüm. Seriala gələrkən 19 yaşım var idi. Serial çəkilişləri zamanı bir də baxdım ki, böyümüşəm.
- Sizə uğur gətirən “Evim sənsin” filmi necə?
- O mənim çəkildiyim ilk film deyildi. “Evim sənsin” mənim iş həyatımda sıçrama nöqtəsi oldu. Eyni zamanda, Türkiyədə və xarici ölkələrdə ən çox izlənən, ən çox bəyənilən filmlərdən birinə çevrildi. Bu çox ciddi bir uğurdur. Çəkildiyim bu filmi digər filmlərdən ayıra bilmərəm, amma sizə onu söyləyə bilərəm ki, bir çox insanlarla bu film sahəsində münasibət qurmuşam.
Heç zaman aktrisalığı qoyub müğənnilik etmərəm
- Filmdə səsləndirdiyiniz “Sən yarım idun” mahnısı dinlənmə rekordu qırdı. Səsinizin bu qədər gözəl olduğundan xəbəriniz var idimi?
- Bu mahnı əvvəlcədən planlaşdırılmamışdı, yəni mahnı ssenaridə var idi, amma həvəssiz şəkildə oxudum. Ssenaridə mahnı oxuyacağımı görəndə elə də ciddiyə almadım. Unudulacağını düşündüm. Özcan Dəniz mənə ssenarini göstərib “bu mahnının üzərində işlə” deyəndə filmin bu hissəni elə də ciddiyə almadım. Sonra bir gün çəkiliş zamanı Özcan gəlib “Gəl, görək mahnını necə hazırlamısan?” deyəndə hazırlıqsız olaraq oxudum. Evdə bu mahnının bir neçə dəfə dinləyib biz az əzbərləmişdim. O qədər.
- Bunun üçün mütəxəssislərdən xüsusi dərs almışdınızmı?
- Xeyr, onsuz da bunun elə də mənası yox idi. Mahnını filmdəki Leyla xarakteri ifa edirdi. Professional şəkildə mahnını oxumaq düzgün olmazdı. Leyla mahnını filmdə təbii halda, zümzümə etməli idi. Gözləməzdim ki, bu mahnı həddindən artıq reytinq qazanar. Bu məni çox təəccübləndirdi.
- Bundan sonra özünüzü müğənni kimi sınamaq istəyi yarandımı?
- Musiqiyə maraq məndə hər zaman olub. Müğənni olmaq kimi bir istəyim isə yoxdur, heç zaman aktrisalığı qoyub müğənnilik etmərəm. Mənim mahnı oxumağım işimlə, ya da başqa bir layihə ilə ola bilər ancaq. Hansısa bir filmdə müğənni obrazını canlandıra bilərəm, ancaq müğənni olmaram.
- Ekranda çox yaşlı xanım kimi görünürsünüz. Ancaq real həyatda bunun tam əksini görürük...
- “Yarpaq dökümü” serialındakı xarakterimə görə bir az yaşlı obrazı canlandırmalı idim. Oradakı Necla obrazı sərt xarakteri olan bir qız idi. Yəni hər zaman ağır makiyaj və formalı saçlarla görünməsi lazım idi. Ancaq “Veda” serialında 18 yaşındakı Mehparəyə asanlıqla keçə bilirdim. Ümumiyyətlə, obrazlarımın ruhu xarici görünüşümə də təsir edir.
Ekranda göründüyüm kimi deyiləm
- Bəs, Fahriyə Evcən necə bir qadındır?
- Ekranda göründüyüm kimi deyiləm. “Yaprak dökümü” serialı çəkilən zaman məni yolda tutub “Necə belə işlər görə bildin?” - deyə suallar verirdilər. Belə halları qəbul etməyim çox çətin oldu. Real həyatda tez-tez dəyişən bir xarakterim var. Uzun müddət bir yerdə otura, hərəkətsiz qala bilmirəm. Bundan əlavə, hər hansı bir işlə uzun müddət maraqlana bilmirəm. Fikirlərim hər zaman dağınıq olur.
- Fahriye xanım, həyatınızda kimsə varmı?
- Hazırda heç kimlə şəxsi münasibətim yoxdur. Sevgiyə sərf etməyə zamanım da azdır. İndi işlərim çoxdur, özümə zaman ayıra bilmirəm. Əgər sevdiyim şəxs olarsa, ona zaman ayırmaq və hər zaman diqqət yetirmək istəyərəm. Hazırda isə buna zamanım və imkanım yoxdur. Sevgi münasibətləri isə insandan əmək və zaman tələb edir.
- 26 yaşındasınız. Ümumiyyətlə, evliliyə münasibətiniz necədir?
- Münasibətim normaldır. Yaşım keçdi, evlənməliyəm deyə bir fikrim də yoxdur. 15 yaşımda mənə 26 yaş çox böyük bir rəqəm kimi gəlirdi. Həmin vaxtlar düşünürdüm ki, 26 yaşımda çoxdan evlənmiş, dünyaya uşaq gətirmiş olacağam. İndi isə 40 yaşım üçün eyni şeyləri hiss edirəm. Amma əminəm ki, o zaman da tamamlamadığım, həyata keçirə bilmədiyim xeyli xəyallarım olacaq. “Bu yaşda bunu etməliyəm” deyə yaşamağı yanlış düşüncə hesab edirəm. Həyat insana nələr gətirirsə, onu da qəbul etmək lazımdır. Hazırda isə özümü evliliyə hazır hiss etmirəm.
Çoxdan evlənmişdim
- Bəs qarşınıza təsadüfən biri çıxarsa, o zaman nələr olar?
- Hələ ki qarşıma doğru insan çıxmadığı üçün evlənməmişəm. Yoxsa çoxdan evlənmişdim. Xarakterimdə də bu var. Doğru olduğunu düşündüyüm şeyləri tez həyata keçirirəm. Gələcəkdə peşman olacağımı görsəm belə, yenə də edərəm. Sadəcə evlənmək xatirinə evlənmək istəmirəm. Doğru insanın doğru zamanında gəldiyinə isə inandığımda çox asan qərar verə bilərəm. Xarakterim belədir. Doğru olduğuna inandığım şeyləri heç düşünmədən edərəm və peşman da olmaram, səhv etmiş olsam belə. Həm aktrisa, həm həyat yoldaşı, həm də ana ola bilərəm. Üçünü də bir yerdə çox gözəl idarə edəcəyimə əminəm.
- Sizinlə bağlı bilməli olduğumuz ən önəmli həqiqət nədir?
- Mən də hər kəs kimi normal bir insanam. Çox zaman insanlar da canlandırdığım xarakterlər kimi bir insan olduğumu düşünürlər. Amma həyatda elə deyiləm. Mətbuatda az-az görünməyimin və insanlarla yaxın münasibət qurmamağımın səbəbi oynadığım rollara inanmalarına təsir göstərməmək istəyimdir. Nə ekranda gördüyünüz kimiyəm, nə də şəkillərdə. Bəzən insanlardan haqqımda elə şeylər eşidirəm ki, şoka düşürəm.
- Hazırda “Çalıquşu” filmində Fəridə obrazını canlandırırsınız. Nələr hiss edirsiniz?
- Həyatda “Çalıquşu” filminin qəhrəmanı olan Fəridə kimi deyiləm. Heç zaman acı çəkməkdən qorxub eşqdən qaçmaram. Əksinə, əgər sevirəmsə, sonuna qədər gedərəm. Rədd etmək və həyatımdan çıxarmaq mənə çox yad bir hissdir. Mənim Fəridəyə bənzəməyən tərəflərimdən biri də dəyişkən xarakterə malik olmağımdır. Filmdə Fəridə olmaq üçün qısa dabanlı ayaqqabılar geyinirəm. Əvvəllər o ayaqqabıları geyinmək mənə çox çətin gəlirdi. Həmin ayaqqabılarda heç addım belə ata bilmirdim. Filmdə Burak Özçivit və mən gərgin şəkildə çalışırıq. Yayın ortasında qış geyimləri ilə kamera arxasına keçirik, çəkilişlər çox çətinliklə davam edir. İnanıram ki, hər şey daha yaxşı olacaq. Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərini çox sevirəm. Ümumiyyətlə, Rəşad Nurinin əsərləri mənə çox uğur gətirir. Məni dünyada məşhur edən “Yaprak dökümü” əsəri də ona məxsus idi. Buna görə çox xoşbəxtəm. İnanıram ki, bu film də mənə çox uğur gətirəcək. Məndən əvvəl “Çalıquşu” filmində oynayan bir çox məşhur sənətkarlarımız olub. İlk dəfə Türkan Şoray oynayıb, ondan sonra Aydan Şener onu ilk dəfə ekrana çıxardı. Onlardan əlavə, Tuba Ünsal da bu obrazı canlandırıb. Adlarını qeyd etdiyim sənətçilər Fəridəni çox uğurla canlandırıblar. Mən də Fahriye Evcən olaraq “Çalıquşu” filmində fərqli bir iz qoyub getmək istəyirəm.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər